Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Cəfər müəllim
CƏFƏR MÜƏLLİM


     Bu gün yazı-pozu işi ilə məşğul olan bir çox yazıçıdan, ədəbiyyatçıdan, pedaqoqdan fərqli olaraq mən universitet auditoriyalarında Məmməd Cəfər müəllimin mühazirələrinə qulaq asmamışam, o, sözün müstəqim mənasında, yəni yazı lövhəsi qarşısında tələbə-professor mənasında mənim müəllimim olmayıb, amma mən universitetdə oxuduğum o uzaq və gözəl tələbəlik illərində universitetin divarları arasında - koridor söhbətlərində də, yataqxanada da, yeməkxanada da, tələbə qeybətlərində də onun haqqında əfsanələr gəzirdi.
     Tələbəlik ilə dekanlıq arasında, daha doğrusu, tələbəliyin dekanlığa münasibətində həmişə gizli bir çəkişmə olur (mən etika xətrinə «gizli bir ədavət» yazmıram), bizdən bir az əvvəl isə filoloji fakültənin dekanı Məmməd Cəfər müəllim idi və həmin əfsanələr də onun bir dekan kimi fəaliyyəti ilə bağlı idi. Bu əfsanələrdə Məmməd Cəfər müəllim həmişə tələbənin müttəfiqi olurdu, tələbəni başa düşürdü, tələbənin ürəyini oxuyurdu, professor-tələbə münaqişələrində tələbənin tərəfdarı və müdafiəçisi idi.
     Sonradan iş belə gətirdi ki, mən universiteti bitirib Nizami adına Ədəbiyyat İnstitutunda ədəbiyyat nəzəriyyəsi şöbəsinin aspirantı oldum, şöbənin müdiri isə Məmməd Cəfər müəllim idi və biz hər gün, bilavasitə təmasda olduqca, Cəfər müəllimi (onu belə çağırırdıq) bir insan kimi daha da yaxından tanıdıqca, heyrətlə və daxili bir sevinclə başa düşürdüm ki, o tələbə əfsanələrinin əksəriyyəti, həqiqətən, olmuş hadisələr, əhvalatlardır...
     Mən indi, bu sətirləri yazarkən də (aradan nə qədər illər keçib!) fikirləşirəm ki, tələbələr bir insan kimi öz dekanının xislətini necə də dəqiqliklə yozub, həyat təcrübəsi, yaş, fəaliyyət və yaradıcılıq miqyası, elmi təfəkkür etibarilə aradakı çox böyük fərqə baxmayaraq, tələbələr həmin qalın fərq qatlarının arasından öz dekanını tanıya bilib.
     Bizim ədəbiyyat nəzəriyyəsi şöbəsi də cavan şöbə idi: altmışıncı illər... Gülrux Əlibəyova ilə Yaşar Qarayev yenicə namizədlik dissertasiyası müdafiə etmişdilər. Şamil Salmanov həmişə içi cürbəcür kitablarla, dəftərlərlə, kağızla dolu olan qalın və ağır portfelini yanında gəzdirə-gəzdirə kitabxanaları gəzirdi, dissertasiyası üzərində işləyirdi (xeyli vaxt keçdikdən sonra həmin dissertasiya əsasında yazılmış monoqrafiya mənim redaktəmlə çap olundu), mən isə «Azərbaycan bədii nəsri ədəbi tənqiddə» adlı namizədlik dissertasiyasını yazırdım və bizim aramızda elmi əməkdaşlıq yox idi, əgər belə demək mümkünsə, elmi dostluq var idi və belə bir dostluq əhvali-ruhiyyəsinə görə biz, əlbəttə, Cəfər müəllimə borclu idik, çünki onun sayəsində idi bu; onun yaradıcılığı da, şəxsiyyəti də bir nümunə idi; onun özünün də dostluğu sabit idi — həm yaradıcılıq dostluğu, həm də şəxsi dostluq.
     O vaxt Əziz Mirəhmədov da doktorluq dissertasiyasının müdafiəsini elə hey uzadırdı və yaxın adamlar hər dəfə Əziz müəllimi görəndə nə vaxt müdafiə edəcəyini soruşurdu, Əziz müəllimin yerinə narahat olurdu, darıxırdı; mən də daxil olmaqla hamı bunu soruşurdu, təkcə Cəfər müəllimdən başqa.
     Əziz müəllim tez-tez bizim şöbəyə gəlirdi, Cəfər müəllimlə onun arasında yuxarıda dediyim sabit bir dostluq var idi, oturub, necə deyərlər, söhbətləşirdilər, zarafatlaşırdılar və yaxşı yadımdadır, bir dəfə mən Cəfər müəllimdən soruşanda ki, nə üçün dostuna təsir etmir ki, müdafiə etsin, Cəfər müəllim özünə xas olan bir sakitliklə (əslində, müsahibini sakitləşdirə-sakitləşdirə!) dedi: «Əziz ciddi adamdır».
