Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-E l ç i n: «Əhli-qələm gərək böhtana yol verməsin, çirkabdan faydalanmasın!»
E L Ç İ N: «ƏHLİ-QƏLƏM GƏRƏK BÖHTANA YOL VERMƏSİN, ÇİRKABDAN FAYDALANMASIN!»

     -Elçin müəllim, siz uzun müddət Yazıçılar İttifaqında işləmisiniz və özünüz də çox istedadlı bir yazıçı, cəsarətli, yüksək savadlı bir tənqidçi və ədəbiyyatşünas kimi, həmişə ədəbi prosesin içində olmusunuz. O dövrü neçə xatırlayırsınız?
     -Bəli, mən 1975-ci ildən 1987-ci ilə kimi Yazıçılar İttifaqının katibi işləmişəm və o dövrün bütün ədəbi-ictimai mürəkkəblikləri, ziddiyyətləri, hətta bəzən absurd dərəcəsinə çatan kerçəklikləri (məsələn, L.İ.Brejnevin «Xam torpaq»ı və onun ədəbiyyat sahəsində Lenin mükafatı alması!) ilə bərabər, mən o illəri Azərbaycan ədəbiyyatı və ədəbi mühiti üçün parlaq illər kimi xatırlayıram. Bu gün dissident ədəbiyyatından çox yazırlar və belə bir fikir mövcuddur ki, bizdə dissident ədəbiyyatı olmayıb. Yaxud da görürsən ki, o zamanlar bədii səviyyəsinə görə yazıları işıq üzü görməyən istedadsız adamlar bu gün sponsorlar vasitəsilə, bəzi mətbuat orqanlarındakı hərc-mərcliyin, bulvar ovqatının, cahilçiliyin nəticəsində qəzetlərə, nəşriyyatlara yol tapırlar və sən demə bunlar keçmiş dissidentlərmiş, buna görə də sovet hökuməti onlarla mübarizə aparırmış, əsərlərinin nəşrini yasaq edirmiş. Bunlar hamısı bu günün ədəbi konyukturasından doğan söhbətlərdi. Sovet hökuməti onlarla mübarizə aparsaydı, məğlub olmazdı... Dissident ədəbiyyatı nə deməkdir? Həqiqəti yazan ədəbiyyat! Və bu mənada çox əlamətdar hadisə idi ki, o illərdə Azərbaycanın dissident ədəbiyyatı çap olunurdu. «Azərbaycan» jurnalında, «Ulduz»da, nəşriyyatlarda elə əsərlər işıq üzü görürdü ki, müəlliflər həqiqi mənada gəmidə oturub gəmiçi ilə dava edirdi, həm də yüksək bədii-estetik səviyyədə dava edirdi. Mənim üçün çox xoşdur ki, bu gün «Azərbaycan», «Ulduz» jumallarının o illərki fəaliyyətini unutmurlar, bu barədə yazırlar, amma nədənsə Yazıçılar İttifaqı yaddan çıxır, halbuki həmin jurnallar Yazıçılar İttifaqının nəşrləri idi. Son zamanlar yeni bir «janr» yaranıb: özünütərif! Mənim bu «janr»dan zəhləm gedir, amma həqiqət naminə deməliyəm ki, o vaxt Yazıçılar İttifaqına rəhbərlik edən əlaqədar adamların yaratdığı şərait və onların çox ciddi müdafiəsi olmasaydı, bu jurnallar tutduqları istiqamətdə necə fəaliyyət göstərə bilərdilər? Əkrəmin «Azərbaycan» jurnalına, yaxud Yusifin «Ulduz»a hansı çətinliklərlə və hansı rəqabətdə təyin olunmaları mənim yaxşı yadımdadı, çünki mən bu təyinatların bilavasitə iştirakçısıydım. Rəhmətlik İmran Qasımov Yazıçılar İttifaqında bu jumallara redaktorluq etmək (ya da elətdirmək!) ehtirası ilə alışıb-yananların çox təzyiqlərinə məruz qalırdı, amma biz də öz təzyiqlərimizi edirdik. Xeyirxah və təbiəti etibarilə mütərəqqi bir adam olan İmran Qasımov Əkrəmin də, Yusifin də (bir az əvvəl elə mənim özümün də!) namizədliyini Heydər Əliyevə çatdırdı və onlar bilavasitə Heydər Əliyevin dəstəyi və təkidilə həmin vəzifələrə təyin olundular. Bütün bunları yaddan çıxarmaq olmaz.
