Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Dünya tanısın Azərbaycanı
DÜNYA TANISIN AZƏRBAYCANI


     Çağdaş Azərbaycan ədəbiyyatında özünəməxsus yeri və orijinal yaradıcılıq yolu olan görkəmli yazıçımız Elçin bu gün hər birimizin yaddaşına təkcə öz nəsri, ədəbi fəaliyyəti ilə deyil, ictimai-siyasi hadisələrə münasibətdə seçilən, dünyaya səpələnmiş qəriblərimizin yurd həsrətini sinəsinə çəkərək ayrılan yolları birləşdirməyə, qaranlıq talelərə işıq salmağa çalışan fədakar bir İnsan - əsl vətəndaş kimi də daxil olub. Hər bir sənətkarın görünən və görünməyən həyatı var. Yazıçı Elçinin görünür həyatı istəkli oxucular, - sizin rəflərinizdə sıralanmış kitablarıdır. Aldığımız çoxsaylı məktublarda siz yazıçının müxtəlif əsərlərindən ürək dolusu söhbət açır, xüsusən də müəllifin təzə kitabı «Ölüm hökmü» barəsində öz müsbət fikirlərinizi bildirirsiniz. Bu gün oxuyacağınız bu yazıda biz sizə istedadlı yazıçı ilə apardığımız müsahibəni təqdim edirik. Əlbəttə, burada söhbət Elçinin yaradıcılığından getmir. Məqsədimiz onun nisbətən görünməyən həyatından - «Vətən» Cəmiyyətindəki fəaliyyəti ilə bağlı bəzi məqamları, fikirləri sizə çatdırmaqdır. Vətənsizlər üçün «Vətən» çırağı yandıran bir cəmiyyətin müqəddəs amalından söz açmaq bizimçün də xoşdur. Deyək ki, müsahibə vaxtı aldığımız məlumatlar bizi bəzən mütəəssir etsə də, sevindirməyə bilmədi. Azərbaycanı dünyaya tanıtmaq, dünyadakı azərbaycanlıları da Azərbaycana tanıtmaq-bu, adicə əlavələr demək deyil, yurdsevərlikdir, vətəndaşlıqdır. Bütün mədəni-siyasi əlaqələrin mayası bu məhəbbətdən, bu qeyrətdən yoğrulmalıdır. İndiki halda «Vətən» Cəmiyyəti həm körpüdür, həm bələdçi, həm də təbliğatçı.
     -Elçin müəllim, «Vətən» Cəmiyyətinin gördüyü işlərdən az-çox xəbərdarıq. Dünyaya səpələnmiş azərbaycanlıların taleyində yandırdığı çırağın şöləsindən çox zülmətlərə işıq düşüb. Bizim qəzetin oxucuları üçün məhz bu barədə danışmağınızı xahiş edirik.
