Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Dyula Çak ilə söhbət
DYULA ÇAK İLƏ SÖHBƏT
(Macarıstan cizgiləri)
1.

     Elə bil, kimsə mənə deyir: yaxşısı budur ki, birbaşa Dyula Çak ilə söhbətə keç, axı, Macarıstan haqqında nə demək lazımdırsa, bunu B.Bartok, K.Miksat, E.Adi, A.Yojef, bir çox başqaları öz doğma macar xalqlarının gözəl istedadı ilə deyiblər və sən F.Listin rapsodiyalarından, Ş.Pyetefınin lirikasından, İ.Kalmanın operettalarından sonra Macarıstan haqqında yeni nə deyə bilərsən? Lakin mən bu haqlı sualın dəmir məntiqinə baxmayaraq, yenə də Budapeşt aeroportunu xatırlayıram və təxminən bir il bundan əvvəl həmin aeroportda keçirdiyim hissləri yenidən yaşayıram. Onda - 1981-ci ilin dekabrı idi - Mən Moskvadan uzaq və naməlum Tunisə uçurdum və həmin uzaqlıq, naməlumluq təbii bir nigarançılıq, narahatlıq əmələ gətirmişdi və bizim təyyarəmiz yolüstü Budapeşt aeroportunda yerə enəndə mənə elə gəldi ki, doğma bir yerdəyəm, aeroport binası daşı ilə, alüminiylə, lay-lay şüşələriylə mənim üzümə gülürdü və bu gülüş o soyuq dekabr günü mənim içimə bir hərarət gətirdi. Məsələ burasında idi ki, mən artıq bir neçə dəfə Macarıstanda olmuşdum, Macarıstanı gəzmişdim, macarları tanıyır və sevirdim, bu aeroportdan bir neçə kilometrlik məsafədə mənim dostlarım yaşayırdı, indicə onlara telefonla zəng edə bilərdim (elədim də!) və bu dostların ailələri, uşaqları mənim gözlərimin qarşısına gəldi və doğrusunu deyim ki, mən özümü az qala Bakıda hiss etdim. Həmin uzaq səfər başa çatarkən də Əlcəzair-Tunis-Budapeşt-Moskva marşrutu ilə geriyə uçanda mən Budapeşt aeroportunda eyni hissləri keçirirdim. Əlbəttə, bu dəfə daha heç bir naməlumluq yox idi - Şimali Afrika artıq xatirəyə çevrilirdi, amma o uzaqlığın xofu var idi, evə tələsmək var idi və yalnız Budapeşt aeroportunda mən Bakıya az qaldığımı cismən duydum.
     İndi, budur, aradan bir il keçib, 1983-cü ilin yanvarıdır və mən yenə də Budapeştdəyəm, SSRİ Yazıçılar İttifaqının nümayəndəsi kimi Macarıstan Y azıçılar İttifaqında bəzi məsələlər ətrafında fikir mübadiləsi etməliyəm, bir müəllif kimi, Budapeştin «Y evropa» nəşriyyatının qonağıyam və «Literaturnaya qazeta»nın xahişi ilə görkəmli macar yazıçısı və ictimai xadimi, Macarıstan Yazıçılar İttifaqının katibi Dyula Çak ilə ədəbi söhbətimiz olmalıdır. Bəli, aradan bir il keçdi və bu bir il, təbii ki, yalnız adicə zaman vahidi deyil, milyonların (o cümlədən də mənim) ömrümün bir ilidir, yəni, üç yüz altmış beş günlük fərdi hiss və həyəcanlardır, itkilər və qazanclardır, sevincli, fərəhli çağlar və kədərli, qüssəli anlardır. Həmin bir ilin Macarıstanla bağlı mənim üçün ən fərəhli hadisəsi isə budur ki, «Y evropa» nəşriyyatı macar dilində mənim «Gümüşü furqon» adı ilə «Bir görüşün tarixçəsi», «Toyuğun diri qalması» povestlərimdən və hekayələrimdən ibarət kitabımı çap etmişdir. Həmin kitabın tərcüməçilərindən biri Erjebe Katona məni qarşılayanda səmimi və mehriban bir qonaqpərvərliklə (az qalır yazım ki, Azərbaycan qonaqpərvərliyi ilə!) gülə-gülə dedi:
     -Siz daha macar yazıçısısınız.
     Əlbəttə, bu, zarafat idi, amma bir həqiqət var idi ki, mən öz yazılarımı başqa hərflərlə, bilmədiyim dildə çap olunmuş görəndə, istər-istəməz, naqolay bir hiss keçirirəm: bir tərəfdən bir yazıçı kimi adama xoşdur ki, sənin yazın başqa dilə çevrilib, çap olunub, o biri tərəfdən isə... qeyri-adilik içində qalırsan, hərf-hərf yazıb ürəyini ağ kağızlara boşaldırsan və vaxt keçir, o dolmuş kağızlar tamam başqa bir aləmdə yaşayan oxucular arasında, yəni müxtəlif psixologiyaya malik, müxtəlif millətli, müxtəlif yaşlı insanların arasında yayılır, onların sirdaşı olmağa cəhd edir. Bu - doğrudan da, heyrətamiz bir prosesdir və qoca Füzulinin müdrik kəlamlarından biri mənim yadıma düşür:
İlahi feyzdən bir xəzinədir söz...

     Lakin mənim Budapeştə gəıstlar, tanışlar məni başqa münasibətlə təbrik etdi. Gülə-gülə, macarlara xas olan bir hərarətlə qədəmlərimin, necə deyərlər, sayalı olmağından danışdılar, «Ayağın bizə düşüb» - dedilər. İş burasında idi ki, mən Budapeştə gələn gün Taryani ailəsində beş ekiz dünyaya gəlmişdi və bircə gündən sonra bu dörd bacının və bir qardaşın adı (valideynləri o saat onlara ad qoymuşdu) bütün budapeştlilərin dilinin əzbəri idi, hamı qəzet köşklərində növbəyə durub, radionun, televizorun qabağında dayanıb, Silviyadan, Melindadan, Haynalkadan, Erikadan və Şandordan təzə bir xəbər bilmək istəyirdi: çəkiləri artırmı? özlərini necə hiss edirlər? xəstələnmirlər ki? və bu beş körpə hələ dünyaya əməlli-başlı gözlərini açmağa macal tapmamış milli qəhrəmanlara çevrilmişdi. Macarıstanın bütün qəzetləri mütəxəssislərin hesabladığı belə bir rəqəmi böyük hərflərlə oxuculara çatdırırdı ki, beş əkizin dünyaya gəlməyi ancaq qırx milyon doğuşdan (!) bir şansdır. Müqayisə üçün yazırdılar ki, üç əkiz hər 6400 doğuşdan sonra ola bilər. Əlbəttə, Macarıstanın bütün əhalisinin heç on bir milyon olmadığını nəzərə alsaq, Silviyanın, Melindanın, Haynalkanın, Erikanın və Şandornun gəlişi möcüzə idi və Sabolç küçəsindəki bayram hay-küyündə, qələbəlikdə heç bir təəccüblü şey yox idi. Əkizlərin anadan olduğu doğum evi bu küçədə yerləşirdi və həmişə sakitlikdən, xudmanilikdən xəbər verən Sabolç küçəsi indi, yəqin ki, heç vaxt şahidi olmadığı bir canlanmanın mərkəzi idi.