     Həmin üç kəlmə söz çox şey deyirdi, ən əsası isə bunu deyirdi ki, müdafiəyə nə var ki, müdafiə asan şeydir. Cəfər müəllim yaxşı bilirdi ki, dostu bəzi başqaları kimi müdafiəni elmi ad almaq xətrinə etmir, ədəbiyyatşünaslıq elmi naminə çalışır. Yoxsa, doğrudan da, müdafiəyə nə var ki... (xüsusən də Əziz Mirəhmədov kimi güclü qələm sahibi üçün!).
     Mən bu kiçik epizodu ona görə xatırladım ki, bu, eyni zamanda, Cəfər müəllimin özü haqqında çox şey deyir: elmlə zarafat eləmək olmaz, bir az kobud şəkildə də desəm, elmə dürtülmək olar, amma elmə dürtülməklə alim olmaq mümkün deyil və bizim filologiya elmimizin təcrübəsi də bunu əyani şəkildə göstərir.
     Xatirələrə daldıqca yeni-yeni hadisələr, əhvalatlar yada düşür, yeni-yeni söhbətlər, müzakirələr, mübahisələr yada düşür və yazdıqca yazmaq istəyirsən, amma mən ki, xatirə yazmıram...
     Bəli, bütün bunlar belə idi, o uzaq və gözəl tələbəlik illərində də, aspirantlıq dövründə də, Cəfər müəllimin şöbəsində işlədiyim günlərdə də.
     Nə yaxşı ki, sonrakı illərdə bütün bunlar beləcə qaldı.
     Cəfər müəllim həmişə həmin mülayim, həmin tələbkar və təvazökar insan, alim idi.
     Onun təvazökarlığı dərk olunmuş təvazökarlıq idi, yəni müdrikliyin, anlamağın doğurduğu təvazökarlıq, çox şey edib hələ heç nə etməmək hasilatından gələn əqidənin yaratdığı və hər cür gizli iddiadan azad təvazökarlıq, mənəvi rahatlıq təvazökarlığı idi.
     Mənəvi təmizlik isə həmişə Cəfər müəllimlə birgə olmuşdu.
     Məhz belə bir yaradıcılıq - şəxsiyyət vəhdəti ədəbi ictimaiyyət arasında, tələbələri arasında ona dərin hörmət qazandırmışdı.
     Cəfər müəllimin «ustad tənqidçimiz, sadə, təvazökar vətəndaşımız» adlandırdığı akademik Məmməd Arif hələ 1941-ci ildə «Tənqid və ədəbiyyatşünaslıq» adlı məqaləsində yazırdı: «M.C.Cəfərov bizim gənc tənqidçilərimiz içərisində çox ciddi, müstəqil düşünən, doğrudan da, yazıçılara və ədəbiyyata kömək etməyə çalışan yoldaşlardandır. Yazıçılar arasında hörməti, nüfuzu vardır və heç şübhəsiz ki, bu hörmət getdikcə artacaqdır».‘
     «Gənc tənqidçini» müasir Azərbaycan ədəbi tənqidinin, Azərbaycan ədəbiyyatşünaslıq elminin ən görkəmli nümayəndələrindən birinə çevirmiş illərin, zamanın sınağı Məmməd Arif uzaqgörənliyini təsdiq etdi.

***


     Akademik Məmməd Cəfərin yaradıcılığı və fəaliyyəti geniş ehtivaya malikdir.
     Məmməd Cəfər - ədəbiyyat nəzəriyyəçisi: Azərbaycan ədəbiyyatı nəzəri problematikasının tədqiqçisi, təhlilçi, təsnifatçı və elmi şərhçisi, Azərbaycan romantizmi deyilən böyük elmi-nəzəri təsərrüfatın yaradıcılarından biri.
     Məmməd Cəfər - tənqidçi: əlli ildən artıq bir müddətdə bu illərin ədəbi-bədii məhsulunu düşünən və düşündürən bir qələmin süzgəcindən keçirən, təhlil obyektinə müasir mütərəqqi dünya ictimai fikri səviyyəsindən nəzər salmağa çalışan qələm sahibi.
     Məmməd Cəfər - rus ədəbiyyatı tədqiqatçısı: XIX əsr rus ədəbiyyatı üzrə mütəxəssis alim, üçcildlik «XIX əsr rus ədəbiyyatı» fundamental əsərinin müəllifi, tolstoyşünas alim. Məmməd Cəfər - filosof: Nizamidən tutmuş XX əsr nümayəndələrinə kimi Azərbaycan ictimai fikir tarixi klassiklərinin dünyagörüşlərinin, fəlsəfi-estetik baxışlarının araşdırıcısı.
