Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Bizimçün qalan sənət (Məqalə)
BİZİMÇÜN QALAN SƏNƏT
(Molyer haqqında söz)


MOLYER. ... məni heç kim sevmir!..
M. Bulqakov («Molyer»)
Hər anı, dəqiqəni sevməyi bacar ki, sən
Uzun əsrlər boyu xoşbəxt ola biləsən!
Molyer («Cənab de Pursonyak»)

     Mən həmişə Molyerin həyatına, yaradıcılığına həsr olunmuş əsərləri oxuyarkən (məncə, bu əsərlərin, xüsusən, bədii əsərlərin, hər halda, oxuduqlarımın arasında ən uğurluları Mixail Bulqakovun bioqrafik romanı və dramasıdır) həmişə fikirləşirəm ki, o uzaq XVII əsrdə cəmi əlli bir il ömür sürmüş (Şekspirdən bir yaş az...) o insanın şəxsi həyatının çətinlikləriylə, hətta, əzablarıyla, arvadı Armandanın famili ilə əlaqədar dedi-qodularla, kilsə və ayrı-ayrı ortodoks din xadimləri ilə bağlı ixtilaflarıyla, bir sözlə, yaşayışının mürəkkəbliyi ilə yazdığı əsərlərin gözəl kəpənək yüngüllüyü, yumorunun xəfifliyi, incəliyi arasında qəribə psixoloji təzad var...
     Yaradıcılığın psixolojisi, əlbəttə, qəribə və yozulması axıra qədər mümkün olmayan sirli bir aləmdir. Mən Molyeri hələ orta məktəb şagirdi ikən oxumağa başlamışam və artıq otuz ildən çoxdur ki, hər dəfə Molyeri yenidən oxuyarkən həmişə mənə elə gəlib ki, onun dialoqları yaz vaxtı güldən-gülə, çiçəkdən-çiçəyə uçan, budaqdan-budağa qonan bir kəpənəkdir. Xüsusən, son vaxtlar Molyeri Azərbaycan dilinə tərcümə edərkən bu kəpənək yüngüllüyünü, bu estetik incəliyi, zərifliyi öz qələmimlə duymuşam.
     Bizim böyük klassiklərimiz, mötəbər qələm sahiblərimiz Molyeri tanımış, qəbul etmiş, hətta, yaranan milli-mənəvi sərvətə qiymət verərkən, bu sənətin bədii-estetik təsnifatını apararkən ona istinad etmişlər. Misal üçün, Firidun bəy Köçərli «Azərbaycan ədəbiyyatı»nda M.F.Axundovdan bəhs edərək yazırdı: «Mirzə Fətəlinin komediyalarına gəldikdə, qəti surətdə deyə bilərik ki, rus dramı yazanlarının babası Qoqol və firəng dramı yazanlarının babası və ustadı Molyer olan kimi, türk-Azərbaycan ədiblərinin və komediyanəvislərinin atası və yolgöstərəni mərhum Mirzə Fətəli Axundov olubdur».‘
     Mirzə Fətəli Axundov özü isə hələ 1871-ci ildə «Mirzə Ağanın pyesləri haqqında kritika»sında təbrizli müəllifə yazırdı: «Avropada bu fənnin (söhbət dramaturgiyadan gedir.) yazıçılarından hər biri öz istedadına görə ali rütbələrə çatmış, yüksək ad, fövqəladə şöhrət qazanmış və padşah saraylarına yaxın adamlar olmuşdur; millətin o dərəcədə təzim və təqdirini qazanmışlar ki, öldükdən sonra, millət onların hünəri müqabilində təşəkkür əlaməti olaraq qəbirləri üzərində uca imarətlər, yəni abidələr tikmişlər. Molyer və Şekspir bu kimi təzimə layiq şəxslərdəndirlər ki, bir-bir saymağa ehtiyac yoxdur».
     Əlbəttə, həqiqətən «millətin təzim və təqdirini» qazanmış Molyer «ali rütbələrə» çatmamış, «yüksək ad» almamış, «padşah saraylarına yaxın adam» olmamışdır (Şekspir də bu cür) və M.F.Axundov da bu sözləri, görünür, Molyer sənətinə xüsusi hörmət əlaməti olaraq, pyes yazmaq işinin çox ciddi və mühüm bir iş olduğunu təbrizli həvəskarın diqqətinə çatdırmaq üçün yazmışdır; əslində, bu kontekstdə «ali rütbə» də, «yüksək ad» da Axundovun özü tərəfindən Molyer sənətini müəyyənləşdirən estetik meyarlardır.