     Mən Macarıstandan qayıdandan sonra haradasa əkizlər (bizim əkizlər) haqqında məlumat oxudum: kefləri kök idi, yaxşı böyüyürdülər, heç bir nigarançılıq yoxdur və bu kiçik məlumat mənə də bir sevinc gətirdi, mənə elə gəldi ki, yaxın, əziz bir adamın yaxşı məktubunu almışam. Mən təbii ki, Silviyaya da, Melindaya da, Haynalkaya da, Erikaya da, böyük şairlərin adaşma da böyük səadət, xoşbəxtlik arzulayıram və burasmı da arzu edirəm ki, beşinin də bir yerdə dünyaya gəlməyi (qırx milyondan bir şans!) onlarm həyatında yeganə fərəhli, yeganə yaddaqalan hadisə olmasın...
     İndi isə mən Dyula Çak ilə söhbətimizə keçmək istəyirəm, lakin... lakin yenə də o qoca qadının ağappaq saçlarını, qırış basmış, amma işıqlı simasmı, uzaqdan da bərəkəti hiss edilən əllərini görürəm və hiss edirəm ki, o mehriban, səliqəli, qayğıkeş nənə barədə, heç olmasa, ikicə kəlmə deməliyəm, çünki, əslində, o mənim təsəvvürümdə bütün macar xalqının nəciblik timsalıdır.
     Əvvəlki səfərlərimdən birində olduğu kimi, bu dəfə də Budapeştdə «Asoriya» mehmanxanasma düşmüşdüm. Bir əsrdən artıq yaşı olan bu məşhur mehmanxana Budapeştin gözəl və mərkəzi küçəsi Rakosi prospektindədir, amma mənim dördüncü mərtəbədəki nömrəm qədim və tamamilə sakit bir küçəyə baxırdı. Uzbəüzdə klassik barokko üslubunda, yəqin ki, keçən əsrin ikinci yarısında tikilmiş və hörgüsünün iri sal daşları XX əsrin hisinə, tüstüsünə dözməyib qapqara qaralmış bir yaşayış binası var idi və mən «Astoriya»da yaşadığım bütün müddət ərzində həmin binanın dördüncü mərtəbəsində, bir az kənardakı pəncərənin sahibəsi - o ağbirçək qadın hər səhər tezdən tərtəmiz ağ dəsmalla pəncərənin tərtəmiz şüşəsini silirdi və üstündə heç bir toz, çirk olmayan ağ dəsmalı çölə çırpmazdan əvvəl boylanıb diqqətlə o baş-bu baş küçəyə baxırdı ki, aşağıdan adam keçməsin, lap uzaqda da bir nəfər görəndə, səbrlə gözləyirdi, həmin adam gəlib pəncərənin altından keçib tamam uzaqlaşandan sonra tərtəmiz dəsmalını çölə çırpırdı. Bakıya qayıdandan sonra məşhur macar hüquqşünasları Q.Katonanın və T.Kertsin «Cinayətin izi ilə» adlı kriminalistika tarixi haqqında oçerklər kitabını maraqla oxuyarkən belə bir hadisə mənim diqqətimi cəlb etdi: keçən əsrin əvvəllərində Budanın (indiki Budapeştdə Dunayın sağ sahili) Tabane hissəsində, Fe küçəsinin 555-ci nömrəli binasında Temeşvarilərin mehmanxanası var imiş və 1821-ci ilin fevralında Temeşvarilər bir neçə günlük kəndə gedib-qayıdandan sonra məlum olur ki, onların mehmanxanasını yarıblar. Əlbəttə, bu hadisə ona görə mənim diqqətimi cəlb etmədi ki, kriminalistika tarixində nəsə əlahiddə bir hadisədir, yox, ona görə ki, mən sidq-ürəkdən təəccüb hissi keçirdim: Macarıstanda da oğurluq ola bilər? Sonra bu sadəlövh təəccübümün özü mənə təbii göründü və o ağbirçək qadın yenə də mənim gözlərimin önündə canlandı. Mən müxtəlif illərdə Macarıstanın Peç, Seged, Sekeşfəhivar, Vesperm kimi qədim şəhərlərində, mədəniyyət mərkəzlərində müxtəlif görüşlərdə olmuşam, müxtəlif ədəbi söhbətlərdə, fikir mübadilələrində iştirak etmişəm, Vələnse gölünü, Dunay və Balaton sahillərini gəzmişəm və macar xalqının mədəniyyətini, qayğıkeşliyini, xeyirxahlığını və səliqəsini, necə deyərlər, əyani şəkildə gözlərimlə görmüş, ürəyimlə hiss etmişəm. Bir neçə gün üzbəüz qonşusu olduğum o ağbirçək nənə elə buna görə mənim nəzərlərimdə öz xalqını təmsil edirdi.
     Əslində, o qoca qadın - xalqın özü idi.
2.

     Kiçik bir arayış: Dyula Çak 1930-cu ildə anadan olub. Yazıçı, dramaturq, publisistdir. Yaradıcılığa jurnalist kimi başlayıb. Romanları, povestləri, hekayələri bir çox dillərə tərcümə olunub (o cümlədən, Sovet Ittifaqında çap olunub), pyesləri müxtəlif səhnələrdə tamaşaya qoyulub.
     Haşiyə: Dyula Çak ilə söhbətimizin təşkilatçıları həyəcan keçirirdilər ki, birdən fikir mübadiləsi mübahisəyə çevrilər, ara qızışar, Dyula sərt adamdı... Əvvəlcədən deyim ki, nə söhbət əsnasında, nə də sonda mən Dyulada bir sərtlik hiss etmədim, əksinə, səbrli, təmkinli idi və olsun ona görə ki, Dyula da, mən də bir çox məsələlərə münasibətdə demək olar ki, həmfikir idik.
     Iştirakçılar: Dyula Çak, mən, tərcüməçimiz və mənim dostum. Adam, bir də ki, maqnitafon.
     Məkan: Budapeşt. Macarıstan, Yazıçılar Ittifaqı.
     Zaman: 27 yanvar 1983. Saat 10.30.
