Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Ədəbi tənqid ictimai işdir (Məqalə)
ƏDƏBİ TƏNQİD İCTİMAİ İŞDİR
1.


     Ədəbiyyat və incəsənətin cəmiyyətdə oynadığı rol baxımından ədəbi tənqidimizə nəzər saldıqda onun bir-biri ilə üzvi surətdə bağlı iki əsas vəzifəsi diqqət mərkəzində dayanır.
     Birincisi. Ədəbi tənqid «ədəbiyyat və incəsənətin vəziyyətini» müəyyən etmək iqtidarında olmalıdır, yəni yaranan mənəvi sərvətin həqiqi qiymətini verməyi bacarmalıdır, yaxşını pisdən seçməli və yaxşının təəssübünü çəkməli, dövrün bədii-estetik tələblərinə cavab verməyən zəif yazılara, bayağı zövqün bəhrələrinə qarşı mübarizə aparmalıdır.
     İkincisi. Ədəbi tənqid «cəmiyyətin mənəvi sağlamlığı», «adamların yaşadığı mənəvi mühitin» zənginliyi naminə ədəbiyyat və incəsənətin vəziyyətinin qənaətbəxş olması üçün, həmin mənəvi sərvətin vüsətli elmi təsnifatını verməyi, nəzəriyyəni inkişaf etdirməyi və eyni zamanda, əməli surətdə bədii təcrübənin təhlilinə tətbiq etməyi bacarmalıdır.
     Hər iki vəzifənin yerinə yetirilməsi ədəbi tənqid üçün o deməkdir ki, ədəbiyyat və incəsənətimizin cəmiyyətdəki vəziyyəti müəyyənləşdirildikdə (yəni birinci vəzifə yerinə yetirildikdə), həmin vəziyyət razılıq doğursun, biz bir küll halında yüksək ideya-bədii səviyyəli ədəbiyyata sahib ola bilək.
     Aydındır ki, ədəbi tənqidin qarşısında dayanmış bu vəzifələr çox çətin, məsuliyyətli, eyni zamanda, şərəflidir. Azərbaycan ədəbi tənqidinin bu sahədə zəngin ənənələri var.
     Təcrübə göstərir ki, cəmiyyətin həyatında əsaslı dəyişmələr, yeniləşmələr zamanı ədəbi tənqidin üzərinə daha artıq bir məsuliyyət düşür və bu da təbiidir. Çünki tənqidin təhlil və tədqiq obyekti olan ədəbiyyat həmin dəyişmələrdən, yeniləşmələrdən kənarda qalmır.
     Ədəbi tənqid cəmiyyətin fikrini ifadə edir və buna görə də o, ədəbiyyat və incəsənətdən həmin bədii kəşfləri, həyat həqiqətlərinə sadiq qalmağı tələb etməlidir. Eyni zamanda, ədəbi tənqid bu keyfiyyətlərin sənətin «mahiyyətini təşkil etməsi» üçün münbit zəmin yaratmağı bacarmalıdır, yəni bədii təcrübəyə əsaslanaraq, bədii kəşfin də, həyat həqiqətlərinə sadiqliyin də mənasını, mündəricəsini açıb göstərə bilməlidir.
     Məncə, məhz belə bir münasibət ədəbi tənqidimiz üçün me- todoloji əsasa çevrilməlidir və elə bilirik ki, onlar həyat həqiqəti anlayışı ilə bağlı ədəbi tənqiddə ara-sıra özünü göstərən doqmatik mülahizələrə son qoyar. Bəli, həyat həqiqəti birmənalı yox, mürəkkəb anlayışdır. Həyat həqiqəti - hünər, qəhrəmanlıqlar, qələbələrdir, lakin ziddiyyətlərdə, uğursuzluqlarda da həyat həqiqəti var və ədəbi tənqid bu həqiqətin «rəngarəng, gərgin və əzəmətli» vüsətini görməyi və qiymətləndirməyi bacarmalıdır.

2.