     -Cəmiyyət üç ildir ki, fəaliyyət göstərir. İdarəçilikdə biz sıfırdan başladıq. Ən əsası isə bizim heç bir idarəçilik ənənələrimiz yox idi (Ermənistanda isə belə bir cəmiyyət otuz ildən artıqdır ki, fəaliyyət göstərir, həm də Dövlət Komitəsi səviyyəsində...) və çətinlik bunda idi ki, Azərbaycan diasporunun özünün də vətənlə əlaqə yaratmaq, birlikdə vətən təəssübü çəkmək baxımından ənənələri yox idi. Mən bu işə böyük romantik-vətənpərvərlik hissləri ilə başlamışdım və bu gün qəzetimizin oxucuları qarşısında etiraf edirəm ki, həmin romantikadan əsər-əlamət də qalmayıb. Nə üçün? Çünki bu üç ildə mən başa düşmüşəm ki, bu işdə o vətənpərvərliklə bərabər romantika yox, sərt bir realizm vacibdir. Biz yalnız hissiyyata qapılmaqla, Arazın qarasına deyinməklə, ah çəkib göz yaşları axıtmaqla heç nə edə bilmərik. Biz ilk növbədə Azərbaycanı tanıtmalıyıq, onu dünya ictimai-siyasi fikrinin subyektinə çevirməliyik. Azərbaycan mühacirətı arasında mütəşəkillik yaratmalıyıq. Axı, o mühacirət də bizim öz içimiz kimi, çox mürəkkəbdir. Azərbaycan dilinə və Azərbaycan müstəqilliyinə yuxarıdan aşağı baxan həmvətənlərimiz də var, bu Azərbaycan birliyini inkar edənlərimiz də, Azərbaycan üçün canlarını belə əsirgəməyən, xalqımızı, dilimizi qəlbən sevən və öz övladlarına da sevdirən, ömründə Bakıda, Gəncədə, Naxçıvanda, Şuşada olmayan, amma yatanda yuxularında Bakını, Gəncəni, Naxçıvanı, Şuşanı görən həmvətənlərimizlə bərabər, buqələmun kimi cildini dəyişib lazım gələndə fars, lazım gələndə mücərrəd avropalı, lazım gələndə də azərbaycanlı olan həmvətənlərimiz də var... Ümumi mənzərə haqqında təsəvvür yaratmaqdan ötrü Azərbaycan diasporunun qısa təsnifatını vermək istəyirəm. Bu mühacirəti şərti olaraq dörd nəslə ayırmaq lazımdır. Birinci nəsil - o adamlar ki, keçən əsrin sonlarından, bizim əsrin əvvəllərindən mühacirətə getmək məcburiyyətində qalıb və onların arasında adi kəndlilər də var idi, müxtəlif peşə sahibləri də, görkəmli ziyalılar da (Əli bəy Hüseynzadə, Əhmədbəy Ağayev...). Erməni basqınlarından, qırğınlarından qaçıb əsas etibarilə Türkiyəyə pənah aparan azərbaycanlılar da həmin birinci nəslə mənsubdur. Bu nəslin törəmələri Türkiyədə də, qismən Avropa ölkələrində də yaşamaqdadır (məsələn, Ə. Hüseynzadənin oğlu rəssam Səlim Turan Parisdə yaşayır). İkinci nəsil - o adamlar ki, Azərbaycan Demokratik Respublikasının məhv edilməsindən sonra, mühacirliyə məhkum oldular. Mühacirətimizin bu nəsli də adi kənd camaatından tutmuş Məmməd Əmin Rəsulzadə, Ceyhun bəy Hacıbəyli, Əlimərdan bəy Topçubaşov və başqaları kimi böyük qələm sahiblərini, siyasi və ictimai xadimləri ehtiva edirdi. Bu nəslin də böyük hissəsi Türkiyədə, qismən Fransada, digər Avropa ölkələrində yerləşdi. Mən Cənubi Azərbaycanın adını çəkmirəm, ona görə ki, Şimaldan Cənuba pənah aparmış azərbaycanlılar mühacirət adlana bilməzlər, çünki vətəndən-vətənə köçüblər. Üçüncü nəsil - o adamlar