     M ə n. Bizim söhbətimizin mövzusu barədə mənə belə deyiblər: ədəbiyyatın cəmiyyətdə oynadığı rol, apardığı mübarizə, ictimai mövqeyi.
     Dyula Çak: Mənə də belə deyibər. Maraqlı mövzudur.
     M ə n . Kim başlayır?
     Dyula Çak. Siz qonaqsız, buyurun.
     M ə n . Onda birbaşa mətləbə keçək. Əlbəttə, mən yaxşı bilirəm ki, ədəbiyyatın cəmiyyətdə oynadığı rol böyükdür. Dünya ədəbiyyatı tarixi əyani şəkildə göstərir ki, əsl ədəbiyyat, yəni istedadlı ədəbiyyat həmişə müharibələrin əleyhinə olub, həmişə sülhə çağırıb, həmişə humanizmə, mənəvi təmizliyə çağırıb, istismarın, əzab-əziyyətin əleyhinə olub, həmişə əzilənin, zəifın, kasıbın müttəfiqi və təəssübkeşi olub, bir sözlə, xeyir ilə şərin mübarizəsində ədəbiyyat həmişə xeyirin tərəfdarı, carçısı olub. Mən də, təbii ki, bu hisslərlə yaşayıram, yazıram, amma doğrusunu sizə deyim ki, bəzən... bəzən özüm-özümə Don Kixot təsiri bağışlayıram...
     Dyula Çak (mənim sözümü yarımçıq kəsərək). Çünki şər qurtarmaq bilmir, öz işini görür, ona görə?
     M ə n . Qısa desək, hə, ona görə. Düzdü bu donkixotluq hissi tez də ötüb gedir, amma, hər halda, bəzən elə bu günün özündə fələstinliləri fikirləşəndə, Livanın müsibətini görəndə, Salvador, yaxud Cənubi Afrika Respublikası haqqında oxuyanda, istər-istəməz, sarsılırsan. Axı, ədəbiyyat bu qədər mübarizə aparır, axı, ədəbiyyatın auditoriyası bu qədər geniş, səviyyəsi bu qədər yüksəkdir, axı, Şoloxovun və Heminqueyin, Folknerin və Araqonun, Markesin və Kortasarın, Kavabatanın və Remarkın, onlarla, yüzlərlə başqa böyük yazıçıların humanizmi ürəklərə yol tapır, bəs necə olur ki, yaxın keçmişin Kampuçiya faciəsi baş verir, şah Iranda azərbaycanlıların milli-azadlıq hissinin azacıq qığılcımını belə məhv edir, müstəmləkələrin qulu olduğu halda, özü də ən qatı müstəmləkəçilik yeridir?
     Dyula Çak (gülümsəyir). Irandan şahı qovdular, Kapmuçiyadan da Pol Potu...
     M ə n . Elədir və bu işdə qələmin rolu da, şübhəsiz, böyük oldu. Amma bunun əksi də olur axı... Pablo Neruda ömrü boyu böyük istedada malik qələmi ilə mübarizə etdi. Çilidə isə generallar Alyendeni güllədən keçirib hakimiyyəti ələ aldılar, xalqı güllədən keçirməyə başladılar. Mən Markesin Nobel mükafatı alarkən söylədiyi nitqi oxudum və sizin yanınızda etiraf etmək istəyirəm ki, onun gətirdiyi misalların təsirilə səhərə kimi yata bilmədim. Ədəbiyyat mübarizə aparır, amma misal üçün, Meksika diktatoru general Antonino Lopes de Santa-Ana öz sağ ayağının təntənəli dəfn mərasimini keçirir... Markes yazır ki, 1970-ci ildən bu tərəfdə Latın Amerikasında iyirmi miylon uşaq - həmin müddətdə bütün Avropada doğulan uşaqlardan artıq! - iki yaşma çatmamış müharibələrdən, aclıqdan, təqiblərdən həlak olmuşdur...
     Dyula Çak. Amma, hər halda, müharibələrlə yanaşı, sülh var və sülh qat-qat artıqdır. Bu gün müharibələrin sülhə nisbətən azlığmda müasir ədəbiyyatın şübhəsiz ki, böyük rolu var. Istedadlı ədəbiyyat effektsiz olmaya bilməz. Siz Pablo Neruda və Çili generalları haqqmda yaxşı dediniz. Bəs sizcə təskinlik nədədir? Y əni o ani donkixotluq hissi - burasını da deyim ki, məndə də hərdən belə şey olur - keçib gedəndən sonra gecələr oturub ürəyimizi ağ kağızlara boşaltmaq üçün qüvvəni hardan alırıq?
     M ə n. Inamdan. Xeyir ilə Şərin mübarizəsində, deyək ki, elə həmin Çilidə şərin qələbəsi məni, əlbəttə, bir yazıçı kimi sarsıdır, lakin mən buna tamamilə əminəm ki, həmin qələbə müvəqqətidir. Bir gün gələcək və generallarm gülləsi tükənəcək, çünki Pablonun nəğmələri öz işini görür və Pablonun nəfəsi general gülləsindən fərqli olaraq, heç vaxt tükənməyəcək. Insan zəkasına, Xeyirin qüdrətinə və qələbəsinə inam olmasa, məncə, nəinki yazmağın mənası yoxdur, ümumiyyətlə, yazmaq heç mümkün də deyil.
     Dyula Çak. Məsələ də bundadır. Gerçəklikdən qaçmaq olmaz və səni əhatə edən mühitin gözünün içinə baxmağı bacarmalısan. Həyatı real əks etdirmək lazımdır və bu zaman qarşıya çıxan problemlərə öz real münasibətini bildirməlisən. Əlbəttə, mən başa düşürəm ki, bədii-estetik baxımdan müxtəlif təmayüllü ədəbiyyat mütərəqqi qələmin sayəsində, sizin dediyiniz kimi, xeyirlə şərin mübarizəsində xeyrin köməkçisi ola bilər, amma bununla bərabər, mən belə bir möhkəm və qəti fikirdəyəm ki, əsl mübariz ədəbiyyat realizmlə nəfəs almalıdır. Mən Amerika Birləşmiş Ştatlarında olanda Bekketin bir pyesinə baxdım, adı belə idi: «Bütöv həyat». Əsəri universitet tələbələri tamaşaya qoymuşdular. Pərdə qalxır, boş səhnədə bir miz var, mizin də üstündə maqnitafon. Bir azdan maqnitafondan yenicə anadan olmuş çağanın qışqırtısı eşidilməyə başlayır. Çağa qışqırtısı gah bərkiyir, gah yavaşıyır, kəsir, təzədən başlayır və bir müddət beləcə davam edir, sonra yarım saatlıq fasilə, sonra yenə həmin miz, həmin maqnitafon. Maqnitafon bir müddət susur, sonra yavaş-yavaş matəm musiqisi səslənməyə başlayır. Matəm musiqisi get-gedə bərkiyir, çalır, çalır və susur. Tamaşa belədir. İnsan anadan oldu, yaşadı, qocaldı və öldü. Mən o vaxt bir daha əmin oldum ki, modernist ədəbiyyatm göstərdiyi bu doğulma və ölüm faktı arasmdakı həyatı yalnız realist ədəbiyyat göstərə, inandıra və düşündürə bilər. Təəssüf ki, bizdə bəzən formaya uyurlar, forma axtarışları realizmi sıxışdırır. Mən bəzi müasir macar yazıçılarmı nəzərdə tuturam.
