Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-E l ç i n: «Bu gün də «altmışıncılar»ı birləşdirən cəhətlər, onları ayıran cəhətlərdən çoxdu!»
E L Ç İ N: «BU GÜN DƏ «ALTMIŞINCILAR»ı BİRLƏŞDİRƏN CƏHƏTLƏR, ONLARI AYIRAN CƏHƏTLƏRDƏN ÇOXDU!»

     -Elçin müəllim, biz «Qobustan»ın 60-cı illərə həsr olunmuş xüsusi buraxılışını hazırlamaq istəyirik. Siz də «altmışıncılar» deyilən ədəbi nəslin görkəmli nümayəndələrindən birisiniz, istəyirəm Sizinlə birlikdə o illərə bir «retro-səyahətə» çıxaq.
     -Mən hazır.
     -Elə isə, Sov.İKP-nin XXII qurultayını yada salaq. Həmin qurultayın proqramının son cümləsi belə idi: «Partiya təntənəli surətdə elan edir: Sovet adamlarının indiki nəsli kommunizmdə yaşayacaq!» Siz həmin o xoşbəxt «indiki nəsil» idiniz təqribən 18 yaşınız var idi. Ruhlanmışdınız bu sözlərdən, yoxsa bunun utopiya olduğunu bilirdiniz?
     -Mən elə mühitdə böyümüşəm, elə ailədə tərbiyə almışam ki, orda nəinki ideoloji fanatizm, heç azacıq ideoloji təəssüb belə olmayıb. Məsələn, heç vaxt yadımdan çıxmayacaq, son zamanlar isə daha tez-tez fikrimə gələn bir uşaqlıq xatirəmi deyim: 7 nömrəli məktəbdə oxuyurdum, 1953-cü il idi, bizi böyük bir təntənə ilə pionerə keçirirdilər, çoxlu valideyn gül-çiçəklə məktəbə gəlmişdi, uşaqlar sevinirdilər, mənim də boynuma bir ipək qırmızı qalstuk bağladılar və mən də bir uşaq sevincəkliyi ilə evə getdim, o zaman Mirzə Fətəli küçəsindəki 110 nömrəli evdə yaşayırdıq, şəstlə qapını döydüm. Bütün ömrü boyu Sovet hökumətinə sidqürəkdən nifrət edən rəhmətlik nənəm Bilqeyis xanım qapını açdı, göy gözləri ilə eynəyinin üstündən həmişəki iti nəzərlərlə mənə baxıb: «- O nədi ə, boynuna taxmısan?- dedi. - Çıxar tulla o yana!», yaxud onun Stalin öləndə və bizim məhəllə yas içində olanda, evdə oturub qəzetləri oxuya-oxuya: «- Köpəy oğlu, axır ki, gorbagor oldu!»- deməsi, indiki kimi, gözlərimin qabağındadı. Sənə deyim ki, Maarif, o Bilqeyis xanım dünyanın çox maraqlı şəxsiyyətlərindən biri idi. Mənim ana nənəm Seyid Rübabə xanım nə qədər mülayim, üzügülər, namazının vaxtını keçirməyən bir adamıydısa, ata nənəm Bilqeyis xanım bir o qədər sərt, sərbəst, bolşeviklərin onlara etdiyi pislikləri (o pislikləri İlyas Əfəndiyev bir sıra əsərlərində, xüsusən, ömrünün son çağlarında yazdığı «Hacı Axundun cənnət bağı necə oldu?», «Çovğunlu bir qış günündə», «Orfey quyudan çıxandan sonra nə gördü...» adlı xatirə-esselərində qələmə alıb) birçə dəqiqə də olsun, yadından çıxarmayan, eyni zamanda, zəngin hissiyyata, mənəvi aləmə malik bir adam idi. Mən haçansa - Allah qismət eləsə! - o rəhmətliyin haqqında yazacağam. Nə isə... Mən belə bir ev mühitində böyüdüyümə görə, bayaq dediyin o proqram sözləri də mənim üçün tamam boş bir şey idi.
     -Amma ədəbiyyatda bu utopiyanın tərənnümçüləri, ümumiyyətlə, Kommunist Partiyası qurultaylarının proqramlarından «ilhamlanıb» dərhal palaz-palaz oçerklər, poema və roman yazanlar gen-bol idi.
