Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-«Ədəbiyyat üçün qadağan olunmuş mövzu yoxdur»
«ƏDƏBİYYAT ÜÇÜN QADAĞAN OLUNMUŞ MÖVZU YOXDUR»

     Qəbulunda olduğum vəzifə sahiblərinin, böyük kabinetlərə təsadüf etmiş işgüzar söhbətlərimin sayını xatırlatmaq istəsəm də, bir şey çıxmadı. Çünki əlimə qələm alandan demək olar ki, heç vaxt incəsənətdən-ədəbiyyatdan, ümumiyyətlə, mədəniyyətdən uzaq düşməmişəm. Budəfəki həmsöhbətimsə vəzifə sahibi idi, müsahibədən ötrü görüşü iş yerinə təyin etmişdi. Amma Elçin Əfəndiyev Azərbaycan Respublikasının Baş nazirinin müavini vəzifəsində çalışsa da, mənim həmsöhbətim yaradıcılığını (istər bədii, istər elmi) izlədiyim və bəyəndiyim xalq yazıçısı Elçin idi. Əslində, bu söhbət də vəzifə söhbəti idi. Azərbaycan ədəbiyyatında Elçin müəllimə çatan mənəvi borcdan və xalqının mənəvi- estetik tərbiyəsində ümumən milli ədəbiyyatın öhdəsinə düşən vəzifədən söhbət gedirdi.
     -Televiziya verilişlərinin birində atanızla, mərhum yazıçımız İlyas Əfəndiyevlə bir söhbətinizi xatırlatmışdınız. Gərək ki, İlyas müəllim klassiklərin kitablarına işarə ilə belə deyibmiş: «Bütün bunlardan sonra biz nə üçün yazırıq?» İndi də mən sizin, özünü bir ədib kimi çoxdan təsdiqləmiş yazıçı Elçinin belə bir sualı necə cavablandırdığını eşitmək istəyirəm.
     -Bu, çox məşhur əhvalatdır. Tez-tez xatırlayıram onu. Bir dəfə atamgilə gəlmişdim. Bilmirəm, ovqatının hansı məqamı idisə, birdən kabinetindəki kitab rəflərini göstərərək həmin fikri dedi. Rəflərdə də kimlər yox idi?.. Nİzami, Tolstoy, Balzak, Şekspir, Füzuli... Bu adi sual məni tutdu. Və həmin suala belə cavab verdim ki, gərək hər bir yazıçıya öz xalqının kontekstində qiymət verilsin. Yazıçı özü ilə bərabər öz xalqını da ifadə edən adamdır. Gərək ilk növbədə öz xalqının böyük yazıçısı, şairi olasan ki, sonra səni başqa xalqlar da böyük yazıçı kimi qəbul etsin. Həmişə deyirəm ki, fikir verin, Azərbaycanda nə qədər Hamlet, Ofeliya var. Ona görə ki, Azərbaycan xalqı Şekspiri öz milli ədəbiyyatının faktı kimi qəbul edir. Elə həmin səbəbdən bu gün Azərbaycan xalqının qəbul etmədiyi bir sənətkarın xaricdə müvəffəqiyyəti yalnız müvəqqəti ola bilər.
     -Atanızı xatırladınız... Odur ki, növbəti sualım da bu xatırlamadan və əvvəlki sualımdan doğur: İlyas Əfəndiyevin oğlu kimi ədəbiyyata gəlmək və öz sözünü demək sizə çətin olmadı ki? Əlbəttə, bəlkə də ilk vaxtlar atanızın adı müəyyən qapıların üzünüzə nisbətən asan açılmasına kömək edib. Ancaq bunun əksi də ola bilərdi və yəqin ki, olub da.
     -Bilirsən, hər şeyi istedad həll edir. Əgər kimsə məhz yazıçı oğlu olduğuna görə yazıçılıq etmək istəyirsə, ondan heç nə çıxmayacaq. Bütün dünyada belə hadisələr çox olub. Özümü bir kənara qoyuram. Amma əsrimizin ikinci yarısında Azərbaycanda çox maraqlı hadisələr baş verib. Valideyninin yolunu sənətdə davam etdirərək böyük uğurlar qazanan yazıçıların, ümumiyyətlə, sənət adamlarının adını çəksək, xeyli uzun siyahı alınar.
     Mənim böyük qızım Günay da hekayə yazır, çap olunur. İndi mən onu məcbur edim ki, otur, hər gün bir hekayə yaz, ya da əksinə, əlinə qələm alma!?
