Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Dünyanın bəxtəvəri
DÜNYANIN BƏXTƏVƏRI


    Gəl səninlə həmdəm olaq,
    Gəl, dolanaq bağı, bülbül...
    Xalq mahnısından

I


    Sonra o cümə günü səhər tezdən qocaya yenə elə gəldi ki, qəfəsdə cəh-cəh vuran o bülbülün səsini də qəfəsə salıblar və o bülbülün səsi də otağa xırdacıq qəfəslərin içində yayılırdı, bülbül özü qəfəsdə dustaq olduğu kimi, səsi də o xırdacıq qəfəslərin içində dustaq idi və o kiçicik səsli qəfəslər qovuqcuqlar kimi, bütün evin içində yüngülcə uçuşurdu və qoca hərdən diksinirdi, elə bil ki, o xırdacıq qəfəslər də sabun qovuqcuqları kimi, indicə partlayacaqdı, səslər də şüşə kimi sınacaqdı. Qoca qəfəsdəki o bülbülə qulaq asdıqca, bülbülün səsini də eləcə xırda qəfəslərdə təsəvvür etdikcə, nigarançılıqla dolu bu hissləri mizin arxasında əyləşmiş adamlara da söyləmək istəyirdi, amma bir tərəfdən bu adamların kim olduğunu yadına sala bilmirdi, bir tərəfdən də həmin hissləri, həmin görümləri söz ilə ifadə eləyə bilmirdi, bilmirdi ki, hansı sözləri tapıb içindəkiləri danışsın və o məqamlarda qocaya elə gəlirdi ki, həmin hisslər özünün yox, başqa bir adamın hissləridir, başqa bir adamdır görən, duyan ki, bülbülün səsi də xırda-xırda qəfəsciklərə salınıb otaq boyu uçuşur.
    O darısqal otağın bir küncündə, köhnə paltar dolabının üstündəki o sarı bülbül isə həmin cümə günü səhər tezdən elə hey ötürdü və bir əlində çaydan, o biri əlində çaynik, doyunca yata bilmədiyinə görə əsnəyə-əsnəyə və əsnədikcə də gözləri sulana-sulana mətbəxdən gələn gəlin:
    – Buna nolub, ağəz, bu gün belənçinə? – dedi və hələ rəhmətlik ana babasından qalma girdə mizin arasında qızları, oğlu, əri və qayınatası üçün böyük stəkanlarda bir-bir çay tökməyə başladı:
    – Dünya vecinə döyül də!.. – Bunu həmişə dünyadan şikayətli olan əri dedi və get-gedə daha da zəif gördüyü üçün qolunu lap gözlərinin qabağına gətirib hələ məktəbi bitirəndə – Allah bilir, neçə illər bundan əvvəl! – atasının, yəni indi mizin arxasında əyləşmiş bu qocanın hədiyyə aldığı saata baxdı, çayı qabağına çəkdi, stəkanın içinə qənd saldı və qaşıqla qarışdıra-qarışdıra pendir-çörəkdən dişlədi. – Bülbül olmağa nə var e?!
    – Hə, bülbül olasan, amma qəfəsdə olmayasan! – Bunu da qoca dedi və qocanın sözləri o darısqal otaqda o qədər gözlənilməz səsləndi ki, hətta, qızlar da ağızlarındakı quru pendir-çörəyi çeynəmələrinə ara verib mat-mat babalarına baxdı və qocanın özünə də elə gəldi ki, bu gözəl kəlamı kimsə, bir başqası dedi, amma kim dedi? – mizin arxasında tanımadığı bu adamlar idi, bir də özü idi; qoca bir-bir və diqqətlə bu adamlara baxdı.
    O sarı bülbülün xırdacıq qəfəslərə salınmış səsi sabun qovuqcuqları kimi, bütün otaq boyu elə hey uçuşurdu və qoca gözlərini mizin arxasında oturmuş bu adamlardan çəkib yenə bir müddət qəfəsdəki bülbülün qəfəslərə də salınmış səsinə qulaq asdı, sonra soruşdu:
    – Mən bu gün getdim ayaqyoluna?
    Oğlu ağzı yana-yana qaynar çaydan bir qurtum içib alnını qırışdırdı və bu adam tez-tez alnını qırışdırdıqca saçı tamam tökülmüş başının dərisi də yığılıb qırış-qırış olurdu və həmin məqamlarda elə bil ki, onun başı da dünyadan şikayət edirdi; atasına yanpörtü nəzər salıb:
    – Mən nə bilim? – dedi. – Getmək istəyirsən, yenə get də! Uzaqda döyül ki, həyətdədi də!
    – Bilirəm də, yolunu bilmirəm bəyəm? – Qoca bu sözləri deyib, həmişəki kimi, höcətləşməyə hazırlaşdı, amma yadından çıxartdı ki, oranın yolunu bilir, yəni yadından çıxartdı ki, söhbət nədən gedir, sonra yenə o sarı bülbülün xırdacıq qəfəslərə salınmış səsi onu çox uzaqlara aparmaq istəyirdi, özüylə qədim zamanlara çəkirdi, qoca bunu hiss edirdi, amma nə qədər fikrini toplayırdısa da, çalışırdısa da, o uzaqlara, o qədimlərə gedə bilmirdi: o uzaqlarda, o qədimlərdə hansı bir xatirəsə qocanı gözləyirdi, hətta, qoca o xatirənin xoş, mülayim nəfəsini duyurdu, amma vəssalam! – bundan o tərəfə getmək mümkün deyildi; sonra qoca diqqətlə qabağındakı çaya, pendirə, çörəyə baxdı, sonra daha artıq bir diqqətlə mizin arxasındakı o biri adamların qabağındakı çaya, pendirə, çörəyə baxdı ki, görsün hamısı eynidi, yoxsa yox? – Hamısı eyni idi: həmin çörək, həmin pendir, həmin çay – qoca sifətini turşutdu və səsi də həmişəkindən cır səsləndi: – Yenə pendir-çörək? Bu gün pendir-çörək, dünən pendir-çörək, həmişə pendir-çörək!.. Niyə pendirçörək?.. Həmişə pendir-çörək...
    Oğlu yenə qolunu gözünə yaxınlaşdırıb saatına baxa-baxa və isti çayı içib qurtara-qurtara dedi:
    – Sonra da deyirik ki, yaddaşı qalmayıb bunun! Elə yaxşı qalıb ki!.. Gör nə bilir ki, dünən də pendir-çörəyidi, o biri gün də pendir-çörəyidi!..
    Gəlin:
    – Yaxçı!.. – dedi. – Başlama səhər-səhər!..