     Hətta Fransa tarixinin XVII əsr kimi «Qızıl əsr»ində belə, mebel düzəldən və mebelə üz çəkən Jak Poklenin (hərçənd öz zəhməti ilə «Kral mebeldüzəldəni və kamerdineri» rütbəsini qazanmışdı və bu, usta peşəçilər üçün o zamankı Fransada ən yüksək ad idi!) oğlu Jan-Batist Poklen (Molyer olsabelə!) «padşah saraylarına yaxın adamlar» kimi tam hüquq, qarşılıqlı ehtiram əldə edə bilməzdi.
     Düzdür, Molyerin müasiri və adaşı, Fransanın daxili və xarici siyasətini müəyyənləşdirən saray naziri Jan Batist Kolberin də atası mahudçu idi, amma Kolber mahiyyətcə inzibatçı idi, siyasət adamı idi və buna görə də öz bacarığı və qabiliyyəti nəticəsində «əhli-saray» ola bilərdi (necə ki, əsr yarımdan sonra Korsikalı Bonapart Napoleon oldu!). Biz universitetdə oxuyanda iqtisadiyyat dərsində «kolbertizm nəzəriyyəsi»ni öyrənirdik və indiki kimi xatırlayıram, mən f'ikrimdə bu nəzəriyyənin banisi Kolber ilə Molyeri müqayisə edirdim: eyni zümrənin iki və çox istedadlı nümayəndəsi, amma birini siyasət necə bir şəxsi firavanlığa aparıb çıxarıb, o birisini isə sənət bəzən əsl cəhənnəm əzablarına düçar edib... Molyer sənətkar idi. Dünya tarixində çox az böyük sənətkar tapmaq olar ki, zəmanəsinin hakimlərinin və hakim ideolojisinin tam rəğbətini qazanmış olsun, çünki sənətkar (əsl sənətkar!) özü həmişə zəmanəsindən narazıdır, heç bir ictimai quruluş və heç bir hökmdar həyatla bağlı, güzəranla, ictimai-sosial və mənəvi-əxlaqi münasibətlərlə bağlı sənətkarın daxili tələbatını, mənəvi istəyini, yəni onun humanizmini, əzilənin, ədalətsizlik qurbanlarının təəssübünü çəkmək ehtirasını qane edə bilməz (Füzulini xatırlayaq, Şekspiri, Höteni, Dostoyevskini xatırlayaq, lap elə sovet dövrünün Cavidini, Bulqakovunu, Platonovunu xatırlayaq!). Ölkəsində bircə nəfər ac varsa, bircə nəfər hüququ tapdalanmış varsa, sənətkar zəmanəsindən və quruluşdan narazı olacaq...
     «Xəsis», «Skapenin kələkləri», «Jorj Danden və yaxud aldadılmış ər», «Sqanareb», «Tartyüf», «Don Juan və yaxud daş qonaq» və bir çox digər komediyaları oxuyarkən, istər-istəməz, Molyerin böyük və məşhur müasirlərini xatırlayırsan, xəyal səni o uzaq XVII əsrə aparır: Fransa, Rişelye, XIV Lüdovik, Mazarini, Lafonten, Rasin, Bualo...
     Hakimiyyət uğrunda mübarizə, kəskin siyasi ehtiraslar, nəsillər arasında, sülalələr arasında, əqidələr arasında antoqonizm, elmi-estetik yeniləşmə prosesi və həmişə belə bir proses üçün səciyyəvi olan qızğın mübahisələr... Və birdən-birə Molyer! Belə bir dahiyanə yüngüllük, belə yumor...