     -Belələri həmişə olub və yəqin ki, həmişə də olacaq. Mən buna təbii bir proses kimi baxıram. O vaxtkı ideologiyaya əsasən, partiyanın xəttini müdafiə etmək, partiya sənədlərindən irəli gələn müddəaları təbliğ və tərənnüm etmək rəsmi sovet ədəbiyyatının əsas vəzifəsi idi və qrafoman da, bütün epoxalarda olduğu kimi, bu dəfə də fürsəti fövtə vermirdi və nailiyyətlər qazanırdı. Sov.İKP-nin Mərkəzi Komitəsi Nazirlər Kabineti ilə birlikdə, məsələn, qarğıdalıçılığın inkişaf etdirilməsi ilə bağlı növbəti bir qərar qəbul edirdi və sovet ədəbi tənqidi bu qərarın bədii ədəbiyyatda inikasını tələb edirdi. Və bədii ədəbiyyatda qarğıdalı planını 200 (!) faiz yerinə yetirən ədəbi qəhrəman olurdu yüksək bədii-estetik səviyyəli qəhrəman. Mən bu barədə hələ 1966-69-cu illərdə yazdığım «Tənqid və nəsr» adlı monoqrafiyamda çox ciddi və ətraflı bəhs etmişəm və səndən gizlətmirəm, bu gün, dünya dəyişəndən sonra da, bu mənim üçün xoş bir hadisədir. Ədəbiyyata o qədər sxolastik bir münasibət var idi və onun predmeti o qədər dəyişmişdi ki, eybəcər bir mənzərə əmələ gəlmişdi, özü də təbii ki, təkcə Azərbaycan ədəbiyyatında yox, bütün sovet ədəbiyyatında. Ədəbiyyatın predmeti nədir? Bu sualın cavabında mənim üçün müəmmalı bir şey yoxdur: insan xisləti. Həmişə belə olub. Böyük ədəbiyyat bir sirri-xuda olan insan xislətini tədqiq edib və həmişə də Xeyirlə Şərin, İşıqla Zülmətin mübarizəsində Xeyirin, İşığın müttəfiqi olub. Bəs Sovet İttifaqında necə oldu? Rəsmi ədəbiyyatın predmeti dəyişdi və ədəbiyyatın qəhrəmanı çevrilib oldu traktor, kombayn, kolxoz, Su-Elektrik Stansiyası, çəkiç-oraqlı qırmızı bayraq, Kremlin qırmızı ulduzu... Amma bu yerdə çox vacib bir cəhəti qeyd etmək lazımdı. Həmin sovet ədəbiyyatında, o cümlədən, Azərbaycan ədəbiyyatında çox çiddi uğurlar da az deyildi, bu uğurlar həqiqi istedadın o ideoloji çərçivələrə sığışmamasının nəticəsi idi və bir küll halında təkcə ədəbiyyatın, bədii-estetik səviyyənin yox, ümumiyyətlə ictimai fikrin ciddi inkişafına gətirib çıxarırdı. Həmişə olduğu kimi, sovet dövründə də istedad ilə qrafomanlıq qoşa addımlayırdı. Hakim ideologiya sosioloji qrafomanlığı öz qanadı altına almışdı, amma eyni zamanda istedadın da qarşısını kəsə bilmirdi. Düzdü, Hüseyn Cavid, yaxud Mikayıl Müşfiq qətlə yetirildi, amma güllələnməyənlər də Azərbayçan ədəbiyyatının və mənəviyyatının inkişafında az xidmətlər göstərmədilər. 