     Əgər kimdəsə yazmağa mənəvi ehtiyac varsa, mütləq yazacaq. Əgər istedadı da varsa, təbii ki, o da olacaq yazıçı.
     -İstedad demişkən, sizin dramaturji istedadınız son illərdə parlayıb. Pyesləriniz Azərbaycan səhnəsində İlyas Əfəndiyevin vəfatından sonra oynanılmağa başlayıb. Bunu «İlyas Əfəndiyev teatrı»nda yaranan boşluğu doldurmaq cəhdi kimi açıqlayanlara münasibətinizi bilmək yerinə düşərdi.
     -Bilirsiz, birinci dram əsərimi 1969-cu ildə yazmışam: «Poçt şöbəsində xəyal». Teatrda onu tamaşaya qoymadıqlarından dramatik povest kimi çap etdirdim. Sonra uzun illər daha pyes yazmadım.
     -Niyə, həvəsdən düşdünüz?
     -Yox, həvəsdən düşməmişdim. Nəsr yazsam da, içimdə səhnə üçun yazmaq ehtiyacı var idi. Hərdən atamla yazmaq istədiyim mövzu barədə söhbət gedəndə məsləhət görərdi ki, pyes yazım. Amma mən həmin mövzunu ya roman edərdim, ya da povest. 1991-ci ildə məndə qəribə bir ovqat yarandı. Başladım Molyerin komediyalarını Azərbaycan dilinə tərcümə etməyə. Elə bil, pyes yazmaq yükünün altına girməkdən qaçırdım. Amma sonra özüm də gözləmədən dalbadal iki komediya yazdım: «Ah, Paris, Paris!..», bir də «Salam, mən sizin dayınızam».
     Milli Dram Teatrı da hər iki pyesi qəbul etdi, amma orada təmir gedirdi. «Salam, mən sizin dayınızam» pyesi ruscaya çevriləndən sonra onu Aleksandr Şarovski öz teatrlarında tamaşaya qoymaq istədi. «Dayı» Rus Dram Teatrında tamaşaya qoyuldu. Sonra «Dəlixanadan dəli qaçıb», («Mənim sevimli dəlim»), «Arvadımın əri dəlidir» komediyalarını yazdım, «Mahmud və Məryəm»i səhnələşdirdim. Hamısını özün görmüsən.
     -Keçən il isə Sizin üçün premyeralar ili oldu...
     -Elədir. Maraqlıdır ki, «Dəlixanadan dəli qaçıb» üç teatrda - Milli Dram Teatrında, Rus Dram Teatrında və Ankara Dövlət Teatrında tamaşaya qoyuldu. Həm də ilk dəfə idi ki, Türkiyədə müasir Azərbaycan dramaturqunun əsəri dövlət teatrı səviyyəsində oynanılırdı.
     -Türkiyə demişkən, Anadolu türkcəsindən dilimizə son illər bir ifadə keçib: «Çılpaq yazar». Adətən, bu təyini insan münasibətlərindən daha açıq yazan şair və yazıçılara aid edirlər. Bu cür «təsnifata» münasibətinizi bilmək istərdim. Mən bilən, qəhrəmanları, situasiyaları dolğun təsvir etməyinizi Sizə az irad tutmayıblar...
     -Bir var ədəbiyyat, bir də var ədəbiyyat adı ilə alver. Ədəbiyyat üçün qadağan edilən mövzu yoxdur. Ədəbiyyatı yaradan sənətkardırsa, o, hər şeydən yazmalıdır. Məhəbbətdən yazırsa, açıq deməyə ehtiyac yarananda açıq, qapalıya ehtiyac varsa, qapalı yazmalıdır! Bir də var ki, əxlaqsızlığı ifşa etmək adı ilə əxlaqsız yazılar yazırsan. Əgər əxlaqsız şeylər yazırsansa, deməli, sən əsl sənətkar deyilsən.
     Hərdən öz mətbuatımızı oxuyanda dəhşətə gəlirəm. Ona görə yox ki, bu cür yazanlar var. Dəhşət ondadır ki, bunu alıb oxuyanlar var! Elə bil, bizim bəzi qəzetləri pıqqıldayan «sarı mətbuat» qazanına salıb çıxarırlar! Ən pisi odur ki, «sarı mətbuat» zövqsuz oxucuların sayını çoxaldır. Ədəbiyyat da elədir. Vaxtilə heç bir siyasi motivsiz, bədii cəhətdən zəif olan əsəri çap edilməmiş müəlliflər bu gün sponsor da tapır, kitablarını nəfıs şəkildə çap etdirir. Hələ desən, özlərini dissident də adlandırırlar.