     Molyer komediyalarının bir çoxu saray bayramlarında, bizim yaxın keçmişimizin təbiri ilə desək, «təntənəli» gecələrdə tamaşaya qoyulmaq üçün yazılıb, lakin sənətdə hər şeyi istedad həll etdiyinə görə, həmin «bayramlardan» və «təntənələrdən» fərqli olaraq, o əsərlər yaşayıb və yaşayan Molyer qəhrəmanları nəinki yalnız klassisizmin çərçivələrinə, hətta zaman və məkan çərçivələrinə sığışmır. 300 il əvvəl o qəhrəmanları yaşadan və güldürən hisslər, ümumiyyətlə, insan yaşadıqca yaşayacaq.
     Molyer o insani hisslərin, həyəcanların parlaq bədii inikasını yaratmışdır ki, elm və texnika inkişaf etdikcə də, siyasi-ictimai konyukturlar bir-birini əvəz etdikcə də, onlar qalacaq.
     Molyer bizim müasirimizdir və Molyer bizim babalarımızın müasiri olduğu kimi, gələcək nəsillərin də müasiri olacaq. Milliyyətindən asılı olmayaraq insan həmişə Molyerlə sevinəcək və Molyerlə fəxr edəcək.
     Lakin biz yenə də 300 il bundan əvvələ qayıdırıq, bir şəxs kimi Molyerin həyatını gözlərimizin qarşısından keçiririk və əlbəttə, fikirləşirik ki, o nə üçün bu dərəcədə ziddiyyətli bir varlıqdır? Nə üçün sənətkar alçaldıqdan, maddi məhrumiyyətlərə və mənəvi sıxıntılara məruz qaldıqdan, faciələr yaşadıqdan və öldükdən sonra qiymətləndirilir? Doğrudanmı təqsir xislətdə deyil, adicə olaraq ondadır ki, sənətkar həmişə gələcəyin yetişdirməsi olur və buna görə də müasirləri onu başa düşmür?
     Kilsə «Tartyüf»ü qadağan etmişdi və 300 ildən artıq bir müddət səhnələri fəth edən, siyasi və coğrafi sərhədlər tanımayan, müxtəlif milli teatr məktəblərinin yaranmasına sövq edən, hətta səbəb olan bu əsər Molyerin özünün sağlığında beş il qadağa altında qalmışdır...
     Keşiş P.Rulle kimi ortodoks din xadimləri Molyeri şeytan əməllərinin ifadəçisi kimi tonqalda yandırmağı tələb edirdilər...
     Hətta Molyer öldükdən sonra da kilsə onun dini qayda ilə basdırılmasına icazə verməmişdir və Molyer qəbiristanlığın özündə yox, kənarda, qəbiristanlıq hasarının arxasında dəfn edilmişdir...
     Molyerin böyük müasirlərindən biri və dostu Bualo, Rasinə 7- ci məktubunda ürək ağrısı ilə yazırdı: «Nə qədər ki, taxta tabut və bir ovuc torpaq Molyerin gözdən düşmüş cəsədini həmişəlik örtüb adamların gözündən gizlətməmişdi, lovğa təlxəklər guruhu onun indi hamı tərəfindən hörmətlə qarşılanan komediyalarını nifrətlə rədd edirdi. Bir yığın kütbeyin cahillər bərli-bəzəkli saray qiyafəsində Molyerin əsərlərinin tamaşalarına gedər və hər bir misrasında böyük bir ürək çırpınan hər yeni pyesini küyə basıb hörmətdən salmağa çalışardılar. Saray əhli başqa tamaşa, özgə bir əyləncə şövqündə idi, qrafinya teatrda onun komediyasına baxdığı zaman dəhşət içində lojadan çıxıb qaçar, markiz ikiüzlü və riyakarlara qarşı çevrilmiş kəskin ittihamları eşidəndə, müəllifi tonqalda yandırtmağa hazır olar, saray adamlarını ələ salıb gülməyə cəsarət etdiyinə görə vikont şairin ünvanına lənət və söyüşlər yağdırmağı əsirgəməzdi... Lakin Parkların qayçısı bir gün rəhmsizcəsinə ömür kəndirini kəsdi və zülmət dünyası onu bizdən həmişəlik gizlətdi. Yalnız bundan sonra hamı Molyerin gözəl dühasını etiraf və qəbul etdi. O zamandan səhnədə sürtülüb köhnələn komediyanın daha səsi gəlmir, xeyli müddətdir ki, komediya lal olmuşdur və indi onu yenidən ayağa qaldırıb dərdinə əlac edəsi bir adam da yoxdur. Komediya axırda belə bir şərəfsiz vəziyyətə düşmüşdür».‘
