Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı- E l ç i n: «Bu gün vəzifədə olmaq - işləmək, işləmək və yenə də işləmək deməkdir»
E L Ç İ N: «BU GÜN VƏZİFƏDƏ OLMAQ - İŞLƏMƏK, İŞLƏMƏK VƏ YENƏ DƏ İŞLƏMƏK DEMƏKDİR»

     Azərbaycan Respublikasının Baş Nazirinin Müavini Elçin İlyas oğlu Əfəndiyev "Gündəlik xəbərlər" - "Yejednevnıye novosti" qəzetlərinin suallarına cavab verir.
     -Siz 42 təşkilata hamilik edirsiniz. Bir adama elə böyük işin öhdəsindən gəlmək necə müyəssər olur? Zəhmət olmasa, öz iş qrafikiniz, gün rejiminiz, köməkçilərinizin sayı haqqında danışın. Adamlarda hansı əsas keyfiyyəti qiymətləndirirsiniz?
     -Bu gün vəzifədə olmaq - işləmək, işləmək və yenə də işləmək deməkdir. Hər halda, şəxsən mən bu cür başa düşürəm və respublikamızın yeni tarixinin indiki çox çətin mərhələsində tutduğum vəzifə ilə bağlı əlimdən gələni etməyə çalışıram. Cəmi bir nəfər köməkçim var. Nazirlər Kabinetinin iki şöbəsi mənim kurasiyamdadır: elm, mədəniyyət və xalq təhsili şöbəsi, bir də səhiyyə və sosial problemlər şöbəsi. Köməkçi də, hər iki şöbənin əməkdaşları da öz iş məsuliyyətini hiss edən, məşğul olduqları sahəni yaxşı bilən, az maaşla kifayətlənən, vicdanlı, təvazökar, zəhmətkeş insanlardır. Mənim üçün səmimilik və mənəvi təmizlik ən qiymətli insani keyfiyyətlərdir. O ki qaldı gündəlik rejim məsələsinə, mən bir o qədər də rejimlə yaşayan adam deyiləm. Çox erkən yuxudan qalxıram, səhər saat onun yarısına qədər yaradıcılıq işləri ilə məşğul oluram, dünənki mətbuatı oxuyuram, (vaxt çatışmazlığından qəzetləri çıxan gün müfəssəl oxuya bilmirəm) mütaliə edirəm. Saat 10-da isə iş kabinetimdə oluram və günorta bir saatlıq fasilə edib, günün axırına qədər işləyirəm.
     -İş vaxtınız saat neçədə qurtarır?
     -Axşam saat 9.30-da, 10-da. Bəzən isə elə olur ki, gecə saat 12-də, 1-də.
     -Şənbə, bazar günləri necə?
     -Bizim üçün şənbə, bazar yoxdur. Bunu da deyim ki, beləcə gərgin iş yalnız mənimlə bağlı deyil. Bütün rəhbərliyin işi belədir. Bunun ən bariz nümunəsi Prezidentin gündəlik iş fəaliyyətidir.
     -Zəhmət olmasa öz tərcümeyi-halınız və ailəniz haqqında danışın.
     -Mən Bakıda, xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində anadan olmuşam. ADU-nun filologiya fakültəsini bitirdikdən sonra, universitetin Elmi Şurasının qərarı ilə imtahanları verib ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturaya daxil olmuşam, namizədlik dissertasiyasını müdafiə etmişəm, Nizami adına Ədəbiyyat İnstitutunda rəhmətlik Məmməd Cəfər müəllimin ədəbiyyat nəzəriyyəsi şöbəsində əvvəlcə kiçik elmi işçi, sonra baş elmi işçi işləmişəm. 1975-ci ildən etibarən düz 12 il Yazıçılar İttifaqına rəhbərlik etmişəm, «Vətən» Cəmiyyətini təsis edəndən sonra, orada sədr işləmişəm. 1993-cü il sentyabrın 1-dən indiki vəzifəmə təyin edilmişəm. Və bütün bu illər ərzində də yazmışam, yazmışam... Ailəyə gəldikdə isə, beş nəfərik: mən, yoldaşım, üç qızım. Amma indi altı nəfərik: böyük qızım ailə qurub və onun yoldaşı da olub ailəmizin altıncı üzvü.