     M ə n . Əlbəttə, əgər realizmi sıxışdırırsa, yəni forma, forma xatirinə axtarılırsa, bu pisdir. Çox pisdir. Lakin öz-özlüyündə isə forma axtarışları da ümumiyyətlə, bədii axtarışm tərkib hissəsidir və təbii ki, formanı başlı-başma buraxmaq, onun bədii-estetik əhəmiyyətindən sərf-nəzər etmək olmaz.
     Dyula Çak. Bilirsiniz, mən bu barədə tez-tez fıkirləşirəm və mənim formaya münasibətimi, bir az kobud şəkildə də olsa, belə ifadə edirəm: forma gərək realizmin qulu olsun, onun xidmətində dursun. Mən şəxsən oturub, deyək ki, bir hekayə yazanda, heç vaxt fıkirləşmirəm ki, cümlələri kiçk hərflə yazım, ya böyük hərflə, cümlələri yarımçıq kəsim, ya yox, dialoqlardan çox istifadə edim, yoxsa bütün hekayəni abzassız, necə deyərlər, bir- nəfəsə yazım... Mən fıkirləşirəm, əzab çəkə-çəkə axtarışlar aparıram ki, necə eləyim ki, qəhrəmanlarım canlı çıxsm, həyatdakı kimi təbii olsun, mənim bədii təfəkkürümün, xəyallarımm məhsulu yox, bilavasitə həyatdakı insanların bədii inikası olsun. Əsas məsələ budur.
     M ə n . Əlbəttə, məzmun əsasdır və bu barədə ikinci bir fikir ola bilməz. Eyni zamanda mən bir daha təkrar etmək istəyirəm ki, formaya etinasız yanaşmaq da, formaya aludə olmaq kimi zərərlidir. Mənim üçün bu mənada klassik həqiqət var: yeni məzmun yeni forma tələb edir. Məzmun isə zamanla, ictimai formasiya ilə bağlı dinamik təbiətli məhfumdur. Məzmun durmadan inkişaf edir və dəyişir. Bir də ki, istedad - söhbət əsl istedaddan gedir! - yeni məzmunu duyduğu və tapdığı kimi, yeni formanı da eləcə təbii duyur və tapır.
     Dyula Çak. Təbiilik olan yerdə mən heç vaxt mübahisə etməmişəm. Təbiilik anlayışı mənim üçün realizm anlayışının ekvivalentidir. Modernist ədəbiyyatda təbiilik yoxdur, elə buna görə də o, realizmlə əks qütbdə dayanır. Hərgah, misal üçün, bir şerdə, - belələri bizdə çox yazılır - nöqtə yoxdursa, vergül yoxdursa, böyük hərflər yoxdursa, çox zaman onlarda görürsən ki, heç fikir də yoxdur, yadda qalacaq, sənə təsir edəcək adi bir detal, hətta ştrix də yoxdur. Həmin şerdəki nöqtəsizlik, vergülsüzlük, əslində, fikirsizliyi ört-basdır edir.
     M ə n . Bir-iki ay bundan əvvəl mən Bakıda rus dilində sizin «Çörək və tamaşa həsrətində olanlar haqqında ballada» adlı hekayənizi oxudum. Həmin hekayədə də cümlələr yarımçıq kəsilir. Xəttbaşıları kiçik hərflərlə başlayır və hərgah səhv etmirəmsə, üç-dörd jurnal səhifəsi olan o hekayə, əslində, yeddi-səkkiz cümlədən ibarətdir. Sözlər həmin uzun cümlələrin qəlibinə salınıb, necə deyərlər, sayca az cümlələrin qəlibinə pərçim edilib.
     Dyula Çak (gülümsayir.) Yox, mənim forma haqqında indi söylədiyim fikirlərlə öz yazılarım arasında təzad yoxdur, yəni bir şey deyib, başqa şey eləmirəm, hərçənd belələri də var və bizdə də onlar az deyil...
     M ə n . Onlar hər yerdə var...
     Dyula Çak (başı ilə təsdiq edir). Yəqin... Bilirəm, mənim o hekayəmi sizin «Inostrannaya literatura» jurnalında çap ediblər, mənə göndərmişdilər. Orda başqa iki hekayəm də çap olunub, onları da oxumusunuzmu?
     M ə n . Oxumuşam.
     Dyula Çak. Görürsünüzmü, onlarda «Ballada»dakı forma yoxdur, halbuki, «Ballada»dan çox böyükdürlər. Onlar klassik realizm ənənələrinə əsaslanaraq yazılmışdır, ənənəvi formadadırlar. «Ballada» da realist hekayədir və onun forması, sizin bayaqkı təbirinizcə desəm, təbii şəkildə elə alındı.
     M ə n . Artıq hamıya məlum bir həqiqət var: realizm, eləcə də sosialist realizmi geniş imkanlara malikdir. Mən Budapeştin kitab dükanlarında Şukşinin də, Aytmatovun da macar dilində çap olunmuş kitablarını gördüm və yəqin ki, siz də onları oxumusunuz...
     Dyula Çak. Əlbəttə.
     M ə n . Bu iki yazıçı sosializm realizm ədəbi metodunun yetirdiyi görkəmli sənətkarlardır. Adi adamlarda, cari həyatda, məişətin incəliklərinə münasibətdə bu yazıçılarda oxşarlıq, hətta deyərdim ki, eynilik çoxdur, lakin bununla birlikdə təhkiyələrində, bədii təsvir vasitələrində, əhatə olunduqları mühiti və ümumiyyətlə, yaşadıqları dünyanı görmək və görməmək xüsusiyyətlərində nə qədər də müxtəliflik var. Şukşinin «ənənəvi realizmi» ilə Aytmatovun «mifoloji-fantastik realizmi» hesabla bir-birini inkar etməli idi, lakin sosializm realizminin də qüdrəti ondadır ki, hər iki yaradıcılığı ehtiva edir. Çünki həmin «ənənəvi» realizm də, həmin «mifoloji-fantastik realizm» də insana ehtiram və məhəbbətlə, gələcəyə inamla nəfəs alır...