    O darısqal otaqdakı köhnə girdə mizin (bu miz gəlinin vaxtıyla atası evindən gətirdiyi cehiz idi, əslində isə, bunu anası özüylə cehiz gətirmişdi) arxasında bu ailənin bütün üzvləri, yəni qoca, oğlu, gəlini və oğlu ilə gəlinin övladları: əsgərliyi təzəcə qurtarıb gəlmiş və Tarix Institutunda kuryer işləyən böyük oğlan, texnikumda dərzilik oxuyan böyük qız, yəni ikinci uşaq, altıncı sinifdə oxuyan ortancıl qız əyləşmişdi. Hamı pendir-çörək yeyirdi, heç kim danışmırdı və qocanın dediklərini də – təkcə o gözlənilməz bülbül söhbətindən başqa! – elə bil ki, təkcə oğlu eşidirdi; o köhnə paltar dolabının üstündəki o sarı bülbül də həmin payız günü səhərin gözü açılmamış oxu ki, oxuyurdu.
    Qoca:
    – Yağ da yoxdu!.. – dedi.
    Oğlu yerində qurcalanıb yenə nəsə demək istədi, amma gəlin əli ilə ərinin çiynindən basdı, yəni ki, işin olmasın və sakit çörəyini ye.
    Qoca:
    – Dünən də yağ yox idi!.. – dedi. – Yağ vermirsiz mənə!..
    Bu dəfə gəlin cavab verdi, gülümsəyib:
    – A-a-a... – dedi. – Kimə yağ verirəm ki, sənə vermirəm?..
    Qoca isə, gəlinin sözlərinin fərqinə varmadan qüssə ilə qarşısındakı pendirə, çörəyə baxa-baxa təkrar etdi:
    – Yağ da yoxdu!..
    – Yağımız qurtarıb də... – Gəlin, elə bil bağça, müəlliməsi idi, uşağı başa salırdı; sonra ürəkdolusu əsnədi və gözlərindən iki gilə yaş süzülüb üzüylə axdı. – Talonu da vermir upravdom hələ, deyir ki, gəlməyib. Bəs, nə vaxt gələcək? Üç gündən sonra ay qurtarır?.. Fırıldaqdı hamısı! Altdan satırlar talonnarı rayonlulara. Rayonda, deyir, yağın kilosu əldə on beş manatdı! – Yenə ürəkdolusu əsnəmək istədi, amma axıracan əsnəyə bilmədi, gözü oğluna sataşdı, əsnəməyi hələ də yaraşığını itirməmiş balaca burnunda ilişib qaldı. – Bircə bunun işi düzəlsəydi!.. Qoca yağ söhbətini ortaya atmışdı, amma daha gəlinin dediklərinə fikir vermirdi, diqqətlə öz əyninə baxırdı: hələ otuz il bundan əvvəl nəşriyyatda kassaçı işlədiyi vaxt (indi tamam yadından çıxartdığı o zamanlar) özünə aldığı boz kostyum (bu boz kostyum o qədər köhnə və eyni zamanda o qədər səliqəliydi ki, elə bil, muzey eksponatı idi!). Elə həmin qədim vaxtlardan – əllinci illərdən qalma miləmil köynək, enli qəhvəyi qalstuk; qoca hər gün səhər yerindən qalxanda boz kostyumu geyirdi, miləmil köynəyin üstündən enli, qəhvəyi qalstukunu taxırdı, elə bil ki, o keçmiş vaxtlardakı kimi, işə gedəcəkdi və hər gün də heç hara getmədiyi, təkcə evdə, ya da ki, həyət qapılarının ağzındakı taxta skamyada hərəkətsiz oturduğu üçün, boz kostyum didilib-sökülmürdü, ayda, iki ayda bir dəfə də, gecə qoca yatandan sonra gəlinin ütüsündən, şotkasından keçirdi.
    O payız səhəri qoca diqqətlə öz əyninə baxa-baxa əlini pencəyinin yaxasında gəzdirdi, iki əlini də şalvarın üstündən bir dəri, bir sümük olan dizlərinə sürtdü, elə bil, öz-özünü yoxlayırdı və soruşdu:
    – Mən kiməm?
    Oğlu qocaya baxdı və birdən-birə qızardı, ərinin beləcə qızarmağı, əlbəttə, gəlinin gözündən yayınmadı, arvad ürək ağrısı ilə fikirləşdi ki, əri hələ də qocanın belə bir vəziyyəti ilə barışa bilmir, kişinin xəcalətini çəkir.
    Qoca bu dəfə də diqqətlə oğluna baxdı:
    – Bəs... sən kimsən?
    – Mən itəm! Pişiyəm! Əbləhin biriyəm! Heç bilirəm ki, kiməm? – Əlindəki boş stəkanı hirslə nəlbəkinin üstünə qoyub ayağa qalxdı, balaca arakəsməyə çıxıb köhnə paltosunu, papağını asılqandan götürdü, əyninə geyməyib, elə-eləcə evdən çıxdı, həyətdəki zibil yeşiyinin yanından ötüb birbaş işə yollandı: iyirmi il idi ki, Statistika Idarəsində təsərrüfat müdiri işləyirdi (işçisi də ancaq özündən ibarət idi).
    Gəlin:
    – Fağır, o saat özündən çıxır!.. – dedi. – Neynəsin e? Mən qaragünün də əlindən bir iş gəlsəydi, bu bədbəxt oğluna kömək eləyərdim də, maaş alardım... Məni bazara qoymur, özü gedir. Bilirsən nöşün? – Gəlin bu sözləri qocaya baxa-baxa deyirdi və qoca da gözlərini bu qadına dikmişdi, nə dediyinin fərqinə varmırdı, təkcə elə onu fikirləşirdi ki, görəsən, bu arvad kimdi belə bu qədər danışır? – Elə bilir ki, mən başa düşmürəm!.. Eşşəyəm bəyəm mən ki, ya, başa düşməyim? Nöş başa düşmürəm? Ona görə özü gedir ki, bazarda şey-şüyü ucuz almaqçün qəpiy davası əliyir. Başa düşdün?.. – Gəlin bu sualı da qayınatasına baxa-baxa verdi, elə bil ki, qoca doğrudan da, nəsə başa düşməliymiş; sonra özü başa saldı: – Qeyrətinə sığışdırmır ki, mən gedim ucuz şey axtarım bazarda?.. Istəmir ki, arvadı başqalarının arvadından əskik olsun, qəpiy davası ələsin!.. Bununçun da özü gedir bazara... Ona deyən lazımdı ki, ay bədbəxt oğlu bədbəxt, mən nəyəm begəm? Böyük zibil-zadam? Bude, camaat necə, – əli ilə pəncərədən həyəti göstərdi – mən də eləyçinə də!.. Ancaq deyə bilmirəm də ona... Necə deyim? Ürəyini sındırmaq istəmirəm də... – Sonra oğluna baxdı. – Ancaq sən zirəng ol bir az!
