Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Daha dərin qatlara (Məqalə)
DAHA DƏRİN QATLARA


     Azərbaycanda Şekspiri çox sevirlər. Az qala bir əsrə yaxındır ki, Şekspiri tərcümə edir, tamaşaya qoyur, çap edir və ən başlıcası isə oxuyur, ona tamaşa edirik, həm də nəinki yalnız oxuyur və yalnız tamaşa edirik, yox sevə-sevə, hiss edə-edə, qəhrəmanlarının sevincinə, dərdinə şərik çıxa-çıxa oxuyur və tamaşa edirik.
     Rayonlarımızdan birində olarkən, bir kənd müəlliminin evində maraqlı söhbətin şahidi oldum: ev yiyəsi böyük ehtirasla sübut edirdi ki, Şekspir yaradıcılığında heç bir məxsusi «ingilislik» yoxdur, Şekspir yaradıcılığı tipinə, təbiətinə görə, eləcə də həyat və cəmiyyət hadisələrinə, insana münasibətdə milli yox, bəşəri sərvətdir və məhz buna görə də o, indiki halda, yəni bizim dünyagörüşümüzdə, bizim yozumda Qərbin sənətkarı yox, Cənubun sənətkarıdır, lap elə Azərbaycan sənətkarıdır.
     Əlbəttə, bu mülahizələrdə elə bir incə mətləb yox idi, hər şey aydın idi, lakin buradakı səmimilik və təbiilik də şəksiz idi. Lirin böyük qızlarının nankorluğu, Kordeliyanın isə vəfadarlığı, Yaqonun qəddarlığı və hiyləgərliyi, Otellonun dəhşətli sadəlövhlüyü, Hamletin intiqam hissi və ümumiyyətlə, onun bütün «ailəvi» əhvalatı, Ofeliyanın məsumluğu, əhdkarlığı, «On ikinci gecə»dəki kəndli tipləri - bütün bunların hamısının bizim bugünkü məişətimiz üçün də səciyyəvi olduğu barədə çox səmimi söhbət gedirdi; bəli, elə rayonumuzun özündə, axtarsan neçə Otello, neçə də Yaqo tapmaq olar, vacib deyil ki, mütləq kimsə kimi isə öldürməlidir, məsələ xasiyyətdə, hisslərdə, düşüncələrdə, bir sözlə, xislətdədir...
     Bir az sadəlövh, lakin, ümumiyyətlə, maraqlı olan bu söhbətin məğzindəki çatışmazlıq, daha doğrusu, birtərəflik, naqis cəhət sonralar məni çox düşündürdü. Bu gün kənd müəllimimizin Şekspir yaradıcılığına yaxından bələd olması, əlbəttə, razılıq hissi doğururdu, lakin eyni zamanda, bu mülahizələrdəki məhdudluq narahat edirdi: müsahibimiz Şekspiri doğrudan-doğruya bir «cənublu» kateqoriyaları ilə qəbul edirdi; hakimi-mütləq kişilər; hüquqsuz, köməksiz qadınlar, aravuranlar, özündən müştəbehlər və müdriklər, məkr və məhəbbət, qısqanclıq və mənliyin təhqir olunması, çılpaq hiss və həyəcanlar və bütün bunlann hamısının Cənub fakturasında, cənublu ehtiraslarının ifadəsi kimi görmək və qəbul etmək...
     Ser Tobi hər hansı bir kənd təlxəyini və əyyaşını xatırladır. Malvolio isə iddialı, bumunu yuxarı qaldırmış bir səfehdir və bu iki tipin ikisi də bizim qonşu kənddə yaşayır. Çox gözəl. Belədir ki var. Lakin məsələyə yalnız bu baxımdan yanaşsaq, onda bəs məhz Avropa intibahı hanı, məhz Yelizaveta İngiltərəsi harda qaldı? Bizim dostumuzun yozumunda Şekspir öz milliliyini, hərgah belə demək mümkünsə, avropalılığını tamam itirirdi və bununla belə, yaradıcılığının bəşəri mahiyyətinə nəinki nəsə əlavə edirdi, əksinə, azaldırdı, çünki belə bir yozum Şekspir yaradıcılığının vüsətini azaldır, onu sadələşdirir, dayazlaşdırırdı.
