Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Bu dünyada qatarlar gedər
BU DÜNYADA QATARLAR GEDƏR


    Dünyada cürbəcür qatarlar var idi: «Bakı – Moskva», «Bakı – Novosibirsk», «Xarkov – Bakı», «Bakı – Odessa», «Mahaçqala – Bakı»... Yay başlayan kimi təzə qatarlar gəlib gedirdi: «Bakı – Kislovodsk», «Bakı – Soçi»...
    Qatarlar adamlarla dolu olardı. Adamlar cürbəcür olardı, cürbəcür geyinərdi. Dünyada qapqara adamlar var idi, sapsarı adamlar var idi və bu adamlar da hərdən qatarlarda Əbiligilin kəndinin aşağısından ötüb keçərdi. Qatarlar neft daşıyan vaqonlar olardı, taxta-şalban daşıyan, traktorlar, yük maşınları, avtomobillər daşıyan vaqonlar olardı və Əbili gözlərini yumub bu təptəzə, yağlı avtomobilləri ömründə bircə dəfə də görmədiyi Bakının küçələrində ora-bura gedən görərdi.
    Bütün bunlar uzaq-uzaq ölkələrdən, böyük-böyük şəhərlərdən gəlib gedirdi və həmin uzaq-uzaq ölkələrdə, uzaq-uzaq şəhərlərdə heç kim bilmirdi ki, dünyada Əbiligilin balaca kəndi var və bu balaca kənddə Əbili adında bir oğlan var ki, hər gün qatarların ardınca baxır.
    Qatarlarda daşınan bütün bu yükləri bir-birini tanımayan cürbəcür adamlar hazırlayırdı, düzəldirdi, yükləyirdi, bir-birinə göndərirdi. Əbili bunu fikirləşirdi və hərdən ona elə gəlirdi ki, gözlərinin qabağından ötüb keçən bu yük qatarları adi qatarlar deyil, bu yük qatarları taxta-şalbanla, traktorla, kombaynla bərabər adamların sirrini bir-birinə aparır, adamların ürəyindəkiləri bir-birinə yetirir. Adamların o sirrini ki, gecə yerində uzanırsan və uzaq-uzaq ölkələrdə, böyük-böyük şəhərlərdə yaşayanlar barədə fikirləşirsən.
    Qatarlarda təkcə adamlar getmirdi, təkcə yük daşımırdı qatarlar. Bəzən qatarlar nağıl aləmindən gəlirdi, fillə, zürafəylə gəlirdi.
    Bir dəfə yayın cırhacırı idi və Əbili həmin gün doğruçu fillər gördü, doğruçu zürafələr, açıq vaqonlardakı qəfəslərdə gedən doğruçu şirlər, pələnglər gördü. Əbili başa düşdü ki, «Kiyev – Bakı» qatarında Kiyevdən Bakıya sirk gedir və özü də bilmədi necə gözlərini yumdu, ötüb keçməkdə olan qatar təkərlərinin taqqatuqu altında bu zürafələri, bu filləri, şirləri, pələngləri Bakı sirkində gördü, yekə başmaqlı, yekə saatlı, yekə burunlu təlxəklər gördü, həmişə qatarlarda gedib-gələn rəngbərəng paltarlı uşaqların səs-küyünü eşitdi.
    Əbili az görmüşdü, çox oxumuşdu. Əbili bilirdi ki, fillər Hindistanda olur, Afrikada olur, sirkdə təlxəklər olur, təlxəklərin paltarları əyinlərinə böyük olur və onlara baxanda adamı gülmək tutur – bütün bunları bilirdi, əlinə keçən qəzetlərdə, jurnallarda, kitablarda oxumuşdu, dərsliklərdən öyrənmişdi, amma özü heç nə görməmişdi.
    Burası doğru idi ki, Əbili gözlərini yumub istədiyini görürdü, amma burası da var idi ki və Əbili də bunu çox gözəl başa düşürdü ki, bütün bunlar doğruçu görmək deyil.