    Cavan oğlan, onsuz da, yekə burnunu – burunda babasına, yəni indi gəlinə baxabaxa bu arvadın kim olduğu barədə fikirləşən və uzun – uzadı danışmağından təngə gələn qocaya çəkmişdi – az qaldı əlindəki stəkanın lap içinə soxsun:
    – Mən neyniyim e?.. – donquldandı.
    Gəlin oğlunu yamsıladı:
    – «Neyniyim?».. Əfəl olma də!..
    Məsələ burasında idi ki, əsgərlikdən təzə qayıdıb Tarix Institutunda kuryer işləyən bu oğlanın təzə işə keçmək məsələsi bu gün həll olunmalı idi – anası istəyirdi ki, daha doğrusu, var gücüylə çalışırdı ki, oğlu milisioner olsun, amma adi milisioner yox, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin binasında qapıda dayanan milisioner; belə bir yer olduğunu və ora indi cavan adam axtardıqlarını bu həyətdə yaşayan milisioner Əliabbas demişdi, daha doğrusu, bunu milisioner Əliabbas arvadı Firuzəyə demişdi, Firuzə də düz beş gün bundan əvvəl həyətdəki krantda qab-qacaq yuyanda bunu arvadlara demişdi: « – Ude, milsəner yeri boşdu sekada, adam axtarırlar ora! Sekanın dükanı var, bufetində də nə qədər istəyirsən sveji ət var, ağəz, apelsin də var e, orda həmişə öz qiymətinə, kilosu iki manata!... Ətağanın cəddiyçün, Əliabbas qərdeşüvüz diyir ki, yağ da olur orda, talonsuz-zadsız!.. O biri milsənerlər səhərdən-axşamacan küçələrdədi, fağırlar, ancaq sekadakı milsəner həmişə isti yerdə oturur, içəridə, qapının yanında, dakumentlərə baxır ki, hə, sən gir içəri, sən də, sənə olmaz, girə bilməzsən, vəssalam! Ancaq nə istəyir, gedir bufetdən alır, arvad-uşağı da bey balası kimi yaşayır!.. Özü də girib orda bufetdə abed əliyir!.. Bələdi də, haqq yoxdu də bu zaraza dünyada!.. Əliabbası kimdi ora götürən? Hay-hayı gedib, vay-vayı qalıb!.. Pensiyəyə çıxır də, fağır gələn il... Kimdi onu ora götürən?.. Əliabbas qərdeşivüz deyir ki, ora elə-belə heç kimi götürməzlər! Ya gərək adamun olsun, tapşursun səni, ya da ki...» Bu sözləri düz beş gün bundan əvvəl Firuzədən eşitmişdi və bu sözlər düz beş gün idi ki, gəlinə rahatlıq vermirdi, beyninə elə girmişdi ki, çıxarmaq mümkün deyildi (çıxarmaq istəmirdi də!) və bu beş gündə evdə səhər-axşam bu məsələdən danışırdı, oğlunu həmin yerə düzəltməkdən ötrü tədbir tökürdü və hər dəfə də ərinə, oğluna, qızlarına deyirdi: « – Heç kimə demüyün ha!...» Təkcə qayınatasına xəbərdarlıq eləmirdi, çünki bilirdi ki, qoca elə sklerozdu ki, altı-yeddi ildi, onsuz da, heç nə başa düşmür, heç nə yadında qalmır və heç kimi də tanımır. Gəlin əvvəlcə oğlunu yanına salıb apardı Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təzə böyük binasının qabağına, əlləşdi, vuruşdu, soraqlaşıb öyrəndi ki, hansı qapıdan hara getmək lazımdı, bu işlərə kim baxır, özü qaldı küçədə, oğlunu göndərdi içəri (məktəbi qurtarmağı haqqındakı kamal attestatı, əsgərlikdə aldığı tərifnamə və sairə sənədlərlə birlikdə) və bir az keçəndən sonra oğlu suyu süzüləsüzülə geri qayıtdı ki, düzəlmədi, məni heç kimin yanına buraxmadılar, dedilər get ayrı yerdə özünə iş axtar. Səhərisi gün yenə qayınatasını evdə tək qoydu – qocanı evdə tək qoyanda da həmişə nigarançılıqdan ürək-göbəyini yeyirdi ki, birdən suyu açar, bağlamaz, ya qazı açıb bağlamaz, ya özü yıxılar-eləyər, qalxa bilməz – yenə oğlunu yanına salıb (işdə də elə bilirdilər ki, institutun kuryeri məktubları ünvanlara çatdırır, avtobusda, trolleybusda ləngiyir) getdi Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin binasına, amma bu dəfə o kamal şəhadətnaməsini də, o mayor Ivanovun imzaladığı tərifnaməni də, qalan sənədləri də özü ilə götürdü, oğlu küçədə dayanıb gözlədi, özü içəri girdi və yenə də heç nə çıxmadı, onu da rəisin yanına buraxmadılar: « – Ay bacı, get oğluna başqa yerdə iş axtar, burda iş yoxdur! Bura sekadı e, seka!...». Həmin gün də oğlu dayanacaqlarda işlənmiş avtobus, trolleybus, tramvay biletləri yığıb işə apardı, bu qədər şəhəri dolaşmışam, ona görə də ləngimişəm (həmişəki kimi, o biletlərin pulunu da kassadan götürüb gedib özünə siqaret aldı), gəlin də kor-peşman evinə qayıtdı, başa düşdü ki, elə çətin bir məsələyə girişib ki, onun xörəyi deyil, amma milisioner Əliabbasın arvadı Firuzənin dediyi o sözlər başından çıxmırdı ki, çıxmırdı. Səhəri gün istədi ki, indi də ərini göndərsin oğluyla, amma göndərmədi, çünki getməyinə gedəcəkdi, sonra da dava salacaqdı, dünyanı da, hökuməti də, partiyanı da söyəcəkdi və oğlunun orada işə düzəlmək məsələsi birdəfəlik batacaqdı. Odur ki, səhərdən-axşamacan tək başına şorqoğalı bişirdi (axırıncı yağ da elə o şorqoğalına getdi!), qapını, pəncərələri də bağladı ki, iyi qonşulara getməsin, fikirləşməsinlər ki, görəsən, bu şorqoğalını niyə bişirir belə, çünki bu həyətdə şorqoğalı ildə bir dəfə, o da Novruz bayramında bişirilirdi. Dünən əriylə oğlu işə, qızlar məktəbə gedəndən sonra, ildə-ayda bir dəfə dolabdan çıxartdığı qırmızı donu əyninə geydi (həmin qırmızı donu ya yayda çox yox, bircə dəfə əriylə, uşaqlarıyla bərabər məhəllədən üç tin aşağıdakı «Qırmızı Oktyabr» yay kinoteatrında filmə baxmağa gedəndə geyərdi və axşam yığışıb beləcə kinoya getməkləri bu adamlar üçün, elə bil ki, Novruz bayramına bənzər bir şey idi və illah da, hind filmləri olanda ki, gəlin qızlara