     -Bəs ədəbiyyata dəyən bu zərərli prosesin qarşısını almaq üçün neyləmək lazımdır?
     -Bilirsən, belə meyllərin qarşısını heç bir inzibati tədbirlə almaq mümkün deyil. Hər halda, ümid edək ki, hər şey yaxşı olacaq, əsl ədəbiyyat öz layiqli qiymətini alacaq.
     -Elçin müəllim, Siz çağdaş milli ədəbiyyatımızda ədəbi 15 əsərləri ilə ədəbi tənqidi eyni sanbalda olan tək-tük yazıçılardansınız. Bilirəm ki, işiniz də çoxdur. Amma hər necə olsa, mətbuatda ədəbi prosesə münasibətinizi bildirirsiniz?
     -Ara-sıra yazıram, misal üçün bir cavan şair var: Rasim Qaraca. Heç üzünü də görməmişəm. Şerlərini oxuyanda çox xoşuma gəldi, onun haqqında bir məqalə yazdım. Yaxud Vaqif Bayatlı Önərin kitabı mənə təsir etdi və yazdım. Təəssüf ki, vaxt darlığı ucbatından çox fikirlərimi yaza bilmirəm. Yarımçıq yazılarım çoxdur.
     -Sizin işinizin çoxluğuna görə ədəbi tənqiddən aralanmağınız aydındır. Amma bütövlükdə bizim ədəbi tənqid adama çox süst təsir bağışlayır. Özünüz necə, vəzifəyə keçəndən sonra çap olunan əsərləriniz, tamaşaya qoyulan pyesləriniz barədə də əsl tənqidi fikrə, rəyə rast gəlmisiniz?
     -Nə demək istədiyini başa düşdüm. Əlbəttə, həmin tənqidi materialların içində mənimçün maraqlı, sanballı olanları da var. Amma, ümumiyyətlə, bu gün Azərbaycanda ədəbi prosesin təəssübünü çəkən insanların sayı azalıb. Elə bil, həmin qələm sahiblərinin yazmaq həvəsi sönüb. Mən belə danışanda bəzən etiraz edirlər ki, iclas çaqırmaqla ədəbi prosesə təsir göstərmək, yaxşı əsər yazdırmaq olmaz. Bəli, elədir. Ancaq ədəbiyyatın təəssübünü çəkmək lazimdır ya yox? Mənə etiraz edə bilərlər ki, gərək yaxşı bir əsər çap olunsun ki, onu təhlil etmək həvəsi yaransın. Deyək ki, belə bir əsər yoxdur, amma pisləri ki var. Bədii-estetik zövqü korlayan əsərlərin qarşısını almaq üçün haray salmaq lazımdır! Bu mənada ədəbi proses şəxsən mənimçün qayğılı məsələdir. Vaxtilə ədəbi proses haqqında çox ciddi məqalələr yazmışam. Görünür, yenə yazmaq lazımdır.
     -Allah qoysa. Elçin müəllim, əsərlərinizi oxuyanda bir maraqlı cəhəti hiss etmişəm. Sizin bədii əsərlərinizdə qəhrəmanlarınıza müəllifin çox böyük doğmalığı hiss olunur. Bunu Sizin daha yaxşı tanıdığınız insanlar, bələd olduğunuz xarakterlər barədə yazmağınız kimi qiymətləndirmək olarmı?
     -Özünə yazıçı deyən kəsin öz qəhrəmanlarına doğma olmaması qeyri-mümkündür. Doğmalıq o deməkdir ki, sən öz qəhrəmanını tanıyırsan, duyursan. Bu baxımdan qəhrəmanlarımın hamısı mənə doğmadır - mənimçün qəhrəmanın mənfisi, müsbəti yoxdur. Yazıçı öz qəhrəmanının həm ittihamçısı olmalıdır, həm də vəkili. İlk povestlərimdən birində - «Bir görüşün tarixçəsi»ndə Mirzoppa adlı bir obraz var. Onun çox pis xasiyyətləri olsa da, əlil qardaşı oğlu Duduya qarşı çox mərhəmətli idi. Ona görə də deyə bilmərəm ki, baş qəhrəman Məsməxanımı onu döyüb incidən əri Mirzoppaya nisbətən çox istəyirəm - mənimçün onların ikisi də birdir. Məsələn, mən Mircəfər Bağırovu bir tarixi şəxsiyyət kimi XX əsrdə xalqımızın tale kontekstində çox qara yeri olan bir adam hesab edirəm. Amma söhbətimiz bədii surətdən getdiyi üçün deyə bilərəm ki, «Ölüm hökmü» romanımda yaratdığrım Mircəfər Bağırov bədii obraz kimi mənə çox doğmadır. O da var ki, həyatın özündə də doğmalarımızın hamısı ideal deyil...
