Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Dünyanın min rəngi
DÜNYANIN MİN RƏNGİ

     Əməkdar incəsənət xadimi, Ümumittifaq Lenin komsomolu mükafatı laureatı Elçin... Hələ verilən fəxri ad da, mükafat da onun çoxşaxəli zəhmətini tam dəqiqliyilə təcəssüm elətdirmir. Çünki onları nasir Elçin qazanıb. Bəs alim-tənqidçi Elçin, kinossenarist Elçinin, nəhayət vətəndaş-şəxsiyyət Elçinin həyatda qazandığı nədir? Bax, bütün bu suallara cavab tapmaq üçün gərək az-çox əziyyətə qatlaşasan: Elçinin respublika və Ümumittifaq nəşriyyatlarında işıq üzü görmüş onlarca kitabını vərəqləyəsən, mətbuatda dərc olunmuş kəskin publisistik yazılarını, yol qeydlərini, səfər təəssüratlarını, tənqidi məqalələrini, tərcümələrini oxuyasan. Ta görkəmli yazıçının 1987-ci ildə «Azəməşr» tərəfindən buraxılmış «Seçilmiş əsərləri»nin iki cildinəcən - bir yol keçəsən. Sonra özünü tanıyasan, həmsöhbət olasan.
     Bu gün «Sovet kəndi» Elçini «Qonaq otağı»na təkcə yazıçı kimi yox, həm də xalqın dərin rəğbətini və məhəbbətini qazanmış ziyalı kimi, «Vətən» Cəmiyyətinin sədri kimi dəvət edib. Çünki doğma yurda ali sevgi daşından-torpağından, kəndindən, kəsəyindən, qəsəbəsindən başlanır. Elə buna görə də Elçinin sorağı gah Azərbaycanın ucqar ünvanlarından gəlir, gah necə deyərlər, «dünyanın qurtaracağından» - müxtəlif qitələrdən - Asiya, Afrika, Avropa ölkələrindən...
     Elçinin nəsrilə ilk tanışlığım neçənci ildən başlayıb, konkret tarix, ünvan yadımda deyil. Bircə o yadımdadı ki, bol-bol rəngin sehrinə, möcüzəsinə düşmüşdüm. İşıq selində belədən-beləyə üzürdüm. İlk dəfə tanış olduğum ədəbi qəhrəmanların sifətlərini bəmbəyaz görkəmdə görürdüm - gecə-gündüz gözlərimin qabağından çəkilmirdilər. Özü də məni çaşdıran, təsiri altına salan adi rənglər deyildi. O vaxtacan görüb əhəmiyyət vermədiyim, duymadığım rənglər idi; gümüşü, narıncı, məxməri, buğdayı, tünd yaşıl, bəmbəyaz, bomboz və s. Və bu rənglər bolluğu üz-üzə gəldiyim adamların talelərinə, ömürlərinə, günlərinə hopmuşdu. Ötən illərin müşahidəsindən və həyat təcrübəsindən sonra başa düşdüm ki, əslində, rənglər vasitədir: yazıçı emosiyasının, hissinin, duyğusunun ifadəçisi, vasitəçisi. Əsas - oxucuya təlqin olunan fikir dünyası, mətləb və məqsəd aydınlığıdır.
     Aylar, illər ötdü. Hisslər, duyğular da boy atdı, böyüdü. Uzun müddət o işıqlı rəngləri ürəyimdə yaşatdım. Yazıçının «Gümüşü furqon», «Açıq pəncərə», «Şuşaya duman gəlib», «Bozluq içində iki nəfər», «On ildən sonra», «Baladadaşın ilk məhəbbəti», «Qış nağılı», «Gümüşü, narıncı, məxməri», «Toyuğun diri qalması» kimi orijinal hekayə və povestləri stolüstü kitabıma çevrildi. Az sonra «Dolça», «Mahmud və Məryəm», «Ağ dəvə» yarandı. İşıq və rəng telləri azalmadı, daha da genişləndi, möhkəmləndi. Bir-birindən maraqlı fərdlər, ziddiyyətli obrazlar, surətlər yaddaşıma əbədi həkk olundu. Xarakterləri kimi adları da rəngbərəng ədəbi qəhrəmanlar - Baladadaş, Əliabbas, Kərim, Ağababa, Mirzə Muxtar, Ələkbər, Qoca, Əminə, Nisə, Cavanşir, Allahverdi, Əbil və s.