qoşulub ağlayırdı, əri ürəyində kövrəlirdi, o zaman o göz yaşlarında da, o kövrəlmədə də əslində bir bayram ovqatı olurdu; ya da həmin qırmızı donu məhəllədə kiminsə böyük, kiminsə kiçik toyu olanda əyninə geyib arvad məclisinə gedirdi), qocanı evdə tək qoydu və birbaşa Firuzəgilə yollandı. Bu Firuzə milisioner Əliabbasın arvadı Firuzə deyildi, uşaqlıqda bir yerdə oxuduqları, it əyyamında məktəbi bir yerdə qurtardıqları Firuzə idi. Həmin Firuzə məktəbi bitirəndən sonra, öz məhəllələrində kirayənişin yaşayan kasıb bir tələbəyə ərə getmişdi və həmin Firuzənin bəxti elə gətirmişdi ki, bütün tanış-bilişlərin arasında o cürə bəxti gətirən ikinci arvad yox idi: əri, yəni o kasıb tələbə böyük adam olmuşdu, nazir müavini idi (arvadlar məhəllədəki Sarı hamamda çiməndə və o Firuzədən söz düşəndə, o Firuzəni tanıyan arvadlar deyirdi: « – O bəxtəvərin qızı yağlı yerdədi!..), idarədə qara «Volqa»sı var idi və o qara «Volqa» da, o sürücü də səhərdən axşamacan Firuzənin ixtiyarında idi, milisioner Əliabbasın arvadı Firuzənin yox, bu Firuzənin, yazığın belə şeylər heç yatsaydı yuxusuna da girməzdi... Firuzə qapını açıb onu görəndə sidq-ürəkdən sevindi və Firuzənin eləcə sidq-ürəkdən sevinməyi, elə bil ki, gəlinin ürəyindəki o nigarançılığı azaltdı, fikrini bir az dağıtdı və ürək-göbəyini də yeyib qurtarmadı ki, görəsən, indi qoca evdə neyləyir, yıxılıb, ya nəyi salıb sındırıb, ya təkbaşına baş alıb harasa gedib – bütün bunların hamısı olmuşdu və Allaha şükür ki, hamısının da axırı yaxşı qurtarmışdı. Dünən Firuzənin məktəb rəfiqəsini qapıda görüb o cürə cani-dildən sevinməyi, payız vaxtı Firuzənin səkkizinci mərtəbədəki o üçotaqlı evinin içinə dolmuş o gün işığı, otaqların o genişliyi, təmizliyi, səliqə-sahmanı, elə bil ki, bu həyəti də, bu həyətdəki ümumi böyük kranı da, ümumi ayaqyolunu da gəlinin içindən qovub çox uzaqlara qaçırtdı, hətta, evdə tək qalmış qocanı da uzaqlara aparıb bir müddət görünməz etdi və Firuzənin eləcə sevinməyi gəlinin də ürəyinə bir sevinc gətirdi, bir azadlıq gətirdi və çoxdan idi ki, gəlin ürəyində belə bir sevinc, belə bir azadlıq hiss etməmişdi. Azı on il olardı ki, Firuzəni görmürdü, amma Firuzə heç dəyişməmişdi, yəni ki, heç qocalmamışdı, əksinə, daha da cavanlaşmışdı, daha da gözəlləşmişdi, sinəsi, qolları pulu təmizlənmiş balıq kimi hamar və sürüşkən idi, tük boyda qırışı da yox idi. Firuzənin uşağı olmurdu, bir əriydi, bir də özü və o hərdənbir, o vaxtlar ki, gəlin öz evində oturub düyü arıtdayırdı, ya kartof soyurdu, Firuzə birdən-birə gəlib yadına düşürdü, fikirləşirdi ki, görəsən, əri, o nazir müavini nə əcəb Firuzəni boşayıb, başqa bir arvadla evlənmir ki, uşağı olsun, amma dünən səkkizinci mərtəbədəki o işıqlı otaqda oturub o gülərüz Firuzə ilə söhbət etdikcə, dolu sinəsinə, qollarına, armud kimi yaraşıqlı qıçlarına baxdıqca fikirləşirdi ki, o keçmiş kasıb və kimsəsiz tələbə bu cür canı qoyub hara gedir, nazir müavini olmur, kim olur-olsun, bu cürə işığı, bu cürə gözəl istirahəti, Allahın hər verən günü evindəki bu cürə bayramı hardan tapacaq? Ədbəttə, Firuzə başa düşürdü ki, məktəb rəfiqəsi əgər on ildən sonra qapısını döyübsə, nə isə bir iş üçün gəlib, amma macal vermirdi, çay dəmləyədəmləyə, sonra çayla o gözəl şorqoğalından yeyə-yeyə elə hey ordan-burdan danışırdı, məktəb illərindən, ölüb getmiş müəllimlərindən, yaddan çıxmış sinif yoldaşlarından, gəlin üçün elə bil ki, uzun illərin keçilməz beton hasarından o tayda qalmış və izləri-soraqları kəsilmiş xatirələrdən danışırdı, məktəbdə bir yerdə oxuduqları və gəlinin uzun-uzun illərdən bəri xatırlamadığı (xatırlamağa imkanı olmadığı) cavan, yaraşıqlı, sağlam oğlanların baxışları, təbəssümləri həmin illərin buzunu qırıb səkkizinci mərtəbədəki o mənzilə hərarət gətirirdi və bütün bunlar çox gözəl idi, amma vaxt gedirdi, qoca evdə tək idi, bir azdan qızlar məktəbdən qayıdacaqdı, sonra əri işdən gələcəkdi, gəlin isə, yeməyə bir şey hazırlamamışdı. Firuzə elə hey danışırdı, görünür, əri işdə olanda həmişə evdə tək qaldığı üçün qurtarmaq bilmirdi və gəlin, nəhayət ki, yağış kimi, amma gözəl, mülayim, xoş bir yağış kimi (əlçatmaz, ünyetməz bir uzaqlıqda qalmış gənclik illərinin həzin – amma işıqlı! – hisslərini adamın bütün varlığına yayan gözəl, mülayim, xoş bir yağış kimi) Firuzənin yaraşıqlı dodaqlarından yağan sözlərin arasından imkan tapıb gəlişinin səbəbini dedi və Firuzə də o saat telefonla əri ilə danışdı, özü də elə danışdı ki, heç bir şəkk yeri qalmadı: o hörmətli kişinin (o keçmiş kasıb və kimsəsiz tələbənin) imkanında nə varıydısa eləyəcəkdi ki, Firuzənin məktəb rəfiqəsinin işi düzəlsin; sonra belə danışdılar ki, axşam əri işdən gələndən sonra (yəni nazir müavini işdən gələndən sonra), gəlin Firuzəgilə telefon eləsin və cavabını öyrənsin. Axşam evlərindən üç tin aşağıda, «Qırmızı Oktyabr» yay kinoteatrının yanındakı telefonavtomatdan Firuzəgilə zəng elədi və Firuzə xüsusi həvəslə dedi ki, sabah, yəni bu səhər saat onda uşaq getsin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin binasına, kişinin adını verib girsin rəisin yanına, sonra sabah axşam, yəni bu gün axşam yenə zəng eləyib cavabını onlara desin.
