Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Dəyişməzlik (Məqalə)
DƏYİŞMƏZLİK
(Akademik Məmməd Arif haqqında)


Sən dedin könlünün sənət eşqini
Arzu aləmində diqqətlə yoxla.
Sən onu min hissin içində ara,
Qoyma küsüb gedə, uça, yox ola.
Əli Kərim

     Mən Arif müəllimi ilk dəfə nə vaxt görmüşəm? Nə qədər fikirləşirəmsə də xatirimə gətirə bilmirəm. Amma onun adını ilk dəfə nə vaxt eşitdiyim hafizəmdə dəqiq qalıb.
     Bakıdakı 7 saylı məktəbin ikinci sinfində oxuyurdum. Həyatımın ilk rəsmi tətil günlərindən təzəcə qayıtmışdım, dərslər də təzəcə başlamışdı. Sinfimizə təcrübəçi tələbələr gəlmişdi (yəqin ki, APİ-nin ibtidai siniflər üçün müəllimlər hazırlayan fakültəsinin tələbələriymiş). Umra müəlliməmiz dərs keçirdi, tələbələr arxa cərgələrdəki partalarda əyləşirdi, biz də ürəyimiz tıp-tıp edə-edə gözləyirdik ki, Umra müəllimə hansımızdan soruşacaq. Biz çox nigaran idik: tanımadığımız əmilər, xalalar (yəqin ki, 19- 20 yaşlı cavanlar!) sinfimizdə oturub gözlərini bizə dikirdi ki, görsünlər necə cavab veririk. Sonra cəmi 45 dəqiqəlik dərs saatında belə əvəz oluna biləcəyini təsəvvürümüzə sığışdırmağımız, bizim üçün əvəzsiz Umra müəllimə dərs zamanı arxada əyləşdi (kiçik partalara sığışmadığı üçün müəllimlər otağından özünə stul gətirmişdi) və həmin tələbələr bir-bir bizə dərs keçməyə başladı. Tənəffüs zamanı da bizi başlarına yığıb söhbət edirdilər və bu söhbətlər zamanı zil qara qıvrım saçlı, üzü sızanaqlı bir «əmi» dərs jumalında mənim atamın adını, familimizi oxudu və gözlənilmədən dedi:
     -«Bahar suları»na azı on dəfə baxmışam... Arif müəllimin də gözəl məqaləsi var.
     Əlbəttə, sinif yoldaşlarım bu sözdən heç bir mətləb anlamadılar, amma mən başa düşdüm ki, söhbət atamın pyesindən gedir, çünki bütün əsərlərinin adını bilirdim.
     Axşam evdə atamdan soruşdum:
     -Arif müəllim sənin «Bahar suları»n haqqında məqalə yazıb?
     Atam mənim belə «böyükanə» suallarıma öyrənmişdi, dedi:
     -Hə, yazıb. - Sonra soruşdu: - İndi də məqalələrə keçmisən?
     Mən mənalı-mənalı atama baxdım və heç nə demədim. Bu mənalı baxışlar mənim tərəfimdən bir növ intiqam idi, çünki çox oxuduğum üçün, hava qaralandan sonra kitab-jurnalı əlimə almağı mənə qadağan edirdilər.
     Həmin gün mən özüm atamın qəzet-jurnallarını axtardım və o məqaləni tapdım və mənə məlum oldu ki, Arif müəllim - Məmməd Arifdir və o elə bir adamdır ki, yoxlamaya gələn tələbələr (nədənsə, mənə elə gəlirdi ki, təcrübə keçən tələbələr yoxlama komissiyasıdır) onun adını da hörmətlə çəkirlər.
     Bəlkə həmin kiçik və mənim üçün unudulmaz hadisədən əvvəl də evimizdə atamdan, atamın bizə gəlib-gedən yoldaşlarından Arif müəllimin adını eşitmişdim; amma fikrimdə həkk olan budur.
     Bəzən indi də o keçmiş tələbəni təsadüfən küçədə, bazarda görürəm və təbii ki, o məni yaddan çıxarıb, tanışlığımız yoxdu, salamlaşmırıq, zil qara qıvrım saçlar tamam seyrəlib, ağarıb, qayğılar, fikirlər bir zaman sızanaqlı sifətinə iz salıb və mən öz- özümü güclə saxlayıram ki, ona yaxınlaşıb deməyim: «Günlər nə yaman gəlib keçdi? Hanı sizin o zil qara, qıvrım saçlarınız?.. 7 nömrəli məktəbdə 2-ci sinifdə oxuyan o balaca uşaq yadınıza gəlirmi? O da mənəm...».