     -Siz çox məhsuldar yazıçısınız. Eyni zamanda cəsarətli tənqidçi, ədəbiyyatşünas, tərcüməçi... Yetmiş-səksəninci illərdə siz, o zamankı Ümumittifaq ədəbi prosesin ən fəal iştirakçılarından biri kimi geniş tanınırsınız. Misal üçün, sizin «Literaturnaya qazeta» kimi nüfuzlu mətbuat orqanındakı çıxışlarınız Azərbaycan ədəbi mühitində hadisəyə çevrilirdi. Siz bir çox Ümumittifaq əhəmiyyətli ədəbi mükafatların laureatısınız. Əsərləriniz dünyanın bir çox ölkələrində çap olunub. Yaradıcılığa nə zaman başlamısınız?
     -Əlifbanı öyrəndiyim vaxtdan yazmağa başlamışam. Məktəbdə verilən ev tapşırıqlarının əvəzinə, oturub hekayə yazırdım. 1959-cu ilin yayında «Azərbaycan gəncləri» qəzetində ilk hekayəm çap olunanda 16 yaşım yenicə tamam olmuşdu. Amma bütün bunlar hamısı, əlbəttə, yaradıcılıq deyildi, həvəskarlıq idi.
     -Siz dövlət xadimi ilə yaradıcılıq fəaliyyətini birgə necə aparırsınız? Elçin - yazıçı və Elçin Əfəndiyev - dövlət xadimi bir- birinə mane olmur ki?
     -Əlbəttə, dövlət işində çalışmağım, vaxtın çatışmamazlığı baxımından yaradıcılıqla məşğul olmağa imkan vermir və bu mənada Elçin Əfəndiyev yazıçı Elçinə mane olur, amma təskinlik burasındadır ki, Elçin Əfəndiyev də müşahidə etdiyi, şahidi olduğu, gördüyü hadisələr haçansa yazıçı Elçinə lazım olacaq.
     -Siz indi nəşr olunursunuzmu? Əgər olunursunuzsa, onda axırıncı nəşrləriniz və yaradıcılıq planlarınız haqqında danışın.
     -Son dörd ildə bir-birinin ardınca üç komediya yazmışam və onlar Milli Dram Teatrımızda qəbul olunub. Ancaq maliyyə çətinlikləri ucbatından Milli Dram Teatrının təmiri uzanır. Bu komediyalar isə, məhz həmin teatr üçün yazılıb. Bir tamaşa demək olar ki, tamam hazırdır. «Ah, Paris, Paris!..» adlı bu tamaşanın quruluşunu istedadlı rejissorumuz Azər Paşa Nemətov verib, ancaq tamaşanı saxlamışıq ki, təmirdən sonra tamaşaçılara göstərək. «Mən sizin dayınızam» komediyası A.Şarovskinin quruluşunda bir ilə yaxındır ki, S.Vurğun adına Rus Dram Teatrının səhnəsində gedir. Professor V.Quliyevlə bərabər yazdığımız «Özümüz-sözümüz» kitabı nəşr edilib. Bu kitab klassik Azərbaycan ədəbiyatında, folklorunda işlənmiş janr və formaların izahlı lüğətidir və bu sahədə Azərbaycan ədəbiyyatşünaslığında ilk təşəbbüsdür. Məmməd Əmin Rəsulzadənin həyat və fəaliyyəti haqqında yazdığım kiçik monoqrafiya kitabça şəklində nəşr olunub. Üzeyir bəy Hacıbəyovun publisistikasına həsr edilmiş «Bəstəkarın vətəndaş sözü» adlı monoqrafiyam yenicə çapdan çıxıb. Molyerin komediyaları mənim tərcüməmdə «Molyer və Azərbaycan» adlı ön sözümlə nəşr edilib. «Klassik aşıq poeziyasında «Dünya» obrazı» adlı bir böyük esse yazıb bitirmişəm. Ancaq bu gün əsas etibarilə əvvəllər yazdığım əsərlər xarici ölkələrdə çap olunur və hər dəfə də gizlətmək istəmirəm, mənim üçün xoş bir sürpriz olur. Son iki ildə «Ölüm hökmü» romanı Moskvada rus dilində, İstanbulda isə türk dilində nəşr edilib. Moskva radiosu bu romanın əsasında hər biri bir saat olan altı hissəli radio-tamaşanı efirdə səsləndirib. «Ağ dəvə» romanı İsveçrədə alman dilində çapdan çıxıb. Seçilmiş hekayələrimdən ibarət kitabım Çində nəşr olunub. «Mahmud və Məryəm» romanım Ankarada və İstanbulda iki müxtəlif nəşriyyatlarda işıq üzü görüb. «Şuşa dağlarını düman bürüdü» adlı hekayələr kitabım İstanbulda çapdan çıxıb. Bu siyahını uzatmaq istəmirəm. Ancaq bütün bunlar, dediyim kimi, bu gün yox, dünən, srağagün yazdıqlarımdır. Yazmaq istədiklərim çoxdur, amma ən böyük çətinlik vaxt, vaxt, yenə də vaxtdır...
