Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-«Dünya - siyasət meydanıdır»
«DÜNYA - SİYASƏT MEYDANIDIR»

     Cəmi üçcə yaşı var: 1987-ci ilin dekabrında yaradılıb. Addımları yenicə bərkiyir, təzəcə mətinləşir. Buna baxmayaraq, «Vətən» Cəmiyyəti tezliklə Azərbaycan torpağının, onun halal- hümmət sakinlərinin mədəni-mənəvi güzgüsünə çevrilib. Bu güzgüdən dünyanın bir çox ölkələri ovuc içi kimi görünür. «Vətən» bu gün bizim bölünən, parçalanan Vətənimizin, diyar-diyar «cəlayi-vətən» olan həmyerlilərimizin, bir sözlə, «Azərbaycan» kəlməsinə tapınanların söykək, təsəlli yeridir. Şübhəsiz Cəmiyyətin fəaliyyətinə heç bir azərbaycanlı biganə qala bilmir. Nə bizim yaşadığımız ölkədə, nə də xaricdə. Elə «Vətən» Cəmiyyəti rəyasət heyətinin sədri, görkəmli yazıçı Elçinlə görüşəndə, təşkilatın əmələgəlmə zərurətindən, işlərindən, qayğılarından danışmağa başlamaqla aramızda səmimi ünsiyyət körpüsü yarandı.
     -Bəlkə də taledən, qismətdən alnımıza yazılıb: bütün vacib məsələlərdə gecikmək, başqalarından geri qalmaq. «Vətən» adında mənəvi yaxınlıq mərkəzi başqa respublikalarda, eləcə də bu gün bizə düşmən kəsilən Ermənistanda təxminən 30 il əvvəl yaradılıb. Halbuki «Gülüstan» və «Türkmənçay» sülh müqavilələrindən sonra Azərbaycan xalqı kimi bölünən, pərən-pərən düşən, təqiblərə məruz qalan ikinci faciəvi taleli xalqı təsəvvürə gətirmək çətindir. Özü də bu bölünmə, yerindən-yurdundan ayrıdüşmə, didərgindüşmə yaşadığımız əsrin ortalarınacan mərhələ-mərhələ aparılıb. Həm Arazın o tayında, həm də bizim yaşadığımız Şimali Azərbaycanda. Bu məsələlərdə çar Rusiyası da təqsirkardır, İran despotizmi və şah rejimi də, «SSRİ» adlandırdığımız nəhəng gəminin sükançıları da.
     -İndi azərbaycanlı mühacirlərin müxtəlif ölkələrdə sayını ifadə edən təxmini göstəriciyə diqqət yetirin: Almaniya - 250 min; ABŞ - 250-300 min; Fransa - 9o - 100 min; İngiltərə - 60 min; Norveç, İsveç, Danimarka və Hollandiya - 100-150 min; İspaniya - 20 min, Avstraliya və Yaponiya - 2,5 min; Avstriya - 15 min; Hindistan və Pakistan - 30 min. Bundan başqa, İraqda 600 min, Şərqi Anadoluda və Türkiyənin başqa əyalətlərində 1,5 milyon qan-qardaşımız yaşayır. Cənubi Azərbaycanda məskunlaşan azərbaycanlıların sayı isə İranın əhalisinin təxminən yarısı qədər-20 milyondan artıqdır. Qərb ölkələrinə səpələnən yurddaşlarımızın 90 faizi müxtəlif səbəblər üzündən İrandan köçüb. Çünki bu qüdrətli Şərq ölkəsində baş verən dəyişikliklər - müharibə çətinlikləri, İslam inqilabı, təbii fəlakətlər adamları bəzən bir parça çörəkpulu qazanmaq üçün Avropanın sənaye şəhərlərinə aparıb çıxarıb. Əlbəttə, təhsil almaq niyyətilə Qərbə yollanan azərbaycanlı gənclərin də sayı get-gedə, durmadan artmaqdadır. Son iki- üç ildə formalaşan «Vətən» Cəmiyyəti təkcə bu faktları araya-ərsəyə gətirməklə kifayətlənməyib. Azərbaycanlılar arasında əsl dostluğun, qardaşlığın, mədəni əlaqələrin təməlini xeyli möhkəmləndirib. Bunu Cəmiyyətimizin təsirindən xaricdə yaranan birliklər, dəməklər, mərkəzlər sübut edir.