     Vaxt atlı, biz piyada...
     Günlər keçdi, mən Arif müəllimin yazılarını oxudum, onu yaxından tanıdım, onun rəhbərlik etdiyi institutda işlədim.
     Bu gün mən Arif müəllim haqqında oçerk yazıram.
     Bu gün Arif müəllimin özü də artıq dünyada yoxdur.
     ... Məmməd Arif 70 yaşından bir az artıq ömür sürdü.
     Düzdür, Məmməd Arifi tanımayan adam sifətdən ona heç vaxt yetmiş yaş verməzdi. Onu tanıyanların, yaradıcılığına bələd olanların isə fikrində Arif müəllim artıq çoxdan bir ixtiyar idi, müdriklik təcəssümü idi və məhz buna görə də onun yetmiş yaşı təbii görünürdü; yetmiş ilin müdriklik zirvəsi vaxtından əvvəl fəth edildiyi üçün belə idi.
     Məmməd Arif yalnız Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslıq elmi nümayəndələri üçün deyil, ümumiyyətlə, Azərbaycan mədəniyyət xadimləri, ictimai elmlərlə məşğul olanlar üçün «Arif müəllim» idi. Həm də bir yox, bir neçə nəslin müəllimi idi və məsələ yalnız bunda deyildi ki, o, sözün müstəqim mənasında bir çoxumuzun müəllimi olmuşdu. Məsələ burasında idi ki, Arif müəllim «müəllim» məfhumunun daşıdığı mənəvi yetkinliyi, idraki kamilliyi öz şəxsiyyətində və yaradıcılığında cəmləşdirmişdi.
     Ağ kağızın üzərində qələm işləyir. Kitab yazılır. Çap maşınları işə düşür. Kitab çap olunur. Kitab rəy doğurur.
     Oxucunun rəyi bir fərdin fikridir, bir fərdin hiss və həyəcanından, bir fərdin dünyagörüşündən, həyata münasibətindən yaranır. Tənqidçi fikrinin isə əsasını nəzəri-estetik ümumiləşdirmə təşkil edir, bu fikir fərdin yox, ictimaiyyətin fikri olur, çünki tənqidçi (söhbət əsl tənqidçidən gedir) ictimai fikrin əldə etdiyi yüksəklikdən çıxış edir.
     Belə olmalıdır. Lakin həmişə belə olurmu? Yox, biz bilirik ki, həmişə belə olmur, tənqidçi fikri həmişə fərdi fikir çərçivəsini parçalaya bilmir, yəni həmin fikir bəzən belə bir «parçalama» qüdrətindən məhrum olur.
     Məmməd Arif qələmini səciyyələndirən ən mühüm cəhətlər- dən biri bu idi ki, ayrı-ayrı əsərlər və ədəbi hadisələr haqqında onun rəyi bir fərdin hüsn-rəğbəti, təqdir və yaxud təkdiri yox, çox zaman ictimai fikrin müasir inkişafı səviyyəsindən söylənən mülahizələr olurdu. Cəfər Cabbarlının yaradıcılıq yolundan bəhs edən monoqrafiya (1956), ədəbiyyat tariximiz haqqındakı ayrı-ayrı oçerklər, Azərbaycan sovet ədəbiyyatının yaradıcılıq problemlərinə həsr olunmuş «Tənqid və ədəbiyyatşünaslıq» (1941), «Lirika» (1946), «Dil və üslub» (1948), «Bədii tərcümə» (1954), «Azərbaycan sovet romanı» (1957) və s. kimi məqalələr bu fikrin layiqli illüstrasiyalarıdır.
     Məmməd Arif yaradıcılığını səciyyələndirən digər mühüm bir cəhət müasirlik anlayışı ilə bağlıdır. O, bir tərəfdən ədəbiyyat- da və sənətdə müasirliyi duyan, hiss edən, qiymətləndirməyi bacaran qələm sahibidirsə, digər tərəfdən də müasirlik estetik bir kateqoriya kimi onun öz yaradıcılığı üçün xas olan keyfiyyətdir.