ki, II Dünya müharibəsindən sonra, stalinizmin qorxusundan vətənə qayıda bilmədilər. Məlumdur ki, müharibədə üç fəlakət baş verə bilər: insan həlak olar, yaralanar və əsir düşər. SSRİ əsir düşənləri düşmən hesab etdi və əsir düşmüş azərbaycanlılar da güllələnmək qorxusundan, Sibir qorxusundan, öz doğma adamlarını təhlükə altına qoymaq qorxusundan Vətənə dönmədi və müxtəlif ölkələrə səpələndi: Almaniya, Fransa, İtaliya, ABŞ, İsveçrə, İsveç... Bu talesiz insanların böyük bir qisminə Türkiyə sahib çıxdı, onlara kömək etdi. Nəhayət, dördüncü nəsil - əsas etibarilə Cənubi Azərbaycandan - xüsusən, son on ildə - xarici ölkələrə köçüb getmiş azərbaycanlılar. Birinci və ikinci nəslin indi yalnız törəmələri yaşamaqdadır. Üçüncü nəsildən də az adam qalıb və qalanların da ürəyi nisgillə doludur. Mən onların bir çoxu ilə görüşmüşəm və bu yerdə doğrudan da qəhərlənməmək mümkün deyil. Nə isə... Bu bədbəxt nəslin də törəmələri Avropanın bir sıra ölkələrində, ABŞ-da yaşayırlar, amma bu törəmələrin çoxunun anası alman, fransız, italyan olduğu, uzun müddət də Vətəndən xəbərsiz yaşadıqları üçün onlar daha artıq dərəcədə alman, ingilis, fransızdırlar, nəinki azərbaycanlı, Azərbaycan mühacirətinin əsas kütləsini dördüncü nəslin nümayəndələri təşkil edir və onların da böyük əksəriyyəti gəncdir, fəhləlik edir, taksi sürür, eyni zamanda, təhsil alırlar. Düzdür, bizim mühacirətdə professorlardan İren Məlikova (Fransa) və Turxan Gənceyi (İngiltərə), Həsən Cavadi və Şapur Ənsari (ABŞ), rəssamlardan Əkbər Behkalam və İbrahim Ehrari (AFR) və başqaları kimi görkəmli elm, sənət xadimləri də var və onlar da az, ya çox dərəcədə Vətənlə əlaqələrin inkişafmda rol oynayırdılar, lakin ümumi vəziyyət belədir ki, Azərbaycan mühacirəti hələ güclü bir institut kimi, yaşadıqları ölkələrdə lobbi kimi formalaşmamışdır. Bax, əsas məsələ bu institut, bu lobbini yaratmaqdır. Bəzən mənə deyirlər ki, sizin cəmiyyətiniz mədəni əlaqələr cəmiyyətidir, belə məsələlərlə nə işiniz var? Mən də deyirəm: bəyəm mədəniyyət anlayışı vətəndaşlıq anlayışmdan kənardadır? Siyasi əqidəsindən və cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq biz mühacirətimizin Azərbaycan təəssübkeşliyində birliyə, vəhdətə nail olmalıyıq. İçərimizdə olduğu kimi, mühacirətimizdə də çox təəssüflər ki, mənasız çəkişmələr var. Bəzən yad ölkələrdə özləri zəhmət çəkirlər, Azərbaycan cəmiyyəti düzəldirlər, amma bir-birləri ilə yola getmədikləri üçün həmin cəmiyyət heç bir fəaliyyət göstərmir... Mən bütün bunları ona görə açıq deyirəm ki, belə məsələləri bir- birimizdən gizlətmək xalqımıza baha başa gəlir. İndi gizlətmək yox, açıq demək və real şəkildə iş görmək vaxtıdır.
     -Azərbaycan tarixi onun qoynunda yaşayanlara düzgün öyrədilməyib. Bəs xaricdə yaşayan azərbaycanlıların öz millətləri, vətənləri, kök-soyları haqqında məlumatları necədir? Sizin rəhbərlik etdiyiniz Cəmiyyət bu sahədə nə kimi işlər görür?