     Bu gün Azərbaycan ədəbi tənqidi öz tarixi ilə əvvəlki dövrlərə nisbətən daha effektli şəkildə məşğul olur. Orta əsrlərin ilkin dövrlərindən etibarən, tənqidimizin bünövrəsi araşdırılır, onun ideya-estetik xüsusiyyətlərinin elmi-təsnifatı verilir. Görkəmli ədiblərimizin tənqidi əsərləri toplanıb yenidən çap olunur, tənqidimizin müəyyən dövrlərinə və təmayüllərinə həsr olunmuş dis- sertasiyalar yazılır, bəzi toplu və monoqrafiyalar nəşr edilir. Bu sahədə aparılan tədqiqatların ən sanballısı, mükəmməli Kamal Talıbzadənin «Azərbaycan ədəbi tənqidinin tarixi» əsəridir. Müəllif orta əsrlərin əvvəllərindən başlayaraq Azərbaycan ədəbi fikrinin inkişaf istiqamətlərini müəyyənləşdirir. X. Təbrizi, yaxud N. Tusi kimi böyük ədiblərimizin poetikaya aid əsərlərini, estetika risalələrini, müxtəlif bədii əsərlərə yazdıqları şərhləri araşdırır, təzkirələri, eləcə də Nizami, Nəsimi, yaxud Füzuli kimi dahi sənətkarlarımızın bədii söz və sənət haqqında söylədikləri mülahizələri tədqiq edir və bütün bu araşdırmaların tədqiq və təhlillərinin elmi-nəzəri səviyyəsi yüksək olduğu üçün, ədəbi tənqidimizin tarixi ilə bağlı bir təsəvvür əldə edilir.
     Əlbəttə, bütün bunlar Azərbaycan tənqidinin fərəhli hadisələ- ridir və daha da inkişaf etdirilməli, dərinləşdirilməlidir. Lakin bu böyük və şərəfli iş cari dövrün yüksək elmi-nəzəri səviyyəli tənqid yaradıcılığının hesabına olmamalıdır, çünki belə olsa, biz nəinki yalnız ictimai fikir sahəsində, eləcə də bədii yaradıcılıq sahəsində qabaqcıl mövqeləri əldən verə bilərik. Təəssübü çəkilməyən ədəbiyyatın taleyi təsadüflərdən asılı qalar və onun mənəvi bir qüvvə kimi birliyinə, təsirinə, effektinə böyük ziyan toxunar.
     Bu gün cari bədii təsərrüfatla məşğul olan Azərbaycan ədəbi tənqidinin vəziyyəti nəinki razı salmır, həm də ciddi narahatlıq doğurur və bu narahatlığın əsas səbəblərindən biri ədəbi tənqiddə «tərif» anlayışının «tənqid» anlayışını qat-qat artıq dərəcədə üstələməsidir. Hərgah biz son illərdə yazılmış məqalə və resenziyaları oxumaqla kifayətlənsək, elə bir təsəvvür əldə edərik ki, guya, müasir Azərbaycan ədəbiyyatı başdan-başa ən yüksək bədii- estetik səviyyəyə malik roman və povestlərdən, pyes və hekayələrdən, şer və poemalardan ibarətdir. Bir sözlə, kim nə yazırsa, misilsiz yazır, ədəbiyyata yenicə gələn, ilk şer, hekayə kitabçalarını nəşr etdirən cavan (və qeyri-cavan!) həvəskarların da hamısı misilsiz istedada malikdir... Belə olsaydı, əlbəttə, böyük xoş- bəxtlik olardı və o zaman ədəbi tənqidə də ehtiyacımız, yəqin, indiki qədər olmazdı. Lakin belə deyil. Zəif əsərlər, bir sıra hallarda, açıq-aşkar xaltura, istedadsızlıq nümunələri mətbuata da, nəşriyyatlara da yol tapır və onlar da... təriflənir.
     Düzdür, bu cür sönük, qeyri-bədii yazılar səviyyə etibarilə özlərinə tən gələn məqalələrdə, resenziyalarda təriflənir, lakin elə bu hadisənin özü ədəbi tənqidin nüfuzuna sarsıdıcı zərbə vurmurmu?
     Vəzifə pərəstişkarlığı Azərbaycan ədəbi tənqidində təsadüf olunan naqis hallardan biridir və «tənqid olunmazlar zümrəsi» kimi eybəcər bir «xüsusilik» yaradan səbəbdir. Guya, vəzifəli, mükafatlı, adlı, xidmətli yazıçı, şair istedadından, həqiqi bədii dəyərindən asılı olmayaraq, nə yazırsa, «gözəl» yazır... Hətta heç nə yazmırsa da, tənqidin «vəzifə pərəstişkarlığı» nümunələrində yenə fəal bir yazıçıdır...