     Ədəbiyyatda və sənətdə müasirliyi duymaq və onu müasir elmi-nəzəri tələblər səviyyəsindən işıqlandırmağı, təqdim etməyi, qiymətləndirməyi bacarmaq, - bu, əlbəttə, tənqidçi xoşbəxtliyidir.
     Çox zaman Arif müəllimin mülahizələrində, irəli sürdüyü və əsaslandırdığı fikirlərdə müasirlik və gənclik anlayışları daxili bir vəhdət şəklində meydana çıxır, bu məfhumların dialektik əlaqəsi həmin mülahizə və fikirlərin təzəliyinə, təravətinə, təmizliyinə səbəb olur.
     Arif müəllimi yaxından tanıyanlar bilirlər ki, o, şəxsi həyatda özünə dost seçməkdə çox ehtiyatlı adam idi. Bu barədə fikirləşəndə həmişə Molla Cumanın məşhur misrası: «Canı yanan ya bir olar, ya iki!» - mənim yadıma düşür. Lakin Arif müəllimi tanıyanlar bunu da yaxşı bilirdilər ki, onun şəxsi həyatı ilə ictimai həyatı arasında böyük Çin Səddi mövcud deyildi.
     Arif müəllimin həm ictimai həyatda, həm şəxsi həyatda ən böyük dostu gənclik idi. O, gəncliyi sevir, gəncliyi izləyir, gəncliyi oxuyur və gəncliyə ümid edirdi. O, eyni zamanda, gənclikdən tələb edirdi, gəncliyin yaradıcılığına yüksək meyarlarla yanaşır, heç vəchlə güzəştə getmirdi.
     Əlbəttə, o yerdə ki, söhbət sənətdən gedir və o yerdə ki, sə- nət haqqında sözü sənətkar deyir, məlum məsələdir, güzəştə yer yoxdur.
     ... Mən xəyalən 1973-cü ilə qayıdıram. Onun müdrik, işıqlı çöhrəsi gözlərimin qarşısında canlanır. Arif müəllim düşünür. Arif müəllim işləyir, yazır. Onun elmi-ictimai nüfuzunun, qələ- mindən çıxan sözün təsirinin, nəhayət, yaşının elə bir çağıdır ki, böyük-böyük müəlliflərin böyük-böyük əsərlərinin böyük-böyük problemləri Məmməd Arif araşdırmalarını gözləyir, Məmməd Arif təhlilinə möhtacdır.
     Arif müəllim isə... cavan bir müəllifin yenicə çapdan çıxmış kiçik kitabçasını vərəqləyir, həmin kitabça haqqında məqalə yazır...
     Söhbət bu sətirlərin müəllifindən və onun «Gümüşü, narıncı...» hekayələr kitabından gedir.
     Yuxarıda yazdığımız məhəbbət də, qayğı da, ümid də, eyni zamanda, həmin tələbkarlıq da cəmi yeddi makina səhifəsi olan bu məqalədə özünü tam aydınlığı ilə büruzə verirdi və mən bu gün dərin minnətdarlıq hissi ilə burasını da əlavə etmək istərdim ki, həmin yeddi makina səhifəsinin o cavan müəllifə böyük əməli və mənəvi təsiri oldu...
     Arif müəllim ilə gənclik arasındakı belə bir münasibət qarşı- lıqlı idi. Gənclik də onu sevir, izləyir, oxuyurdu; bu gün də oxuyur və mən buna şübhə etmirəm - sabah da oxuyacaqdır.
     Arif müəllim «Azərbaycan səhnəsinin günəşi» adlı məqaləsində yazırdı: «Mən Abbas Mirzə Şərifzadə ilə (məqalə bu böyük artistin yaradıcılığından bəhs edir.) yaxından tanış deyildim, onunla oturub-durmamışdım; mən ona lap uşaqlıqdan əlçatmaz bir sənət məşəli kimi, bir günəş kimi baxırdım; uzaqdan tamaşa edirdim və tamaşasından doymurdum».
     Mənim üçün onun söylədiyi bu fikirdə Abbas Mirzə Şərifzadə şəxsiyyəti ümumiləşdirilmiş bir obraza çevrilir. Sənət, yaradıcılıq, bədii ədəbiyyat Məmməd Arifin özü üçün də bu dərəcədə müqəddəs idi, o ən adi bir şerə də sənət əsəri kimi baxırdı və sənət əsərindən umduğunu həmin şerdən umurdu. Arif müəllimin təhkiyəsindəki, təhlilindəki, hətta tənqidindəki yumşaqlıq da məncə, məhz həmin xüsusiyyətlə bağlı idi.