     –Mən iyirmi ildir deyirəm, yazıram ki, gəlin özümüz-özümüzə qapanmayaq, Azərbaycanı təbliğ etməyin, onu dünyaya tanıtdırmağın konkret və effektli yollarını müəyyənləşdirək və həmin yollardan istifadə edək. Hələ İngiltərə, Yaponiya bir tərəfdə qalsın, biz Azərbaycanın həqiqi mədəniyyətini, həqiqi tarixini, Moskvanın, özündə təbliğ edə bilmişikmi? Yox. Əlbəttə, bunun bir səbəbi də ondadır ki, öz tariximizi də, mədəniyyətimizi də düzgün işıqlandıra bilməmişik, çox zaman yalan həqiqəti üstələyib. Dərd burasındadır ki, bizim mühacirətimiz də (əlbəttə istisnalar var) bir küll halında Azərbaycana yaxşı bələd deyil. Xüsusən, dördüncü nəslin nümayəndələri Şimali Azərbaycanın yeni tarixini, Azərbaycan Demokratik Respublikası varlığını, buradan doğan ənənələri, erməni - Azərbaycan münasibətlərinin təfərrüatını, Türkiyə ilə Şimal arasındakı münasibətlərin əsasını yaxşı bilmirlər. Biz bütün görüşlərdə bu məsələlərə toxunuruq, nə qədər imkan varsa ədəbiyyat göndəririk. Bu işə beynəlxalq orqanları cəlb etməyə çalışırıq. Misal üçün, keçən il biz Berlindəki Dünya Mədəniyyət Evinin vasitəsilə Almaniyada Azərbaycan Mədəniyyəti həftəsi keçirdik və həmin günlər, əslində, tariximizin də, mənəviyyatımızın da böyük və obyektiv təbliğinə çevrildi. Xaricdə yaşayan azərbaycanlılar öz tariximizi bilməlidirlər, buna söz yox, amma biz istəyirik ki, azərbaycanlı olmayanlar da Azərbaycanı tanısınlar və bu işdə bütün vasitələrdən istifadə etməyə çalışırıq. İlk dəfə olaraq gözəl və qeyrətli müğənnimiz Zeynəb xanımın iştirakı ilə Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatında xeyriyyə konserti təşkil etdik və bu, bir çox ölkələrin rəsmi dairələrinin diqqətini Azərbaycana cəlb etdi.
     -Bir şeyə kənardan baxanda onu daha aydın, olduğu kimi görmək, nisbətən asandır. Bu mənada dünyaya yayılmış qəriblərimiz öz vətənləri üçün hardasa «kənar» adamlardılar. Bu «yad», uzaq baxışlarda Azərbaycan necə görünür?
     -Biz çalışırıq ki, o yadlığı doğmalaşdıraq, o uzaqlığı yaxınlaşdıraq. Bu işdə Azərbaycan mühacirətinin görkəmli nümayəndələrinin də köməyindən istifadə etməyə çalışırıq, onları axtarıb tapırıq, necə deyərlər kəşf edirik, respublikamıza dəvət edirik. Azərbaycan Milli Mərkəzinin sədri Məmməd Əmin Rəsulzadənin silahdaşı doktor Məhəmməd Kəngərli (Türkiyə), Məmməd Əmin bəyin təşkil etdiyi Azərbaycan kültür dərnəyinin genel sekreteri Əhməd Qaraca (Türkiyə), İstanbuldakı Azərbaycan cəmiyyətinin başqanı Nihad Çətinqaya, Strasburqdakı Azərbaycan Cəmiyyətinin rəhbəri doktor Əhməd Mehribani Təbrizi, ABŞ-dakı türk lobbisinin prezidenti doktor Gəzən, Los-Anjelesdə Azərbaycan cəmiyyətinin rəhbərlərindən biri Həsən Əlipur və bir sıra digər görkəmli siyasi və ictimai xadimlər ilk dəfə «Vətən» Cəmiyyətinin dəvətilə respublikamıza gələ bildilər. Məşhur rəssamlar Əkbər Behkəlam, İbrahim Ehrari (AFR), Davud və Əyyub İmdadyan qardaşları (Fransa), professorlardan Sərvər Tanılı və İren Məlikova (Fransa), Turxan Gənceyi və Qulamrza Təbrizi (İngiltərə), jurnalist Nurəddin Qərəvi və yazıçı Yücel Feyzioğlu (AFR), məşhur fotomüxbirlər Rza Diqqəti (Fransa) və Azər xanım Təbrizi (İngiltərə), qarmonçalan Rəhman və müğənni Zurufçu... Bu adamların, onlarca başqalarının Azərbaycana gəlişi məhz siz dediyiniz mənada effektli nəticələr vermişdir.
     -İndi dillər əzbəri olan «Ayrılıq» mahnısını da ilk dəfə televiziya ilə Siz göstərmisiniz...