    Əbiligilin kəndi dəmir yolundan yarım kilometr aralıdakı dağın ətəyində idi. Bu kənd il on iki ay dumanlı-çiskinli olardı və bu dumanın-çiskinin içindən gecəgündüz qatarlar keçərdi. Gecələr bu qatarların səsi kəndin bütün evlərinə dolardı və bu qatarlardakı adamlar, bu qatarların daşıdığı avtomobillər, gedib-gəldiyi böyükböyük şəhərlər kəllayı otaqda palazın üstündə salınmış yorğan-döşəyin içində Əbilinin gözlərinin qabağına gəlirdi.
    Səhərlər, günortalar və axşamlar isə Əbili inəklərini naxıra qatıb, qoyunquzularını kəndin çobanı Ildırımın sürüsünə ötürüb, kəhər atı evlərinin dalındakı otlaqda çidarlayıb, tövləni kürüyüb-təmizləyib, məktəbə gedib və qayıdıb dərslərini hazırlayandan sonra, kənddən aşağı düşürdü, dəmir yolu boyunca gedirdi, o qədər gedirdi ki, kəndləri dağın ətəyində gözdən itirdi və bu yerlərdə hər addımbaşı bitən bir alça ağacının altındakı yoncalıqda oturub gəlib keçən qatarlara baxırdı. Əbilinin gözləri elə öyrənmişdi ki, bircə dəqiqənin içində gəlib keçən qatarın üstündəki yazını oxuyurdu, vaqondakı adamları görürdü, bu adamların görünüşü, geyimi yadından çıxmırdı.
    Uşaqlıq vaxtları, o vaxtlar ki, ayağı yalın, başı açıq atılıb düşürdü və dünyanın işləri vecinə deyildi, birinci növbədə yaşıdları, yaşıdlarının əcaib-qəraib şalvarları, köynəkləri yadında qalırdı. Əbili bu uşaqları qırmızı rəngin, yaşıl rəngin, çəhrayı rəngin içində görürdü və bu uşaqlar başqa bir aləmin, nağıllı-sehrli bir aləmin uşaqları kimi ondan çox-çox uzaqlarda idi.
    Günlərin bir günündə Əbili başa düşdü ki, həmin nağıllı-sehrli uzaq aləmin uşaqları da kəndlərinin uşaqları kimidi – cığalı var, düzü var, kolxoz sədri Cəbrayıl kişinin oğlu Rəhim kimi ərköyünü var, Salatın arvadın nəvəsi yetim Səftər kimi işbacaranı var.
    O gün qatarlardan biri – «Bakı – Rostov» qatarı birdən-birə Əbiligilin kəndlərinin qabağında dayandı. Düz dörd saat dayandı. Dedilər irəlidə yol xarab olub. Həmin dörd saatda Əbiligilin kəndində yumurta-toyuq qalmadı, yağ-pendir qalmadı, ağaclarda alça, ərik qalmadı, kimin əlinə nə keçirdisə, gətirib qatardakılara satmaq istəyirdi.
    Kəndin adamları alverlə məşğul idi, təkcə Əbilidən başqa. Əbili bir küncdə dayanıb gendən-genə dağın aşağısında düzənlikdə oynayan uşaqlara baxırdı. Qatardan düşən uşaqlar hərdən lap onun burnunun qabağından ötüb qaçırdı və Əbili bu tərləmiş, sir-sifəti qızarmış uşaqlardan gələn qoxunu hiss edirdi. Bu qoxu bir az kəndlərindəki dəllək Qafarın dəlləkxanasından gələn iyə oxşayırdı, bir az atası ildəayda bir dəfə Bakıya gedib qayıdanda gətirdiyi peçenye, pryanik, kağıza bükülü konfet iyinə oxşayırdı, amma Əbili belə fikirləşirdi ki, bu qoxu tamam-kamal dəlləkxana iyi, yaxud peçenye, pryanik iyi deyil, bu qoxu böyük-böyük şəhərlərdəki uşaqların qoxusudu. Əbili burasını da lap yəqin etdi ki, bu saat burnunun qabağından ötsələr də bu uşaqlar ondan çox-çox uzaqdadı, elə uzaqdadı ki, həmin uzaqlığa gecəgündüz, yay-qış, dumanda-çiskində, qarda-boranda, yayın cırhacırında qatarlarla gedəsən gərək.