     Məmməd Arifin yaradıcılığı üçün xas olan xüsusiyyətlərdən biri də ən yaxşı əsərlərində təhlilin dərinliyi, nəzəri fikirlərin zənginliyidir: onun təhkiyəsi sadədir, lakin bu sadəliyin arxasında çox zaman elmi-nəzəri səviyyənin yüksəkliyi, dünyagörüşün əhatəliliyi, təfəkkürün vüsəti durur.
     Bu mənada «Cəfər Cabbarlının yaradıcılıq yolu» monoqrafiyası yalnız onun yaradıcılığında deyil, ümumiyyətlə, ədəbiyyatşünaslıq elmimizdə görümlü hadisədir. Monoqrafiyada Cəfər Cabbarlı yaradıcılığının inqilabdan əvvəlki ədəbiyyatımızla sovet ədəbiyyatı arasında bir körpü təşkil etməsinin, Cəfər Cabbarlının «sovet dramaturgiyasının əsas yaradıcılıq prinsiplərini, onun məzmun və forma yeniliklərini» ədəbiyyatımıza gətirməsinin və öz yaradıcılıq təcrübəsi ilə bütün bunları möhkəmləndirməsinin əsaslı izahı və elmi təsdiqi verilmişdir. Cəfər Cabbarlı novatorluğu, «hadisələrin ən mühüm cəhətini mükəmməl və bədii surətlərdə ifadə etmək» bacarığı, «realist sənətdə tipiklik məsələsinin düzgün həllinə» müvəffəq olması monoqrafiyada elmi-nəzəri cəhətdən özünəlayiq tədqiq və təhlilini tapmışdır.
     Ədəbi tənqidimiz və ədəbiyyatşünaslıq elmimiz üçün bu gün də aktual olan bir məsələni xüsusi qeyd etmək istəyirəm. Arif müəllim verdiyi hökmləri (əslində, o, hökm vermir, mülahizə irəli sürürdü) sübutsuz qoymurdu. Onun mülahizələri əsaslandırılmış olurdu, əksər məqalələrində bəhs edilən əsərin nə üçün zəif və yaxud nə üçün dəyərli olmasının elmi-nəzəri izahı verilirdi.
     Ədəbiyyatın janrları arasında dramaturgiyanın problemləri Arif müəllimin yaradıcılığında aparıcı mövqelərdən birini tutur. Onun yuxarıda haqqında danışdığımız monoqrafiyası, eləcə də «Səməd Vurğunun dramaturgiyası» əsəri Azərbaycan dramaturgiyasının yaradıcılıq problemlərinə həsr edilmişdir. Ayrı-ayrı dövrlərdə yazılmış «M.F.Axundovun komediyaları» (1938), «Dramaturgiyamıza bir nəzər» (1946), «Dramaturgiyada dil və dialoq» (1948), «M.F.Axundov və sovet komediyası» (1953), «Dramaturgiyamızın yüksəlişi uğrunda» (1953) kimi əsərlər, eləcə də A.S.Qriboyedov («Böyük rus dramaturqu», 1945), A.P.Çexov («Anton Pavloviç Çexov», 1960), A.N.Ostrovski («Həqiqi xalq sənətkarı», 1945) kimi rus dramaturgiyası klassikləri haqqında məqalələr dramaturgiyanı duyan və bu janrı sevən bir qələm sahibinin tədqiqi, təhlili, düşüncələridir.
     Əlbəttə, dramaturgiya problemlərinə bu dərəcədə meyl edən bir müəllifin teatrla da bağlılığı təbii, qanunauyğun bir haldır. Arif müəllimin Üzeyir Hacıbəyovun («Böyük xalq sənətkarı». 1948) musiqili komediyalarına, operalarına, Abbas Mirzə Şərif- zadənin («Azərbaycan səhnəsinin günəşi», 1963) səhnə fəaliyyətinə həsr etdiyi, eləcə də A.N.Ostrovskinin əsərlərinin Azərbaycanda səhnə həyatından bəhs edən («Rus klassiki Azərbaycan səhnəsində», 1946) məqalələri, «Antoni və Kleopatra» (V.Şekspir), «Bahar suları» (İ.Əfəndiyev) tamaşaları haqqında geniş resenziyaları məhz sənətşünas-alim qələminin məhsuludur; bunlar verilən qiymətlərin əsaslandırılması və dəqiqliyi etibarilə yadda qalacaq əsərlərdir.