37-38-dən cismən salamat qurtaran Süleyman Rəhimov, Mehdi Hüseyn və Mirzə İbrahimov, yaxud Səməd Vurğun, Süleyman Rüstəm və Rəsul Rza sonrakı dövrdə yazıb-yaratmasaydı, güman edirəm ki, bugünkü ədəbiyyatımız xeyli dərəcədə cılız bir şey olardı. Bir azdan ədəbiyyata İlyas Əfəndiyev gəldi, sonra deyək ki, İsa Hüseynov gəldi... Eləcə də ədəbi tənqiddə. Bəli, mürəkkəb zaman idi, ədəbi tənqiddə vulqar sosiologizm tüğyan edirdi, amma bununla bərabər, sən heç təsəvvür edə bilərsənmi ki, Azərbaycan filologiyasmda Mustafa Quliyev, Məmməd Kazım Ələkbərli, Əli Nazim, Vəli Xuluflu, Hənəfi Zeynallı, Bəkir Çobanzadə - bunlar 37-38-də gedənlərdi, qalanlar: Məmməd Arif, Həmid Araslı, Mikayıl Rəfili, Məmməd Cəfər, Cəfər Cəfərov, Mir Cəlal, Feyzulla Qasımzadə, Məmmədhüseyn Təhmasib, Mirzəağa Quluzadə, Əzəl Dəmirçizadə, Məmmədağa Şirəliyev, Mehdi Məmmədov, sonra gələn Məsud Əlioğlu, yaxud Qulu Xəlilli və bu qəbildən olan başqa tənqidçilər, ədəbiyyatşünaslar, dilçilər olmayıb? Hərgah bu rəhmətliklər olmayıbsa, deməli heç nə olmayıb. Halbuki, bunlann öz yazılannda da «Daloy tar!»dan tutmuş pantürkizm ittihamlarınacan, sənin dediyin o partiya qərarlarının ədəbiyyatda inikası tələbinəcən, kifayət qədər vulqar sosiologizm nümunələri tapmaq mümkündür. Uzun sözün qısası, tərəzinin bir gözünə mənfini, o birisinə müsbəti qoymaq və heç bir hissiyyata qapılmadan nəticələr çıxarmaq lazımdır.
     –Mən bilən, «altmışmcılar»m ən böyük xidməti o oldu ki, onlar, yəni siz, ədəbiyyata sadə insanı gətirdiniz. Ağrıyan, sevən, nifrət edən, duyan insanı. Yəni siz «altmışmcılar» insanm mənəvi dünyasına, iç dünyasına daha çox baş vurmağa başladınız. Planı 200 faiz yerinə yetirən qəhrəmanı - cüssəli «əmək bahadırı»nı Baladadaş əvəz etdi.
     -Bu yerdə də bir balaca dəqiqləşdirmə aparmaq istəyirəm. «Sadə insan» məfhumunu tez-tez təkrar edirlər, amma mən bunu heç cürə qəbul etmirəm, çünki sadə insan yoxdur, o həmişə mürəkkəbdir. Sənin dediyin o kontekstdəki insanı isə Mirzə Cəlil də, Əbdürrəhim bəy də Azərbaycan nəsrinə gətirmişdi, elə sovet dövründə, belə irihəcmli əsərləri demirəm, misal üçün Süleyman Rəhimovun «Su ərizəsi» hekayəsinin qəhrəmanını, yaxud İlyas Əfəndiyevin «Qırçı və qırmızı çiçək» hekayəsindəki qırçını xatırlayaq. Güman edirəm ki, biz bu ənənəni ədəbiyyatın şah damarı kimi, dartıb çıxartdıq, davam və inkişaf etdirdik, sovet zamanında onun bədii-estetik qələbəsinə nail olduq. Mən «altmışıncılar»ın ədəbiyyatda gördüyü işi belə bir metodoloji istiqamətdə qiymətləndirirəm. Əks təqdirdə biz öz ədəbiyyatımızın miqyas və vüsətini azaltmış olarıq. O ki, qaldı, Baladadaşa, mən qələmə alana kimi, ədəbiyyatımızda o kim idi? Aşağı səviyyəli satiranın qəhrəmanı. Ədəbiyyatda Baladadaşın «aerodrom» papağına lağ edirdilər. Qanmaz, vecsiz bir adamın obrazı idi. Mən Baladadaşın o hisslərini qələmə almağa çalışdım ki, başqaları onları görmürdü.
     -Elçin müəllim, mən belə hesab edirəm ki, bizim gənc ədəbi nəsil «altmışıncılar»dan başlayıb. Bəs «altmışıncılar» hardan başlamışdı?