     Bəs Elçini bir nasir kimi yaşıdlarından, ədəbi nəsildən fərqləndirən cəhət nədir? Hər şeydən əvvəl, incə lirizm, axar təbii dil, güclü yumor və hər hansı psixoloji vəziyyətdən ustalıqla baş çıxarmaq bacarığı. İstər kiçik hekayə olsun, istər qalın povest, roman, oxucu sonluğun necə nəticələnəcəyini qətiyyən ayırd edə bilmir. Ona görə başladığı əsəri bitdə-bitdə, cümləbə- cümlə oxuyur. Və axırda peşiman olmur, nəsə tapdığına, kəşf elədiyinə sevinir. Heç təsadüfi deyil ki, Azərbaycan tənqidi l'ikrin və ədəbiyyatşünaslığın sütunları - Həmid Araslı, Məmməd Arif, Mehdi Məmmədov, Məmməd Cəfər kimi mötəbər simaları da dönə-dönə Elçinin yaradıcılığına müraciət eləmiş, xeyir-dua verməkdən, irəlicədən xoş söz söyləməkdən çəkinməmişlər. Görkəmli rus tənqidçisi L.Anninski isə ədəbiyyatımıza aid silsilə məqalələrin bir neçəsini məhz Elçinin nəsrinə həsr edib.
     Mənə elə gəlir ki, Elçinin əsərlərində hər obrazın öz xüsusi rəng çaları, rəng boyası var. Ağababa - mərdliyin, Ələkbər - məsumluğun, Məryəm - gözəlliyin, paklığın, Xanım - həssaslığın, Baladadaş - məğrurluğun, Dürdanə, Nisə, Ədilə - ismət və həyanın simvoludur. Əlbəttə, kiçik qəzet məqaləsində özümdən «Amerika kəşf eləmirəm» - yəni irili-xırdalı bu və ya digər obrazların geniş təhlilinə varmaq, onların müxtəlif dünyagörüşlərinin açılmağına cəhd göstərmək - dəryada saman çöpündən yapışmaq kimi şeydir. Məqsədim başqadır. Kənd oxucusunun diqqətini az-çox bu obrazlar silsiləsinə yönəltməkdir. Onsuz da «Talvar»ı, «Dolça»nı, «Ağ dəvə»ni, «Mahmud və Məryəm»i oxuyan hər kəs götürdüyünü götürüb, öyrəndiyini lazımi qədər öyrənib.
     Elçin xalq yaradıcılığı bulağından su içib. Ona görə onun yaradıcılığında bədii dil axar su kimi dumdurudu, şəffafdı. Elə buna görə oxucunu yormur, çəkib dalınca aparır. Əsərləri canlı xalq dilinə yaxın olan yazıçı üslubda, dəst-xətdə fərqlər yaratsa da sonra onunla tamamilə qovuşur, birləşir.
***

     SUAL: Elçin müəllim, əsərlərinizin adlarındakı bu rəng çoxluğunu nə ilə izah eləyə bilərsiniz?
     CAVAB: Bu barədə heç vaxt düşünüb-daşınmamışam. Yəni konkret surətdə fikirləşməmişəm ki, yazdığım hekayə və ya povest üçün ad tapım: bir az dəbdəbəli, bir az yaddaqalan, rəngarəng. Ad şərti şeydi. Yaradıcılıq prosesində hər şey təbii şəkildə baş verməlidi. Yoxsa süni surətdə ayrıca «adqoyma mərasiminə» nə ehtiyac var? Qaldı sizin dediyiniz, rəng bolluğu məsələsi... Mənə elə gəlir ki, rənglər müxtəlifliyi - əslində, xarakterlər müxtəlifliyidir. Xalq arasında belə bir məşhur söz var: beş barmağın beşi də bir-birinə bənzəmir. İnsan taleləri də eləcə. Oxşarlıq ola bilər. Tam şəkildə təkrar mümkün deyil. Mənim üçün işıqlı taleli adamlar var, tünd qara boyalı kəslər var...