    Birdən-birə çəhrayı ayaqqabılı, çəhrayı corablı, çəhrayı paltolu, çəhrayı yanaqlı, çəhrayı papaqlı bir qız Əbilinin qabağında dayandı, təəccüblə Əbilinin ayağındakı qaloşa baxdı, pencəyinin cibinə yığdığı göy almalara baxdı, başına qoyduğu atasının köhnə papağına baxdı və soruşdu:
    – Sənin adın nədi?
    Ömründə heç vaxt Əbilinin beləcə ürəyi düşməmişdi. Ömründə heç vaxt Əbili beləcə özünü itirməmişdi. Əbili heç özü də bilmədi ki, necə dedi:
    – Əbili.
    Çəhrayı qız lap heyrətlə soruşdu:
    – Nə?
    Əbili dedi:
    – Əbili.
    Çəhrayı qız bir az da dayanıb heyrətlə ona baxdı, sonra tələsik qaçdı; elə qaçdı, elə bil bu saat Əbili hop eləyib onu udacaqdı. Əbili incimədi. Elə bilirdi ki, elə belə də olmalıdı. Çəhrayı qız çəhrayıydı, Əbili palçıqlı-peyinli. Çəhrayı qız nə biləydi ki, Əbilinin əsl adı Əbülfətdi və atası, anası ona görə ona Əbili deyir ki, onu çox istəyir. Əbili bundan incimədi, Əbili başqa şeydən incidi.
    Çəhrayı qız xeyli aralıdan Əbilini Yaşıl, Sarı, Qırmızı qızlara göstərib güldü və Yaşıl, Sarı, Qırmızı qızlar da Əbiliyə baxıb güldülər. Aydın məsələydi ki, qızlar Əbilinin təhər-töhürünə gülürdülər, amma Əbili bundan da incimədi, çünki böyüdükcə ona belə məlum olurdu ki, uzaq-uzaq ellərdəki böyük-böyük şəhərlər və bu şəhərlərdə yaşayan Yaşıl, Sarı, Qırmızı, Çəhrayı uşaqlar adicə uzaqlarda deyil, yəni bu uzaqlıq başqa uzaqlıqdı, bu uzaqlıq, bu məsafə Əbilinin gözünü açıb, bax, bu dağı görməsindədi, səhərlər inəyi naxıra qatmasındadı, axşamlar qoyun-quzunu Ildırımın sürüsündən ayırıb evə gətirməsindədi, səhər-axşam qatarların dalınca baxmasındadı və bu qatarlardakı fillərin, pələnglərin, bu qatarlardakı uşaqların gecələr onun yuxusuna girməsindədi. Bundan incimədi Əbili, başqa şeylərdən incidi. Çəhrayı qız tabaşir parçası ilə hamar qayanın üstündə xətlər çəkdi, ora-bura baxıb elə bil nəsə axtardı, tapmadı, çəhrayı paltosunun cibindən yastı bir şey çıxardıb, ayağının altına atdı və bir ayağını qaldırıb o biri ayağı ilə həmin yastı şeyi itəliyə-itəliyə xətlərin üstündən cırcırama kimi hoppanmağa başladı. Bir az keçəndən sonra qatardakı atalar, analar uşaqları çağırdı. Çəhrayı qız da əyilib ayağı ilə oynatdığı yastı şeyi yerdən qaldırdı, bir az orasına-burasına baxdı, sonra təzədən yerə tullayıb qatara qaçdı. Bir az da keçəndən sonra qatar tərpəndi. Lap sonra isə bu yerlərin həmişəki sakitliyi ətrafa çökdü, kəndin camaatı sata bildiyini satıb, sata bilmədiyini təzədən geri apardı və Əbili də həmişəki bu sakitlik içində əllərini pamazı şalvarının ciblərinə soxub var-gəl edə-edə bayaq Çəhrayı qızın xətt çəkib oynadığı yerə gəldi. Çəhrayı qızın hoppana-hoppana ayağı ilə sürüşdürdüyü yastı şey elə-eləcə xətlərin üstündə atılıb qalmışdı. Əbili əlləri cibində bir müddət bu yastı şeyə baxdı, sonra birdən-birə ürəyinə bir qüssə, bir kədər gəldi, sonra da əyilib həmin yastı şeyi yerdən götürdü, bu yastı şeyin büküldüyü tozatorpağa batmış kağızı yavaş-yavaş çırpdı.