     -O zaman İmran Qasımov Yazıçılar İttifaqının birinci katibi, siz isə gənc yaşlarından katib işləyirdiniz...
     -Bəli. Mən İttifaqın mətbuat orqanlarına baxırdım, həm də ədəbi tənqid sahəsi məndə idi. İndi sizlə danışdıqca mən o illəri, o prinsipial və sağlam ədəbiyyat davasını, o canlı ədəbi prosesi çox hərarətlə xatırlayıram. O illərdə yeni və parlaq bir tənqidçilər nəsli yetişdi, savadı ilə, milli və bəşəri dəyərləri qiymətləndirmək bacarığı ilə özünü ifadə və təsdiq etdi. Rəhmətlik Aydın Məmmədov, Kamil Vəliyev, bir az sonra Vilayət Quliyev, Kamal Abdullayev, Vaqif Yusifli, Nadir Cabbarov, Tofiq Hüseyenov, Nizaməddin Şəmsizadə, Cahangir Məmmədov, Rəhim Əliyev, Nizami Cəfərov, Şirindil Alışanov... Onları irsə, dilə, milli və bəşəri ədəbi dəyərlərə hörmət və bələdlik ədəbi prosesə çəkib gətirmişdi. Aydın, Kamil, Kamal, Nizami çox istedadlı dilçi alimlər idi, yaxud Vilayət, Vaqif, Şirindil, Tofiq istedadlı ədəbiyyatşünaslar idi və sonralar öz sahələrində uğurlar qazandılar. Mən böyük bir həvəslə Kamilin, Kamalın, Rəhimin, Vaqifin kitablarının redaktoru olurdum, onlara ön söz yazırdım və gurultulu, bir az da şablon çıxmasın, bütün bunlardan mənəvi qida alırdım. Bir yazıçı kimi, şəxsən mənim üçün yazı-pozularım haqqında Kamilin, ya Vilayətin, yaxud Nadirin dediyi söz, söylədiyi fikir qiymətli və əhəmiyyətli idi, çünki mən bilirdim ki, bu sözlərin, fikirlərin arxasında şəxsi münasibət yox (hərçənd şəxsi münasibətlərimizdə də bir gözəllik var idi!), həqiqi ədəbiyyat duyumu və marağı dayanıb.
     -Elçin müəllim, siz indicə şəxsi münasibətlərdən danışdınız. O zaman kiminlə şəxsi dostluq edirdiniz və bu dostlar haqqında nə deyə bilərsiniz? Məsələn, bilirik ki, siz Anarla yaxın dost olmusunuz.
