Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-E l ç i n: «Bayrağımızı birgə qaldırmalıyıq»
E L Ç İ N: «BAYRAĞIMIZI BİRGƏ QALDIRMALIYIQ»

     Görən dünyada Azərbaycan xalqı qədər talesiz, məşəqqətli bir xalq varmı? Didərginlik, ölüm, qan, kimsəsizlik sanki bizim alnımıza yazılıb. Mühacirətimiz də özümüzə bənzəyir. Tarixin qanlı-qadalı dolaylarında dünyaya pərən-pərən səpələnmiş ən qeyrətli oğul və qızlarımızın adını çəkməyi belə bizə qadağan ediblər. Bu qadağan öz işini görüb. Vətəndəkilər laqeydləşib, qürbətdəkilər özgələşib... İndi budur, neçə on illərdən sonra dekabrın son gününü bütün dünya azərbaycanlılarının həmrəyliyi günü elan etmişik.
     Həsrətin, ehtiyacın, qəribçiliyin günü olurmu görən? Amma belə bir gün bizə lazımdır. Lazımdır ki, heç olmazsa, ilin bircə günündə hər birimiz öz vicdanımızın, hamımız Vətənin qarşısında bir də hesabat verək.
     Müsahibimiz, «Vətən» Cəmiyyəti Rəyasət Heyətinin sədri, yazıçı ELÇİNLƏ söhbətimizi elə bundan başladıq.
     -Sizcə, Azərbaycan Ali Soveti Milli Şurasının bu qərarının əhəmiyyəti nədədir?
     -Bu, çoxdan vaxtı çatmış hadisədir. İstədiyim odur ki, qərar qərar olaraq qalmasın. Şimalla, Cənubla bərabər bütün dünyaya səpələnmiş azərbaycanlılar üçün sözün həqiqi mənasında həmrəylik gününə çevrilsin.
     Mən bunu siyasi əqidəsindən, cəmiyyətdəki mövqeyindən, savadından, yaşından asılı olmayaraq Vətən, xalq təəssübü çəkən insanların həmrəylik günü kimi başa düşürəm. Dekabrın 31-i məhz Vətən övladlarının mütəşəkkilliklə hesabat günü olmalıdır. Dünya nəhayət, xalqımızı tanımalıdır. Bu işin öhdəsindən yalnız «Vətən» Cəmiyyəti gələ bilməz. Bütün ictimai-siyasi təşkilatlar bu vətəndaşlıq vəzifəsi ilə ciddi məşğul olmalıdırlar.
     -Dünya xalqlarının mühacirəti haqda çox eşitmişik. Ümumiyyətlə, bir faktor kimi Azərbaycan mühacirətınə necə baxırsınız? Sizcə, belə bir anlayış mövcuddurmu?
     -Azərbaycan mühacirəti son dərəcə mürəkkəb mahiyyətli bir qurumdur. Qurum sözü burada bəlkə də yerinə düşmür. Çünki Azərbaycan mühacirəti bir sıra səbəblərə görə mühacirət anlayışının ensiklopedik çərçivəsinə sığmır. Bu səbəblər hansılardı?
     Xalqımız iki yerə bölünmüşdür və ikiyə bölünmək azmış kimi müxtəlif sistemlərdə yaşamış, bir-birinə daban-dabana zidd cəmiyyətlərdə tərbiyə olunmuşlar. Azərbaycan xalqı bu gün dünyada yeganə xalqdır ki, eyni zamanda üç əlifbadan istifadə edir. Biz kirillə, cənublular ərəblə, Türkiyə və Qərbdə yaşayanlar latınla yazıb oxuyurlar.
     Əgər Araz çayı xalqımızı coğrafi mənada ikiyə bölübsə, əlifba xalqımızı mənəvi baxımdan üç yerə bölüb. Bütün bu səbəblərə görə də Azərbaycan mühacirətinin mütəşəkkil bir qüvvə kimi formalaşması, Vətənlə, xalqla bağlı ənənələrin yaranması xeyli ləngimiş, böyük çətinliklərlə üzləşmişdir.