     Və biz neçənci dəfə fikirləşdik ki, ancaq böyük tarixi konteksdə götürəndə ədəbi millilik «ümumbəşəriliyi» zənginləşdirə və təcəssüm etdirə bilər, sənəti milli köklərdən məhrum şəkildə və yaxud milli etinasızlıqdan doğan bəşərilik mövqeyindən qavramaq isə «ümumbəşəriliyi» yalnız cırlaşdırar, sxematikləşdirər.
     Əlbəttə, sənətkara belə bir münasibət - zahiri cizgi və çalarlara uyaraq milliliyi və ümumbəşəriliyi qəbul və inkar etmək yalnız dostumuz kənd müəlliminə aid bir xüsusiyyət olsaydı, onda yəqin ki, bu qeydləri yazmağa ehtiyac hiss etməzdik. Təəssüf ki, belə deyil və bu yanlış metodoloji münasibət tez-tez sovet ədəbi tənqidində, o cümlədən, Azərbaycan ədəbi tənqidində də özünü büruzə verir, bəzən fikir və mülahizələrimizə, düşüncə tərzimizə hakim kəsilir, nəticə etibarilə müasir ədəbiyyatın yanlış meyarlarla aparılan təsirinə, naqis təsnifata gətirib çıxarır.
     Ədəbi tənqid bəzən millinin və ümumbəşərinin çox mürəkkəb, eyni zamanda dialektik vəhdəti daxilində fərdin milli konsepsiyasına, ədəbi qəhrəmanların milli psixolojisinə bir o qədər də diqqət yetirmir. Aydındır ki, çılpaq şəkildə, ayrıca və müstəqil bir ümumbəşərilik mövcud deyil; milli bədii-estetik qadirlik özünün ən yüksək nöqtəsində ümumbəşərilik mərhələsinə keçir və bu mərhələnin ayrı-ayrı özünüifadə komponentlərinə çevrilir. Bu cəhət, xüsusən, bu gün - milli mədəniyyətlərin qarşılıqlı əlaqə və qarşılıqlı təsir gücünün artdığı bir dövrdə özünü daha artıq dərəcədə təsdiq edir. Bu gün biz, xalqlarımız arasındakı dostluq şəraitində yaşayırıq və bu mövqe, bu şərait bizim gündəlik həyatımızı çox cəhətdən müəyyənləşdirir, onu qarşılıqlı mədəni sirayətin zənginliyi mənasında daha mündəricəli edir. Sovet xalqlarının ictimai maraqları ümumidir, eynidir və bu ümumilik, eyniyyət əsrin sonlarına yaxınlaşdıqca məişət və mədəniyyətimizə daha dərindən təsir edir. Lakin əbəs yerə demir, yazmır və hiss etmirik ki, hər bir xalqın- rusun, özbəyin və azərbaycanlının, ukraynalının, gürcünün və estonun milli özünəməxsus cəhətləri və bu cəhətlərin təzahürü bizim birliyimizdə və qardaşlığımızda öz hərtərəfli əksini tapmışdır. Sovet ədəbiyyatı tarixinə, onun inkişaf mərhələlərinə nəzər saldıqda bunu görmək çətin deyildir ki, heç bir böyük sənətkar və heç bir qabil sənət şərhçisi yuxarıda yazdığımız cəhətdən sərf-nəzər etməmişdir və əslində, bu mümkün də deyil, çünki bu milli cəhətlər məhz birlik və qardaşlıq şəraitində daha da inkişaf etmiş, ədəbiyyatlarımızın ən yaxşı nümunələrində öz parlaq bədii-estetik inikasını tapmışdır («Sakit Don» və «Abay», C.Cabbarlının dramaturgiyası, Mejalaytisin poeziyası kimi milli və ədəbi faktları xatırlayaq).
     Belə bir qarşılıqlı əlaqə və qarşılıqlı təsir, hətta mən deyər- dim ki, qarşılıqlı müdaxilə ədəbiyyatda və ümumiyyətlə, sənətdə milli başlanğıcı, əsas mahiyyətin milli köklərini nəinki azaltmır, əksinə, onun inkişafı üçün daha münbit zəmin yaradır. Lakin biz bu gün sovet ədəbi tənqidinin bir küll halında gündəlik təcrübəsinə istinad edərək görürük ki, qardaş xalqlar ədəbiyyatının, o cümlədən, Azərbaycan ədəbiyyatının meydana çıxartdığı kolliziyaların və xarakterlərin milli mahiyyəti ya ümumi sözlərlə şərh olunur, ya da bundan tamam sərf-nəzər edilir. Anarın «Ağ liman» povestindən bir misal gətirmək istəyirəm. Povestin qəhrəmanı Təhminə bu gün çox yayılmış emansipasiyaya uğramış qadın tipinin nümayəndəsidir; o, elmlər namizədidir, çox gözəl və çox da sərbəst yaşayır, daha dəqiq desək, Təhminə təsadüfi münasibətlərdə öz ifadəsini tapmış bu «sərbəstliyin» əsiridir, o öz müstəqilliyini əhatə olunduğu adamların əsas etibarilə obıvatellərin gözünə soxaraq, əzabla həqiqilik və təmizlik axtarır. Burada sanki heç bir milli özünəməxsusluq yoxdur.