     Arif müəllimin bir sıra həcmcə kiçik məqalələrinin belə böyük praktiki əhəmiyyəti olurdu. Misal üçün, onun «Azərbaycan xalq teatrı» (1950) adlı həcmcə kiçik tədqiqatı bu gün də həmin sahə adamlarının stolüstü kitabıdır. Xalq oyun və mərasimlərində teatr və tamaşa ünsürləri klassik Azərbaycan ədəbiyyatına, səhnəsinə, xalq yaradıcılığına yaxından bələd olan bir alim tərəfindən araşdırılaraq həmin tədqiqatda müəyyənləşdirilmiş, mərasimlərin təsnifatı verilmiş, oyunlar canlı bir təhkiyə ilə təsvir olunmuşdur.
     Arif müəllim yarıməsrlik yaradıcılıq yolu boyu həmişə yaxşını axtaran, yaxşını görən və yaxşıya ürəkdən sevinən bir tənqidçi olmuşdur. Onun yaradıcılığındakı bu keyfiyyət ədəbi kompromis yox, bir mütəfəkkir genişürəkliyinin ifadəsi idi.
     Məmməd Arif ədəbiyyat aləminə şerlə gəlmişdi. Düzdür, hələ lap yeniyetmə ikən «Molla Nəsrəddin» jurnalında felyetonlarla çıxış edirdi, lakin sonralar dövri mətbuatda şerləri daha tez-tez nəzərə çarpırdı. Mən bu faktı ona görə xatırladıram ki, onun hələ ilk gənclik illərindən ədəbiyyat, sənət vurğunu olduğunu nəzərə çatdırım. Həmin uzaq illərdən etibarən də onun ümumi mədəniyyətimizin inkişafı naminə fəaliyyətindəki çoxcəhətlilik həmişə özünü göstərmişdir. Arif müəllim Azərbaycan maarifçilərinə xas ənənənin davamçısı idi. O, ədəbiyyatşünas və sənətşünas alim, pedaqoq, maarif xadimi, tərcüməçi, təşkilatçı idi.
     Onun ibtidai və orta məktəb üçün yazdığı dərsliklər 1932-ci ildən etibarən (!) neçə nəslin böyüyüb boya-başa çatmasına xidmət etmişdir.
     Onun tərcüməçilik fəaliyyəti də böyük hörmətə layiqdir. Yeri düşəndə mən həmişə belə bir faktı misal gətirirəm: əllinci illərin sonunda, altmışıncı illərin əvvəllərində gəncliyin Remark yaradıcılığına maraq göstərməsi hamımıza yaxşı məlumdur. Bəzən bizim bu maraq hissimiz aludəçiliyə çevrilirdi. Gəncliyin aludəçilik hissi ilə təkəbbür ekizdir (milli ədəbiyyata, yaşlı nəslə yuxarıdan aşağı baxmaq mənasında). Bu zaman adamı ayılda biləcək tutarlı faktlardan biri də bu idi ki, hələ 1929-cu ildə Azərbaycan sovet ədəbiyyatının formalaşdığı mürəkkəb bir dövrdə cavan bir oğlan olan Məmməd Arif, Remarkın «Qərb cəbhəsində təbəddülat yoxdur» adlı məşhur romanından parçaları Azərbaycan dilinə tərcümə edərək «İnqilab və mədəniyyət» jurnalında çap etdirmişdi.
     Məmməd Arif bizim görkəmli və bir az da talesiz ədəbiyyatçımız Mikayıl Rəfilinin yaradıcılığının ilk dövründən bəhs edən «Keçmiş səhifələrdən» adlı məqaləsində gənclik çağlarını xatırlayaraq yazırdı: «O zamankı (söhbət əsrimizin iyirminci illərindən gedir) gənclər içərisində Rəfili çoxlu bədii ədəbiyyat mütaliə etməsi ilə fərqlənirdi. O, dünya ədəbiyyatmın mühüm əsərləri ilə tanış idi... Təbiətən narahat olan Rəfili bir şair kimi də narahat idi: zəmanə ilə ayaqlaşmağa can atan, daim axtaran, öyrənən, təcrübə edən, səhv buraxmaqdan qorxmayan bir şair idi. O, bütün gənclik həvəsi ilə yeni dövrün səslərini, bəzən hət- ta yeni kimi səslənən sədalarını dinləyir, yalnız dinləmir, qavrayır, mənimsəyirdi. Ondakı qavrayış mənimsəmə qabiliyyəti dağ seli kimi güclü idi».