     Məmməd Cəfər - pedaqoq: müasir Azərbaycan ədəbiyyatşünas alimlərindən, tarixçilərindən, filosoflarmdan bir çoxunun, sözün müstəqim mənasında müəllimi, onlarla elmlər namizədinin, elmlər doktorunun elmi rəhbəri, opponenti, bir çox dərsliklərin, pedaqoji əsərlərin, mühazirələrin müəllifi.
     Bu yaradıcılığın yüksək elmi-nəzəri səviyyəsinin sabitliyi, təhkiyə bütövlüyü və məxsusi dəst-xəttə sahib olması, burada Nizami, Nəsimi, Füzuli, Axundov, Zərdabi, Məmmədquluzadə, Sabir, Nərimanov, Cavid, Hadi, Cabbarlı, Müşfiq və Vurğunla yanaşı, müasir sənətkarlarımızın da xüsusi tədqiq və təhlil obyekti seçilməsi, ədəbiyyatımızda mərhələlər təşkil edən ədəbi cərəyanların öyrənilməsi, xronoloji baxımdan heç bir dövrdən sərfnəzər edilməməsi həmin yaradıcılığı təsəvvürümüzdə ayrı-ayrı illərdə yazılmış müxtəlif əsərlər toplusu kimi yox, ümumiyyətlə, Azərbaycan ədəbiyyatı haqqında zəngin və tutumlu bir monoqrafiya kimi canlandırır. Həm də bu monoqrafiya yalnız faktik zənginlik, əhatəlilik baxımından deyil, eyni zamanda, ədəbiyyatşünaslıq elminin nəzəriyyə sahəsində də monumental bir əsər kimi əlamətdardır; burada faktik zənginlik bir xammal kimi nəzəriyyəçi-alim qələmi ilə işıqlandırılır, vüsət əldə edir.
     Məmməd Cəfər klassik irsimizə elmi-nəzəri fikrimizin bu gün əldə etdiyi yüksəklikdən nəzər salmaqla, sadə, lakin mənalı və emosional bir təhkiyyə ilə ədəbiyyat tariximizin ən mürəkkəb dövrlərini, ən ziddiyyətli cərəyan və hadisələrini, ən görkəmli nümayəndələrinin sənətkarlığını, onların yaradıcılığının fəlsəfistetik mahiyyətini açmaq və izah etməklə bərabər, müasir ədəbiyyatımızın problematikası ilə də eyni ardıcıllıq və işgüzarlıqla məşğul olurdu.
     M.Cəfərin yaradıcılığını səciyyələndirən əsas cəhətlərdən biri müasirlik anlayışının estetik kateqoriya kimi bu yaradıcılıqda hərtərəfli elmi əksini tapmasıdır: bir tərəfdən tədqiq və təhlil olunan obyektə xas müasirlik mütəmadi surətdə araşdırılır, digər tərəfdən isə araşdırmaların özü müasirlik kateqoriyasının sovet ədəbiyyatşünaslığı və ədəbi tənqid qarşısında qoyduğu tələblərə cavab verir; yəni Nizaminin, Füzulinin, Axundovun, Məmmədquluzadənin, eləcə də sovet yazıçılarının yaradıcılığına xas olan müasirlik elmi-texniki inqilab dövrünün, yaxşı mənada, standartlarına cavab verən səviyyədə öyrənilir və təhlil edilir.
     M.Cəfərin yaradıcılığı klassik və müasir ədəbiyyatımızın ədəbi-bədii təhlili və olsun ki, bundan daha artıq dərəcədə, ictimai-fəlsəfi mündəricəsinin açılması baxımından qiymətlidir. Bir küll halında götürsək, bu axırıncı ana xətt onun yaradıcılığında «Nizami yaradıcılığında humanizm» kimi tədqiqatlar ilə başlayır, «M.F.Axundovun ədəbi-tənqidi görüşləri», yaxud «Azərbaycan ədəbiyyatında romantizm» kimi tədqiqatlarla davam edir, «Hey, hey, yeni dünya!» - deyən Cabbarlının «yeni həyat, yeni insan, yeni sənət» konsepsiyasının elmi izahı ilə sosializm realizmi ədəbiyyatının nəzəri problemlərinə həsr olunmuş «ədəbiyyatın inkişafında Lenin təlimi», «əsrin mütərəqqi yaradıcılıq metodu» kimi tədqiqatlarla sona yetir.
     Nizami yaradıcılığında humanizm motivlərini tədqiq edərək M.Cəfər böyük mütəfəkkirin humanizm haqqında fikirləri ilə Azərbaycan ictimai fikrində İntibah dövrünün başladığını və bu fikirlərin sonralar Avropada geniş yayılan humanizm cərəyanı ilə səsləşdiyini inandırıcı bir şəkildə sübuta yetirir.