    Yay günləri rayon mərkəzindən Əbiligilin kəndinin yuxarısına lafet-mağaza gələrdi, üç-dörd gün arxın qırağındakı böyük söyüd ağacının altında dayanardı, sürücü-satıcı Imaş kəndin camaatına çit, pamazı, dəsmal, adyal, stəkan, boşqab, pivə, gizlincə araq, bublik, mampası, şokolad satardı. Şokoladlar qızılı kağıza bükülərdi, üstündən də başqa bir kağıza bükülərdi və bu kağızda tülkü şəkli, ya qarğa şəkli, ya xoruz şəkli olardı. Əbiligil ata-anasını yola gətirib şokolad alandan sonra, ustufca kağızları açardı, bir xeyli kağızların ora-burasına baxardı, axşam hamarlayıb evdəki kitabların arasında saxlamaq üçün qoynunda, ya başındakı papağın içində gizlədib keflə şokoladdan yavaş-yavaş dişdəm vurardı. Bu balaca bayram olardı, şokolad bayramı.
    Indi həmin şokoladın bir irisi, elə irisi ki, Imaşın lafetində yox, uzaq-uzaq ellərdəki böyük-böyük şəhərlərdə satırdılar onu, Əbilinin əlində idi və bu həmin yastı şey idi ki, bayaq Çəhrayı qız ayağı ilə sürütləyə-sürütləyə xətlərin üstündən hoppanırdı.
    Bax, bu yerdə Əbili incidi, Çəhrayı qızdan incidi, özü də yaman incidi, çünki Əbili belə Əbili idi.
    Necə olurdu ki, yay vaxtı Imaşın lafeti gələndə Əbiligil ondan aldıqları balaca şokoladı yavaş-yavaş yeyirdilər ki, gec qurtarsın, amma Çəhrayı qız bu irilikdə şokoladı ayağı altına atıb daş parçası kimi oynamağa qıyırdı? Əbili çox fikirləşirdi ki, bu iri şokoladı neyləsin. Istədi aparıb yetim Səftərə versin, amma ürəyinə pis gəldi, pis gəldi ki, niyə Çəhrayı qızın ayaq altına atdığını Səftər yeməlidir?
    Və bu zaman Əbili kəşf elədi ki, onların kəndindəki yetim Səftər heç də uzaquzaq ellərdəki böyük-böyük şəhərlərdə yaşayan rəngbərəng uşaqlardan əskik oğlan deyil.
    Sonra şokoladı elə oradaca bir daşın üstünə qoydu ki, quşlara yem olsun və sidqürəkdən arzuladı ki, yay tez gələydi, Imaş lafetini arxın qırağındakı söyüdün altına çəkəydi, o da Imaşdan şokolad alıb yeyəydi.