     Dyula Çak. Və bu yerdə tənqidin üzərinə böyük məsuliyyət düşür. Tənqid böyük qüvvədir, lakin təəssüf ki, biz bu qüvvədən lazımınca istifadə edə bilmirik. Mən bu sözləri yalnız bir yazıçı kimi demirəm, daha artıq dərəcədə ədəbiyyat təəssübkeşi kimi deyirəm. Bu gün Macarıstanda gedən ədəbi prosesdə tənqid şəxsən mənim arzuladığım və umduğum bir effektlə fəaliyyət göstərə bilmir. Bu gün Macarıstanda yazıçı istədiyini yazır, hökumət onun əsərlərini çap edir, ona qonorar verir, ev verir, mükafat verir, lakin hökumət yazıçıya istedad verə bilmir. Bu yerdə sözü tənqid deməlidir. Tənqid ədəbiyyatı saf-çürük etmək qüdrətinə malik olmalıdır. Amma indi vəziyyət necədir? Baxıb görürsən ki, şerdə uğursuzluğa düçar olan, nəsrdə əsərləri redaksiyalarda rədd edilən birisi tənqidlə məşğul olmağa başlayır... Yaxud yaxşı tənqidçilik qabiliyyəti olan bir başqası bədii yaradıcılığa keçir və ədəbi proses onun simasında tənqidini itirir, amma yazıçını əldə etmir. Uçüncüsü isə ədəbiyyat ilə cəmiyyət arasındakı bağlılıqdan, əlaqədən baş çıxara bilmir. Yazıçının sözü oxucu üçündür. Əsl tənqidçi isə öz sözünü həm oxucuya, həm də yazıçıya deməlidir.
     M ə n . Elədir. Tənqid bir tərəfdən ədəbiyyatı dərk etmək üçün oxucuya köməklik göstərməlidir, digər tərəfdən isə dünyanı dərk etmək üçün yazıçının özünə köməklik göstərmək iqtidarında olmalıdır.
     Dyula Çak. Olmalıdır... Lakin həmişə belə olurmu? Təəssüf ki, yox... Buna görə də bəzən meyar itir, oxucunun zövqü korlaşır, bayağı ədəbiyyatın auditoriyası əsl ədəbiyyatın auditoriyasından qat-qat artıq olur. Y alnız onunla təskinlik tapaq ki, zaman öz işini görəcək, bayağı ədəbiyyat yaşamayacaq, gəldi-gedərdir, əsl ədəbiyyat isə öz qiymətini alacaq - çətin və ağırdır. Tənqid istedada kömək etməlidir.
     M ə n . Lev Ozerovun bir misrası yadıma düşür: «İstedadlara kömək etmək lazımdır, istedadsızlar isə özləri özlərinə yol açacaqlar».
     Dyula Çak. Gözəl və dəqiq deyib. İstedadın qarşısmda duran vəzifə çox çətindir. Elm təbiəti, xarici aləmi dərk və izah edir, ədəbiyyat isə, - söhbət istedaddan gedir! - insanın daxili dünyasını dərk və izah etməlidir. İstedadsızlıq belə bir vəzifədən azaddır və tənqid də bunu göstərməyəndə, istedadsızlıq qol-qanad açır, saxtalıq və bayağılıq bədiiliyi əvəz edir, ən əsası isə, bəzən öz bədii qadirsizliyini problematikanm aktuallığı ilə ört-basdır etmək istəyir.
     M ə n . Dünən mən Karoy Mokun «Uz-üzə» filminə baxdım. Deyirlər ki, bu film bütün Macarıstanda səs salıb.
     Dyula Çak (başını tərpədib təsdiq edir). Hə...
     M ə n . Bu rejissor, əlbəttə, istedadsız deyil, amma...
     Dyula Çak (gülür). Əsas məsələ də bu ammalardadır!
     M ə n . Mok öz filmində əllinci illər macar həyatının ictimai problemləri ilə şəxsi, intim iztirabları, həm də bu iztirabların çılpaq təsviri ilə birləşdirməyə cəhd edib, amma - həmin sizin dediyiniz ammadır! - mənə elə gəldi ki, sırf intim həyatm naturalist təsvirini ört-basdır etmək üçün ictimai problemlərdən bir örtük kimi istifadə edilmişdir. Bu da süniliyə gətirib çıxarıb və bunda təəccüblü bir şey yoxdur. Sənət bicliyi, kəmfürsətliyi sevmir və sənətkar sənətlə «üz-üzə» dayandıqda pak, təmiz olmalıdır. Məhz belə bir təmizlik, əlbəttə, istedadla birlikdə, Mokun nail olmaq istədiyi vəhdəti təbii edə bilər, çünki şəxsi, hətta intim iztirablarla da ictimai problemlər arasında böyük Çin səddi yoxdur, bu məfhumlar bir-biri ilə sıx əlaqədədir.
     Dyula Çak. Xoşbəxtlikdən bizdə bu cür əsərlər də yaranır.
     M ə n . Onlardan birini mən bu günlərdə gördüm. Budapeşt Milli Teatrında İştvan Çurkanın «Olü minalar» pyesi əsasında hazırlanmış tamaşanı nəzərdə tuturam. Vaxtıyla bir-biri ilə düşmən olan iki nəfər - arıq Mor və kök Pal təsadüfən xəstəxananın eyni palatasında yatırlar. Situasiya, olsun ki, bir o qədər də orijinal deyil. Biz iki nəfərin təsadüfən qatarda bir kupeyə düşməsini, sanatoriyada görüşməsini, oteldə qonşu olmasını və s. az oxumamışıq və az görməmişik. Lakin Çurkanın pyesi mənim üçün ona görə maraqlı və orijinal göründü ki, dramaturq tamamilə müxtəlif təbiətli, müxtəlif taleli, bir-birini öldürməyə belə hazır olan bu iki nəfərin şəxsi, intim iztirabları vasitəsiylə çox ciddi ictimai problemlər qaldıra bilmişdir. Quruluşçu rejissor İştvan İqladi də, rəssam Mataş Varqa da, rolların ifaçıları Tamaş Mayor da, Ferens Kallai də pyesin məhz bu xəttini duya və mənalandıra bilmiş, eyni zamanda, həmin xəttin səhnə həllini tapmışlar. Buna görə də burada şəxsi və ictimailiyin arasındakı üzvi vəhdət öz təbii səhnə təcəssümünü tapmışdır. Mayor da, Kallai də...
     Dyula Çak. Gözəl artistlərdir...