     SUAL: «Vətən» Cəmiyyətinin funksiyası, fəaliyyəti, məqsədi hər bir azərbaycanlıya yaxşı məlumdur. Ancaq hərdən bizim kimi kənardan baxana elə gəlir ki, bu Cəmiyyətin özü də bir yaradıcılıq ittifaqıdır, yaradıcılıq birliyidir. Və get-gedə daha çox taleyinizə daxil olmağa başlayır. Bütün bunlara siz necə baxırsınız?
     CAVAB: Əlbəttə, «Vətən» Cəmiyyəti barədə mətbuatda çox yazılıb, çox deyilib. Bütün deyilənləri, yazılanları təzədən təkrar etmək istəmirəm. Aldığım saysız-hesabsız məktublardan görürəm ki, Cəmiyyət haqqında deyilən ən adi kəlmə söz də azərbaycanlı oxucuların nəzər-diqqətindən qaçmayıb. Təkcə mənim üçün yox, bütün işçilərimiz üçün «Vətən» Cəmiyyəti od-ocaqdır. Və elə bilirəm ki, «Vətən» bütün şimallı-cənublu azərbaycanlıların, demək olar, dünyanın bütün qitələrinə səpələnmiş qərib həmvətənlərimizin dopdoğmaca evidir. Hər halda biz çalışırıq, əlimizdən gələni edirik ki, məhz belə olsun. Dünyada ünsiyyətdən, qarşılıqlı etibardan bəhrələnən vətəndaş əlaqəsindən, birlikdən gözəl nə ola bilər? «Vətən» Cəmiyyəti də belə ali mərama xidmət edir...
     SUAL: Siz hələ «Vətən»də işləməzdən əvvəllər bir çox xarici ökələrdə olmusunuz. Həmin ölkələrdə qərib həmvətənlərimizlə qarşılaşmısınız. Üstəlik «Vətən»in xəttilə Azərbaycana təşrif gətirən neçə-neçə qan qardaşlarımızla, bacılarımızla görüşmüsünüz. Onların həyatından bədii əsərmi deyim, sənədil əsərmi deyim, ümumiyyətlə, nəsə yazmağa ehtiyac hiss eləmisinizmi? Heç olmasa, gələcək üçün, necə deyərlər, «ehtiyat mövzunuz» varmı?
     CAVAB: Bilirsiniz ki, əvəllər «imkan daxilində» səfər təəssüratları, publisistik yol qeydləri yazmışam. Türkiyə, Macarstan, Qabrovo, Tunis, Qana səfərləri haqqında. Vaxt isə get- gedə çatışmır. Əlbəttə, fikirlər, arzular çoxdur... Sağlıq olsun!
     SUAL: Səhv eləmiriksə, bədii yaradıcılığınızın ilk dövründə səssiz-küysüz Abşeron kəndlərindən, bağ-bağatlı, əncirli-meynəli həyətlərdən, onların özünəməxsus milli xarakterə malik iddiasız sakinlərindən yazmağı xoşlayırsınız. «Bir görüşün tarixçəsi», «Toyuğun diri qalması», «Dolça» povestlərindən və bir sıra hekayələrdən, xüsusən, Baladadaş haqqındakı hekayələrdən sonra sanki bu mövzularınız birdən-birə arxa plana keçdi. Bu qəfil dəyişməyə səbəb nə idi? Əgər ciddi yaradıcılıq sirri deyilsə, ardıcıl surətdə həm tarixi, həm də müasir mövzulara girişməyiniz - «Mahmud və Məryəm», «Ağ dəvə» kimi iri həcmli monumental romanlar yazıb ortaya çıxarmağınız nə ilə əlaqədardır?