    Çəhrayı qızın bu şokolad məsələsindən iki-üç il sonra, o zamanlar ki, Əbili imtahanlarının hamısını beşə verib səkkizinci sinfə keçmişdi, qəribə bir əhvalat baş verdi. Payızın son günləri idi və həmin günlər Əbiligilin kəndində çiskinli sazağın fironluq elədiyi günlər idi. O payız səhəri Əbili yuxudan oyanıb kəllayı otaqdakı pəncərədən qarşı dağın boz ətəyinə baxdı, saralıb solmuş – böyürtkən kollarına, çılpaq ərik ağaclarına, alçalara baxdı və birdən-birə bu çiskin, sazaq, bu bozluq, solğunluq ürəyinə bir qəriblik gətirdi, elə bil ki, illər boyu qürbət ellərdə yaşayırdı. Ürəyindəki bu qəribliklə həyətə düşdü, tövləyə girib həvəssiz-həvəssiz atı qaşovladı, sonra kəhərin çılpaq belinə atılıb kəndin yuxarısındakı arxda sulamağa apardı. Arxın qırağında atın belindən həmişəki bu dağlara baxdı, daha sobaları tüstülənən balaca kəndlərinə baxdı, boynunu uzadıb su dümləyən altındakı atın qara yalına baxdı, sonra başını qaldırıb gözlərini çiskindən qırpa-qırpa bomboz göyə baxdı və birdən-birə ürəyinə bir yaz həsrəti çökdü. Birinci dəfəydi ki, Əbilinin ürəyinə yaz həsrəti çökürdü. Elə bir yaz ki, bu dağların adamsızlığı ürəyini sıxmasın, bu kəndin balacalığı ürəyini qısmasın.
    Sonra Əbili qulaqlarını şəklədi və başa düşdü ki, uzaqdan qatar gəlir, ayaqları ilə atı dəhmərləyib üzüaşağı çapdı. Əbili dəmir yoluna gəlib çatanda qatarın axırıncı vaqonları sürətlə ötüb-getdi və bir azdan tamam görünməz oldu. Əbili atın çılpaq belində oturub bir müddət keçib getmiş qatarın ardınca baxdı və birdən-birə ona məlum oldu ki, bu çiskinli-sazaqlı payız səhəri həmin qatar Əbilinin ürəyini də özü ilə apardı, böyük şəhərə apardı. Əbili bunu başa düşdü və atın belindən yerə atılıb suçlu adamlar kimi, dağın döşündə sobaları tüstülənən kəndlərinə baxdı. Dağın döşündəki balaca kənd Əbilinin qatarla çıxıb gedən ürəyindən xəbərsiz idi və bu boz payız səhəri heç nə olmayıbmış kimi, sobalarını tüstülədirdi.
    Əbili əlini kəhər atın yançağına sürtüb:
    – Belə-belə işlər... – dedi.
    Bu əhvalatdan bir-iki il də gəlib-keçdi və bir yay günü Əbili dəmir yolunun kənarındakı otluqda uzanıb dünyanın işləri barədə fikirləşirdi. Fikirləşirdi ki, bu dünyada gedən təkcə qatarlar deyil. Illər də qatarlar kimidir, gəlir gedir, gəlir gedir, görünməz olur.
    Əbili dünyanın bu işləri barədə fikirləşirdi ki, uzaqdan bir qatar göründü və Əbilinin yanından ötüb keçəndə vaqonlardan birindəki bir qız pəncərədən xeyli zirzibil atdı: boş butulka, yumurta qabığı, pomidor artığı və bunlara bükülmüş kitab vərəqləri.
    Kitab vərəqləri havada yellənə-yellənə Əbilidən beş-altı metr aralıya düşdü və qatar gözdən itib gedəndən sonra, Əbili ayağa qalxıb vərəqləri yerdən qaldırdı. Üstündə stəkan yerləri olan, aralarına pomidor suyu tökülmüş bu vərəqlərdən birinin üstündə yazılmışdı: «S. Yesenin».
    Əbili əzik-üzük vərəqləri düzəldib əvvəlindən açdı. Ağ səhifəsində göy mürəkkəblə yazılmışdı:
    Ya ne Puşkin, ne Krılov,
    Ne moqu pisat stixov,
    No pişu tebe tri slova,
    Jivi, uçis, i bud zdorova!
    Veçno tvoy Rufat.