     Əlbəttə, bütün bunlar o demək deyil ki, yaxşı əsər ləriflənmə- məlidir, yaxud, müəyyən bir vəzifədə işləyən yazıçı yaxşı əsər yaza bilməz. Yox, belə deyil və yaxşı əsər vəzifəli, yaxud vəzifəsiz müəlliflər tərəfindən yazılmasından asılı olmayaraq, mütləq öz qiymətini almalıdır, həm də elmi dəlillərlə, nəzəri əsaslarla hərtərəfli təhlil olunmalı və qəbul edilməlidir. Lakin yalnız yaxşını görüb və göstərməklə tam şəkildə ədəbiyyatın təəssübünü çəkmək, yüksək keyfiyyət keşiyində dayanmaq mümkün deyil, eyni vətəndaş ehtirası və obyektivliklə yenə də vəzifəli, yaxud vəzifəsiz müəllifin yazmasından asılı olmayaraq, zəifi də görmək və göstərmək lazımdır. Əks-təqdirdə ədəbi meyarlar itəcək, zövqlər korlaşacaq va ədəbi tənqid kimi, «müəlliflərin heysiyyətinə və təkəbbürünə xidmət sahəsinə» çevriləcəkdir. Belə bir halın acı nəticələri isə özünü yalnız ədəbiyyatda, sənətdə büruzə vermir, həm də geniş oxucu auditoriyalarında hələ sabitləşməmiş zövqləri korlayır.
     Əlbəttə, bu yerdə əsas söz, nüfuzlu və səlahiyyətli söz ədəbi tənqidin olmalıdır. Ədəbi tənqid böyük vətəndaşlıq qayələrinə arxalanaraq, cəmiyyətin inkişafında mənfı rol oynayan «tərif məmulatını» özündən kənar etməyi bacarmalıdır.

3.


     Tənqid «ictimai işdir» və o tam şəkildə bu «ictimai iş»in öhdəsindən gəlmək üçün, ilk növbədə, vətəndaş ehtirası ilə fəaliyyət göstərməlidir, həmin vətəndaşlıq prinsiplərindən çıxış edərək yalnız mədəni həyatımıza yox, ümumiyyətlə, ictimai həyatımıza fəal şəkildə, yüksək elmi-nəzəri səviyyədə müdaxilə etməyi bacarmalıdır.
     Tənqid hər şeyi öz adı ilə çağırmağa, qaldırılan problemlərə özünütənqid mövqeyindən yanaşa bilməyə qadir olmalıdır, amma indiki halda biz tam açıqlığı ilə deməliyik ki, bu gün Azərbaycan ədəbi tənqidində belə bir vətəndaşlıq çatışmır.
     Ədəbi tənqid ədəbiyyatın təəssübkeşidir, ədəbiyyatın yüksək ideya-bədii səviyyəsi, estetik zənginliyi uğrunda çalışır, mübarizə aparır (hər halda, belə olmalıdır...). İstedadlı ədəbiyyat isə həmişə xalqı ifadə etmişdir, xalqın xidmətində dayanmışdır. Deməli, ədəbi tənqid: geniş mənada götürülsə, xalqın təəssübkeşidir, xalqm marağı ilə nəfəs alan mənəvi qüvvədir, buna görə də o məhz «ictimai işdir».
     Bu gün biz, neçə deyərlər, əlimizi ürəyimizin üstünə qoyub deyə bilərikmi ki, xalqın mənəvi, iqtisadi, ictimai, ekoloji rifahı naminə Azərbaycan ədəbi tənqidi bir küll halında əlindən gələni əsirgəmir? Təəssüf ki yox, deyə bilmərik...