     Ancaq sağ ikən sənətkarlara həqiqi qiymətin verilməməsi baxımından burasını qeyd etməyi əlamətdar bilirəm ki, elə Bualonun özü - Molyerdən sonra komediyanın «şərəfsiz vəziyyətə düşdüyünü» yazan bu böyük alim - Molyerin məşhur «Poeziya sənəti» əsərinin üçüncü nəğməsində deyirdi: «Şəhərlilərin, saray əhlinin həyatını öyrənin; onların arasında nümunə çoxdur, siz ən nümunəvi xarakterləri axtarıb tapın. Molyer onların həyatını diqqətlə müşahidə edir, əgər o, camaatın xoşuna gəlsin deyə, bəzən surətləri təhrif etməsəydi, həqiqi şadlığı təlxəkliklə əvəz edib korlamasaydı, bizə yüksək sənət nümunəsi olan əsərlər verə bilərdi. Lakin əfsus! Bu müəllif öz əsərlərində Terensi ilə Tabareni eyniləşdirmişdir! Kələkbaz Skapenin gizləndiyi kisədə yüksək şöhrət qazanmış «Mizantrop» müəllifini görmürəm».
     Əvvəla, orasmı deyək ki, Bualo «Skapenin kələkləri» komediyasından misal gətirdiyi səhnəni təhrif olunmuş şəkildə təqdim edir. Komediyada torbaya girən Skapen yox, onun kələk işlədib həmin torbaya saldığı və ağacla kötəklədiyi qoca Jerontdur. İkincisi və əsası isə ondan ibarətdir ki, Molyer yaradıcılığının mühüm xüsusiyyətlərindən biri məhz odur ki, bu yaradıcılıqda «şəhərlilərin, saray əhlinin» tipik xarakterləri yaradılmışdır və Bualo özü də sonralar, (Molyer öləndən sonra...) bu cəhəti görmüş və qiymətləndirmişdir (elə Rasinə 7-ci məktubundan nümunə gətirdiyiniz parça bunu sübut etmirmi?).
     Dünya estetik fikrinin parlaq nəzəri nümunələrindən biri olan «Poeziya sənəti» klassizmin estetik məktəbinin təəssübünü çəkən, bu cərəyanın qanunlarını, sərt və qəti tələblərini müdafie edən bir əsər idi və bu baxımdan, Molyerin komediyaları, istər-istəməz, bəzən tənqid hədəfinə çevrilir. Eyni zamanda, görünür, burjua ailəsində anadan olmuş aristokrat Bualo ilə qara camaatdan tutmuş əyanlara qədər müxtəlif təbəqə nümayəndələrinin psixolojisinə bələd olmaq meyarları da müxtəlif idi.
     Molyer istedadı klassisizmin müəyyən etdiyi çərçivələr məhdudluğuna sığmırdı, zahirən klassisizmin formal tələblərinə bu və ya digər dərəcədə əməl olunurdusa da, məzmun azadlığı ədəbi cərəyanların (ilk növbədə klassizmin özünün!) fövqündə idi.
     Mən yuxarıda yazdım ki, Molyer bizim müasirimizdir. Böyük sənətkarlar haqqındakı bu mülahizəni biz tənqiddə, ədəbi-estetik araşdırmalarda dəfələrlə oxumuşuq və yəqin ki, oxuyacağıq, çünki həqiqətdir; çünki söhbət bəşəri (və əbədi!) hiss-həyəcanlardan gedir, o hiss-həyəcanların yüksək bədii-estetik ifadəsindən gedir.
     Əlamətdar cəhətlərdən birisi də budur ki, Molyer yalnız mənəvi-əxlaqi hiss-həyəcanların ifadəçisi kimi yox, eyni zamanda, sənətkarın cəmiyyətə ictimai-sosial münasibəti və bunun bədii təcəssümü baxımından da bizim müasirimizdir.