     20-ci illərdə M.Ə.Rəsulzadə başda olmaqla Azərbaycan emiqrasiyası böyük siyasi gücə malik mütəşəkkil bir qüvvə idi. Lakin illər keçdikcə həmin mühacirətin sıraları seyrəldi, biz beton sərhədlər daxilində tamam qapalı həyat keçirdiyimiz üçün bir küll halında inkişaf edə bilmədik. Azərbaycan mühacirəti kökündən, nüvəsindən ayrı düşdü. Doğrudur, Ankarada Azərbaycan milli mərkəzi, Müsavat Partiyası, Azərbaycan Kültür Dərnəyi kimi nüfuzlu siyasi-ictimai təşkilatlar fəaliyyət göstərir. Lakin çox təəssüf ki, Qərb ölkələrindəki təsisatlarımız kifayət qədər fəal deyildir. Mühacirətimizin bir xüsusiyyəti da var. Qərb ölkələrindəki Azərbaycan mühacirləri, əsasən, aşağı təbəqəni təmsil edirlər. Mühacirətin böyük əksəriyyəti son 10-15 ildə bu və ya digər səbəbdən Cənubi Azərbaycandan dünyanın bir sıra ölkələrinə səpələnmiş gənclərdir, onlar əsas etibarilə fəhlə işləyir, taksi sürür, xırda qulluqda çalışırlar. Lakin bu gənclərin müəyyən bir hissəsi səhərdən axşamacan çalışmaqla bərabər Avropanın, Amerikanın bir sıra universitetlərində təhsil alırlar. Əgər biz bu gün onlarla əlaqələrimizi sağlam əsaslar üzərində qura bilsək, onlardakı Vətən, xalq təəssübkeşliyini məmləkətimizin tərəqqisinə yönəltsək, 15-20 ildən sonra söhbət görkəmli alimlərdən, iş adamlarından, ictimai xadimlərdən gedə bilər. Həm də nəzərə alsaq ki, onların bir qismi yaşadığı ölkələrin vətəndaşlığını qəbul edib, Qərbdə öz siyasi xadimlərimizin yetişəcəyinə də ümid bəsləyə bilərik.
     Etiraf edək ki, qonşularımız bu məsələdə xeyli irəliyə gediblər. Götürək elə ABŞ-ı... ermənilərin konqresdə, siyasi partiyalarda və başqa aparıcı təşkilatlarda onlarca nümayəndələri vardır. Həm də bunlar ayrı-ayrı şəxsiyyətlər yox, fəaliyyətləri bir mərkəzdən tənzimlənən nüfuzlu qüvvədir. Bizsə, yenicə başlamışıq. Mən Azərbaycan mühacirətinin uğurlu perspektivinə inanıram. Biz həm də say etibarilə çoxuq. Bu da mühüm cəhətdir.
     -Elçin müəllim, hələ ki, formal da olsa, biz artıq keçmiş SSRİ-nin sakinləri deyilik. Deməli, başqa respublikalarda yaşayan həmvətənlərimiz qeyri-ixtiyari xarici vətəndaşa çevriliblər. Elə deyilmi?
     -Bu ciddi bir problemdir. «Vətən» Cəmiyyəti indiki şəkildə istər maddi, istərsə də idarəçilik baxımından təkbaşına bu işin öhdəsindən gələ bilməz. Məncə, bu məsələ ilə bağlı bir orqan yaradılmalıdır. Artıq bir sıra ictimai təşkilatlar, misal üçün, «Yurddaş» cəmiyyəti bu işlə məşğuldur. Görünür, indiki mərhələdə təcili surətdə əlaqələndirmə mərkəzi kimi bir orqan yaradılmalıdır.
     -Bazar münasibətlərinə keçdiyimiz bir vaxtda həmvətənlərin Vətəni, vətəndəkilərin həmvətənləri görmək, ziyarət etmək işi xeyli müşkülləşib. Bu barədə nə deyə bilərsiniz?