     CAVAB: Mənim uşaqlıq illərim Abşeronla bağlı olub. Buranın bənzərsiz təbiəti, adamları yaddaşımda əbədi həkk olunub. Bunlar, necə deyərlər, «mənim» mövzularımdır... Həmişə də mənimlə olacaq. Lakin dünyaheç də gözəl Abşerondan ibarət deyil... Yalnız onu deyə bilərəm ki, mən heç zaman roman yazmaq xatirinə makina arxasına keçməmişəm. Əslində, yenə illər boyu yığılıb qalan xatirələri, müşahidələri, düşüncələri qələmə almışam. «Ağ dəvə» romanı da belə yarandı, «Mahmud və Məryəm» romanı da. «Mahmud və Məryəm»də, eyni zamanda, məşhur xalq dastanımızın motivlərindən istifadə etmişəm. Bildiyimiz kimi, bu ənənə klassik ədəbiyyatımızda çoxdan mövcuddur. Bircə fakt deyim: «Leyli və Məcnun» mövzusunu yüzlərlə sənətkar qələmə almışdır.
     SUAL: Bir ictimai xadim kimi, yazıçı kimi tez-tez kənd rayonlarımıza yolunuz düşür. Hətta bir neçə il əvvəl Astara rayonunun «fəxri vətəndaşı» olmusunuz. Lənkəranın Port-İliç qəsəbəsindən respublika Ali Sovetinə deputat seçilmisiniz. Şübhəsiz, kəndlərimizin, qəsəbələrimizin sosial-iqtisadi inkişafı, indiki mənzərəsi sizə gün kimi aydındır. Bir ziyalı kimi gələcək Azərbaycan kəndini necə görmək istərdiniz?
     CAVAB: Əlbəttə, özümüz böyük şəhərdə yaşasaq da, mayamız kəndə, torpağa bağlıdır. Qohum-əqrabanın, dost-tanışın çoxu kənddədir. Həm kənddən bizə tez-tez gəlib gedirlər, həm də mən imkan tapdıqca kəndlərimizə gedirəm. Gedirəm, kəndin gözəl ab-havası ilə nəfəs alıram və... çox zaman da pəjmürdə halda geri qayıdıram. Ona görə ki, küll halında Azərbaycan kəndlərində vəziyyət çox ağırdır. Həm maddi mənada, həm də mədəni quruculuq baxımından.
     Bu gün kəndli Bakıya gəlib yağ-pendir, hətta ət, yumurta alıb evinə aparmaq məcburiyyəti qarısındadır. (Hələ Bakının özündəki ərzaq qıtlığını demirəm.)
     Kənd kitabxanaları, klubları çox bərbad vəziyyətdədir.
     Kəndlinin güzəranı ağırdır. Bizim dönə-dönə xatırladıb tənqid etdiyimiz sosial ədalətsizliklə rastlaşdığı zaman kəndli, demək olar ki, köməksizdir, özünü müdafiə edə bilmir, öz haqqını tələb etdikdə böyük çətinliklərə məruz qalır. Biz belə bir vəziyyəti aradan qaldırmaq üçün ilk növbədə bunun səbəblərini özümüz üçün dəqiq araşdırmalıyıq və vəzifəsindən, peşəsindən , yaşından asılı olmayaraq hər birimiz kəndlinin güzəranının yalnız kağız üzərində, arayışlarda, məruzələrdə, (o cümlədən hesabat məruzələrində) yox, nəhayət ki, həqiqətən, yaxşılaşması naminə əlimizdən gələni etməliyik. Dövrlər bir-birini əvəz edir, kəndlinin isə güzəranı yalnız sözdə yaxşılaşır...
     SUAL: Bəs kənd oxucularına sözünüz, arzunuz?
     CAVAB: Özlərinin və öz yaxınlarının haqqını tələb etməkdə daha artıq mübariz olsunlar! Kəndlinin böyük bir müttəfiqi var, onun halal zəhməti! Onun alnının təri, əllərinin qabarı! Kəndli bu böyük müttəfiqə arxalanıb əliəyriliyə qarşı, laqeydliyə qarşı, bürokratiyaya qarşı, təsadüf etdiyi harınlıq və ədalətsizlik hallarına qarşı daha artıq bir şövq və əzmkarlıqla mübarizə aparmalıdır.