     Biz Təhminə surətinin bu kiçicik təhlilində bilərəkdən mülahizələri ümumi şəkildə yürütdüksə də bir söz çox yerinə düşdü ki, bu da «əzab» sözüdür. Təhminənin öz «emansipasiyasını» «modernliyini» məhz əzabla necə qəlbən, necə hisslərə qapılaraq özünə dərd etməsi, tamamilə, milli səciyyə daşıyır. Fransız qadını belə bir «emansipasiyanı», belə bir «modernliyi», təbii ki, heç vaxt özünün əzablı qayğılar mənbəyinə çevirməzdi. Bu yerdə biz məhz Şərq sakininin, məhz azərbaycanlı qadının daxili aləminin, əzab-əziyyətlərinin şahidi oluruq. Müəllifin məharəti və milli xüsusiyyətlərə sadiqliyi də məhz bu incə mətləbi duymasında və göstərə bilməsində idi. Təhminə surəti yeni olmaqla bərabər, bizim ədəbiyyatda Sevil («Sevil»), Maya («Böyük dayaq»), Səriyyə («Körpüsalanlar») xəttinin başqa şəkildə və başqa materialda qanunauyğun bədii davamı və inkişafıdır.
     Lakin, nədənsə, ədəbi tənqid bu cəhətə fikir vermədi. Təhminə haqqında çox danışıldı, onu həm insan kimi təhlil etdilər, həm də surət kimi və axıracan da yaxşı məlum olmadı ki, o «müsbət» surətdir, yoxsa «mənfi» (hər halda, yəqin ki, «mənfi» surət idi). Bəzi tənqidçilər yazırdılar ki, Təhminənin təbiətində hər şey «həddən artıqdı» və yəqin ki, bu mülahizə Təhminə barədə söylənilənlərin içində ən dəqiqi idi. Lakin bu yerdə təbii bir sual meydana çıxır: Anar kimi rasional və hər şeyi ölçüb-biçən bir yazıçı niyə öz surətinin təbiətində «həddən artıq»lığa yol verib? Bu qadın surətinin məhz milli psixolojisi dərindən təhlil olunmadığı üçün həmin sual da açıq qalırdı.
     Bütün bunları yazmaqla heç də ədəbi tənqidin səviyyəsizliyini sübuta yetirmək fikrində deyilik; mətləb başqadı: milli sovet ədəbiyyatçılannın ən yaxşı nümunələrində millilik, necə deyərlər, «əyalət koloriti», «ekzotika» deyil, ciddi sosioloji problemlər yükünün daşıyıcısıdır. Yuxarıda haqqında bəhs etdiyimiz əsərdən çıxış edərək qarşıya belə suallar qoyaq: gündəlik həyatımızın və şəxsi münasibətlərimizin müasir forması bizim qadınlarımızın hiss-həyəcanlarında özünün əksini necə tapmışdır? O yalnız iş yerində deyil, öz evində, intim həyatında, yaxınları ilə, eləcə də özünün özü ilə münasibətlərində hansı hisslərlə yaşayır, nə düşünür, nə istəyir? Əlbəttə, bunlar elə problemlərdir ki, əsaslarında mühüm sosioloji səbəblər dayanır. Bu tipli konfliktləri başa düşmək və bu problemləri ədəbiyyatda həll etmək və tənqiddə də əks etdirmək üçün, təbii ki, təhminələrin, səriyyələrin, mayaların, sevillərin milli psixolojisinə daha artıq diqqət yetirmək lazımdır. İlk baxışdan elə görünə bilər ki, misal üçün, rus yazıçılarının bu baxımdan ədəbi tənqidə münasibəti qənaətbəxşdir. Həqiqətən, Vasili Belovun, yaxud Fyodor Abramovun qəhrəmanlarının milli təbiəti haqqında çox yazılıb və doğru yazılıb. Bu yazıçılar (eləcə də onların haqqında yazan tənqidçilər!) müasir