     -Elədir. Düzdü, indi bizi yaddan çıxarıblar, amma əsas məsələ budur ki, obrazlı şəkildə desək, «Ayrılığ»ın populyarlığı ayrılığı azaltmağa başladı... Qarabağ hadisələri, doxsanıncı ilin Qara yanvarı bizim mühacirəti Vətənə qat-qat artıq dərəcədə yaxınlaşdırdı, böyük bir oyanma prosesinə təkan verdi. Biz özümüz də mühacirəti daha artıq dərəcədə tanımağa başladıq. «Vətən» Cəmiyyəti bu işdə əlindən gələni etdi və edir. Bu isə bəzən xoşa gəlmir, şayiələr yaydırılır... Onsuz da bizim həm daxildə, həm də xaricdə problemlərimiz, çətinliklərimiz çoxdur. Amma nə edəsən? İki yol var: ya gərək çəkilib oturasan bir kənarda və Sabirin ölməz misrasını özün üçün həyat devizi seçəsən: «Millət necə tarac olur, olsun, nə işim var?!», ya da gərək ruhdan düşməyəsən, başını aşağı salıb bu ağır sınaq günlərində xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyəsən.
     -Xarici ölkələrin ali məktəb və elm mərkəzlərində Azərbaycanın qədim və orta əsr tarix üzrə mütəxəssislərin hazırlanmasını və təcrübə keçməsini təmin etmək mümkün olacaqmı?
     -Əlbəttə, belə bir iş baş tutsaydı, gözəl olardı. Amma «Vətən» Cəmiyyəti bu yerdə heç nə edə bilməz. Bizim valyutamız yoxdu ki, təhsil üçün xaricə tələbə göndərək. Mühacirətimiz də erməni mühacirəti kimi zəngin deyil ki, bu işi öz boynuna götürsün. Bu vacib məsələ ilə başqa əlaqədar təşkilatlar məşğul olmalıdırlar.
     -Xaricdə yaşayan azərbaycanlıların respublikamızda ali təhsil almaları üçün ilk addımlar atılıbmı?
     -Bəli. Və sizdən gizlətmək istəmirəm ki, mən bununla fəxr edirəm. Bu üç ildə çox böyük çətinliklərlə ona nail omuşuq ki, bir sıra ali məktəblərimizdə, o cümlədən Tibb İnstitutunda, Politexnik İnstitutunda, Neft və Kimya İnstitutunda xaricdən gətirdiyimiz gənc azərbaycanlı qızlar və oğlanlar «Vətən» xəttilə təhsil alırlar. Lakin bu hələ başlanğıcdır və mütləq inkişaf etməlidir.
     -Siz xarici ölkələrin siyasi dairələri ilə, misal üçün ABŞ konqresi ilə də əlaqələr yaradırsınız. Məqsədiniz barədə nə deyə bilərsiniz?
     -Məqsəd yalnız birdir: Azərbaycan haqqında, onun müasir problemləri barədə saxtalaşdırılmış yox, həqiqi məlumat yaymaq. Mən «Vətən»də işə başlayandan həmişə demişəm ki, bu siyasi təşkilat deyil və çalışmışam da belə olsun. Lakin o yerdə ki, söhbət xalqın ümumi marağından gedir, burada susmaq olmaz. Bilirsiniz ki, ABŞ senatının Xarici İşlər Komissiyası Dağlıq Qarabağla əlaqədar çox birtərəfli qərar qəbul etmişdi. O zaman mən ABŞ senatına məktub yazmışdım və senatdan, yaxud konqresdən nüfuzlu bir nəfərin Dağlıq Qarabağla bağlı obyektiv məlumat əldə etməsinə çalışırdım. Nəhayət, həmvətənimiz Ərcümənd Qılıncın vasitəsilə ABŞ-ın məşhur siyasi xadimi, Demokratlar Partiyasının görkəmli üzvlərindən biri, konqresmen Cim Mudi ilə əlaqə yarada bildik və o bizim dəvətimizlə Bakıya gəldi. Bu vacib səfər şəhidlərin məzarının ziyarəti ilə başladı və cənab Mudi respublikanın siyasi vəziyyəti ilə bilavasitə tanış oldu, müxtəlif siyasi dairələrlə görüşdü, Dağlıq Qarabağa gedib hər şeyi öz gözləri ilə gördü və Azərbaycan haqqında, onun tarixi və mədəniyyəti barədə obyektiv təsəvvür əldə etdi. Konqresmen öz vətəninə böyük və təkrar edirəm, obyektiv, həqiqət necədirsə o cürə təəssüratla qayıtdı. Cənab Mudi Azərbaycanın təcavüzə məruz qaldığının, erməni daşnak millətçiliyinin əyani şahidi oldu və təbii ki, bu barədə ABŞ siyasi dairələrində öz fikrini bildirəcək. Bu, böyük əhəmiyyəti olan səfər idi.