     -İndicə bu suala qismən cavab verdim. XIX-XX əsr Azərbaycan ədəbiyyatının çox zəngin ənənələri var. Mirzə Fətəlinin, Nəcəf bəy Vəzirovun, Mirzə Cəlilin, Sabirin, Üzeyir bəyin, Hadinin, Haqverdiyevin, Cavidin adlarıyla bağlı, bir tərəfdən «Molla Nəsrəddin», o biri tərəfdən «Füyuzat» ədəbi məktəbləriylə, Həsən bəy Zərdabinin, Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağayevin, Nəriman Nərimanovun, Firudin bəy Köçərlinin, Ömər Faiq Nemanzadənin, Hüseyn Minasazovun fəaliyyəti ilə bağlı ənənələr. Sovet dövrü haqqında mən dedim və bir daha təkrar edirəm ki, biz o dövrdə də yaranmağa imkan tapmış milli-mənəvi sərvətə malikik və bunun üzərindən xətt çəkmək olmaz. Yenə bir misal gətirmək istəyirəm: Səməd Vurğun «Vaqif»i 37-ci ildə yazıb və bu əsərdə dramaturji baxımdan nöqsanlar tapmaq, tarixi faktologiyanın təhrif olunması ilə rastlaşmaq mümkündür, amma «Vaqif»in mənim aləmimdə, əhəmiyyəti onda idi ki, çətin bir zamanədə ana dilini, milli patriotizmi tərənnüm edirdi. Bunlar hamısı bir yerdə dünya ədəbiyyatının, o cümlədən, rus ədəbiyyatının təcrübəsi ilə birlikdə «altmışıncılar» hadisəsini yaratdı.
     -Altmışıncı illər ədəbiyyatı deyəndə, adətən, altmışıncı illərdə yazmağa başlayan sənətkarlar yada düşür. Ancaq həmin dövrdə yeni ab-hava ilə bağlı olaraq yaşlı və nisbətən yaşlı nəslin də çox dəyərli əsərləri yarandı.
     -Tamamilə doğru fikirdir.
     -Elçin müəllim, mən bilən, altmışıncı illərdə yeniləşmə meyli, ədəbiyyatda problemlər qoymaq məsələsi Rusiyada daha əvvəl yaranmışdı və bu dalğa bizə nisbətən gec gəlib çatdı.
     -Bu, problematik məsələdi və belə paralellərdə elə bilirəm ki, bir az ehtiyatlı olmaq lazımdı. Azərbaycan yazıçısının qarşısında duran problemlərlə rus yazıçısının qarşısında duran problemlər eyni deyildi. Düzdü, eynilik də var idi. Sovet bürokratizminə, sovet riyakarlığına, qəddarlığına, deyilən ilə olanın qətiyyən üst-üstə düşməməsinə qarşı qələm mübarizəsi - bunlar rus yazıçısı ilə Azərbaycan yazıçısını birləşdirən cəhətlər idi. Eyni zamanda, Azərbaycan yazıçısının qarşısında elə problemlər də dururdu ki, onlar rus yazıçısının qarşısında dayanmırdı. Misal üçün, Azərbaycan müstəqil deyildi, yarımmüstəmləkə idi və rusdan asılı idi. Rus yazıçısının belə problemi yox idi. Yaxud, ana dili problemi rus yazıçısı üçün bizdə olduğu qədər qlobal mahiyyət daşımırdı. Və ya rus yazıçısının ikiyə bölünmüş Rusiya problemi yox idi. Bu ətrafda çox danışmaq, fikir mübadiləsi aparmaq və hətta mübahisələr də etmək olar. Odur ki, belə müqayisələrdə ehtiyatlı olmaq lazımdır.
     -Siz «altmışıncılar»ın cavan vaxtlarınızda qəribə bir birliyiniz, mehriban ünsiyyətiniz, dostluğunuz vardı, ancaq bu gün «altmışıncılar» 60-ı keçib, 60 yaşı var, ya da ki, 60-a yaxınlaşırlar, yəni müdrik çağlarınızı yaşayırsınız, amma münasibətlərinizdə nəsə bir soyuqluq hiss olunur.