     -Olmuşuq və bu gün də dostuq! Əslində, gərək dostluğun o zamanı, bu zamanı olmasın. Dostluq əbədi bir məfhumdur. Hər halda, belə olmalıdır. Amma orası da düzdü ki, bəzən dostluq illərin, mühitin, konyukturanın sınaqlarından çıxmır... Mən tez-tez rəhmətlik İshaq İbrahimovu xatırlayıram. Yaşda bizdən xeyli böyük idi, dünya görmüşdü, amma cavanlıq şövqü, ehtirası bəlkə bizdən də artıq idi... Adını çəkdiyim o tənqidçilərin bir çoxu ilə dost idik və deməliyəm ki, bu dostluğun daxilində, əlbəttə, insani hiss-həyəcanlarla, məhrəmliklə bərabər, ədəbiyyata, sənətə bağlılıq çox mühüm bir yer tuturdu. Rəhmətlik Aydınla, unudulmaz Araz Dadaşzadə ilə dostluğumuz barədə onlar haqqında yazdığım xatirələrdə, Əkrəm Əylisli barədə onun 60 illiyi ilə bağlı sizin qəzetdə yazdığım yazıda danışmışam. Yusif Səmədoğlu ilə keçmiş dostluğumuz ayrı bir dastandı və Allah qoysa Yusifin 70 ili tamam olanda bu barədə yazaram. O zaman Yazıçılar İttifaqında Cabir Novruz şer üzrə, Hüseyn Abbaszadə isə nəsr üzrə katib idi və biz İmran müəllim başda olmaqla dostluq münasibətlərində idik. Müsahibəni sizə verirəm, ona görə də sizin qəzetin müəllifi olan və mənim üçün illərin sınağından çıxmış bir dostumun da adını çəkmək istəyirəm: Vaqif Bayatlı Önər (o zamanlar Vaqif Cəbrayılzadə idi və mənim üçün elə indi də elədir). Qəribədir, bax, indi dostluqdan danışırıq, mənim Əli Səbri yadıma düşür, Qulam Məmmədli, yaxud Məmməd Cəfər, Abbas Zamanov yadıma düşür. Bu işıqlı və mənim üçün unudulmaz şəxsiyyətlər yaşca nə qədər böyük idilər, amma onlar da mənim dostlarım idi, ağsaqqal dostlarım! Əli Səbri az qala 100-ü haqlamışdı, Qulam müəllim 90-ı xeyli geridə qoymuşdu, Cəfər müəllimlə Abbas müəllim 80-ni keçmişdi... Bu adamlar keşməkeşli illərin canlı tarixi idilər və öz daxili ziyalı ləyaqətlərini qoruyub saxlaya bilmişdilər. Sizdən nə gizlədim, bu yaş fərqinə baxmayaraq, onlarla hərdən-bir konyak vurmağımız da olurdu. Ruhən çox cavan idilər. Allah onlara qəniqəni rəhmət eləsin! Sizə deyim ki, mənim üçün müasir ədəbiyyatımızda, ümumiyyətlə, cəmiyyətimizdə hər gün onların yeri görünür! Azərbaycanın müstəqilliyi onların da idealı idi. O ki, qaldı, dostlar haqqında mənim nəsə ümumi bir söz deməyimə, - onlar hamısı istedadlı adamlardır.
     -Elçin müəllim, siz indicə dediniz ki, dostluğunuzun daxilində ədəbiyyata bağlılıq mühüm yer tuturdu. Maraqlıdır, yeni əsərlərinizi bir-birinizə oxuyurdunuzmu?
     -Bəli! Yadımdadır, səhv etmirəmsə 1970-ci ilin yayı idi, Kislovodska getmişdik və Paris səfərindən qayıtmış Anar yol qeydləri yazmışdı, bir bağçada oturduq və Anar o yazını oxumağa başladı, bir azdan bu tərəfdən də yağış başladı, amma yağışın altında islansaq da o yazının axırına çıxdıq. Mən hər hansı bir yazımı bitirən kimi, makina yazısını əvvəl atama verirdim ki, oxuyub fikrini söyləsin, həyat yoldaşım oxuyurdu, Anara, Əkrəmə, Araza, Yusifə, Aydına, Kamilə, Nadirə, İshaq İbrahimova, bir az sonra Vilayət Quliyevə, Vaqif Cəbrayılzadəyə verirdim. Eləcə də onlar. Bu çox gözəl bir ənənə idi və xüsusi bir mikromühit yaradırdı.
     -İndi bu ənənəni davam etdirmirsiniz?
     -Atam getdi... Dostlar seyrəldi, bəzisi haqq dünyasına köçdü, bəzisi illərin sınağına sinə gərə bilmədi... həvəs də görünür, o həvəs deyil... Təzə yazıları hərdən Anara verirəm, Vilayətə, Vaqifə verirəm... Ancaq bu gün əsas ilk oxucularım və tənqidçilərim həyat yoldaşım və qızlarımdı, kürəkənimdi.