     Müasir dövrdə qarşılıqlı ədəbi əlaqələrin əhəmiyyəti barədə çox yazılır və doğru yazılır. Son illərdə bizim tənqid və ədəbiy- yatşünaslığımızda bu sahədə müəyyən iş görülmüşdür. Şamil Qurbanovun «Klassik rus poeziyası Azərbaycanda» (Bakı, «Yazı- çı», 1985), yaxud Rauf İsmayılovun «Azərbaycan-fransız ədəbi əlaqələri» (Bakı, «Elm», 1985; rus dilində) və başqa monoqrafiyaların, Nizami adına Ədəbiyyat İnstitutunun hazırladığı «Qarşı- lıqlı Azərbaycan - Avropa ədəbi əlaqələri» (Bakı, «Elm», 1985; rus dilində) kitabının adlarını çəkmək, qocaman ədibimiz Abbas Zamanovun gənclik ehtirası və təşəbbüskarlığı ilə apardığı işi, Pənah Xəlilov, yaxud S. Əsədullayev kimi tənqidçi-ədəbiyyatşünaslarımızın uzun illik səmərəli fəaliyyətini xatırlamaq olar. Müasir fransız tədqiqatçısı L. Məlikova - Səyyarın «Əfsanədən operaya. Sovet Azərbaycanında Koroğlu mövzusunun inkişafı» (Bakı, «Yazıçı», 1985) monoqrafiyasının rus dilinə tərcümə olunub nəşr edilməsi də müasir ədəbi prosesdə nümunəvi bir hadisədir və yeri gəlmişkən, deyək ki, bu əsəri Azərbaycan dilində də nəşr etmək əhəmiyyətli olardı. Lakin ümumilikdə vəziyyət qənaətbəxş deyil. Yuxarıda adını çəkdiyimiz əsərlər say etibarilə Azərbaycan ədəbiyyatına şamil edildikdə, onlar bu ədəbiyyatın qarşılıqlı ədəbi əlaqələrlə bağlı orta əsrlərin əvvəllərindən (son tədqiqatlar isə bu əlaqələri daha qədim dövrlərə - Şumer mədəniyyətinə aparıb çıxarır) gələn ənənələri, yaradıcı prosesin vüsəti müqabilində çox azdır. Bir sıra hallarda isə mövzu aktual olduğu üçün, dissertasiya müdafiə etmək xətirinə tələsik çap etdirilən çiy və bəsit yazılar qarşılıqlı ədəbi əlaqələr kimi mühüm mövzunu gözdən salır, onu gəldi-gedər tənqid-ədəbiyyatşünaslıq məmulatına çevirir.
     Ədəbi tənqid, bir tərəfdən bu cür «tənqid-ədəbiyyatşünaslıq məmulatına» qarşı mübarizə aparmalı, digər tərəfdən yüksək elmi-nəzəri səviyyədə yazılmış, faktoloji zənginliyə malik əsərlərə qiymət verməyi bacarmalı, üçüncüsü isə, özü qarşılıqlı ədəbi əlaqələrin genişlənməsində və mənəvi həyatımızda səmərəli rol oynaya bilməsində fəal iştirak etməlidir.
     Bütün bü mülahizələr, əlbəttə, belə bir bədbin təsəvvür yarat- mamalıdır ki, bizim ədəbi tənqidimiz tamamilə fəaliyyətsiz, şövqsüz, təsirsizdir. Belə deyil. Biz yuxarıda adlarını çəkdiyimiz tənqidçilərin, eləcə də müxtəlif ədəbi nəslə mənsub olan B.Nəbiyevin, Y.Qarayevin, T.Hacıyevin, yaxud A.Hüseynovun, K. Vəliyevin, N. Cabbarovun, yaxud V. Quliyevin, başqa tənqidçilərimi- zin, eləcə də bəzi yazıçılarımızın səviyyəli məqalələrini, esselərini, resenziyalarını mətbuat səhifələrində ara-sıra oxuyuruq. Məhz ara-sıra... Bunlar say etibarilə qarşıda dayanmış bədii-estetikproblemlər müqabilində çox azdır.
     Azərbaycan Yazıçılar İttifaqı ədəbiyyatın başqa sahələrində olduğu kimi, ədəbi tənqidlə də bağlı bu problemlərdən kənarda qala bilməz və qalmamalıdır. Burada şəxsi nümunə böyük əhəmiyyətə malikdir. Yazıçılar İttifaqının rəhbərliyi yeni yaranan ədəbiyyat haqqında fikirlərini ictimai rəy səviyyəsinə çatdırmalı, yeni prinsipial, işgüzar çıxışları ilə ədəbiyyata açıq və ciddi qiymət verməli, ədəbi prosesdə fəal iştirak etməli, «cəmiyyət üçün gərəkli» əsərlərin meydana çıxarılması, zəif və xaltura əsərlərin cəsarətlə tənqid olunması üçün münbit zəmin yaratmalıdır.

1986.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (04.07.2014) | Müəllif: R.C E W
Baxış: 707 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more