     Bu gün biz kitabxana sakitliyi içində köhnə qəzet, jurnal komplektlərini vərəqləyərək, Arif müəllimin özünün o uzaq gənclik çağlarındakı ədəbi fəaliyyətini izlədikcə, həmin gənclik çağlarının ədəbi məhsulunu gözlərimiz qarşısında canlandırdıqca, fikirləşirik ki, professor Rəfili haqqında söylənən bu sözlər öz müəllifinin də gəncliyini səciyyələndirir. Düzdü, Arif müəllim təbiətən narahat deyildi, sakit idi (hər halda, zahirən belə idi), lakin eyni zamanda narahat bir qələm sahibi idi; düzdü, Arif müəllim şair deyildi, lakin onun elmi təfəkkürü ilə və bu təfəkkürün bəhrələri ilə poeziya arasında sıx bir bağlılıq, yaxınlıq var idi; o da «zəmanə ilə ayaqlaşmağa can atan, daim axtaran, öyrənən», «yeni dövrün səslərini» dinləyən, qavrayan və mənimsəyən bir şəx- siyyət idi, həm də bu xüsusiyyətlər yalnız gənclik illəri üçün deyil, bütün ömür yolu üçün xas idi.
     Azərbaycan oxucusu qırx ildən artıq bir müddətdə lamançlı Don Kixotu tanıması və sevməsinə görə də Arif müəllimə minnətdardır. Evripidin, Qoqolun, Çexovun, Qorkinin, Bexerin, Barbüsün, Ostrovskinin və digər rus və Qərb ədəbiyyatı nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşrində Arif müəllimin rolu az olmamışdır. Lev Tolstoyun «Hərb və sülh» romanının I və IV cildlərinin tərcüməsi isə bizim tərcümə ədəbiyyatının nailiy- yətlərindəndir.
     Arif müəllim 1946-cı ildə A.Surkov və V.İnberlə birlikdə İran yazıçılarının I konqresində iştirak və çıxış etmiş, Tehrandan və Şirazdan başqa, Təbrizdə olmuş, Cənubi Azərbaycan ictimaiyyətilə görüşmüşdür. (Mən indi də bu sözləri bir nisgillə yazıram, 46-cı ildən otuz yeddi il keçib, necə deyərlər, bir igid ömrü. Lakin bu gün də «Təbriz» sözü bizi diksindirir və bu gün də Şimallı qələm sahiblərinin Cənubu görməsi bir əfsanə təsiri bağışlayır...)
     Məmməd Arif uzun illər Nizami adına Ədəbiyyat və Dil İnstitutunun direktoru, Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti olmuşdur. İkicildlik «Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi», üçcildlik «Azərbaycan ədəbiyyatı tarixi» və ikicildlik «Azərbaycan sovet ədəbiyyatı tarixi» kimi fundamental əsərlərin meydana çıxmasında onun xüsusi xidmətləri var.
     Məmməd Arif bir çox baş redaksiyaların, redaksiya heyətlərinin üzvü idi, Dövlət mükafatı almışdı və s. lakin bütün bu yüksək titullarla bərabər, o, əslində, ədəbiyyatın adi, işgüzar zəhmətkeşi idi.
     Mən yenə bir paralel gətirmək istəyirəm. Arif müəllimin 1960-cı ildə yazdığı «Cabbarlı haqqında xatirələr»ində belə bir yer var: «1928-1931-ci illərin qəzetlərini vərəqlərkən, Cabbarlının ən çox ədalətsiz tənqidə məruz qaldığını görürük. Halbuki həmin illər yazıçının yaradıcılığında ən məhsuldar, ideya və bədii cəhətdən ən müvəffəqiyyətli illər idi. Bunun səbəblərini araşdırmaqla, əlbəttə, ədəbiyyat tarixçilərimiz məşğul olacaqlan).