    Gəlin oğlunu təkrar yamsıladı:
    – «Neyniyim?..» Necə neyniyim? Diribaş ol də, göstər dokumentlərini! O boyda kişi ağız açıb!.. Zamministr!.. Düzəldəceylər! Onnarın da ona işi düşür də!.. Kanalizasiya da ona baxır, deyirlər, tramvaylar da, hər şey! Utanıb boynunu bükmə e, diribaş ol!..
    Qızlar pendir-çörəklərini yeyib qurtarıb, çaylarını içib məktəbə getdilər. Oğlan da durub Tarix Institutuna getdi ki, tapşırıqlarını alsın, məktublarını götürsün, sonra da özünü saat on üçün çatdırsın Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin binasına. Anası o payız səhəri oğlunu evdən yola salanda gecə yorğandöşəkdə öz-özünə pıçıldayıb əhd elədiyi nəziri bir daha ürəyində söylədi: əgər bu iş baş tutsa, yaxşı un tapacaq, yağ tapacaq, halva çalacaq, özü elektrik qatarına minib, Mərdəkana gedib o halvanı Ətağanın qəbrinin üstündə kasıb-kusuba paylayacaq və əlavə də üç manat pul verəcək.
    Gəlin mizin üstündəki stəkan-nəlbəkiləri yığışdıra-yığışdıra həmişəki kimi üzünü qocaya tutub (günün çox vaxtını ikisi evdə tək qaldıqları üçün, adət eləmişdi, bütün sözlərini qocaya deyirdi, əslində isə, özü özüylə danışırdı) dedi:
    – Düzələcək e, Allah qoysa, düzələcək!.. Nöş düzəlmir? Gül kimi oğlandı! Əsgərlikdən xarakteristi də əntiqədi, özü də azərbaycannı qol çekməyib ki, desinlər ki, bu heç, özümüzünküdü, rus qol çəkib, Ivanov mayor! O boyda kişi də ağız açıb, o boyda ministerliydi, bir nəfər özünnən böyüyüdü, vəssalam! Kanalizasiya da ona baxır!..
    Qoca pendir-çörəyini yeyib, çayını içmişdi və indi də yerində oturub diqqətlə bu arvada baxırdı və bu arvadın dediyi bu çoxlu sözləri bu qulağından alıb, o biri qulağından buraxırdı, təkcə o «kanalizasiya» sözü bir an ilişib beynində qaldı və qoca yenə soruşdu:
    – Ayaqyoluna getmişəm mən?
    Gəlin nəm əsgi ilə o girdə mizin üsündəki qəhvəyi klyonkanı silə-silə:
    – Getmisən e, getmisən... Rahat olginən!.. – dedi. – Bayaq özüm yola saldım səni ora da, day oğlunun yanında demədim, əyibdi... Ancaq gecə mənim yadımdan çıxmasın, yaduva salım sənin, gedəsən ayaqyoluna. Getmirsən, sonra gecə yaş əliyirsən yerivi. Oğlun da hirsdənir. Bilirsən nöş hirsdənir? Sən onnan inciməginən!.. Mənə görə hirsdənir e! Utanır mənnən... Deginə ki, mənim neyimdən utanırsan, ay bədbəxt oğlu, bədbəxt? Hə?..
    O köhnə dolabın üstündəki sarı bülbül isə yenə də hərdən ötürdü və sarı bülbül ötdükcə də xırda qəfəsciklərə salınmış səsi güclə sezilən şəffaf sabun qovuqcuqları kimi otaq boyu uçuşurdu.

II


    Qoca hər gün olduğu kimi, həmin cümə günü də səhər yeməyindən sonra, köhnə qara paltosunu geyib, köhnə boz şlyapasını başına qoyub, həyətə çıxıb qapılarının ağzındakı taxta skamyada oturmuşdu və neçə illərdən bəri idi ki, beləcə günorta vaxtları o qədim tut ağacı, daşdan hörülmüş küncdəki o ayaqyolu, o böyük krant kimi, küçə qapısı tərəfdə yan-yana düzülmüş dəmir zibil yeşikləri kimi, qoca da bu balaca həyətin daimi hissəsiydi. Taxta skamyanı qoca üçün xüsusi olaraq milisioner Əliabbas öz əliylə düzəltmişdi və düzdü, milisioner Əliabbasın qocanın oğlunu görməyə gözü yox idi (və məhəllədə bunu hamı yaxşı bilirdi), çünki ətiacının biri idi, heç nəyin üstündə adamla dava eləyirdi, amma bu skamyanı qoca üçün həvəslə düzəltmişdi və bunu bu dilsiz-ağızsız və tamam köməksiz Allah bəndəsi üçün savab bir iş hesab edirdi. Qoca hər gün günorta burada oturub həyətə açılan pəncərələrə, qapılara, həyətin ortasındakı tut ağacına, o zibil yeşiklərinə maraqla tamaşa edirdi, elə bil ki, bu pəncərələri, qapıları, asfalt döşənmiş bu həyəti birinci dəfə görürdü və qocanın, əlbəttə, heç ağlına da gəlmirdi ki, əslində bu həyət onun özünün dədə-baba həyətidi, atası da bu həyətdə anadan olub, özü də bu həyətdə anadan olub və oğlu, nəvələri də ömürləri boyu Bakının dağlıq məhəlləsindəki bu həyətdə boya-başa gəlib, qızları da bu həyətdə böyüyüb və hərəsi bir tərəfə ərə gedib, indi öz ailələri ilə məşğuldular, qocanın isə, bütün əzab-əziyyətini gəlinin üstünə atıblar. Evdəki o sarı bülbül çoxdan susmuşdu, amma hələ də qocaya elə gəlirdi ki, güclə gözə görünən qəfəsciklərə salınmış o bülbül səsi ətrafında uçuşur və qoca, düzdü, daha o səsləri eşitmirdi, amma o səslər o kiçik qəfəsciklərin içində, az qala, gəlib qocanın sifətinə toxunurdu, burnunun ucuna, dodaqlarına, barmaqlarının üstünə qonurdu və qoca o yüngül, o xəfif toxunmaları, təmasları hiss edirdi. Tutun sapsarı saralıb asfaltın üstünə tökülmüş yarpaqlarında da bu dəm eləcə bir yüngüllük var idi və qapılarının ağzındakı skamyada oturub indi də gözlərini o xəzələ dikmiş qoca birdən-birə istədi ki, ayağa qalxsın, gedib əli ilə o sarı yarpaqları