     M ə n . Elədir. Hərçənd mənə elə gəldi ki, Kallai bir balaca şarja varır, amma şübhəsiz ki, böyük istedada malik artistdir. Mən onu kinodan da tanıyıram. Lakin başqa şey demək istəyirdim. Hər iki artist yalnız öz qəhrəmanlarını oynamırlar, müasir cəmiyyət üçün tipik təmayülləri təcəssüm etdirirlər. Həm də onların qəhrəmanları millidir. Mən zalda oturub onlara tamaşa edə-edə fikirləşirdim ki, bu adamlar məhz macardırlar və belə bir milliliyin nəticəsində də onların toxunduğu problemlər bəşəri problemlər səviyyəsinə qalxa bilir.
     Dyula Çak. Bu çox ciddi məsələdir. Ədəbiyyatın vətəndaşlığı, onun cəmiyyətdə oynadığı rolun effekti həmin ədəbiyyatın milliliyindən asılıdır. Söhbət yalnız dildən getmir, burada qaranlıq bir şey yoxdur, macar ədəbiyyatı macar dilində yaranır, necə ki, fransız ədəbiyyatı fransız dilində, rus ədəbiyyatı rus dilində yaranır. Lakin məsələ burasındadır ki, sən bir macar yazıçısı kimi macar dilində məhz macar xalqının hansı problemini qaldırırsan, sənin təsvir etdiyin qəhrəman öz psixolojisi etibarilə, həyatının xırda məişət detallarından tutmuş zövqünə, davranışına, dünyagörüşünəcən nə dərəcədə macardır, yəni sənin təmsil etdiyin xalqın tipik nümayəndəsidir? Bir dəfə bu barədə mənim Steynbeklə söhbətim oldu və o mənə dedi ki, onun üçün, deyək ki, macar ədəbiyyatında ən maraqlı cəhət budur ki, həmin ədəbiyyat nə dərəcədə və necə öz doğma macar xalqını ifadə edir. Mən onunla tamamilə şərikəm. «Anna Karenina» əsl rus romanı olduğu üçün macarın da, ingilisin də, yəqin ki, azərbaycanlının da dahi romanıdır. Elə deyilmi?
     M ə n. Elədir, dahi və doğma romandır. Azərbaycanda Tolstoy çox tanınmış, böyük hörmətə və nüfuza malik olan bir qələm sahibidir. Hələ inqilabdan əvvəl Tolstoy Azərbaycan dilinə tərcümə olunurdu, Azərbaycan ədəbi tənqidi onun haqqında yazırdı, Azərbaycan ziyalıları onunla əlaqə saxlayırdı, XIX əsrin sonu XX əsrin əvvəllərində «tolstoyçuluq» Azərbaycan ədəbi prosesinə, ictimai fikrinə sirayət etmişdi. Bu gün Tolstoy yaradıcılığı da demək olar ki, Şekspir yaradıcılığı kimi, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, az qala, milli faktına çevrilmişdir. Nə üçün belədir? Bu sualın cavabında mənim üçün heç bir mübahisəli cəhət yoxdur: ona görə belədir ki, bütün Tolstoy yaradıcılığı ilk səhifəsindən sonuncu səhifəsinə kimi rus dühası ilə nəfəs alır. Tolstoy ona görə bu qədər «azərbaycanlıdır» ki, o, ilk növbədə, öz xalqının böyük yazıçısıdır. Şekspir də bu cür. Nə qədər azərbaycanlıya rast gəlmək mümkündür ki, adı Ofelya, Dezdemona, Hamlet, Otellodur... Hətta mən bir Lir də tanıyıram. Gör əsər valideynləri necə tutub ki, öz doğma oğluna faciəli bir tale sahibinin adını verməkdən çəkinməyib. Nə üçün? Bu doğmalıq, mərhəmlik hardandır? Ona görə də Şekspir, ilk növbədə, ingilis xalqının dahi sənətkarıdır.
     Dyula Çak (başı ilə təsdiq edir). Şekspir hansı mövzuya toxunursa-toxunsun, hansı dövrdən və hansı xalqdan yazırsa-yazsın, əslində, öz qələmi ilə orta əsrlər İngiltərəsini ifadə edirdi. Mən də tamamilə belə bir fikrin tərəfdarıyam ki, ümumbəşəriliyin əsasını millilik təşkil edir. Milliliyin fovqündə bəşərilik yoxdur və ola da bilməz. Hər halda, olsaydı, ədəbiyyatın bu qədər minillik tarixi boyu, heç olmasa, bir böyük yazıçının adını çəkmək olardı ki, baxın, milli deyil, amma bəşəridir... Çox yaxşı ki, bu cür nümunə yoxdur..
     M ə n. Bir dəfə mənə çox yaxın olan bir yazıçı ovqatının hansı məqamıydısa, əlini iş otağındakı kitab rəflərinə tərəf tutub dedi: «- Bir halda ki, dünyada bu qədər böyük yazıçılar var, biz nə üçün yazırıq? Biz, onsuz da, bunlardan yaxşı yaza bilməyəcəyik, insanın xisləti haqqında bunlardan artıq söz də deyə bilməyəcəyik!..». Kitab rəfındə Dostoyevskinin, Balzakın, Dikkensin, Molyerin, Şekspirin... cildləri düzülmüşdü. Doğrusunu deyim ki, əvvəlcə bu sual məni sarsıtdı. Əlbəttə, bu sadə sualdır, hətta məlum məsələdir, amma misal üçün, belə bir analogiya gətirim. Hamımız bilirik ki, öləcəyik, bir gün dünyaya gələn, bir gün də dünyadan köçəcək, amma gecənin yarısı yuxuya gedə bilməyib bu barədə fıkirləşmək, bu köçəriliyi dərk etmək başqa şeydir.
     Dyula Çak. Mən sizi başa düşürəm... Həmin sual da sizə belə təsir etdi.
     M ə n . Bəli. Sonra mən həmin suala belə cavab verdim və indinin özündə də həmin sual yadıma düşəndə o cavabla təskinlik tapıram: hər bir yazıçı qələmi ilə ağ kağızın üzərində yalnız özünü deyil, eyni zamanda, özü ilə birlikdə öz xalqını da ifadə edir. Heç bir başqa yazıçı gəlib o yazıçının əvəzinə o yazıçının xalqının taleyini qələmə almayacaq, onun xalqının tarixinə onun kimi nəzər salmağı bacarmayacaq, onun xalqının gələcəyi barədə onun kimi düşünə bilməyəcək, bunu ancaq o özü etməlidir.