     İnsan və təbiətə, sənət və ədəbiyyata münasibətində Nizaminin orta əsr sxolastikası çərçivələrini həqiqi sənətkar qüdrətilə parçalayaraq fanatizm, asketizm və müstəbidliyə qarşı çıxması, sənətin ictimai vəzifəsi haqqında, ümumiyyətlə, bədii yaradıcılığın qanunlarına dair fikirlərində realist platformada dayanması M.Cəfər yaradıcılığında öz parlaq elmi təsdiqini tapmışdır. Nizaminin fəlsəfi-estetik görüşlərində idealist Platon nöqteyi-nəzərini deyil, realist Aristotel nöqteyi-nəzərini göstərən və sübuta yetirən müəllif, şairin «Leyli və Məcnun», «Xosrov və Şirin», «Yeddi gözəl», «Şərəfnamə», «İqbalnamə» kimi əsərlərindən, eləcə də lirikasından elə misallar seçməyə və bunları elə yüksək elmi-nəzəri səviyyədə şərh etməyə nail olmuşdur ki, bir tərəfdən sənətkarlıq, versifikasiya səviyyəsi etibarilə Nizaminin gözəllik, estetik kamillik haqqındakı fikirlərinin əyani şəkildə illüstrasiyasını verir, digər tərəfdən isə bu şərh, izah və təhlillər müasir dövrdə Azərbaycan ədəbiyyatşünaslıq elmində qazanılmış nəzəri yüksəkliyi əyani şəkildə nümayiş etdirir.
     M.Cəfər klassik şerimizdə Nizami yaradıcılığı motivlərini araşdıraraq onun əsərlərində ruhi və cismani əsarətə qarşı etirazı, ictimailik, bərabərlik ideyasını, «Mehrabı eşqdir uca göylərin, Eşqsiz, ey dünya, nədir dəyərin?» - deyən lirik qəhrəmanın ülviliyini və bütün bu motivlərin Azərbaycan ədəbiyyatındakı gələcək ardıcıl inkişafını dəqiq və sərrast müşahidələrlə açıb göstərir.
     Bu cür dəqiq və sərrast müşahidələr onun Azərbaycan ədəbiyyatının digər böyük nümayəndəsi - Füzuli haqqındakı tədqiqatları üçün də səciyyəvidir.
     Füzuli yaradıcılığından bəhs edən M.Cəfər «Aşiq Füzuli ilə mütəfəkkir Füzulini»‘ vəhdətdə götürərək sübut edir ki, Füzuli dünyagörüşünü, Füzuli eşqini sadəcə zövqpərəstlik adlandırmaq, onun yaradıcılığını mücərrəd fəlsəfi formullarla, Platonun «ideal eşqi» və ya Kantın transendental idealizmi ilə izah etmək mümkün deyil. Bu mülahizələri irəli sürən alimin əsas müttəfiqi feodal cəmiyyətinin, ədalətsiz ictimai əlaqələrin, təəssübkeş dini görüşlərin çərçivəsinə sığmayan Füzuli yaradıcılığı, bu yaradıcılığın fəlsəfi və estetik mündəricəsidir. Öz metodologiyasında daim elmi obyektivliyi əsas götürən M.Cəfər, eyni zamanda, Füzulini müasir mənada ateist-materialist adlandıran ədəbiyyatşünasların fikri ilə də qətiyyən razılaşmır və Füzuli yaradıcılığını dövrün bütün ziddiyyətləri, tarixi qanunauyğunluqları ilə birlikdə araşdırır.
     Füzulinin bir şair və mütəfəkkir kimi böyüklüyünü əyani şəkildə dərk edən oxucu, M.Cəfərin yaradıcılığı sayəsində klassik poeziyamızda onun ənənələrinin inkişafını görür, hiss edir, düşünür və bu ənənələrin müasir ictimai-fəlsəfi fikrimizlə, mənəviyyat, məişət və ədəbi düşüncələrimizlə, bədiiyyatımızla qaynayıb-qarışmasının səbəb və mənasını başa düşür.
     Şərq fəlsəfəsinə, ictimai fikrinə və ədəbiyyatına «sufizm» adı verib, Şərq ictimai fikrindən danışanda yalnız feodal dünyagörüşünü tanıyan, feodal dünyasına qarşı çıxan «bütün fikir cərəyanlarını və onun ədəbiyyatdakı bədii ifadəsini^ görmək istəməyən, Şərqin böyük mütəfəkkirlərini, o cümlədən, Azərbaycan ədəbiyyatının Xaqani, Nizami, Nəsimi, Füzuli kimi nümayəndələrini «sufi şair» kimi qiymətləndirən Avropa orientalistlərinin və çox zaman onları təqlid edən bəzi Şərq ədəbiyyatşünaslarının konsepsiyalarındakı naqis cəhətləri və yanlışlıqları üzə çıxaran M.Cəfər, orta əsr mütərəqqi Azərbaycan şairlərinin fəlsəfi görüşləri ilə onların yaradıcılığına «müəyyən dərəcədə təsir göstərmiş dini-mistik təriqətləri» bir-birindən ayırmış, müsbət və qabaqcıl fəlsəfi-ictimai fikirləri açıb göstərmişdir.