     -Bu gün Azərbaycanda bir çox qəzet və jumallar nəşr olunmağa başlayıb və onların səhifələrində yaxın keçmişimizin, o cümlədən Azərbaycan Demokrtaik Respublikasının tarixi işıqlandırılır. «Vətən» Cəmiyyətinin orqanı «Odlar yurdu» qəzeti bu sahədə hələ üç il bundan əvvəl mətbuatımızda ilk cığırlar salırdı.
     -«Odlar yurdu» qəzeti 88-ci ilin ilk aylarından etibarən Azərbaycan Demokratik Respublikasının tarixi və xadimləri barədə yazmağa başladı. O zaman, bu, bir o qədər də asan məsələ deyildi... İndi, əlbəttə, çox fərəhli hadisədir ki, öz tariximiz özümüzə qayıdır və başqa cürə ola da bilməz. Tarixi inkar etmək, gizlətmək mümkün deyil. Onu yetmiş il təhrif edə bilərsən, amma nəhayət bir gün gələcək ki, həyatın dialektik gedişatı o təhrifi yad bir cisim kimi kənara atacaq.
     -Vaxtilə müxtəlif yollarla xaricə aparılan və indi də muzey və kolleksiyalarda saxlanılan Azərbaycan sənət incilərini geri qaytarmaq mümkün olarmı?
     -Yalnız xaricəmi aparılan? Bəs Ermitajdakı sənət incilərimiz? Bəs Leninqradın, Moskvanın digər muzeylərindəki? Mən hələ Pyotr Matveyeviç Yelistratov kimi partiya «namestnik»lərinin yığıb apardıqlarını demirəm... Dərd burasındadır ki, xaricdəki bir çox böyük muzeylərdə nümayiş etdirilən Azərbaycan sənət inciləri - xalçalarımız, miniatürlərimiz, zərgərlik nümunələri və s. İran-fars və bəzən də erməni sənətinin nümunələri kimi təqdim olunur. Verdiyiniz sualın cavabı müqəddəs bir vəzifə kimi hamımızı düşündürməlidir.
     -«Vətən» Cəmiyyəti yarandığı gündən bəri sizin yaddaşınızda yaşayan ən unudulmaz bir görüşdən, hadisədən danışmağınızı xahiş edirəm.
     -Yaddaşdan silinməyəcək unudulmaz görüşlər çox olub və onlardan hər hansı birini ayırmaq istəmirəm. Əslində, mühacirlərlə bütün görüşlər unudulmazdır. Mühacir sözünün özündə bir kədər, qüssə var və kədər, qüssə olan yerdə də, təbii ki, səmimiyyət olur. Doğru da səmimi olur, səhv də.
     -Yaşadığımız günlərin ovqatı elədir ki, bu «Vətən»in taleyindən izsiz keçə bilməz. Bizim haqq səsimizi dünyaya necə yayırsınız?