qarışdırsın, o sarı yarpaqları qaldırıb atsın, o sarı yarpaqlar da ətrafda uçuşsun, amma elə ayağa qalxmağa hazırlaşırdı ki, nə istədiyi yadından çıxdı və skamyanın üstündə yerini rahatlayıb milisioner Əliabbasgilin şüşəbəndinə tərəf baxdı. Həyətdə bir-birinə bitişik birmərtəbəli binalarda dörd-beş ailə yaşayırdı və o ailələr dədə-babalıqca həmişə bu həyətdə yaşamışdılar, uşaqlardan kimlərsə böyüyüb ailə qurub başqa evlərə köçmüşdülər, ya da Bakıdan və ümumiyyətlə, Azərbaycandan çıxıb iş dalınca Rusiyanın uzaq şəhərlərinə gedib oralarda da ilişib qalmışdılar, amma ərə gedən o qızlar, evlənən o oğlanlar ki, Bakının mikrorayonlarında, başqa kənar-bucağında yaşayırdılar, bayramlarda, bəzən də adi bazar günlərində bu həyətə gəlirdilər, uşaqlarını bura gətirirdilər, təkcə bu həyətin yox, ümumiyyətlə, məhəllənin xeyrində, şərində imkanları daxilində iştirak edirdilər və qoca da bu skamyada oturanda salamlaşıb, hal-əhval tutub qabağından keçirdilər və o zamanlar ki, bu yeni nəsil hay-küylə küçə qapısını açıb həyətə girirdi, qoca onların salamını alırdı, amma heç birini tanımırdı, fikirləşirdi ki, görəsən, bura haradır və bu adamlar bura niyə gəlib-gedirlər, amma lap soyuq qış günlərində də bu adamların gülərüz salam vermələri, hal-əhval tutmaları qocanın xoşuna gəlirdi və canına bir hərarət gətirirdi. Milisioner Əliabbasgilin şüşəbəndlərinin pəncərəsindən görünürdü ki, orda kök bir arvad ikigözlü qaz plitəsinin üstündəki iri mis tavada nəsə qızardırdı və əlbəttə, qoca daha bilmirdi ki, o kök arvadın adı Firuzədi, milisioner Əliabbasın arvadıdı, bilmirdi ki, Firuzənin çoxdan rəhmətə getmiş atası ilə, bax, bu həyətdə, bu tut ağacının altında çox nərd oynayıb, çox söhbət eləyib və düz otuz il bundan əvvəl Firuzənin toyunda o kişiylə birlikdə yaxşıca araq içib, bilmirdi ki, milisioner Əliabbas da cavan yaşlarından gəlib arvadıgildə, şüşəbəndi görünən o evdə yaşayıb, indi də yeddi uşaq atasıdı və yeddi uşağın qarnını doyuzdurmaqdan ötrü dəridən-qabıqdan çıxır, hərdən xəlvətə salıb üç manat, beş manat rüşvət alır; qoca bütün bunları bilmirdi, bütün bunlar da dünyanın başqa işləri kimi yaddan çıxıb getmişdi, amma şüşəbəndin pəncərəsindən görünən o arvadın açıq və kök qolları o payız günü qocanı yenə də harasa uzaq bir aləmə çəkib aparmaq istəyirdi, qoca o çılpaq qollara baxa-baxa özündə bir həvəs hiss edirdi, o uzaq aləmə getmək istəyirdi, çünki hiss edirdi ki, o uzaqlıqda nəsə elə bir hərarət asfaltın üstünə tökülmüş bu sarı yarpaqlarda, həyətə baxan pəncərə çərçivələrinin, qapıların solmuş göy, yaşıl, qəhvəyi rənglərində, divarların qabığı soyulan əhəngində yoxdu. Qoca beyninə güc eləyirdi, sümüklərini qızdırmaq üçün fikrində o uzaqlara getmək istəyirdi, amma yorulurdu və gözlərini milisioner Əliabbasgilin şüşəbəndindən çəkirdi, yenə tamam yeni bir maraqla qollubudaqlı tut ağacına baxırdı. Hərdən sərçələr cikkildəyə-cikkildəyə gəlib həyətdəki bu tut ağacının çılpaq budaqlarına qonurdu və qoca o sərçələrə baxırdı, sərçələrin cikkiltisinə qulaq asırdı və o sərçə cikkiltiləri tamam azad idi, kiçik qəfəsciklərə salınmamışdı, kiçik qəfəscikdəki dustaq səs sarı bülbülün səsi idi, amma daha eşidilmirdi, düzdü, o qəfəsciklər hələ də həyətdə uçuşurdu, amma eşidilən sərçə cikkiltisi idi və o cikkilti tamam azad idi. Qoca özü bütün bu hisslərini axıracan dərk edə bilmirdi, beynində söz tapıb bu hissləri özünə aydın edə bilmirdi və yorulub təzədən milisioner Əliabbasgilin şüşəbəndinə baxırdı və o qadının şüşəbənddəki qazın üstündə nə qızartdığını görmürdü, təkcə şüşəbənddən gələn xörək iyi hərdən burnuna dəyirdi, amma o xörək iyi qocanın iştahını çəkmirdi; düzdü, bu, pendirçörək qoxusu deyildi – pendir-çörək də, qoxusu da pis bir şey kimi qocanın beynində həkk olub qalmışdı, amma hər nə idisə də, şüşəbənddən gələn o yemək qoxusunu da qocanın meyli çəkmədi. Həmin cümə günü qoca o kiçik asfalt həyətdəki skamyada nə qədər oturdu, bir saat? iki saat? üç saat? – bilmirdi, çünki zamanı, vaxtı çoxdan bir-birinə qarışdırmışdı, evlərinin qapısı açıldı, gəlin onu çağırdı və qoca sulu gözlərini tut ağacının üstündəki o bir dəstə sərçədən çəkib, dinməz-söyləməz ayağa qalxıb evə girdi, gəlin köhnə qara paltosunu qayınatasının əynindən çıxara-çıxara:
    – Keç içəri, – dedi. – Keçən həftədən bir az ət saxlamışam səninçün xaladelnikdə... Keç otur, küftə eləmişəm sənə. Tez ye qurtar ki, uşaqlar gəlib görməsin. Onlarçun kartoşka qızardiciyəm semiçka yağında. Sirkə-badımcan da qoyciyəm yanında, yaxçı olacek. Əttən ələ bir dənə küftə çıxdı də... Day uşaqların yanında ağzundan qaçırmaginən ya, küftə yemisən!.. Yadunda qalar? Deməginə, yaxçı?