     Qarşısına bir tərəfdən dövrünün qabaqcıl ideyalarını Şərqdə yaymaq, materializmi əsaslandırmaq, digər tərəfdən sxolastik Şərq fəlsəfəsi, mövhumatı, orta əsr əxlaq və ənənələrini darmadağm etmək, xalqı oyatmaq və mənəvi cəhətdən silahlandırmaq kimi tarixi vəzifə qoymuş M.F.Axundovun ədəbitənqidi görüşlərini tədqiq edən M.Cəfər, «tənqid» anlayışının Axundov yaradıcılığında kəsb etdiyi mənanın böyüklüyünü açır: «Tənqid M.F.Axundov yaradıcılığının əsas ruhunu təşkil edir. Başqa sözlə, Mirzə Fətəlinin yaradıcılığına ruh verən, can verən və onun əsərlərinin canlı və aktual olmasını təmin edən tənqidi fikirdir. Siz geniş və fövqəladə yaradıcılıq qüdrətinə və imkanlarına malik olan bu böyük sənətkarı istər bir mütəfəkkir, filosof kimi, istər dramaturq, ədib, şair, dilçi və ya bir ədəbiyyat tədqiqçisi kimi öyrənin, onu hər şeydən əvvəl böyük bir tənqidçi kimi görəcəksiniz».
     Ümumiyyətlə, M.F.Axundovun fəlsəfi materializm ilə sıx surətdə bağlı olan ictimai, elmi, ədəbi, publisist tənqidi M.Cəfər yaradıcılığında qüdrətli mənəvi bir silah kimi meydana çıxır.
     M.Cəfər Axundovun həm vətəndaş, həm də sənətkar kimi fəaliyyətini dövr və şəraitlə, milli problemlərlə əlaqədar izləyir, spesifikasını müəyyənləşdirir. Məsələn, Axundov protestantizmindən bəhs edən alim, bu cərəyanı Qərb protestantizmindən, Martin Lüterin və ya Kalvinin yarımdindar protestantizmindən fərqləndirir, bunun Axundov baxışlarında tarixi şəraitə görə dini tədriclə aradan qaldırmaq üçün bir vasitə olduğunu sübut edir.
     Axundovun Homer, Firdovsi, Nizami, Rumi, Şekspir, Vaqif, Puşkin kimi dünya ədəbiyyatı klassikləri haqqındakı fikir və mülahizələrini təhlil edən M.Cəfər qələminin əhatə dairəsi geniş olduğu üçün, onun «Mirzə Fətəlinin ədəbi-tənqidi görüşləri» oçerki, ümumiyyətlə, XIX əsr Azərbaycan ictimai fikrinin elmi təsnifatını verən bir əsər səviyyəsinə yüksəlir desək, elə bilirəm ki, səhv etmərik; üzünü xalqa tutub: «Sizi and verirəm qəlbimdə sizə bəslədiyim məhəbbətə!» - deyən M.F.Axundovun ədəbitənqidi, fəlsəfi görüşləri bu oçerkdə, eləcə də «Mütəfəkkirin şəxsiyyəti» əsərində, «Böyük humanist» monoqrafiyasında elə dərindən, necə deyərlər, bütün qolu-budağı ilə birlikdə işlənmişdir ki, onlar elmi-nəzəri ümümiləşdirmələr üçün mənalı bir nümunə ola bilər.
     Bu baxımdan «Cavid yaradıcılığının sənətkarlıq xüsusiyyətləri» tədqiqatı mühüm əhəmiyyətə malikdir. M.Cəfər Cavid dramaturgiyasının, lirikasının geniş elmi təhlilini verərək belə nəticəyə gəlib çıxır ki, dini və «irqi təəssübkeşlik bəşəriyyəti uçuruma aparan, insanları, xalqları, millətləri bir-birindən ayrı salan səbəblərdəndir»‘ əqidəsi Cavid yaradıcılığının əsas leytmotividir.
     M.Cəfər Cavid yaradıcılığının bədii xüsusiyyətlərini, bu yaradıcılığın dövrlə, ictimai quruluşla əlaqədar spesifikasını, ən kiçik cəhətlərdən belə sərf-nəzər etmədən elmi təmkin, diqqət və dəqiqliklə açıb göstərmişdir. Cavid dramlarını xarakterlər, ehtiraslar dramı kimi səciyyələndirən, onun poetikasındakı bədii təsvir vasitələrini açan, sonetlərdən tutmuş bayatı və qoşmalaracan bütün poetik formalardan, klassik Şərq poeziyasına hakim kəsilmiş əruz vəzninin müxtəlif bəhrlərinin müxtəlif şəkillərindən, növlərindən, eləcə də milli heca vəznimizin müxtəlif bölgülərindən geniş surətdə istifadə etməsini əyani şəkildə göstərən M.Cəfər Azərbaycan ədəbiyyatşünaslığında ilkin olaraq Cavid sənətkarlığı haqqında tam, bütöv təsəvvür yaratmışdır.