     -Yeganə çıxış yolunu xaricdə yaşayan həmvətənlərlə bağlı ikili vətəndaşlıq sisteminin yaradılmasında görürəm. Əgər Azərbaycan Ali Sovetinin Milli Şurası belə bir qanun qəbul edərsə, xaricdə yaşayan azərbaycanlıların Azərbaycan Respublikasının vətəndaşı olmaq statusu elə bilirəm ki, bir çox problemləri aradan qaldıracaq. Bu bir tərəfdən onların özünün sosial statuslarını gücləndirər, yəni Azərbaycan Respublikası digər ölkələrdə yaşayan vətəndaşların hüququnu rəsmi olaraq müdafiə edər, digər tərəfdən isə həmin vətəndaşlar respublika ilə əlaqələrini gücləndirə bilər. Bu isə o deyən sözdür ki, onlar Azərbaycan Respublikası ərazisində şəxsi evlər tikdirər, təhsil alar, şəxsi müəssisələrini açar, turizmi inkişaf etdirərlər. Bu bir tərəfdən heç bir vizaya ehtiyac qoymaz, digər tərəfdən respublikaya valyuta qazandırar. Türkiyə Respublikasında belə ikili vətəndaşlıq sistemi tətbiq edilib. Məhz Türkiyənin son on ildəki böyük iqtisadi inkişafında bu cəhətin böyük rolu olmuşdur.
     Bazar iqtisadiyyatı Cəmiyyət üçün də çətinliklər yaradıb. Bizə ayrılan vəsait hərgah dünənə qədər ildə 30 nəfər qonaq qəbul etməyə imkan verirdisə, indi bu, mehmanxanaların, yeməklərin bahalaşmasına görə heç beş nəfərə də çatmır. Eləcə də bizim xəttlə xaricə dəvət olunarlar. Hələ işçilərimizin miskin maaşını, çətin iş şəraitini demirəm. Dörd ildir binanın təmirindən qurtara bilmirik. Otaqlar soyuqdur. Min bir əzab-əziyyətlə çıxan «Odlar yurdu» qəzetinin çətinlikləri öz həllini gözləyir. Bu yeganə qəzetdir ki, üç əlifba ilə nəşr olunur və xarici ölkələrdə yaşayan həmvətənlərimizə göndərilir.
     -Elçin müəllim, Siz xaricdə, «Vətən» Cəmiyyəti və həmvətənlərimiz vasitəsilə Azərbaycan tarixinin, mədəniyyətinin, ümumiyyətlə, Azərbaycanda siyasi vəziyyətin, xüsusən, Qarabağ hadisələrinin təbliğində hansı cəhəti əsas sayırsınız?
     -Yalnız bir cəhəti - həqiqəti. Azərbaycandakı erməni təcavüzü də daxil olmaqla müasir siyasi vəziyyəti dünya ictimaiyyətinə obyektiv çatdırmaqda böyük müttəfiqimiz həqiqət olmalıdır. «Vətən» Cəmiyyəti bilavasitə xarici ölkələrin siyasi dairələri, informasiya vasitələri ilə əlaqə saxlamaqda çətinlik çəkir. Çünki bu bizim nə səlahiyyətimiz, nə də imkanımız daxilindədir. Biz son dərəcə mühüm işi həmvətənlərimiz vasitəsiylə görməliyik. Buna görə də nail olmalıyıq ki, həmin dediyim həqiqəti ilk növbədə onlar özləri dərk etsinlər. Sonra yaşadıqları ölkənin siyasi-ictimai dairələri, nüfuzlu informasiya vasitələri ilə əlaqə yarada bilsinlər, o həqiqəti onlara çatdıra bilsinlər.
     -Siz bu müsahibəni 1991-ci ilin son günü verirsiniz. Qürbətdə yaşayan bacı-qardaşlarımıza, ümumən məmləkətimizin vətəndaşlarına nə demək istərdiniz?
     -Azərbaycan xalqı bu gün öz yeni tarixinin ən gərgin dövrünü yaşayır. Günahsız qanlar axıdılır, təcavüzə məruz qalırıq. Can verməkdə olan imperiya siyasətinin minbir fəsadı ilə üzləşirik. Lakin bütün bunlarla bərabər tarixi bir dövr yaşayırıq və Azərbaycanın həqiqi istiqlalı, müstəqilliyi bizim, yəni Vətəndəkilərin və qürbətdəkilərin canıdır. Biz üçrəngli bayrağımızı dünyanın başı üzərinə birgə qaldırmalıyıq.
Söhbəti yazdı Vahid Əzizov.
1992.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (13.08.2014) | Müəllif: R.C E W
Baxış: 610 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more