     -Keçmiş SSRİ-də Siz yaradıcı adam kimi populyar idiniz. Bu indi sizə kömək edirmi?
     -Söylədiyim bu nəşrlərin işıq üzü görməsində, xarici ölkə nəşriyyatlarının ayrı-ayrı nəşrlər üçün mənimlə müqavilə bağlamalarında, yaradıcılıq baxımından bir sıra çox maraqlı təklif və sifarişlərin (misal üçün, «Mahmud və Məryəm»in əsasında Fransada film çəkilməsi) verilməsində mən tərəfindən heç bir təşəbbüs olmayıb, təşəbbüs qarşı tərəfdən gəlib və burada yəqin siz dediyiniz o populyarlığın rolu az deyil.
     -Sizin yazıçılıq keçmişinizin dövlət postundakı fəaliyyətinizlə kəsişdiyi qeyri-standart hadisə və vəziyyətləri xatırlaya bilərsinizmi?
     -Əgər yazıçı, həqiqətən, yazıçıdırsa, onun keçmişi də, sabahı da yazıçıdır. Bu gün biz ərazisinin 20 faizindən çoxu işğal olunmuş, bir milyondan artıq qaçqına malik bir ölkənin öz müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə apardığı tarixi bir mərhələdə yaşayırıq və gündəlik iş fəaliyyətimdə bəzən elə məqamlar olur ki, yazıçı emosionallığı, həyəcanı dövət adamına lazım olan soyuqqanlığı üstələyir...
     -Məlumdur ki, siz makinada çox pis çap edirsiniz... İndi necə - artıq öyrənmisiniz, yoxsa kimə isə tapşırırsınız?
     -Pis-yaxşı, yazılarımı makinada yalnız özüm çap edirəm. Əvvəllər də belə idi, indi də belədir. Allah qoysa, yəqin ki, sabah da belə olacaq.
     -Siz Azərbaycanın məşhur dramaturqunun oğlusunuz, atanızın ideyalarının davamçısısınız. Uşaqlarınız sizin yolunuzla gedirmi, siz onlara peşə seçimində təsir etmisinizmi? Zəhmət olmazsa, onlar haqqında və sizin onlara münasibətiniz haqqında danışın. Siz özünüzü tələbkar ata hesab edirsiniz?
     -Böyük qızım Bülbül adına orta ixtisas musiqi məktəbini qızıl medalla bitirdikdən sonra Tibb Universitetinə daxil oldu, indi altıncı kurs tələbəsidir. Onun həyat yoldaşı iqtisadçıdır. İkinci qızım M.Ə.Rəsulzadə adına BDU-nun hüquq fakültəsində əyani oxuyur. Eyni zamanda, Qərb universitetinin politologiya fakültəsində qiyabi təhsil alır. Hər iki universitetin beşinci kursundadır. Kiçik qızım isə Bülbül adına musiqi məktəbinin dördüncü sinfini hələ yenicə bitirib. Böyük qızım Günayın yazmaq həvəsi var, hətta bir hekayəsi artıq dərc olunub. O ki, qaldı aramızdakı münasibətə, biz hər şeydən əvvəl dostuq.
     -Həyatınızda elə şeylər olubmu ki, siz təəssüflənirsiniz və düzəltmək istəyirsiniz? Özünüzdəki hansı keyfiyyətlər sizi qane etmir?