     -Düzdü, o vaxt o mehribanlıq daha çox idi... Hər şey vaxta baxsa da, vaxt heç nəyə baxmır. Yəqin yaşdandı... Nə bilim, bəlkə nahaq yerə günahın hamısını vaxtın, yaşın boynuna yıxıram?.. O zaman böyük ədəbiyyatın marağı bizi birləşdirirdi, çox zaman fikirlərimiz, ayrı-ayrı şəxslərə, hadisələrə, situasiyalara münasibətlərimiz üst-üstə düşürdü. Özümü kənara çəkib bura istedadı, savadı da əlavə edirəm. Buna görə də biz güclü idik. Gəmidə oturub gəmiçi ilə mübarizə aparmağı bacarırdıq. 70-ci illərin ortalarında Rusiyada, bir çox başqa sovet respublikalarında baş verməyən hadisə Azərbaycanda baş verdi. Mən, cavan bir oğlan, Yazıçılar İttifaqının katibi oldum, özüm də mətbuata baxırdım. Əkrəm Əylisli «Azərbaycan» jurnalının baş redaktoru, Yusif Səmədoğlu «Ulduz»un baş redaktoru oldu, Anar «Qobustan»ı daha da əvvəldən buraxırdı... Bizdən sonra bizi başa düşən, qiymətləndirən və təəssübümüzü çəkən bir nəsl yaranırdı, xüsusən, tənqidçilər nəsli və bütün bunlar ona gətirib çıxarmışdı ki, hörmətli ağsaqqallarımız da bizimlə çox ciddi hesablaşırdı, biz ədəbi prosesin, ədəbi mühitin mərkəzində idik. Bütün bu hadisələrdə sənin dediyin o birlik az rol oynamadı.
     -Bəs bu gün nə oldu sizə?
     -Hər halda, mən elə fikirləşirəm ki, bu gün də bizi birləşdirən cəhətlər, bizi ayıran cəhətlərdən çoxdur.
     –Mən də, hər halda, sizə o köhnə birliyi, dostluğu arzu edirəm. Növbəti sualım isə belədir: bu gün imtina elədiyiniz yazılarınız varmı?
     -Mən indiyə qədər nə yazmışamsa, heç birindən imtina eləmirəm. Sadəcə olaraq imtina eləmək mümkün deyil, çünki yazıya pozu yoxdu! Mən indiyə qədər yazdığım bütün bədii əsərlərin, tənqidi və elmi məqalə və monoqrafiyalarımın altından bir daha qol çəkirəm. Məni bu gün bədii baxımdan qane etməyən - bu da çox təbii bir şeydir!- yeniyetməlik, ilk gənclik illərində yazıb çap etdirdiyim hekayələrim, kiçik povestlərim var, amma onlar da mənim üçün doğmadı.
     -Bu gün belə bir fikir səslənir ki, altmışıncıların cəsarəti icazə verilmiş cəsarət idi.
     -Bu çox gülünc bir söhbətdi. Əgər mənim istedadım yoxdursa, xislətimdə o yazı, o milli təəssübkeşlik yoxdursa, kim nə icazəni verir, versin, mən heç nə yaza bilmərəm. Sovet dövrünün ədəbiyyat generalları var idi, icazə cızığından kənara çıxmayıb, bütün döşlərini orden-medallarla doldurmuşdular. Nə oldu? Götürək auditoriyası ən böyük olan rus ədəbiyyatını. Bu gün hanı Semyon Babayevski, Anatoli Sofronov, Vadim Kojevnikov və bu qəbildən olan başqaları? Mən, misal üçün, «Fikrin karvanı» kitabını o vaxt nəşr etdirmişdim, Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağayevin portretlərini vermişdim ki, indi döşünə döyənlərin, özləri millət naminə, dil naminə, ədəbiyyat naminə heç nə eləməyib yekəxana-yekəxana bizə ağız büzənlərin çoxu heç bilmirdi ki, onlar kimdir? Amma indi biz nəyin şahidi oluruq? Bilənlər qalıb bir kənarda, bilməyənlər düşüblər ortaya. Dünən Əhməd bəyi, Əli bəyi müxtəlif yarlıqlarla damğalayırdılar, bu gün də Mirzə Fətəlini, Mirzə Cəlili, yaxud Mirzə Ələkbər Sabiri gözdən salmağa çalışırlar, dünən Nəriman Nərimanovun kölgəsinə sığınıb dissertasiya müdafiə edirdilər, bu gün mətbuat səhifələrində ona nifrət aşılayırlar. Halbuki, bü gün bu şəxslərin Azərbaycan ictimai fikrində, bədiiyyatında, jumalistikasında öz məxsusi yeri var.
     -Elçin müəllim, söhbətimiz deyəsən bir az başqa istiqamətə yön aldı, mən istəyirəm ki, yenə «altmışıncılar»a qayıdaq və son olaraq Sizdən soruşum: bir də o illərə qayıtmaq istərdinizmi?
     -Əzizim Maarif, bəyəm bu mənim istəyimdən asılıdır?
Müsahibəni Maarif Soltan apardı.
1998.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (20.08.2014) | Müəllif: R.C E W
Baxış: 468 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more