     Misal üçün, «Skapenin kələkləri» üç yüz iyirmi il bundan əvvəl (1671) qələmə alınmışdır, lakin orada Skapenin cəmiyyətin (XVII əsr fransız feodal-burjua cəmiyyətinin!) iliyinə işləmiş rüşvətxorluq və bürokratiya barədə dediyi sözlərə fikir verək:
     « A R Q AN T . Yox, yaxşısı budur, işi məhkəməyə verim.
     SKAPEN. Görbir nə deyirsiz e?! Gör bir nəyə qərar verirsiz?! Bilmirsiz məhkəmədə nələr baş verir?! Yüz cürə şikayət olur orda, bir hərcmərclik başlayır ki, gəl görəsən, canavar kimi adamın başının üstünü alırlar: bir tərəfdən pristavlar, bir tərəfdən vəkillər, müvəkkillər, şahidlər, katiblər, məruzəçilər, onların köməkçiləri, nə bilim mən, hakimlər, mirzələr!.. Hər biri də qanundan necə istəyir, elə də, istifadə eləyir, lap qəpik-quruşa da tamah salır. Müvəkkiliniz o biri tərəflə əlbir olacaq, bir keçi qiymətinə satacaq sizi. Vəkilinizi də satın alacaqlar, heç məhkəməyə də gəlməyəcək, gəlsə də başlayacaq hətərən-pətərən danışmağa, mətləb də qalacaq bir tərəfdə. Katib heç özünüz olmaya-olmaya ittiham hökmünüzü oxuyacaq. Məruzəçinin mirzəsi sənədləri gizlədəcək, ya da elə məruzəçinin özü, guya, o sənədləri heç görməyib!.. Yox, əyər böyük əzab-əziyyətlə elə eləsəz ki, belə şeylər olmasın, onda da baxıb görəcəksiz ki, aşnaları, hakimləri sizin əleyhinizə çöndəriblər. Cənab, uzaq olun, uzaq olun belə ədalət məhkəməsindən! İşi məhkəməyə vermək, cəhənnəmin içinə girmək kimi bir şeydi. Mən, vallah, məhkəmənin əlindən qaçıb dünyanın lap axırında gizlənərdim!..
     ARQANT. Y ox, məhkəmə bundan yaxşıdı!
     SKAPEN. Axı, işi məhkəməyə verməkdən ötrü də pul lazımdı. Sənədləri düzəltmək üçün xərc çəkməlisiz, imzaları təsdiq eləməkçün də xərc çəkməlisiz, etibarnamə üçün də, müvəkkillərə də cib xərcliyi verməlisiz, vəkillərin çıxışı üçün də, hələ sənədlərin surətini çıxarmağı demirəm!.. Məruzəçilərə xərc çəkməlisiz, sənədləri reyestrə salanda xərc çəkməlisiz, imza atmağa, arayış çıxarmağa, işi tezləşdirməyə elə bir ucdan xərciniz çıxacaq. Hələ nə qədər rüşvət verməlisiz!..».
     Kələkbaz Skapen doğrudan da, elə bil ki, bu sözləri bu gün (XXI əsrə qədəm qoyduğumuz bir dövrdə!) bizim cəmiyyətimiz (XVII əsr fransız burjua cəmiyyəti hara, yaşadığımız sovet cəmiyyəti hara?!) haqqında demişdir...
     Azərbaycan teatrının Molyer yaradıcılığına müraciəti əsrin lap əvvəllərindən başlayır və bizim ədəbiyyatşünaslığımız, teatrşünaslığımız da bu barədə yazmışdır (təəssüf ki, istənilən qədər və istənilən səviyyədə yox). 1902-ci ilin 25 oktyabrında Tağıyev teatrının səhnəsində Nəcəf bəy Vəzirovun «Xəsis»dən təbdil etdiyi «Ağa Kərimxan Ərdəbili» komediyası Əbdürrəhimbəy Haqverdiyevin quruluşunda tamaşaya qoyulmuşdur. Cəmi bir il əvvəl Bakı teatrları Malı teatrın qastrolları zamanı rus dilində «Xəsis»ə tamaşa etmişdi, indi isə, Molyerin qəhrəmanları artıq Azərbaycan dilində danışırdılar və «Ağa Kərimxan Ərdəbili» bilavasitə tərcümə yox, təbdil olsa da, əhvalatın vaqeəsi Parisdən, Harpaqonun evindən Ərdəbilə, Ağa Kərimxanın evinə keçirilsə də, Harpaqonun özünün adı Ağa Kərimxan və fransız məişəti Azərbaycan məişəti ilə əvəz olunsa da Molyer intriqası və Molyer gülüşü əsas olaraq qalırdı.