rus kəndlisinin yeni milli cəhətlərini gördülər və gördüklərini, etdiklərini rus ədəbiyyatında və ümumiyyətlə, sovet ədəbiyyatında yeni vasitələr, yeni boyalar və çalarlarla göstərdilər, onların yaratdığı surətlər sayəsində «kənd nəsri» dediyimiz müasir sovet nəsri meydana çıxdı, yəni kənd həyatından bəhs edən əsərlərdə bədii-estetik keyfiyyətin xeyrinə əhvali-ruhiyyə təzələndi. Bütün bunlarla bərabər, hətta İvan Afrikanoviç, yaxud Pryaslinlər kimi qəhrəmanlar haqqında da bəzən söhbət ümumi şəkildə, necə deyərlər, «xırdalanmalardan» (belə bir «xırdalanma» isə, hər halda, çox vacib- dir) gedir. Söhbət mənəvi təmizlikdən və dözüm qüdrətindən, qə- dirşünaslıqdan, sədaqətdən və s. kimi cəhətlərdən gedir. Söz yox ki, bu cəhətlər əsl rus kəndlisi üçün səciyyəvi xüsusiyyətlərdir, lakin bizə elə gəlir ki, rus «kənd nəsrindən» bəhs edən tənqidçilər bir mühüm cəhətə - bu nəsrin qəhrəmanları ilə onların yaşadıqları və bir insan (eləcə də ədəbi surət) kimi formalaşdıqları sərt şimal fakturası arasındakı həmahənglik, bənzərlik cəhətinə lazımınca diqqət yetirmirlər. Halbuki məhz bu cəhətin doğurduğu milli (indiki halda bəlkə də geniş mənada məhəlli) psixologiya «kənd nəsrinin» qəhrəmanlarını, deyək ki, Şoloxov qəhrəmanlarından fərqləndirir. Bu adamlar (və bu surətlər) çox sağlam və eyni zamanda çox həlim, yumşaq olurlar; onların ürəklərinin, qəlblərinin poetikliyi ilə qurtarmaq bilməyən məişət mübarizələri və qayğıları arasında qəribə bir müştərəklik mövcuddur və bütün bu cəhətlər isə hər biri ayrı-ayrı halda mühüm əhəmiyyətə malikdir; bu cəhətlər rus kəndlisinin təkrarolunmaz tipik sifətini meydana çıxarır, necə ki, yalnız Moskva və Leninqrad (ancaq Moskva və Leninqrad!) Yuri Trifonovun qəhrəmanlarını meydana çıxara bilər.
     Trifonov qəhrəmanlarının müasir həyatdan təcrid olunmaları, öz şəxsi bioqrafiyalarının məhdud marağı ilə yaşamaları, məhz bu səpkili tipaj olduqlarına görə müəllif tərəfindən öyrənildikləri və ifşa olunduqları barədə sovet ədəbi tənqidində çox yazılmışdır. Bizə elə gəlir ki, burada nəsə bir səbəb var. Y.Trifonovun «Dəyişmə»sindən tutmuş «Qoca»sına kimi əxlaqi-məişət povestlərinin mündəricatı obıvatel mahiyyətli özünəqapanmanın və həyati illüziyaların böhranından, belə bir böhranın qəhrəmanların hərəkətlərinə, hiss-həyəcanlarına, dünyagörüşünə təsirindən ibarətdir: bir partlayış baş verir və bu partlayış ilk baxışda dəyişməz görünən hər şeyi tar-mar edir. Göründüyü kimi, bu sırf rus ədəbiyyatı mövzusudur və Turgenev, L.Tolstoy, Dostoyevski, Çexov kimi klassiklərin əsərlərindən bu və ya digər dərəcədə bizə məlumdur. Burada psixoloji xüsusiyyətlər də çox millidir; olanların, mövcudun mənəvi natamamlığı, mənəvi çatışmazlığı (təsadüfi deyil ki, Trifonovun qəhrəmanları dörd povestdə düz dörd dəfə (!) infarkt olur) sırf milli boyalarla işlənmişdir.