    Qoca bu tanımadığı arvadın uzun danışıqlarına fikir vermirdi, fikir vermək istəyəndə də, əməlli-başlı bir şey başa düşmürdü, amma indi o küftə sözü o saat ilişib beynində qaldı, küftənin, ətin nə olduğu da o saat yadına düşdü və indicə baş verəcək gözəl bir əhvalatın ləzzətini əvvəlcədən hiss edə-edə otağa girib o köhnə girdə mizin arxasında oturdu və səbrsizlik dolu sulu gözlərini mətbəxə tərəf zillədi. Gəlin küftə çəkdiyi kasanı gətirib qaynatasının qabağına qoydu və özü də kişi ilə üzbəüz oturub danışmağa başladı:
    – Təki uşağın işi düzələydi!.. Vallah, heç nə istəmirəm day dünyada, Allahın altında uşağın işi düzəleydi sekaya işləməyə!.. Ya Ətağanın cəddi, nəzirimi niyaz eyləginən! Mən nə deyirəm, hə? Diyirəm ki...
    Qoca qarşısında oturmuş bu yad arvadın dedikcə elə hey dediyi sözlərə fikir vermirdi, elə bil ki, təzədən bayaq tut ağacının üstündəki o bir dəstə sərçənin cikkiltisini eşidirdi və ləzzətlə çörəkdən dişləyib o gözəl küftəni yeyirdi və o sarı bülbül də daha oxumurdu, otağın küncündəki o dolabın üstündə, o qəfəsin içində büzüşüb xırda gözlərini naməlum bir nöqtəyə zilləmişdi.
    Həmin cümə günü qızlar məktəbdən qayıtdı, kartof qızartmasını sirkəbadımcanla yedi, hərəsi bir küncə çəkilib dərslərini hazırladı və ərinin işdən qayıtmağına yaxın gəlin yenə kartof soyub qızartmağa başladı ki, kişinin qabağına qoyanda isti və təzə olsun; əri işdən qayıdıb çörəyini yedi və bu dəfə qoca da süfrə arxasına keçib kartof qızartması yedi və bütün bu müddət ərzində gəlin bir tərəfdən oğlunun yolunu gözləyirdi ki, görsün iş məsələsinin axırı nə oldu, bir tərəfdən də bir az nigarançılıq keçirirdi ki, birdən qayınatası küftənin söhbətini salar, uşaqlar tamarzı qalar, amma gəlin nahaq nigaran idi, qoca günorta küftə yediyini çoxdan yadından çıxartmışdı, düzdü, o küftənin gözəl təmi hələ də ağzında qalmışdı, amma qoca bu təmin nədən qaldığını unutmuşdu, kartof qızartmasını yeyə-yeyə diqqətlə qarşısında oturmuş bu dazbaş kişiyə, yəni öz oğluna baxırdı.
    Gəlin:
    – Harda qalıb bu uşaq? – dedi. – Nöş gəlib çıxmadı?..
    Əri:
    – Gələr... – dedi və gəlin ərinin dediyi o bircə kəlmədə o qədər yorğunluq, o qədər özündən inciklik (yəni mən nə atayam ki, üç qızın bir qardaşı oğluma kömək eləyə bilmirəm...), o qədər dünyadan narazılıq hiss elədi ki, ərini yaxşı tanıdığı üçün, daha səsini çıxarmadı, çünki əri həmişə naəlac olanda, özündən inciyəndə, dünyanın işlərindən zinhara gələndə heç nədən dava salırdı.
    O sarı bülbül də nəsə narahat idi, qəfəsin içində özünü o küncə, bu küncə atırdı, amma oxumurdu və qoca gözlərini qarşısında oturmuş bu dazbaş kişidən çəkib qəfəsin içində vurnuxan bülbülə baxdı, bülbülün o narahatlığı, özünü o küncə, bu küncə çırpması, elə bil, qocaya da sirayət elədi, qoca həyəcanlandı və birdən-birə bərkdən:
    – Yaşasın yoldaş Bağırov! – dedi. – Mircəfər Abbasoviç!
    Gəlin:
    – Bağırovun sümükləri çoxdan çürüyüb qəbirdə!.. – dedi. – Necə yaşasın?..
    Qoca zəndlə gəlininə baxdı və:
    – Yaşasın yoldaş Stalin! – dedi. – Iosif Vissarionoviç!
    Oğlu:
    – Adlarını gör nə yaxşı yadında saxlayıb?!.. – dedi, alnını qırışdırdı və başının dərisi də qırış-qırış oldu və elə bil ki, başının dərisinin eləcə qırışması bu adamın gözlərindəki və sözlərindəki yorğunluğu və narazılığı bir daha təsdiq edirdi.
    Qoca təəccüblə otaqdakı bu naməlum adamlara, qızarmış kartof yeyən bu kişiyə, ayaq üstə dayanıb təzədən çörək doğrayan bu arvada baxdı, içini bürümüş o həyəcan daha da artdı və sözləri daha dəqiq tələffüz edə-edə təzədən:
    – Yaşasın yoldaş Stalin! – dedi.
    Gəlin:
    – Ay-hay!.. – dedi. – Stalin qırx ildi ölüb gedib!.. Əvvəlcə movzaleyə qoydular,
    Leninin yanına, sonra da bayquş kimi gecə xəlvətcə gəlib movzaleydən çıxarıb torpağa basdırdılar! Gorbagor elədilər! O vaxt kim arvadını boşamışdı, indi deyir ki, Stalinin üstündə olub! Lenin hələ qalıb movzaleydə... Ordadı hələ...
    Qoca bütün bu sözlərin hamısını başa düşürdü, amma heç birinə də inanmırdı və elə bil ki, bu deyilən sözlərin olub-olmadığını bir daha yoxlamaq üçün:
    – Mikoyan da ölüb? – soruşdu. – Anastas Ivanoviç?
    Gəlin:
    – Çoxdan gorbagor olub! – dedi.