     -Haçansa hədər keçirdiyim vaxta təəssüf edirəm. Bəzən lap yanıb-yaxılıram... Cavanlıqda adama elə gəlir ki, vaxt dayanıb gözləyir... Amma təəssüf ki, hər şey vaxta baxsa da, vaxt heç nəyə baxmır. Sualınızın ikinci hissəsinə gəldikdə isə, hərdən hissə qapılıram, sonra peşmançılığını çəkirəm...
     -Təbiətcə siz fatalistsiniz, yoxsa praqmatik?
     -Çox güman ki, fatalistlikdən nəsə var, amma qətiyyən praqmatik deyiləm.
     -İşin «həddən aşan» vaxtlarında elə anlar olubmu ki, hər şeyi atıb tamamilə yaradıcılığa qayıtmaq istəyəsiniz?
     -Olub.
     -Zəhmət olmazsa, dinə münasibətinizdən danışın.
     -Mən Allaha inanıram və dini bəşəriyyətin ən böyük mənəvi sərvəti hesab edirəm. 1994-cü il iyul ayının 9-da Məkkədə, müqəddəs Kəbə evində qıldığım namaz həyatımın ən işıqlı anlarındandır və o işıq, o təəssürat ömrümün sonunacan mənimlə olacaq.
     -Asudə vaxtınızda nə ilə məşğul olursunuz?
     -Təəssüf ki, mənim boş vaxtım olmur.
     -Tənqidi necə qəbul edirsiniz?
     -Ağıllı tənqiddirsə, o barədə fikirləşirəm, götür-qoy edirəm. Dayaz, primitiv tənqiddirsə, mənə təsir etmir. Adi iraddırsa, dedi-qodu, şayiə, yalan və böhtandırsa, çalışıram ki, imkan daxilində əhəmiyyət verməyim, ancaq əlbəttə, imkan daxilində...
     -İşgüzar naharları sevirsinizmi, hansı şəraitdə onlara yol verirsiniz?
     -Yox. Mənim aləmimdə yeyib-içmək, o cümldən də nahar ya ailə üzvləri ilə olmalıdı, ya da dostlarla.
     -Dostlannız çoxdur?
     -Dost o adamlardır ki, bir-birinə canı yana. Ustad Molla Cümə isə deyib ki, «canı yanan ya bir olar, ya iki...» Bu yerdə qoca Molla Cümə ilə həml'ikirəm.
     -Vaxtilə Anar yazmışdı ki, ən çətin vaxtlarımda dostlarımın arasında birinci Elçin yadıma düşür. Bəs siz onun haqqında nə deyə bilərsiniz?
     -Mən Anarın xətrini çox istəyirəm, onu həqiqi dost hesab edirəm.
     -Otən bu illər dostluğunuza xələl gətirməyib?
     -Yox.
     -Aranızda inciklik olmur?
     -Hərdən olur. Amma bu inciklik yaxın adamların incikliyindən o tərəfə keçmir, tez də unudulur.
     -Həyatdan köçən yaxın dostlarınız olubmu?
     -Çox təəssüf ki, olub...
     -Həyat yoldaşınız nə ilə məşğuldur? Mübahisəli məsələlərdə son söz kimindir və belə mübahisələr tez-tezmi olur?
     -Mənim həyat yoldaşım musiqişünasdır. Bülbül adına musiqi məktəbində dərs deyir. Əlbəttə, hərdən ötəri mübahisələr olur, amma sonuncu sözün kimə məxsusluğu baxır həmin mübahisənin səbəbinə.
     -Siz atanızın qeydlərinə qulaq asırsınızmı? Sizin yaradıcılığınızda onun daha çox nə xoşuna gəlir, nə daha çox etiraz doğurur?
     -Bəli! Atamın fikirləri, məsləhətləri mənim üçün çox qiymətlidir və mən onunla hesablaşıram. 0 ki, qaldı sualınızın ikinci hissəsinə, onu atamın özündn soruşsanız, elə bilirəm ki, daha düzgün olar.
Müsahibəni apardı Şahin Məmmədxanov.
1996.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (19.08.2014) | Müəllif: R.C E W
Baxış: 546 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more