     Biz də bu gün, xüsusən, qırxıncı illərin sonu, əllinci illərin əvvəllərinin qəzetlərini vərəqlədikcə, Arif müəllimin özünün belə bir «ədalətsiz tənqidə» məruz qaldığını görürük və təəssüf hissi ilə fikirləşirik ki, həmin ədalətsiz tənqidlər nə qədər əsəb gərginliklərinə səbəb olub, yuxusuz gecələr öz elmi-tənqidi bəhrələrini verməkdənsə, yaralanmış əsəblərin öhdəsinə buraxılıb, ədalətsiz tənqidlər ruhdan salıb, sındırıb, şikəst edib, lakin təskinliyi onda tapırsan ki, hər bir dövrün «ədalətsiz tənqidi» olub və bu «ədalətsiz tənqid» ilə sənətkarın, mütəfəkkirin mübarizəsində heç bir ruh düşkünlüyünə, sındırılmağa baxmayaraq, nəticə etibarilə qələbə həmişə sənətkarın olub.
     Hakim - zamandır və zamanın sınağı obyektiv sınaqdır, ədalətli sınaqdır.
     ...Arif müəllim zarafatı, yumoru başa düşən və qiymətləndirməyi bacaran adam idi, amma, eyni zamanda, ciddi adam idi. Bəlkə də ciddi sözü burada bir o qədər də yerinə düşmür. Daha dəqiq deməyə çalışsam, «qılıqsızlıq» sözünü işlədərdim, həm də təkəbbürdən, yovuşmazlıqdan doğan qılıqsızlıq yox, təbii bir ağayanalıqdan gələn qılıqsızlıq idi bu; xırdadan tutmuş böyüyəcən - hər bir şeylə bağlı sabit ölçü hissi var idi onda. Buna görə də onunla ünsiyyət, istər-istəməz, bir səfərbərlik tələb edirdi, məsuliyyət tələb edirdi. Bu sözləri mən indi yazıram, Arif müəllimin vəfatından yeddi ildən artıq bir dövr keçdikdən sonra və indi fikirləşirəm ki, axı, deyəsən, o vaxtlar həmin məsuliyyəti bir o qədər də hiss etmirdik? Axı, Arif müəllimlə söhbətlərimizdə, münasibətlərimizdə bir sərbəstlik, azadlıq var idi... Yox, biz onunla görüşəndə, doğrudan da, özümüzü səfərbər edirdik, məsuliyyət hissi də var idi, amma məsələ burasında idi ki, həmin səfərbərlikdə, məsuliyyətdə bir təbiilik var idi.
     Tez-tez Arif müəllimgilə yığışardıq, ailəvi məclislərə, elə- belə söhbətlərə. Araz olardı, Anar, Yusif və Vaqif Səmədoğlu, Qüdrət Əbdülsəlimzadə, Rəhman Bədəlov, Emin Sabitoğlu olardı, deyərdik, gülərdik, Arif müəllim də gəlib bizimlə əyləşərdi, söz duzlu olanda o da gülərdi, hərdən hər hansı bir hadisə ilə, xüsusən də ədəbi hadisələrlə bağlı dəqiq replikalarını verərdi... (Bunları xatırlayıram və özümdən asılı olmayaraq ürəyimdən bir qubar ötür: yaxşı günlər var idi... Keçən günə gün çatmaz, cala- san günü günə - bu məhrəm sözlərin mənasındakı acını duyuram və elə bil, kim isə uzaqlardan gələn bir səslə oxuyur: keçər bu dövran, sənə də qalmaz...)
     Həmin unudulmaz günlərdən biri gözlərimin qabağına gəlir. Yetmişinci illərin əvvəli, yanvar ayının 30-u idi, Arazın ad günü- nə toplaşmışdıq. Səmimi, zarafatlı, duzlu bir məclis idi. Arif müəllim də bizimlə idi. Birdən qapının zəngi çalındı və tamamilə gözləmədiyimiz halda, tanış bir müğənni içəri girdi. Arif müəllim əvvəlcə onu çox hörmətlə qarşıladı, şərəfinə sağlıq dedi, amma bu müğənni tanışımız, qeybət olmasın, yüngül adam idi və get-gedə özünü daha da yüngül aparmağa başladı və mən onun növbəti yüngüllüyündən sonra, necə deyərlər, bir xəcalət hissi ilə Arif müəllimə tərəf baxdım: Arif müəllim yox idi, heç kimin diqqəti- ni cəlb etmədən öz otağına çəkilmişdi... Sonralar da biz bu əhvalatı xatırlayanda, heç nə demirdi, təkcə elə gülümsəyirdi...