     -Sizin sözlərinizdə bir az kədər hiss edirəm, bu nədəndi? İllərin ötüb keçməsindən, yoxsa o dövrlə bağlı nisgildən?
     -Görünür həm ondandı, həm də ikincidən, amma dövrlə bağlı nisgil yox, ədəbi mühitlə bağlı nisgildən. Yetmişinci illərdə, səksəninci illərin, xüsusən, birinci yarısında Azərbaycan ədəbi prosesi yaxşısı ilə, pisi ilə bərabər, canlı bir orqanizm idi və nəticə etibarilə millətə xidmət edirdi, milli təfəkkürün inkişafı üçün münbit zəmin yaradırdı. Ədəbi proses, yaranan bədii ədəbiyyat və həmin ədəbiyyatın cəmiyyətin inkişafında oynadığı rolu müəyyən etmək mübarizəsi deməkdir. Mən «ədəbi proses» anlayışını bu cürə qəbul edirəm. Azərbaycan ədəbiyyatının Azərbaycan milli-azadlıq hərəkatına çox ciddi təsiri gün işığı kimi, aydın bir həqiqətdir və bu mənada o illərin ədəbi prosesi müstəsna xidmətlərə malikdir. Bir tərəfdə hakim ideologiya və bu ideologiyanın həyata tətbiqi keşiyində dayanmış ədəbiyyat generalları, zabitləri, sıraviləri, o biri tərəfdə isə istedad və əsl ədəbiyyat fədailəri - mənzərə, bax, belə idi. Düzdü, bu gün özünün ədəbiyyat naminə və ümumiyyətlə, millət naminə hansı xidmətlər göstərməsi, nə yazıb, nə pozması məlum olmayan imza sahibləri bəzən təkəbbürlü bir əda ilə ədəbi-ictimai təsnifatçılıqla məşğul olurlar, hadisələrə, şəxsiyyətlərə, sənətə müəllim kimi, qiymət vermək istəyirlər, amma buna o qədər də fikir vermək və bundan əsəbiləşmək lazım deyil, çünki həmişə belə olub və bir müddət keçəndən sonra onların hamısı unudulub gedib. Unudulmamaq üçün, sənin sözünün kəsərli olması üçün, özün nəyəsə malik olmalısan.
     -Elçin müəllim, o zaman siz yalnız Azərbaycan ədəbi prosesində yox, keçmiş İttifaq ədəbi prosesində də fəal iştirak edirdiniz. «Literaturnaya qazeta», «Drujba narodov», «Voprosı literaturı», «Yunost», «Literaturnoye obozreniye» kimi nüfuzlu mətbuat orqanlarında ən çox çap olunan yazıçı-tənqidçi siz idiniz. Bu barədə nə deyə bilərsiniz?
     -Mənim o mətbuat orqanlarında onlarla böyük məqalələrim dərc edilirdi və onlar hamısı Azərbaycan ədəbiyyatının təbliğinə və dünya ədəbiyyatı, keçmiş İttifaq ədəbiyyatı kontekstində təhlilinə həsr olunmuşdu. Yadıma gəlir, o vaxt Mövlud Süleymanlının, yaxud Vaqif Cəbrayılzadənin, yaxud Saday Budaqlının, bir çox başqalarının Moskvada nəşr olunan ilk kitablarına mən ön söz yazmışdım. Bütün bunlar, yuxarıda dediyim o «ədəbi proses» anlayışının tərkib hissəsi idi.
     -Elçin müəllim, bildiyiniz kimi, bizim rubrikanın adı «Qeybət»dir. Bu barədə nə deyə bilərsiz?