     Sonralar Molyerin bu və digər əsərləri dəfələrlə Azərbaycan teatrında tamaşaya qoyulmuşdu və az qala, 90 ilin uzaqlığında, o zamankı teatr mənzərəmizə nəzər saldıqda və əldə edilmiş estetik təcrübəni izlədikdə biz belə qənaətə gəlirik ki, Molyer tamaşalarındakı baş rolların Cahangir Zeynalov, Mirzəağa Əliyev, Hacıağa Abbasov kimi ifaçıları Azərbaycan milli artistlik məktəbində satirik-yumoristik ənənələrin formalaşması və inkişafı yolunda Avropa klassikasından məharətlə istifadə etmişlər.
     Molyer Azərbaycan teatrının, əgər belə demək mümkünsə, doğma müəllifinə, hətta milli müəllifinə çevrilmişdi. Cəfər Cəfərov rejissor Mehdi Məmmədovun 1946-cı ildə M.Əzizbəyov adına teatrda tamaşaya qoyduğu «On ikinci gecə» (V.Şekspir) komediyasının uğursuzluğundan, «Gəraybəyli, Vəlixanlı, Mərdanov kimi komediya ustalarının xarakter yaratmaq prinsipindən kənara çıxmaqlarından, zahiri ifaya uymalarından» bəhs edərkən, bunun səbəblərindən birini də belə müəyyənləşdirir: «Teatr Şekspir komediyalarından çox, Molyerin və ispan komediyalarının (yəqin ki, bir neçə əsəri tamaşaya qoyulmuş Lope-de Veqa nəzərdə tutulur.) tamaşaya qoyulması sahəsində təcrübəyə malik idi».’
     Burada təbii ki, Şekspirlə Molyer, yaxud Lope-de Veqa qarşı-qarşıya qoyulmur, çünki söhbət dünya mədəniyyəti nəhənglərindən getdiyi üçün belə bir qarşıdurma metodoloji baxımdan düzgün olmazdı və Cəfər Cəfərov kimi mötəbər bir qələm sahibi də buna yol verməzdi; görünür, məsələ burasındadır ki, Molyer Azərbaycan səhnəsinin milli faktına çevrilmişdi, komediya tamaşaları ilə bağlı milli-estetik özünüifadə formalaşarkən ilkin bəşəri tərkiblərdən biri olmuşdu.
     Tamam başqa (və uzaq!) bir xalqın - fransız xalqının əsərlərində də məhz həmin xalqı-fransız xalqını ifadə edib Azərbaycan mədəniyyəti ilə bu dərəcədə təmasda olmaq bu, əlbəttə, sənətin böyüklüyündən, sənətkarın qadirliyindən xəbər verir.
     Çox əlamətdardır ki, Molyerin komediyaları Azərbaycan səhnəsinin Cahangir Zeynalov, Hacıağa Abbasov, Mirzəağa Əliyev kimi böyük komikləri ilə bərabər, hətta Hüseyn Ərəblinski kimi böyük tragik sənətkarın da yaradıcılığında işıqlı iz buraxmışdır. «Zorən təbib» Azərbaycanda müxtəlif variantda -1907-ci ildə Hüseyn Mirzəcamalovun və Əhmədbəy Məlikov Qəmərlinskinin təbdilində tamaşaya qoyulmuşdur və Ərəblinski birinci tamaşada həkim Eyvaz rolunda oynamışdır.
     Artist Abbas Rzayev xatirəsində yazır ki, Həmidə xanım Məmədquluzadənin vasitəçiliyi ilə həmin tamaşa Tiflis Müsəlman Xanımları Cəmiyyəti Xeyriyyəsi üçün də oynanılmış və Ərəblinski baş rolda «tamaşaçıların dəfələrlə gurultulu alqışlarına nail olmuşdun). (Qeyd edək ki, «Zorən təbib» Azərbaycan Demokratik Respublikası zamanında da Mailov teatrının səhnəsində tamaşaya qoyulmuş və Azərbaycan teatrları arasında müvəffəqiyyət qazanmışdır.)