     Klassik Azərbaycan ədəbiyyatından bəhs edərkən M.Cəfərin mütəmadi dünya ədəbiyyatına müraciət etməsi, ədəbiyyat tariximizdəki mərhələləri, cərəyanları, hadisələri dünya ədəbi prosesi ilə vəhdətdə işıqlandırması, Nizami dövrünün Avropa intibahı ilə əlaqəsi, Nəsimi ilə C.Bruno arasındakı tam yaxınlığı, Füzuli düşüncələrinin qədim hind və yunan fəlsəfəsi ilə təması, Axundovun sənət haqqındakı fikirləri ilə Lessinqin və yaxud Belinskinin fikirləri arasındakı oxşarlıq və s. kimi elmi paralellər, analogiyalar aparması yaradıcılığının əhatə dairəsini daha da genişləndirir.
     «Azərbaycan ədəbiyyatında romantizm» monoqrafiyası bu baxımdan ədəbiyyatşünaslığımızda xüsusi yer tutur.
     Məlum olduğu kimi, dünya ədəbiyyatı və incəsənətində, o cümlədən, Qərbi Avropa və Rusiyada romantizmin ən parlaq dövrü XIX əsrə təsadüf edirsə, Azərbaycan ədəbiyyatında romantizm XX əsrdə yenidən meydana çıxmış və mütərəqqi romantizmin gözəl nümunələri məhz bu dövrdə yaranmışdır.
     Bu nə idi, vaxtı keçmiş romantizmmi? Müəllif inandırıcı şəkildə sübuta yetirir ki, bu, gecikmiş romantizm deyil, «1905-1917- ci illərdə coşğun, mürəkkəb ictimai ziddiyyətlərlə dolu olan Azərbaycan həyatının xüsusi şəraitinin doğurduğu ədəbi hadisələrdən biri idi»‘.
     Həmin «xüsusi şəraitdə» - 1905-ci il rus inqilabının Azərbaycanda geniş əks-səda tapdığı bir zamanda azadlıq və demokratiya uğrunda mübarizə tənqidi realizmi, sənətdə inqilabi- demokratik cərəyanı qüvvətləndirdiyi kimi, feodalizm münasibətləri, kapital hökmranlığı ilə barışa bilməyən, burjua-feodal zülmünə, müstəmləkə əsarətinə, imperializm və Şərq mütləqiyyətinə qarşı çıxan, dini təəssübkeşliyi, mövhumat və cəhaləti, şovinizm təbliğatını, «feodal xəyalpərvərliyini və ətalətini» pisləyən, millətləri qardaşlıq və ittifaqa çağıran qüvvətli mütərəqqi romantiklər nəslinin də yaranmasına səbəb olmuşdu.
     M.Hadi, A.Səhhət, H.Cavid, A.Şaiq, S.Səlmasi, A.Divanbəyoğlu kimi yazıçılarla onlardan əvvəlki Qərb və rus mütərəqqi romantizminin nümayəndələri arasındakı spesifik fərqi, bu yazıçıların bədii forma, janr, üslub və qismən fəlsəfi motivlər etibarilə klassik mütərəqqi romantizm irsinə yaxınlığı ilə bərabər, ideya istiqaməti cəhətdən seçmələri həm dünya ədəbiyyatındakı klassik mütərəqqi romantizmin, həm də XX əsr Azərbaycan mütərəqqi romatizminin dərin və hərtərəfli tədqiq və təhlili bu əsərdə öz əksini tapmışdır.
     Yuxarıda yazdığımız kimi, XX əsrin əvvəllərində mütərəqqi romantiklərlə eyni vaxtda tənqidi realizmin nümayəndələri də Azərbaycan ədəbiyyatının çox güclü qollarından birini təşkil edirdi və qeyd etməliyik ki, onların da bədii və ictimai fəaliyyəti M.Cəfər yaradıcılığında yüksək elmi-nəzəri səviyyədə işıqlandırılmışdır.