     -Bəli, bu barədə biz də eşitmişik, mətbuatda oxumuşuq: dünyanın bir sıra ölkələrində «Vətən»in qol-budaqları, övladları meydana gəlib yeni-yeni mədəni mərkəzlər, birliklər, dərnəklər, ittifaqlar... Onlara münasibətiniz necədir və Cəmiyyətin təsirindən yaranan bu qruplarla əlaqələri hansı istiqamətdə qurursunuz?
     -«Vətən» Cəmiyyətinin fəaliyyətinəcən xaricdə yaşayan həmvətənlərimizlə əlaqələr pərakəndə şəkildə idi, geniş deyildi - üç-dörd təşkilatın adını eşitmişdik, vəssalam. Ancaq indi bizim təşəbbüsümüzlə 50-dən yuxarı cəmiyyət, mərkəz, dərnək bizimlə qarşılıqlı əməkdaşlıq əsasında əlaqə yaradıb. Bunlar öz tərkibində minlərlə adamı - torpaq, yer-yurd təəssübü çəkən, ürəyi Vətənin ahəngi ilə döyünən Azərbaycan övladını birləşdirib. Belə mədəni həmrəylik təşkilatları narahat planetin müxtəlif regionlarında - Amerikada (4), Türkiyədə (4) AFR-də (4), İngiltərədə (3), Norveçdə (2), Fransada (2), Kanadada (2), Avstriyada (2), Danimarkada (2) və sairə ölkələrdə fəaliyyət göstərir. Bəziləri tezliklə şöhrət qazanıb, bütün dünyada tanınmağa başlayıb. Hətta onların doğma dildə orqanları var - qəzetləri nəşr olunur. Adlarına fikir verin: «Ana dili» və «Savalan» (Almaniya), «Aydınlıq» və «Odlar ölkəsi» (İngiltərə), «Dədə Qorqud» (İspaniya) və s. Düzdür, bu nümunələri poliqrafik, professional qəzetçilik baxımından kamil adlandırmaq mümkün deyil. Ancaq dilimizin yayılmasında, ədəbiyyatımızın, mədəniyyətimizin, tariximizin öyrənilməsində, təbliğində müəyyən rol oynayırlar.
     Bizim Cəmiyyətin əlaqələrinə gəlincə, get-gedə güclənir və genişlənir. Get-gəllərin, müxtəlif səpkilərdə keçirilən görüşlərin sayı artıb. Heç şübhəsiz ki, yeni ildə münasibətlərimizdə keyfiyyət dəyişikliyi olacaq, biz qardaş və bacılarımızla mədəni ünsiyyətin yeni səviyyəsinə qalxacağıq. Belə bir fakt deyim: «Vətən» xaricdəki mərkəzlərin, dərnəklərin, cəmiyyətlərin ünvanına müntəzəm surətdə ərməğan göndərir: qəzet və jumallar, elmi və bədii ədəbiyyat, məlumat xarakterli materiallar, qramafon valları, maqnitafon və video kassetləri...
     -«Vətən»in xəttilə sənət adamları - yazıçılar, jurnalistlər, rəssamlar, bəstəkarlar, müğənnilər, habelə görkəmli elm xadimlərimiz müxtəlif səpkili səfərlərdə olub. Şəxsən siz ötən il cəmi iki ölkəyə - Qərbi Almaniyaya və Türkiyəyə getmisiniz. Həmin yerlərdən həmkarlarınızla birgə hansı konkret təəssüratla qayıtmısınız? Daha doğrusu, o ünvanlarda hansı məqsədyönlü plan istiqamətində hərəkət etmisiniz?
     -Dünya - siyasi hadisələrin, toqquşmaların yarış meydanına çevrilib. Mədəni əlaqələr münasibətləri tarazlayır, hirsi soyudur, bəşəriyyəti «qanı qanla yox, su ilə yuyarlar» kimi müdrik Şərq psixologiyasının məntiqi nəticəsinə çağırır. Ona görə həmkarlarımın da, özümün də təəssüratımızı müsbət qiymətləndirirəm.
     Son vaxtlar yaxın qonşumuz və dostumuz Türkiyədə təşkil edilən konqreslər, seminarlar, yaradıcılıq müşavirələri haqqında çox yazılıb. Mən Qərbi Almaniyaya səfər barədə bir neçə kəlmə deyəcəyəm. Ora alman nəşriyyat və redaksiyalarının dəvətilə Azərbaycan haqqında mətbuat konfransları verməyə getmişdim.