     Dyula Çak. Mən bu fikri bir az da inkişaf etdirmək istəyirəm. Bütün sizin dediklərinizlə bərabər, həmin yazıçı, ilk növbədə, öz xalqının ən adi nümayəndələrinə, birinci, özlərinin özlərini dərk etməyinə, özlərinin özlərini tapmağına, ikincisi isə, cəmiyyətdə öz yerlərini tapmağına kömək etməlidir. Milliliyin fovqündə bəşərilik olmadığı kimi, cəmiyyətin də fovqündə, ümumiyyətlə, ədəbiyyat yoxdur. Hərgah cəmiyyət dənizdirsə, mənim yazdığım bir hekayə, başqasının yazdığı bir şer damladır, lakin məhz həmin dənizin damlasıdır.
     M ə n . Bizdə gözəl bir atalar sözü var.
     Dyula Çak. Nə cürdür?
     M ə n . Dama-dama göl olar.
     Dyula Çak. Sözü xalqdan gözəl kim deyə bilər?
     Divardan asılmış zəngli saatın səsini bu dəfə üçümüz də - Dyula da, Adam da, mən də eşidirdik. Saat 2.30-dur.
     Vaxt nə tez gəlib keçdi?
     Adam əməlli-başlı pörtüb tərləyib. Bizə nə var ki, əsas ağırlıq Adamın üstünə düşüb: dörd saat gah rus dilindən macar dilinə, gah da macar dilindən rus dilinə sinxron tərcümə etmək zarafat deyil. Adama bir az təskinlik vermək istəyirəm:
     -Axı, mən azərbaycanca fıkirləşirəm, danışanda özüm özümü rus dilinə tərcümə edirdim. Odur ki, bu dörd saatda tərcüməçi tək sən deyildin...
     Dyula gülür:
     -Əşi, təki həvəs olsun!... Təki bir-birini anlamağa, bir-birini başa düşməyə həvəs olsun, maraq olsun.
     Mən bu sadə sözlərə heç nə əlavə etmək istəmirəm.
3.

     Həmin gün günəş elə çıxmışdı ki, havada elə bir təravət, ətir var idi ki, elə bil, qışm oğlan çağı, yanvar ayı deyildi, yay idi və həmin gün Balaton sahilinin çılpaq ağacları da daha üşümürdü, hələ oyanmamış budaqlar bir yaz hərarətilə adamın üzünə gülürdü, amma birdən-birə havanm üzü döndü, başımızm üstünü qara buludlar aldı və yağış başladı. Adam təqsirli-təqsirli mənə baxıb öz bəxtindən şikayətləndi.
     -Havada təqsir yoxdu, mənim bəxtim belədi. Səhərdən havanı tərifləyirəm sənə, amma içimdən, elə bil, biri mənə deyirdi ki, az təriflə, sənin bu sözlərindən sonra korlanacaq hava.
     Poçta gedirəm, teleqram vurmağa, görürəm növbə var, yarım saat növbədə dayanıram, amma məndən sonra bir nəfər də gəlmir, elə ki, mən teleqramı vururam, bir də görürsən, bir xoşbəxtin biri gəlib çıxdı, növbəsiz-zadsız işini gördü. Avtobus dayanacağma gəlirəm, görürəm ki, mənə lazım olan avtobus indicə gedib, gərək on beş dəqiqə gözləyim, amma o biriləri gəlib avtobusun üstünə çıxırlar. Gedirəm bazara...
     Bu vaxt adicə bir torağay sevinci Adamın uzun-uzadı şikayətini yarımçıq kəsdi.
     Mən:
     -Ona bax, - qışqırdım, - torağaydı! Torağaya bax!
     Elə də qışqırdım ki, elə bir torağay görmək dünyanın ən böyük möcüzəsiymiş və torağay da, təbii ki, mənim bu məhəbbət dolu həyəcanımdan xəbərsiz idi, qışqırmağımı eşidən kimi, uçub getdi.
     Düzdü, torağay uçub getdi, amma get-gedə seyrəkləyən bu qəfil yağışın yuyub apardığı o yaz hərarətini, duyğusunu elə bil ki, təzədən bizə qaytardı. Qəribə bir əhvalatdı: mən həmişə xarici ölkələrdə olanda və tanış bir quşa, heyvana təsadüf edəndə (bu şərtlə ki, azad, sərbəst olsunlar, qəfəsə salmmış bülbül, yaxud əyninə canaxdan geyindirilmiş boynu zəncirli it yox!), doğma hisslər yaşayıram - bax, bu həmin ala qarğadı, bu da həmin qumru quşudu, mənim doğma torpağımın, Azərbaycanımın quşlarıdı və hərgah bu quşlar buranın, bu xarici ölkənin də doğma quşlarıdırsa, onda biz lap... qohumuq ki.
     Adamla birlikdə səhər tezdən maşınla Budapeştdən çıxıb Balaton sahilinə gəlmişdik və bütün Avropada məşhur olan bu kurort yerlərini gəzirdik.
     Bütün sahil boş idi, elə bil ki, yayın gurhagurundan sonra elə hey dincəlirdi, amma yorğunluğunu alıb qurtara bilmirdi, yağış çılpaq ağacları, səliqə-səhmanla sahil boyu kilometrlərlə uzanan gül kollarını islatmışdı, bir də ki... bir də ki, o uçub gedən torağay...
     Şandor Pyetefinin iki misrası yadıma düşdü:
Oxu, torağay.
Sən oxuyursan ki,
Çiçəklər torpaqdan baş qaldırsınlar..
     Bu sadə misralarda şəffaf bir yaz həsrəti var və həmin şəffaflıq, paklıq, təmizlik bütün Pyetefınin yaradıcılığına xasdır. Bu sadə misralarda bir qədirşünaslıq da var - çiçək qədri, torpaq qədri, torağay qədri.
     Həmin şəffaflıq, paklıq, təmizlik də, həmin qədirşünaslıq da eyni dərəcədə Pyetefınin doğma xalqı üçün xasdır. Əsrin başlanğıcından bu tərəfə Balaton sahilində gözəl bir ənənə yaranıb: bura istirahətə, gəzməyə gələn müxtəlif millətli yazıçılar, mədəniyyət xadimləri, dövlət adamları sahildəki parkda bir ağac əkirlər, macarlar həmin ağacın yanında balaca və yaraşıqlı bir lövhə basdırırlar, illər keçir, dünya dəyişir, o ağaclar böyüyür və onlara ömür vermiş adamların adlarını da özləri ilə birlikdə yaşadırlar.
     Mənim qarşımdakı böyük akasiya ağacını Avropanı gəzən Robindranat Taqor 1926-cı ilin payızında əkmişdi və yağışın islatdığı bu çılpaq akasiya ağacına baxa-baxa mənə elə gəlirdi ki, elə bil, o torağay sevinci bu qollu-budaqlı akasiyaya da təsir edib və bu ağac mənim gözlərimdə pöhrə təbəssümü ilə gülüb, yazın qan qaynmasından xəbər verirdi.