     XX əsr Azərbaycan tənqidi realizminin böyük nümayəndəsi Cəlil Məmmədquluzadənin yazıçı, jurnalist və ictimai xadim kimi fəaliyyətindən bəhs edən M.Cəfər insanpərvərlik, beynəlmiləlçilik, xalqlar arasında mənəvi dostluq, qardaşlıq, həmrəylik ideyalannın təntənəsini, milli zülmün kökünü kəsmək, mövhumatın, xurafatın, dini təəssübkeşliyin məhdudluğa, nadanlığa gətirib çıxartmasını, maarif və mədəniyyətin inkişaf etdirilməsini yazıçının əsas yaradıcılıq ideyaları kimi müəyyənləşdirir. Bir sıra məqalələrində, xüsusən, «Cəlil Məmmədquluzadə» oçerkində, «Həmişə bizimlə» məqaləsində və yazıçının anadan olmasının 100 illiyi münasibətilə söylədiyi «Cəlil Məmmədquluzadə haqqında söz» adlı məruzəsində C.Məmmədquluzadənin bədii əsərlərinin təhlilini verən M.Cəfər, bunların Azərbaycan realizmində həm məzmun, həm də formaca yeni mərhələ təşkil etdiyini inandırıcı surətdə sübuta yetirir. O, Cəlil Məmmədquluzadəni «sadəcə bir neçə əsər qoyub gedən yazıçı kimi yox»‘, cəmiyyət haqqında, xalq, Vətən haqqında hərtərəfli düşünən, varlığı çox əhatəli bir baxışla dərk edən yazıçı kimi qəbul edir, Mirzə Cəlili məhz bu baxımdan öyrənir və oxucuya öyrədir.
     Cəlil Məmmədquluzadənin fəxrlə «hünərvər» şair adlandırdığı, azadlıq, istiqlaliyyət və maarif-mədəniyyət uğrunda alovlu mübariz Mirzə Ələkbər Sabirdən bəhs edən oçerk, eləcə də Cəfər müəllimin digər əsərlərində Sabir haqqında söylənən mülahizələr öz təhlil obyektinə xas olan emosionallığı, səmimiliyi, irəli sürülən fikir və mülahizələrin, verilən hökmlərin elmi şəkildə əsaslandırılması ilə sabirşünaslıq sahəsində dərin təminat hissi yaradan əsərlərdəndir.
Dindirir əsr bizi, dinməyiriz,
Atılan toplara diksinməyiriz.
Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz.

     -deyən şairin yaradıcılığındakı fitri müasirlik ruhu M.Cəfər tərəfindən xüsusi bir məhəbbətlə araşdırılmış, elmi təfsiri verilmişdir.
     M.Cəfər bir sıra əsərlərində Azərbaycan milli mətbuatının banisi, yorulmadan XIX əsr Azərbaycan maarifini inkişaf etdirməyə, müasirləşdirməyə çalışmış, «öz zamanında elmin bütün yeni nailiyyətlərinin, xüsusən, təbiət elmlərinin alovlu təbliğatçısı»‘ Həsən bəy Zərdabinin, realist Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nəriman Nərimanovun ədəbi-ictimai fəaliyyətini böyük məhəbbətlə işıqlandırmış, onları bir şəxsiyyət kimi də sevdirməyə nail olmuşdur.
     XX əsr Azərbaycan ədəbiyyatının ən mürəkkəb, ziddiyyətli və eyni zamanda, ən maraqlı yaradıcılarından biri kimi Məhəmməd Hadinin (xüsusən, «Səni kim unudar!» məqaləsində), milli dramaturgiyamızın klassiki Cəfər Cabbarlının («Unudulmaz sənətkar», «C.Cabbarlının romantikası», «Xalq ilə birlikdə yüksələn sənətkar») sənətkarlıq xüsusiyyətləri M.Cəfər yaradıcılığında yaddaqalan, inandıran və öyrədən elmi təhlilini tapmışdır.
     Abdulla Şaiq («Bir həftənin xatiratı»), M.S.Ordubadi («Ordubadi haqqında söz»), Səməd Vurğun («Böyük vətəndaş»), Mikayıl Müşfiq («Sovet Azərbaycanının unudulmaz şairi»), həmçinin Məmməd Arif («Məmməd Arif və onun sovet ədəbiyyatı haqqında nəzəri fikirləri»), Süleyman Rəhimov («Romanlar müəllifi»), Rəsul Rza («Rəsul Rza»), Osman Sarıvəlli («Əsl sənət yollarında»), Mir Cəlal («Yazıçı, tərbiyəçi»), Əbülhəsən («Xalqla bir cəbhədə») və bir çox digər yazıçılar haqqında yazılmış xüsusi məqalələr, İlyas Əfəndiyev, Əhməd Cəmil, Süleyman Rüstəm, Sabit Rəhman, Məmməd Rahim, Zeynal Xəlil, Mirvarid Dilbazi və bir çox digər yazıçılar haqqında vaxtaşırı söylənən fikir və mülahizələr, «Gələcək gün» (M.İbrahimov), «Açıq kitab» (Mir Cəlal), «Körpüsalanlar» (İlyas Əfəndiyev), «Sərinlik» (Bayram Bayramov), «Doğma və yad adamlar» (İ.Hüseynov), «Mehparə» (Qabil) və bir çox digər əsərlər haqqında problem məqalələr - bu xeyli natamam və quru sadalamanın özü də M.Cəfərin tənqidçilik fəaliyyəti barədə, elə bilirəm ki, təsəvvür yaradır.