     Səfərim bir həftə çəkdi: Bonn, Nümberq, Frankfurt, Dortmund, Erlangen, Darmiştat kimi iri şəhərlərdə konfranslar verdim. Qısa vaxt ərzində müasir Azərbaycandakı siyasi vəziyyətlə, o cümlədən, Qarabağ hadisələri ilə, eləcə də ədəbiyyat və tariximizlə bağlı bir çox ciddi söhbətlərə nail oldum. Yerli televiziyaya, radioya, bir sıra alman və türk qəzetlərinə müsahibələr verdim. Qırxa qədər gərəkli, vacib tədbirin iştirakçısı oldum. Məncə həm qürbətdə yaşayan azərbaycanlılar, həm də almanlar dediyim məsələlər istiqamətində dolğun məlumat əldə elədilər. Necə deyərlər, bunu alman mətbuatı da səmimiyyətlə qeyd etdi.
     -Güman ki, elə əlaqələrin bəhrəsidir: indi xaricdə respublikamıza sonsuz maraq göstərirlər. Bu yaxınlarda mətbuat xəbər verdi ki, ABŞ konqresmeni Cim Mudi sizin dəvətinizlə Bakıya gəlib. Azərbaycanın bir neçə rayonunda, habelə Qarabağda olub. Qonaqdan məqsəd soruşmazlar, ancaq bilmək istərdik, amerikalının gəlişinin məqsədi nəydi və deyə bilərsinizmi, öz qitəsinə hansı təəssüratla qayıtdı?
     -Əlbəttə, təbliğatın gücü özünü göstərir. Məgər elə Dağlıq Qarabağ hadisələrinin ilk mərhələlərində bizə edilən hücumların, arxadan dəyən zərbələrin əksəriyyəti xaricilərin haqqımızda məlumat azlığından irəli gəlmirdimi? Kəmfürsət düşmən bu manevrdən məharətlə öz xeyrinə istifadə elədi. Dünyanın bütün nöqtələrində çığır-bağır saldı. Bir müddət təkləndik. Çünki atalar demişkən: «oğru elə qışqırmışdı, doğrunun bağrı yarılmışdı». Səhvimizi gec başa düşdük...
     Qaldı Cim Mudi - bu şəxs Amerikanın nüfuzlu siyasi xadimi, Demokratlar Partiyasının liderlərindən biridir. O, Azərbaycandakı siyasi vəziyyətlə tanış olmaq, erməni təcavüzünün həyasızlığını gözü ilə görmək məqsədilə yurdumuza təşrif gətirmişdi. Bu son dərəcə mühüm səfərlə bağlı çox danışdıq. Hörmətli qonağın hər arzusuna əməl edildi. Konqresmen, həqiqətən, Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərində, ətraf rayonlarda oldu. Vilayətin xəritəsini, əhalinin tərkibini, onların məskunlaşma tarixini, münaqişənin başlanması səbəblərini təqdim etdiyimiz obyektiv faktlar əsasında öyrəndi. Amerikalı etiraf etdi ki, onun vətənində erməni lobbisi güclüdür və ABŞ-da «mənfi azərbaycanlı» obrazını onlar yaradıblar. Onu da bildirdi ki, qayıdan kimi ölkə konqresində çıxış edəcək, mətbuat konfransı keçirəcək, əsl həqiqəti bütün təfsilatı ilə ictimaiyyətə çatdıracaq. Əminəm ki, məşhur siyasi xadimin, iqtisadçı alimin respublikamız barədə qənaəti gələcəkdə müsbət nəticə verəcək.
     -Elçin müəllim, SSRİ prezidenti M.S.Qorbaçov xalq deputatlarının son qurultayında təxminən belə bir fikir söylədi: Biz görünür, Dağlıq Qarabağda və ölkənin bir sıra bu kimi qaynar nöqtələrində prezident idarə üsulu tətbiq eləməli olacağıq. Bu l'ikir erməni millətçilərini yenidən qızışdırmırmı, prezidentin ölkənin daxili siyasətində yol verdiyi belə qeyri-sabit dəst-xəttini, kiminsə xeyrinə tərəfkeşlik eləməsi faktını necə qiymətləndirirsiniz?