     Taqor Avropanı gəzir və avropalıları mərhəmətə, mehribanlığa çağırırdı, elə bil, Taqor bilirdi ki, yaxın gələcəkdə Avropanı və Avropanın təqsiri nəticəsində bütün dünyanı atəş səsləri lərzəyə gətirəcəkdi. Məktəblər, yetimxanalar, xəstəxanalar əvəzinə konslagerlər tikiləcəkdi, faşizm, az qala, bütün bəşəriyyəti məhv edəcəkdi.
     Hüseyn Cavidin Taqoru nəzərdə tutaraq məşhur eposunun qəhrəmanı Azərin dili ilə dediyi misralar mənim yadıma düşdü:
Şərqin böyük bir şairi...
Aman bilməz
Qərbi hər gün dəvət edər mərhəmətə.
     O vaxt Cavid Berlində idi və «Azər» poemasının «Qərbə səyahət» hissəsini də Berlində yazmışdı.
     İndi mən burada, Balaton sahilində «Şərqin böyük şairi» ilə - Taqorla üzbəüz dayanmışam: macarlar həmin qollu-budaqlı akasiyanın yanında Taqorun kiçik, amma yüksək sənətkarlıqla yaradılmış heykəlini qoyublar və həmin heykəlin gözlərində, dodaqlarının təbəssümündə mərhəmətə çağıran o ürəyin narahat çırpıntısını mən açıq-aşkar hiss edirəm. Macarıstanla Hindistanı min kilometrlərlə məsafə ayırır, amma macarlar Balaton sahilindəki o akasiya ağacında Taqoru yaşadır, o kiçik daş heykəldə Taqorun ürəyi çırpınır.
     Həmin yağışlı qış günü Balaton sahilində kimsə Taqorun büstünün təməl daşına üç dənə qıpqırmızı qərənfıl qoymuşdu və yəqin ki, həmin «kimsə» uzaq Hindistandan gəlməmişdi, adi bir macar idi.
     Macar xalqı qədirbilən xalqdır.
     Mən o qırmızı qərənfılləri xatırladım və Gül baba yadıma düşü.
     Gül baba bütün Budapeştdə müdrikliyin, xeyirin, təbiəti sevməyin timsalıdır və Gül baba macarların gündəlik həyatına, məişətinə milli bir obraz kimi daxil olub: Gül baba bu yerdə belə deyərdi: ... Gül baba belə eləyərdi... Gül babadan utan, gülləri sula... Ağaclar çiçəkləyib, Gül babanın sevinən günləridi...
     Mərkəzi Macarıstan XVI əsrin əvvəllərindən XVII əsrin sonlarına kimi Osmanlı imperiyasının tərkibinə daxil olub və milliyyətcə türk olan Gül baba XVII əsrdə burada yaşayıb, bir xadim, maarifçi və böyük humanist kimi, nəinki yalnız türklərin, macarların da arasında geniş şöhrət və məhəbbət qazanıb.
     Macarlar milli istiqlaliyyətləri uğrunda mübarizə aparıblar, qan töküb, qurbanlar veriblər, lakin eyni zamanda, Gül babanı da sevə biliblər, bu günə qədər Gül babanı xatirələrdə yaşadıblar və bu gün Budanın dağlıq hissəsində Gül babanın məzarına da gül- çiçək qoyurlar.
     Mən Gül babanın qəbrini ziyarət etdikdən sonra Adam dedi:
     -Gedək Əbdülrəhman paşanın qəbrini də sənə göstərim.
     -Mən əvvəllər onu görmüşəm, - dedim. - Amma, əlbəttə, yenə gedək.
     Əbdülrəhman paşa Osmanlı imperiyası zamanı Budanın - Macarıstan paytaxtının sonuncu hakimi olub və 1686-cı ildə həmin şəhəri müdafiə edərkən döyüş zamanı həlak olub.
     Adamla birlikdə Buda qalasına qalxıb, Kral Sarayının həyətindən keçdik və mən yenə də Əbdülrəhman paşanın təmtəraqsız, amma səliqə ilə qorunub saxlanmış məzarının qarşısında dayandım.
     Əbdülrəhman paşanın başdaşında macar və türk dillərində adı, təvəllüd və ölüm tarixi həkk olunub və yazılıb:
Ləyaqətli düşmən idi, rahat uyusun

     Macar xalqı hətta öz düşməninin belə, ləyaqətini qiymətləndirməyi bacarır və düz üç yüz ildir ki, bu təmtəraqsız, amma səliqəli, baxımlı qəbir macar xalqının özünün ləyaqətindən xəbər verir.
     Belə bir ləyaqət hissi macar ədəbiyyatına da xas olan bir cəhətdir və buna görə də xalq öz milli ədəbiyyatını sevir, sənətkarlarının xatirəsini uca tutur. Mən 1977-ci ildə Macarıstana gələndə bütün ölkə Adinin yüz illik yubileyini keçirməyə hazırlaşırdı və Budapeştin küçələrindən tutmuş, əyalət kəndlisinin evinə kimi, hər yer də Adinin şəkli ilə bəzənmişdi, təbii ki, kəndli özü Adinin şəklini alıb gətirib evindən asırdı və belə bir ümumxalq bayramının təbiiliyi Adi poeziyası ilə bir-birini tamamlayırdı, çünki həmin poeziyanın səmimiliyi ilə vəhdət idi.
     Dünyanın çoxmu ölkəsinin pullarında... şairlərin şəkli var?
     Macarıstan pullarında yalnız şairlərin şəklidir: Şandor Pyetefınin, Endre Adinin və Atilla Yojefın.
     Gözəl Rakosi küçəsi ilə addımlayırıq — Adamdı, mənəm, bir də Dyula Çakdı. Adamdan soruşuram:
     -Görəsən, Atilla Yojef bilsəydi ki, bir vaxt pulun üstündə onun şəkli olacaq, nə eləyərdi?
     Təbiəti etibarilə filosof olan Adam bu dəfə emosional cavab verir:
     -Yəqin ki, bir şer yazardı. Elə bir şer yazardı ki, bunu ancaq Atilla yaza bilər...
     Dyula da əlavə edir:
     -Ozü də pulsuz vaxtında...
     Macarlar ciddi xalqdır və bu ciddi xalqda gözəl zarafat duyğusu var. Bir dəfə...
     Yox, daha bəsdir. Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır və mən hələ Macarıstana getməyə imkan tapmayan oxucularıma uğurlu Macarıstan səfəri arzulayıram.
     ... Mənim bir də Macarıstana yolum düşəcəkmi? Dünyanın işlərini nə bilmək olar?.. Amma Budapeşt aeroportunda hiss etdiyim o doğmalıq həmişə mənimlə olacaq.
Aprel, 1983.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (29.08.2014) | Müəllif: R.C E W
Baxış: 673 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more