     M.Cəfər «Tənqid və ədəbiyyatşünaslığımızın yeni vəzifələri» adlı məqaləsində müasir dövrdə tənqidçilik kredosunu belə müəyyənləşdirir: «Tənqidçi, yeri gəldikcə irsə mütləq nəzər salmalı olsa da, onun əsas işi bu günün ədəbiyyatını bu günün həyatı ilə və çox hallarda bu günün oxucusuna yenicə çatan bədii əsəri canlı həyat prosesləri ilə bu günün insanının fəaliyyəti, mübarizəsi, mənəvi aləmilə (kursiv mənimdir) əlaqələndirməkdən ibarət olur. Belə bir istiqamətdə aparılan tədqiqatda, təhlildə tənqidçinin köməkçisi müasir canlı həyat, özünün varlığı dərketmə qabiliyyəti, zəngin həyat təcrübəsi və kamil nəzəri biliyidir»‘.
     Əlbəttə, bədii əsəri «bu günün insanmın fəaliyyəti, mübarizəsi, mənəvi aləmi ilə əlaqələndirə» bilməkdən ötrü həmin fəaliyyətə, mübarizəyə və mənəvi aləmə bələd olmaq, yəni varlığı dərketmə qabiliyyətinə, zəngin həyat təcrübəsinə və kamil nəzəri biliyə malik olmaq lazımdır və məhz bu mənada, yuxarıda sitat gətirilən fikir bir tənqidçi kimi M.Cəfərin özünü də səciyyələndirir.
     M.Cəfər hər hansı bir bədii-estetik məsələni (hətta lokal əhəmiyyətlisini belə!) tədqiq və təhlil obyekti seçirsə, həmin məsələni lap bünövrədən götürür, onun bütün inkişaf qanunauyğunluqlannı öyrənir, spesifikasmı müəyyənləşdirir və yalnız belə bir işıqlandırmadan sonra, bilavasitə, müstəqim surətdə qarşıya qoyduğu problemi həll edir və elmi-nəzəri ümumiləşdirmələrə nail olur.
     Təsadüfi deyil ki, «Ədəbiyyat və incəsənət» qəzeti müxbirinin «Sizin məqalə və tədqiqatlarınız həm elmiliyi, həm də emosionallığı ilə diqqəti cəlb edir, oxunaqlı olur. Buna necə nail olursunuz?» - sualına M.Cəfər belə cavab verir: «Əgər, doğrudan da, siz deyəndirsə, bircə onu deyə bilərəm ki, mən yazılarımda, birinci növbədə, məntiqə, məntiqi ardıcıllığa fikir verirəm. Yəqin elə buna görə də onlar oxunaqlı və sadə olur. Məntiqsiz yazı hər nə qədər «yüksək professional» səviyyədə yazılsa da, oxucunu inandıra bilmədiyi kimi, estetik təsir də göstərə bilməz. Məlumdur ki, düşüncəli oxucuda ən dərin estetik zövq doğuran - həqiqət, doğruluq, səmimiyyət, həyatilikdir. Bu, bədii yaradıcılıqda da belədir».
     Belə bir «həqiqət, doğruluq, səmimiyyət» əlliillik bir yaradıcılıq yolu boyunca M.Cəfərin ən yaxşı əsərlərini səciyyələndirmişdir.
     M.Cəfərin ədəbiyyatşünas-alim, tənqidçi qələmi böyük-kiçikliyindən asılı olmayaraq elmi obyektivliklə sənətkarın yaratmaq həvəsini, eşqini qiymətləndirməyi bacaran, qədirbilən bir qələmdir. Belə bir yaratmaq həvəsi, eşqi, eyni zamanda həmin qələmin özünə də xas idi. Məhz bu yaratmaq eşqi dərin nəzəri biliklə, geniş dünyagörüşü və yüksək yazı mədəniyyəti ilə vəhdətdə ədəbiyyatşünaslıq elminin və ədəbi tənqidin ləyaqətli nümunələrini meydana çıxarır.
     Mən bu yazını sona yetirərkən Cəfər müəllimin bir ədəbiyyat xadimi, elm təşkilatçısı kimi rəsmi vəzifələrini, mükafatlarını, adlarını saymalıyam, gərək yazam ki, o, Elmlər Akademiyasının həqiqi üzvü idi, «Ədəbiyyat və incəsənət» qəzetinin Baş redaktoru, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru olub, Elmlər Akademiyasının ictimai elmlər bölməsinin akademik katibi vəzifələrində işləmişdir, əməkdar elm xadimi, Respublika Dövlət Mükafatı laureatı idi və s. və i.a. bütün bunları yazmalıyam, amma... belə bir rəsmi sadalama Cəfər müəllimin şəxsiyyətilə heç cürə uyuşmur.
     Bütün bu adların içində mənim üçün ən qiymətlisi onun özünün adıdır. Adicə: Cəfər müəllim.

1984, 2002.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (26.08.2014) | Müəllif: R.C E W
Baxış: 602 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more