     -«Qeybət»i dırnağa alanda onunla məşğul olmaq olar... Ancaq dırnaqsız qeybət - bu, cəhalət və nadanlığın fironluğuna gətirib çıxaran üfunətli bir şeydir. Və mən çox təəssüf edirəm ki, bəzən hansısa mətbuat orqanları da bu cürə şayiələrə, böhtanlara, qarayaxmalara öz səhifələrində yer verir. Qəzet nədir? Qəzet - yüksək amallar naminə əhli-qələmin minbir əzab-əziyyətlə ərsəyə çıxardığı yaradıcılıq məhsuludur. Bəs bizim bəzi qəzetlər? Əhli-qələm gərək böhtana yol verməsin, çirkabdan faydalanmasın. Əvvəllər hər gün səhər işə gələndə qəzetləri açırdım ki, görək bu gün nə böhtanlar, nə nadan şayiələri dərç olunub? Təbii ki, söhbət bütün qəzetlərdən getmir, ancaq axı, gərək bulvar qəzetləri də öz səhifələrində qara böhtanlara yol verməsin. Mən nəinki o səviyyəyə enməyi, onlara cavab verməyi özümə sığışdırmıram, ümumiyyətlə, son zamanlar onları heç oxumuram da. Anarda səbr var, deyir ki, onun haqqında yazılan böhtanları yığır, 1000 səhifə olanda çap etdirəcək. Məndə belə bir səbr və həvəs yoxdur. Mənim haqqımdakı böhtanları bürmələyib atıram layiq olduğu yerə - zibil yeşiyinə. Mən qəti surətdə müqayisə üçün yox, ibrətamizlik üçün deyirəm: baxın Mirzə Cəlilin, Mirzə Ələkbər Sabirin, Üzeyir Hacıbəyovun həyat yollarına. Nə qədər iftiralara, böhtanlara, cahil şayiələrinə məruz qalıblar? Mən Üzeyir bəyin publisistikası haqqında monoqrafiya yazmışam və dövri mətbuatın ona münasibətini izləmişəm. Bu adamın üstünə nə qədər çirkab tökməyə cəhd ediblər? Yəni biz mütləq belə olmalıyıq? Böhtançı hər yerdə var (bu da bir sənətdir ki, peşəkarları var!), ançaq onlar axı gərək mətbuata bu dərəcədə yol tapmasın! Dəli hər yerdə var, ancaq dəli sayıqlamalarına qəzet səhifəsində yer vermək olmaz axı! Aydın məsələdir, əhli-qələm bu böhtanı, sərsəməni oxuyan kimi, başa düşür ki, iftiradır, amma qəzetində dərc edir. Bax, söhbət bundadır! «Sən pis yazıçısan, çünki iqtidara yaxınsan, sən isə yaxşı yazıçısan və gözümün işığısan, çünki müxalifətə yaxınsan, yaxud da əksinə» prinsipi ilə qəzet çıxarmaq olmaz. Prinsip bir olmalıdır: sən necə yazıçısan, necə xadimsən, millət üçün indiyə qədər nə etmisən? Bunu qəbul edib, etməmək başqa şeydir, böhtanlara rəvac vermək isə tamam başqa şeydir.
     Nə isə, deyəsən bu məsələ barədə layiq olduğundan artıq danışdıq. Bilmirəm, bunun bir mənası var, ya yox? Hər halda məndə qarantiya yoxdur ki, bu fikirlərdən sonra, sabah təzə bir çirkab püskürməsi ilə rastlaşmayacağam. Ancaq oxucularımı, mənə zəng edib, rastıma çıxıb bu böhtanlardan hiddətlənən tanıdığım və tanımadığım gözəl insanları arxayın etmək istəyirəm ki, o üfunət mənə heç vaxt təzyiq etməyib, bundan sonra da qətiyyən təzyiq etməyəcək! Sizin dırnaq arasındakı «Qeybət»inizə isə uğurlar arzulayıram.
Mühasibəni Zülfiyyə apardı.
1998.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (20.08.2014) | Müəllif: R.C E W
Baxış: 577 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more