***

     ... Eyni yaradıcılıq odu, yaradıcılıq hərarəti Elçinin publisistik yazılarında da özünü qabarıq büruzə verir. Müxtəlif taleli ictimai xadimlərə, elm və mədəniyyət dühalarına - Nəriman Nərimanova, Mirzə Cəlilə, Ömər Faiq Nemanzadəyə, Üzeyir Hacıbəyova, Bülbülə həsr olunan publisistik nümunələr aktuallığı, sanballılığı ilə diqqəti cəlb edir. Xalqın mənəvi dünyasında həmişəlik yaşamaq hüququ qazanmış şəxsiyyətlər barədə söz demək çətindir. Elçin sənət və vətəndaşlıq yanğısı ilə bu çətinliyə sinə gərir. Heç kimi təkrar eləmədən orijinal elmi-publisistik f'ikrini oxucu ilə bölüşür.
     Yazıçı nədən yazır yazsın, hardan başlayır başlasın, fərdi üslubuna, dəst-xəttinə sadiq qalır. Yəni həm yol qeydlərində, həm tənqidi məqalələrində, həm də bədii əsərlərində qətiyyən yad notlar işlətmir, özünə xəyanət eləmir. Mənə elə gəlir ki, yazıçının yaradıcılığında bu sədaqətin özü gözəl bir rəng çalarıdı. Söhbətimizin əvvəlində haqqında bəhs etdiyimiz rəng çaları. Və həssas oxucunu bu rəngin zahiri parıltısı aldatmır, onun dərin məzmunu, hikməti, bir az da məcazi mənası daha çox çəkir...
     ... Qarşımda «Kommunist» qəzetinin 1989-cu il yanvar nömrələri var. Burada Elçinin yeni romanından - «Ölüm hökmü»ndən bir fəsil çap olunub. Deməli, oxucu ilə yeni bir ünsiyyət körpüsünün təməli qoyulub.
     Qəzetlərə bir-bir nəzər salıram. Oxuduğum sətirlərə dönə- dönə qayıdıram. Adlarını ara-sıra orta məktəb dərsliklərindən, kitablardan eşitdiyim, sonra haqqında müfəssəl məlumat topladığım şəxsiyyətlər - Ruhulla Axundov, Hüseyn Rəhmanov, Ayna Sultanova, Məmməd Cuvarlı, Həmid Sultanov, Qəzənfər Musabəyov gözlərimin qabağına gəlir. Və bir daha əmin oluram ki, heç bir qara kabus, heç bir zülmət işığın qabağına sədd çəkə bilməyib. Cismən ölənlər mənən əbədiyyət qazanırlar.
     Yazıçı ilə kiçik müsahibəni xatırlayıram. Yadıma dediyi ifadə düşür: «Tünd qara boyalı kəslər». Deməli Elçin yenə yazı üslubuna sadiqliyini qoruyub. Həmişə həyatda toqquşan iki qüvvəni - qara ilə ağı, xeyirlə şəri qarşı-qarşıya qoyub. Və bu qeyri-bərabər döyüşdə ağın, işığın qələbəsinə heç kəsdə şübhə yeri qalmır. Deməli, zamanın bir ləngər vura-vura irəliləyən ədalət qatarı da var. O qatar dayanacaqların birində dayanır. Ədalətsizliyi, nankorluğu, namərdliyi özü mühakimə edir, «ölüm hökmü» çıxarır, qətlinə fərman verir.
     Görkəmli sənət xadimlərindən biri məşhur qırğız sovet yazıçısı Çingiz Aytmatovun yaradıcılığını yüksək qiymətləndirərək qeyd edir ki, onun gənclik dövrü olmayıb. Çingiz ədəbiyyata yetkin gəlib. Eyni sözləri mübaliğəsiz tanınmış Azərbaycan yazıçısı, respublika Ali Sovetinin deputatı, «Vətən» Cəmiyyətinin sədri Elçin barədə də söyləmək olar. Bu gün onun buna tam mənəvi haqqı var.
Müsahibəni Ağacəfər Həsənli apardı.
1989.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (07.08.2014) | Müəllif: R.C E W
Baxış: 871 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more