     ... Arif müəllimi ilk dəfə nə vaxt gördüyüm yadıma gəlmir, amma onu sonuncu dəfə gördüyüm gün hafizəmdə idi, gündəliyimdə də həkk olunub qalıb.
     «2 dekabr 1975.
     Arif müəllim yenə ağır xəstədi. Ürək, böyrək, hamısı qarışıb bir-birinə. Ümid onadı ki, belə xəstəlikləri çox görüb. Bu gün atamla və Teymur müəllimlə (şair Teymur Elçinlə) birlikdə onu yoluxmağa getmişdik. Araz, Aida, Aqşin, Zümrüd evdə idi. Arif müəllim bizim etirazlarımıza baxmayıb öz otağından çıxdı və asta-asta gəlib kresloda əyləşdi. Görkəmi əvvəlkindən yaxşıdı, amma hiss edirdim ki, daxilən həyəcanlıdı. Bizim gəlişimizə çox şad oldu, deyəsən, darıxırdı, söhbət eləmək istəyirdi. Doğrudan da, xeyli söhbət etdi, Xızı kəndini, Cəfər Cabbarlını xatırladı, iyirminci illərdə Əzizbəyov teatrının camaatın arasındakı nüfuzundan, Şərifzadənin, Ülvi Rəcəbin böyük istedadından danışdı, sonra belə bir fikir söylədi: «Mən iyirminci-otuzuncu illərin təəssüratı ilə danışıram. Bəlkə bu gün onların sənəti başqa cür səslənərdi, danışıqlarında, hərəkətlərində qüsur görərdik. Bilmirəm... Ancaq bir həqiqət var ki, sənətkarı dövründən ayırmaq olmaz». Kefi yaxşı idi, hərdən gülürdü, ümumiyyətlə, şövqlə danışırdı, amma birdən sınıqçılardan, çöpçülərdən danışmağa başladı və bu mənə çox təsir etdi, onun sözlərində gizli bir yaşamaq həvəsi hiss etdim və bu həvəsdə gizli bir nisgil də var idi. Təki bu xəstəlik dövründən də salamat çıxsın. Tez-tez yanına getmək lazımdı».
     Bu görüş Arif müəllimlə son görüş imiş.
     Bir neçə gün sonra mən Moskvaya gedəsi oldum. Qayıdanda Arif müəllim artıq xəstəxanada idi. Gedib onu yoluxmağa macal tapmadım. Dekabrın 27-də vəfat etdi.
     Nə yaxşı ki, o son görüşdə Arif müəllimin sifəti xəstə sifəti de- yildi, əksinə, həmişəkindən daha artıq bir işıq var idi o sifətdə və bu gün məhz o işıqlı sifət mənim gözlərimin qarşısında canlanır...
     ... Arif müəllimin 70 illiyini təntənə ilə qeyd etdiyimiz zaman mən «Qobustan» toplusunda yazmışdım: «Arif müəllimin 60 illik yubiley gecəsi bizim yaxşı yadımızdadır. Həmin vaxtdan elə bil ki, çox az keçib. Lakin bu «azlıq» ömrün on ilidir. Bu on ildə Arif müəllimdə yazmaq, işləmək ehtirası heç dəyişməmişdir. Çox adam deyir: - Arif müəllim heç dəyişmir!
     Biz onun üçün səksənində də, doxsanında da, yüzündə də be- lə bir dəyişməzlik arzulayırıq. Daha sonralar da...».
     Əlbəttə, o vaxt biz ağlımıza gətirmirdik ki, Arif müəllimlə söhbətlərimiz, görüşlərimiz, onunla bilavasitə təmasda olmağımız amansız bir sürətlə özünün son həddinə yaxınlaşır...
     Lakin bu gün (və sabah da belə olacaq!) biz təskinliyi onda tapırıq ki, belə bir dəyişməzlik daha artıq dərəcədə Arif müəlli- min əsərlərinə xas olan bir keyfiyyətdir: ədəbi təsir dəyişməzli- yi, problematika aktuallığı, elmi-nəzəri keyfiyyət dəyişməzliyi, cismən yaşamadığı illərin sınağına sinə gərən mütəfəkkir nüfu- zunun dəyişməzliyi.

1983.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (25.06.2014) | Müəllif: R.C E W
Baxış: 590 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more