     Doğrudan da, mənzil dəyişdirmək, qarşılıqlı yardım kassası ilə münasibət, bağ düzəltmək cəhdləri, zibil yeşiyini kimin boşaldacağı barədəki mübahisələr, şərikli mətbəx şəraitindəki deyinti- lər və s. kimi «xırda» məişət qayğıları Trifonov qəhrəmanlarını məhz böyük şəhər həyatının tipik və eyni zamanda, milli nümayəndələri etmişdir.
     Y.Trifonov sovet ədəbi tənqidinin diqqət mərkəzində olan yazıçılardandır. Onun haqqında çox yazırlar, amma, nədənsə, bu müəllifin yaradıcılığındakı millilik barədə bir söz deyilmir. Hal- buki, məhz milli səciyyə bəzən təəccüb doğuran, naqolaylıq əmələ gətirən Trifonov qəhrəmanlarını və Trifonov konfliktlərini başa düşməkdə, anlamaqda bizə kömək edə bilər.
     Milli səciyyənin dərininə varmaq bacarığı ədəbiyyatın yüksək keyfiyyətini təmin edən cəhətlərdəndir və bir sıra məşhur, oxunaqlı əsərlərə bu baxımdan yanaşdıqda məhz milli səciyyə məhrumluğu nəticəsində meydana çıxmış bədii-estetik naqisliklə rastlaşırıq.
     İ.Qrekovanın «Kafedra» əsəri çap olunduğu son bir neçə ay ərzində, az qala, bestsellərə çevrilmişdir. Povestin qəhrəmanı professor Flyagin mürəkkəb insani keyfiyyətiərə malik surət kimi düşünülmüşdür. Son dərəcə pedant, hərflərin və paraqrafların düzgün düzülüşü naminə bütün dünyanı qurban verməyə hazır olan bu adam «Kafedra»nın digər qəhrəmanlarının, eləcə də oxucuların nifrətini qazanır. Lakin Flyagin yalnız birmənalı xislətə malik insan deyil, hədsiz dərəcədə düz, təmiz adamdır və onun bu xüsusiyyəti düşmənlərini belə silahsızlaşdırır. Eyni zamanda, biz bunu da görürük ki, Flyaginin ailə həyatı da çətinliklərlə doludur və bu həyatda o, olduqca insani bir məxluqdur.
     İlk baxışda hər şey aydındır. Lakin yalnız ilk baxışda. Bəli, Flyagin düzlüyü, təmizliyi rus düzlüyü, təmizliyidir, lakin onun xasiyyətindəki nadanlıq xüsusiyyətləri elə bil ki, düzlüyü, təmizliyi kimi, bilavasitə həyatdan alınmamış, düşünülmüş, quraşdırılmışdır (həm də məharətlə quraşdırılmışdır), burada milli dəqiqlik yoxdur. Flyagin bu cəhətdən Leskovun «Dəmir iradə»sindəki almana daha artıq oxşayır, nəinki rus ziyalısına. Əlbəttə, bugünkü rus ziyalısı Leskov dövrünün rus ziyalısından çox fərqlənir, lakin bu ziyalının təbiətindəki millilik formaca dəyişsə də, məzmunca dəyişməzdi. «Kafedra» povestində mənəvi və sosioloji parametrlər həyatdan götürülməmişdir, əvvəldən sayılmış, hesablanmışdır. Nədənsə, tənqid bu mühüm məqamın üzərindən sükutla keçir.
     Ədəbi tənqidin təcrübəsində yuxarıda gətirdiyimiz misalın əks halları da mövcuddur və maraqlıdır ki, bu halda ədəbi tənqid nəinki susmuş, hətta məsələyə yanlış mövqedən yanaşmışdır.
     M.İbrahimbəyovun «Ondan yaxşı qardaş yox idi» povestinin məğzi bundan ibarətdir ki, müəllif öz qəhrəmanının bir şəxsiyyət kimi arxaik mahiyyətindən söz açır və qəhrəmana tənqidi mövqedən münasibət bəsləyir. Başqa sözlə, yazıçı həyatda gördü- yü, tanıdığı bir fərdi öz bədii təhlil obyektinə çevirmiş, eyni zamanda, bir vətəndaş kimi onu qəbul etmir. Bu qəhrəman, hətta ölümə məhkum olunur. Povestdəki qüvvələr tənasübü, onun ideya-əxlaqi aspekti, müəllifin mövqeyi, hətta povestin strukturu özü belə kiçik qardaşın köməyilə böyük qardaşın - qəhrəmanın tənqidinə, biz deyərdik ki, ifşasına tabe edilmişdir. Lakin qəribədir ki, tənqid bununla kifayətlənmirdi, öz-özlüyündə təmiz və bütöv əqidəli bu qəhrəmanın mənəvi-əxlaqi iflası onu qane etmirdi. Tənqid müəllifin milli koloritlə işlədiyi bu surətin daha açıq-aşkar, daha müstəqim, birbaşa ifşasını görmək istəyirdi.