    Qoca sidq-ürəkdən:
    – Ola bilməz! – dedi.
    – A-a-a!.. Nöş olmur? Stalin ölə bilər, Bağırıov ölə bilər, Mikoyan ölə bilməz?
    – Gəlin, doğrudan da, təəccüb etdi, elə bil yadından çıxartdı ki, qayınatasının sözlərinə təəccüb etmək lazım deyil, sonra həyətdən eşidilən addım səslərindən oğlunu tanıdı. – Uşaq gəldi! – dedi. – Ya Allah!..
    Məlum oldu ki, bu dəfə oğlanı Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin binasında oturan rəisin yanına buraxıblar, rəis sənədlərinə baxıb: « – Get, sabah gələrsən!» – deyib.
    Anası:
    – Day heç nə demədi? – soruşdu.
    – Yox.
    – Dedi sabah gəl də...
    – Həri.
    – Elə-belə nöş deyirdi sabah gəl? Düzələcək Allah qoysa!
    – Mən nə bilim? – Oğlan atasının qabağındakı qızarmış kartofa baxa-baxa çiyinlərini çəkdi və udqundu.
    – Necə «mən nə bilim?» Nöş deyirdi ki, sabah gəl? Düzələcək də!..
    Gəlin heç oğluna yemək verməmiş elə ev paltarının üstündən tələsik paltosunu geydi ki, gedib evlərindən üç tin aşağıda «Qırmızı Oktyabr» yay kinoteatrının yanındakı telefon avtomatdan Firuzəyə zəng eləyib əhvalatı desin. Və bu vaxt qəfəsin içindəki o sarı bülbül, elə bil, ora-bura vurnuxmaqdan təngə gəldi, bunun mənasızlığını başa düşdü, birdən-birə o payız günü səhər tezdən ötdüyü kimi, oxumağa başladı və qocaya yenə də elə gəldi ki, bülbülün otağa yayılan səsini də saysız-hesabsız xırda qəfəsciklərə salıblar və o xırda qəfəsciklər otaq boyu uçuşur, gəlib qocanın boz kostyumuna, hətta, əllərinə, boynuna, üzünə toxunur; qoca hiss edirdi ki, bu görümdə nəsə bir tanışlıq var, səslərin beləcə qəfəsciklərə salınıb, dustaq edilib uçuşmasını haçansa görüb, amma yadına sala bilmirdi ki, bütün bunlar elə bir günün əhvalatlarıdı, bugünkü səhərin, günortanın xatirələridi. Qoca sulanmış gözlərini paltar dolabının üstündəki o sarı bülbülə dikdi və baxdıqca da birdən-birə gözlərinin qabağına sapsarı yarpaqlar gəldi, qoca yadından çıxartmışdı ki, o sarı yarpaqların yüngüllüyünü yenə də hiss etdi, hətta, içindən bir nigarançılıq keçdi ki, birdən bir meh ötə bilər və o sarı yarpaqları gözünün qabağından uçurub aparar; bu dəm o sapsarı yarpaqlarda qoca üçün bir məhrəmlik, doğmalıq, mehribanlıq var idi. Gəlin qayıdıb gəldi və kefi də açıq-aşkar əvvəlkindən yuxarı idi, çünki Firuzə, milisioner Əliabbasın arvadı yox, o biri Firuzə çox arxayın danışırdı, elə bil ki, uşaq daha düzəlib orda işə. Təki olsun! Kor nə istər, iki göz, biri əyri, biri düz.
    Oğlan:
    – Ordakı milisənerlərin tapançası var! – dedi.
    Anası:
    – A-a-a!.. Əlbət ki!.. Sekadı də... – dedi.
    Təkcə həyətdə yox, bütün məhəllədə hamı bilirdi ki, milisioner Əliabbasın belinə bağladığı qoburda heç vaxt tapança olmur və milisioner Əliabbas durub işə gedəndə o qoburun içinə günorta yemək üçün arvadı Firuzənin qəzet parçasına büküb verdiyi pendir-çörəyi qoyur.
    Bülbülün səsi eləcə xırda qəfəsciklərin içində otaqda uçuşurdu və qoca bu barədə ətrafındakı bu yad adamlara bir söz demək istəyirdi, amma o sözləri tapıb deyə bilmirdi və o xırda qəfəsciklər otağın içində uçuşduqca qoca istəyirdi ki, belə axşam yox, səhər olsun, elektrik lampasının işığı yox, günün işığı olsun və qoca narazılığını bildirdi:
    – Bu nə gündü e, belə?
    Gəlin hələ də Firuzənin arxayın sözlərinin təsirilə həmin payız axşamı birinci dəfə gülümsəyib:
    – A-a-a!.. – dedi və tez dodaqlarını yığışdırdı, çünki eləcə gülümsəyəndə dodaqlarının qırağından metal dişləri görünürdü və gəlin o metal dişlərdən utanırdı.
    – Ay bədbəxt!.. Sən heç özün bilirsən ki, nə gündəsən?.. Sənə nə var e, uşaq kimi şeysən!..
    Qəribə idi, gəlinin dediyi o sözlərin içində bir kəlmə: « – Ay bədbəxt!..» ilişib qocanın beynində qaldı və bir azdan qoca gəlinin təkidilə ayaqyoluna gedib qayıdandan sonra, yatmaq üçün şüşəbəndə (onun yeri şüşəbənddə idi) keçəndə pəncərədən küçəyə baxdı: uzun-uzun illərdən bəri hər gün gördüyü bu küçə mənzərəsi həmin payız axşamı da qoca üçün tamamilə yeni və maraqlı idi və qoca yenə də gəlinin təhriki ilə boz kostyumunu soyuna-soyuna öz-özüylə danışmağa başladı, ətrafında dolaşan, cürbəcür sözlər deyən bu tanınmaz adamların qarasına deyindi:
    – «Ay bədbəxt!» – Qoca gəlini yamsıladı. – Niyə bədbəxtəm mən? Bədbəxt-zad deyiləm! Bədbəxt niyə oluram? Dünyanın ən bəxtəvəri elə mən özüməm! – Qoca yenə gəlini yamsıladı. – «Ay bədbəxt!» Kim dedi bunu? – Qoca gözlərini qıyıb fikirləşdi. – Kim dedi mənə «ay bədbəxt?» Qoy gedim soruşum... Kimdən soruşum e? Kimdi bunlar belə? Hardan gəliblər? Nə istəyirlər məndən? Allah bilir... «Ay bədbəxt!» Niyə? Bədbəxt niyə oluram mən? Dünyanın ən bəxtəvəri elə mən özüməm!..
Mart, 1990.

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (15.01.2014) | Müəllif: R.C E W
Baxış: 946 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more