    Əbili məktəbdə rus dili dərsi keçirdi və o biri dərslər kimi rus dilindən də beş alırdı. Əbili başa düşdü ki, bu kitabı Rüfət adında bir oğlan bir qıza bağışlayıb və həmin Rüfət həmin qıza aşiq olub. Əbili başını qaldırıb bayaqkı qatarın ardınca baxdı və fikirləşdi ki, Rüfət heç ağlına gətirməzdi ki, üstünü şerlə yazıb qıza bağışladığı bu kitabın vərəqləri bir vaxt Əbili adında bir oğlanda olacaq. Əbili bunu fikirləşdi və əti ürpəşdi. Əti ürpəşdi ki, niyə bir adamın üstünə şer yazıb başqa bir adama bağışladığı bir kitabın vərəqləri cırılıb günlərin bir günündə yumurta qabığı və pomidor artığı ilə bir yerdə vaqonun pəncərəsindən atılmalıdır? Əbili bir neçə il bundan əvvəlki Çəhrayı qızı yadına saldı və burasını da başa düşdü ki, bu kitabın vərəqlərini Çəhrayı qız cırıb vaqonun pəncərəsindən beləcə atdı. Vacib deyildi ki, bu qız elə həmin Çəhrayı qızın elə özü olsun. Bu qız həmin Çəhrayı qızın özü deyildi, başqa Çəhrayı qız idi. Əbili böyümüşdü və daha bilirdi ki, bu dünyada Çəhrayı qızlar çoxdu. Çəhrayı oğlanlar da vardı bu dünyada.
    Ikinci səhifədə sarışın bir kəndli balasının şəkli var idi. Bu kəndli balası Əbiligilin düzənlikləri kimi bir düzənlikdə dayanıb ağzında da sünbül çöpü çeynəyirdi. Şəklin altında yazılmışdı: «S.Yesenin».
    Əbili keçdiyi dərslərdən bilirdi ki, Yesenin böyük şairdir, yaxşı şerlər yazıb, amma Əbili bilmirdi ki, Yesenin həm də bir kəndli balası olub. Bir kəndli balası, Əbili kimi.
    Illər keçdi. Əbili məktəbi qurtardı və yenə də bir yay günü kolxozun «QAZ- 51»nə minib Bakıya gəldi, universitetə qəbul imtahanları verdi, hamısından beş aldı və məlum oldu ki, onu iki nəfər başqa əlaçı ilə bərabər təhsil almaq üçün Moskva universitetinə göndərirlər.
    Əbili bütün ömründə birinci dəfə qatara mindi, «Bakı – Moskva» qatarına. Qatar çox getdi, az getdi, dərə, təpə düz getdi, axırda gəlib Əbiligilin kəndinin yanından ötüb keçdi. Əbili vaqonun pəncərəsi önündə dayanıb hər addımına bələd olduğu, hər kolunu-kosunu tanıdığı bu yerlərə, qarşı dağın ətəyindəki ağaclıqlar arasından kirəmidli taxtapuşları qızaran kəndlərinə baxa-baxa heç özü də bilmədi birdən-birə necə kəşf elədi ki, bir neçə il bundan əvvəlki qatar onun ürəyini heç hara aparmayıbmış; kəşf elədi ki, əslində o, indi ürəyini bu balaca kənddə qoyub gedir, bu dağların arasında, bu dəmir yolunun kənarında, bu yerlərin çiskinində, çənində və bütün ömrü boyu bu yerlər onun yuxusuna girəcək, onunla olacaq.
    Əbili bu dəfə lap doğrusunu başa düşdü ki, bundan sonra bütün ömrü boyu nə edəcəksə bu yerlərin, bu balaca kəndin sayəsində edəcək; başa düşdü ki, bütün ömrü boyu bu yerlərə, bu balaca kəndə borclu olacaq və heç vaxt həmin borcundan çıxa bilməyəcək, ən xoş vaxtlarında da, ən ləzzətli çağlarında da hərdən bu borcluluq onu sıxacaq, sıxacaq çünki dünyada çox şey qatarlar kimidir, gedir, gedir...
Dekabr, 1973.

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (15.01.2014) | Müəllif: R.C E W
Baxış: 1126 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more