     Ümumittifaq tənqidi də bu əsərə diqqət yetirdi, bir sıra məxsusi məqalələr yazıldı, lakin bu yazılarda da başqa ifrat cəhət açıq-aşkar özünü göstərirdi: Cəlil müəllimin xarakterindəki milli koloritdən, demək olar ki, sərf-nəzər edildi, əsas fikir povestin yadda qalan təsvir vasitələrinə, onların plastikasına, üslubi kamilliyinə yönəldildi. Halbuki povestdə təsvir edilən iki qardaşın bir- birinə faciəvi münasibəti məhz onların milli təbiəti ilə şərtlənirdi. Bu, əsas məsələ idi və bunsuz həmin povest meydana çıxmazdı. Bu qeydləri yazmaqda və bu misalları gətirməkdə məqsədimiz yalnız müasir nəsrimizdəki milli xüsusiyyətlərin tənqid tərəfindən nə dərəcədə qavranılıb açıqlanmasını göstərməkdən ibarət deyil, həmin milli xüsusiyyətlərin mühüm bədii-estetik əhəmiyyətə malik olduğunu bir daha nəzərə çarpdırmaqdır.
     20-30-cu illər sovet ədəbi tənqidindəki vulqar sosioloji təmayüllər yeni sovet ədəbiyyatında milli mahiyyəti bu ədəbiyyatın sosialist məzmununa qarşı qoymağa cəhd edirdi və bu mənada nəinki yalnız Klyuyev, eləcə də Yesenin, nəinki yalnız Cavid, eləcə də Müşfiq tənqid olunurdu. Əlbəttə, bu gün ədəbi tənqidi inkişafımızın ayrı-ayrı mərhələlərində özünü büruzə vermiş həmin sapıntılar bizdən çox-çox uzaqdadır. Lakin bununla belə, bir məsələ həqiqətdir: sovet ədəbiyyatında və o cümlədən, Azərbaycan sovet ədəbiyyatında milli özünəməxsusluğun problematikası hələ lazımi dərəcədə, tələb olunan səviyyədə öyrənilməmiş, işlənilməmişdir; çox zaman milli özünəməxsusluqdan surətə, süjetə, əsərin ideya-bədii mahiyyətinə münasibətdə nəsə əlavə bir cəhət kimi, həm də zahiri göstəricilərdən çıxış edərək bəhs olunur. Əlbəttə, bu nəinki düzgün deyil, ümumiyyətlə, bir küll halında sovet poetikası və estetikası üçün, eləcə də gündəlik işimizdə və geniş oxucu auditoriyasının ideya-estetik tərbiyəsi işində, biz deyərdik ki, ziyanlı bir çatışmazlıqdır.
     Bizim formaca milli ədəbiyyatımızın vahid məzmunu vardır - sosialoji məzmunu. Eyni zamanda, bu vahid məzmun çox zəngin imkanlara malikdir, çoxcəhətli, çoxşaxəlidir və təbii ki, forma ilə sıx surətdə əlaqədardır. Yaradıcılıq təcrübəmizdən görünür ki, qəhrəmanlarımızın milli mahiyyəti barədə bir o qədər də düşünmürük; tənqid isə bu haqda bizim özümüzdən də az düşünür. Həyati, canlı, sosioloji baxımdan zəngin problematikalı, bədii estetik baxımdan yaddaqalan, oxucunu dərhal ələ alan, vicdanlı və dəqiq əsərlər yaratmaqdan ötrü biz bu əsərlərdə sosializm realizmi metodunun zəruri prinsiplərinə əsaslanaraq, milli səciyyəviliyi və tipikliyi ifadə etməliyik. Sovet ədəbiyyatının ən yaxşı nümunələri sübut edir ki, bizim bədii özümüzü təsdiqimiz məhz bu istiqamətli özümüzü ifadəmizdən çox asılıdır.

1979.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (23.06.2014) | Müəllif: R.C E W
Baxış: 608 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more