     -Bu üç ildə dünyanın bir çox ölkələrinin mətbuat orqanlarında, televiziyasında, radiosunda bizim müsahibələr, bəyanatlar verilib. Elə mənim özümün Azərbaycan tarixi, mədəniyyəti, müasir siyasi-ictimai vəziyyəti barədə, o cümlədən Qarabağ haqqında Türkiyənin, ABŞ-ın, Almaniyanın bir çox mətbuat orqanlarında yazılarım çıxıb, radio-çıxışlarım, televiziya müsahibələrim, konfranslarım olub. Qara yanvar günlərində, o vaxt ki, nə televiziya işləyirdi, nə qəzetlər çıxırdı, radioda, ancaq eybəcər bir hala salınmış Azərbaycan dilində komendantın tükürpədən əmrləri oxunurdu və Bakının küçələrində qan axıdılırdı, bax, həmin vaxt «Vətən» Cəmiyyətinin teleksi respublikamız ilə xaric arasında yeganə informasiya vasitəsi idi... Getsin o günlər, bir də gəlməsin!..
     -Cəmiyyətinizin maddi çətinlikləri varmı?
     -Bəli, var və işimiz bundan əsaslı şəkildə ziyan çəkir. Təkcə elə bunu deyim ki, «Vətən» Cəmiyyətinin yarandığı vaxtdan bu üç ildə biz bir qara qəpik də valyuta xərcləməmişik. Bu da təbii ki, xariclə əlaqələrimiz qarşısında sədd yaradır. Bütün qüvvələrini səfərbərliyə alıb o səddi dəf etməyə çalışan işçilərimizin özlərinin də aylıq maaşı çox azdır. Əlaqədar təşkilatlar binamızın təmirini gecikdirir. Hətta binamıza şərik də çıxmaq istəyənlər var. .. Nə isə! Görünür bu sahədə şərt də elə ondadır ki, çətinliklərə sinə gərəsən.
     -Bütün bunlardan sonra oxucularımızı bir sual da maraqlandırır ki, Sizin yazıçı Elçinə münasibətiniz necədir? Bir dost kimi, doğma adam kimi görüşə bilirsinizmi?
     -Sizin bu sualınız ustad Molla Cümənin məşhur qoşmasını yadıma saldı:
İsmi Pünhan, niyə məndən küsübsən,
Dost mehriban ya bir olar, ya iki.
Bir gün ölsəm hamı deyər heyifdir,
Canı yanan ya bir olar, ya iki...

     Yazıçı Elçinlə birlikdə yazı mizinin arxasında oturanda hərdən bu misraları ona deyirəm... Dərdləşirik, götür-qoy edirik, mübahisələrimiz olur, təhlil edirik, xatırlayırıq, bəzən hissə qapılırıq, bəzən hirslənirik... Münasibətlərimizin dərininə varmaqdansa, qoyun sizin sualınızdan istifadə edib yazıçı Elçinə arzumu bildirim: Yazmaq, yazmaq və yazmaq! Bu arzunu bildirirəm, amma başqa bir səs də eşidirəm: Vaxt, vaxt və yenə də vaxt!
     -«Azərbaycan müəllimi» qəzetinin oxucularına nə arzulardınız?
     -Bu müsahibənin sonu deyəsən gətirib bizi gözlənilmədən poeziya aləminə çıxarır, çünki indi də qoca Seyid Əzimin misraları yadıma düşdü:
Bu qədər dərd kim olur hadis,
Ona bielmlik olur bais.
Bir bəladır bu dərdi nadani -
Ki, onun elm olubdu dərmani.

     Bu «dərdi-nadani» bəlasının xilaskarı - təbibi indiki halda müəllimdir və mən hörmətli müəllimlərimizə Seyid Əzimin dediyi o dərmandan son dərəcə effektli istifadə etməyi arzulayıram.
     -Elçin müəllim, belə məzmunlu, yaddaqalan söhbət üçün sizə öz təşəkkürümüzü bildiririk.
     -Siz də sağ olun ki, məni öz oxucularımızla görüşdürdünüz.

Müsahibəni apardı Flora Xəlilzadə. 1993.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (16.08.2014) | Müəllif: R.C E W
Baxış: 615 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more