     -Ölkə iqtisadi tənəzzül okeanında üzür. Görünür, Dağlıq Qarabağ saman çöpüdür. Amma boğulanı nə Dağlıq Qarabağla, nə Oşla, nə də Şimali Osetiya ilə xilas etmək mümkün deyil. Çevik və cəld dalğıc lazımdır ki, suda hər səmtə hərəkət edə bilsin, batanın canını qurtarsın. Təəssüf ki, sahildən, ancaq tamaşaçı sifəti ilə dayanıb baxırlar, sanki həzz alırlar, ölkənin sabahı barədə düşünmək istəmirlər. Bunlar qəsdənmi eləyirlər, bilərəkdənmi eləyirlər, məncə tarix tezliklə dürüstləşdirəcək...
     -Yaradıcılığınızla bağlı bir ənənəvi sual. Siz «Vətən» Cəmiyyətinin sədri kimi ictimai, ümumazərbaycan, ümumölkə əhəmiyyətli iş aparmaqla yanaşı, həm də yazıçısınız. Tərəddüdlə qarşılaşdığımız Yeni ildə oxucularımıza töhfəniz nədir?
     -Əvvəlcə əsas məsələyə qayıdaq. Sonra yaradıcılığım barədə danışacağam. 1990-cı ilin həmin elə bu yanvar ayı məmləkətimizə tankla, topla gəldi. Dinc əhaliyə amansızcasına divan tutulması ilə başlandı. Haqq səsini ucaldan övladlarımız qırıldı. Hərbi zirehin altında xışmalandı. Belə namərd addım xalqı hiddətləndirdi, coşub-daşan ehtirasları qızışdırdı. Axı, harada görünüb ki, ölkə rəhbərliyi torpağının bir guşəsində - iki milyonluq bir sənaye şəhərində qəfildən, elan edilməmiş fövqaladə hərbi vəziyyət yaratsın? Küçələrə səpələnmiş dinc əhalini güllə-baranla dağıtsın? Və səbəblər məlum ola-ola təqsirkarlar indiyədək axtarılıb tapılmasın? Bakı hadisələrinə niyə siyasi qiymət verilməsin? Deyir... haynan gələn vaynan gedər, onsuz da günlərin bir günü pərdə yırtılacaq...
     Düzü qarışıqlıq hadisələrin sel kimi axını yazıçının yazı-pozu masasını da, əlbəttə, çox soyudur. Axı, qələm sahibi öz xalqının taleyinə necə biganə qala bilər? Nə isə... Ötən il Bakıda, Moskvada, həmçinin bir sıra xarici ölkələrdə - Almaniyada, Yuqoslaviyada kitablarım nəşr olunub. London televiziyası hekayələrim əsasında teletamaşa hazırlayıb ekrana buraxıb: «Evlənmək istəyirəm» adlı faciəvi komediyamı tamamlamışam. Teatrlarımızın birinə təqdim etmək fikrindəyəm. Sonra Molyerin «Skapenin kələkləri» və «Jorj Danden» komediyalarını Azərbaycan dilinə tərcümə eləmişəm, dahi dramaturq barədə elmi oçerkimlə birlikdə nəşriyyata vermişəm. Daha sonra filologiya elmləri doktoru Vilayət Quliyevlə müştərək neçə ildən bəri üzərində işlədiyimiz kitabı yazıb qurtarmışıq. «Klassik Azərbaycan ədəbiyyatında, folklorunda işlənən janrların, formaların izahlı lüğəti», «Cəhənnəm» adlı roman, təzə hekayələrim üzərində işimi davam etdirirəm. Görək, sağlıq olsun, çaplarına tələsmirəm.
     -Bəs, «Vətən» Cəmiyyəti mədəni, mənəvi əlaqələr fonunda ilin başlanğıcında xalqına nə vəd edir, nə arzulayır?
     -Cəmiyyətin xəttilə gördüyümüz və görəcəyimiz işlər barədə az-çox danışdım. Biz elə bir zəmanədə yaşayırıq ki, bəzən hər ayın, hər həftənin öz hökmü ilə rastlaşır, beləliklə, planlar alt- üst olur. Amma yenə təkrar edirəm, ümumilikdə həmvətənlərimizlə mədəni əlaqə körpülərini genişləndirəcək, münasibətləri əməlli-başlı sahmana salacağıq. Xalqa arzumuz nədir? Bütövlük, həmrəylik, dəyanət, əmin-amanlıq və xoşbəxt həyat. Dünyanın bütün siyasi oyunlarında udan da insandır, uduzan da...
Müsahibəni apardı Ağacəfər Həsənli.
1991.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (07.08.2014) | Müəllif: R.C E W
Baxış: 635 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more