     -Elçin müəllim, yaradıcılığınızın erkən çağlarında Sizi kolxoz kəndindən, sovet fəhləsindən yazmamaqda heç günahlandırıblar?
     -Təxminən yetmişinci illərin əvvəlləri idi. «Azərbaycan» jurnalının baş redaktoru rəhmətlik Cəlal Məmmədov idi. Cəlal müəllimin Azərbaycan tərcümə ədəbiyyatında böyük xidmətləri olub. Amma dövrün ideologiyasına inanan, ortodoks mövqeli bir adam idi. Bir gün hekayələrimi gətirib ona verdim. Oxuyandan sonra mənə belə bir sual verdi: «Zibil yeşiklərindən hekayə yazmaq olar?» Dedim ki, əgər zibil yeşiyini obraz kimi görürsənsə, yazmaq olar. Cavabımdan çox qəzəbləndi ki, bax, buna görə belə hekayələr yazırsan! Onun sözləri ilə desək, mən «həyatın dibindəki» insanlardan yazırdım. Yadımdadır, bir hekayə yazmışdım: «On ildən sonra». Qız Azərbaycan məktəbində, oğlan isə rus məktəbində təhsil alırdı. 134 nömrəli rus məktəbilə 132 nömrəli Azərbaycan məktəbi qonşu olduğundan, orada oxuyurdular. Yenə də «Azərbaycan» jurnalında mənə sual verdilər ki, 134 nömrəli məktəbin kimin adını daşıdığını bilirsən? Cavab verdim ki, bilirəm, uşaqları xilas edərkən həlak olan Tofiq Hüseynovun adınadır. İrad tutdular ki, bəs necə olur ki, o cür qəhrəman yeniyetmələrdən yox, VIII sinifdən bir-biri ilə öpüşən gənclərdən yazırsan? Hamı kimi mən də bu cür tənqidlərlə rastlaşmışam. Amma bir cəhəti demək istəyirəm ki, bu yaxınlarda hekayələr kitabımı hazırlayıb çapa vermişəm. Həmin kitabda düz 30 ildə yazdığım hekayələr toplanıb. Onların birinə də təzədən əl dəyməmişəm. Vaxtilə necə yazmışamsa, eləcə də qalıb. Çünki hekayələrimdə elə şey yoxdur ki, formasiya, ideologiya dəyişəndən sonra onu üzə çıxarmaq mümkün olmasın. Məqalələrim də həmçinin. Sovet dövründə tənqidi məqalə də ideoloji məhsul sayılırdı. Amma yenə də məqalələrimin nəinki bircə cümləsinə toxunmamış, çapa hazırlamışam. Həmin məqalələrdə vulqar sosioloji cəhət, yaxud Lenindən sitat yoxdur. Əgər istifadə etmişəmsə də, o, tənqidi məqalənin xeyrinə işlədilib, sitat xətrinə yox.
     Vəzifə borcu... İnsan elə bu dünyaya gələndə taleyi kimi bəşər övladı olmaq vəzifəsi də boynuna biçili gəlir. Hər kəsin mənəvi borc kimi daşıyacağı istedad, həvəs, meyl, sevgi tək bu həyat vəzifəsinə bəzən hökumət vəzifəsi də əlavə olunur. Mənim budəfəki müsahibim də belə ikiqat vəzifə borcunu daşıyan insan idi. Problem araşdırmaq, qərar çıxarmaq, tədbir görmək, göstəriş vermək, tapşırığın yerinə yetirilməsinə nəzarət etmək... Özü də dövlət səviyyəsində. Amma xalq qarşısında Elçin müəllimin ömür boyu daşıyacağı və ağsaqqallıq yaşına çatdıqca məsuliyyəti və sanbalı artan bir tale vəzifəsi də var: milli ədəbiyyatın yazıçı və tənqidçi təəssübkeşliyi.
Söhbətləşdi: Gülcahan Mirməmməd, «Panorama», 10 iyun 1999
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (22.08.2014) | Müəllif: R.C E W
Baxış: 525 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more