     Hərgah müasirləri hələ 1904-cü ildə «Xəsis» tamaşasında baş rolun ifaçısı kimi Cahangir Zeynalovun «tamaşaçıları heyran etdiyini» yazırdısa, burada, əlbəttə, təəccüblü bir şey yox idi, çünki Cahangir Zeynalov komik idi və onun məhz komik istedadı Molyer komizmi ilə vəhdətdə heyranedici olurdu. Lakin Ərəblinski kimi bir tragikin də istedadı komik bir vüsətlə partlayırdısa, bu, yəqin ki, bədii mətnin istedadı oynatmaq (və oyatmaq!) üçün, münbit zəmin yaratması ilə daha artiq dərəcədə şərtlənirdi.
     Bizim nəzərdən keçirdiyimiz məxəzlərə görə, sovetləşmiş Azərbaycan səhnəsində Molyerin «Xəsis» (Nəcəf bəy Vəzirovun təbdilində «Ağa Kərimxan Ərdəbili»), «Zorən təbib» komediyalarından başqa «Jorj Danden» (tərcüməçi M.Məmmədov), «Cəbrən evlənmək» (tərcüməçi Ə.S.İbrahimzadə) də tamaşaya qoyulmuş və müvəffəqiyyət qazanmışdı. «Zorən təbib» və «Cəbrən evlənmək» ayrıca kitab şəklində nəşr də olunmuşdu.
     Azərbaycan teatrı sovet dövründə də dəfələrlə Molyerin yaradıcılığına müraciət etmişdir: İsmayıl Hidayətzadənin tərcüməsində «Bağa qınını bəyənmir», Mircəfər Möhsümovun tərcüməsində «Don Juan», yenə də Ə.Qəmərlinskinin tərcüməsində «Zorən təbib» («Zorakı təbib»), tərcüməçisini müəyyənləşdirə bilmədiyimiz «Gördüyünüzə inanmayın», N.Nuruyevin təbdilində «Mıqqı Kərim» və «Cancur Səməd» və s. Dövrün mürəkkəbliyi, estetik meyarların qarşılaşdırılması və bəzən eybəcər hala salınması, yeni ideologiyanın bir tərəfdən mücərrədliyi, yəni qeyri- konkretli, anlaşılmaması və milli bədii-estetik ənənələrə zidd olması, digər tərəfdən isə qəddarlığı, təbii ki, Azərbaycan səhnəsində Molyer tamaşaçılarının da taleyinə təsir göstərirdi.
     1924-cü ildə «Jorj Danden» tamaşaya qoyulmuşdu (tərcüməçi M.Mərdanov, quruluşçu rejissor A Tuqanov, baletmeyster Sergeyev, baş rolun ifaçısı İ.Talıblı) və bu elə bir dövr idi ki, Azərbaycan mədəniyyətinin qarşısında bir bəla olan (bunun altını biz çox çəkdik və çəkməkdə də davam edirik...) vulqar sosiologizm təmayülləri get-gedə qüvvə toplayır və cövlan etməyə başlayır, partiyanın mədəniyyət sahəsində, xüsusən, ədəbi irsə münasibətdə rəsmi (və məcburi!) ideolojisinə çevrilirdi.
     Azərbaycan teatrının bilicisi və fədailərindən biri Cəfər Cəfərov həmin dövrlə bağlı yazırdı: «Belə hesab olunurdu ki, «kapital hakimiyyəti dövrü» (dımaq müəllifindnx.) əsərlərinin tamaşası zamanı yalnız gözdən salmaq, ifşa etmək, məsxərəyə qoymaq işi ilə məşğul olmaq lazımdır» və «Jorj Danden» tamaşasının «pyesin məzmununa heç bir dəxli olmayan rəqs divertismentləri ilə, qaraçı rəqsləri ilə (səhnə etikasından kənara çıxan rəqslər hələ bir yana qalsın - C.) yükləndiyini» göstərirdi. Elə bu səbəblərə görə bu tamaşanın adı dəyişdirilib «Səfehləşmiş kişi» (?!) qoyulmuşdu.
     Sovetləşmənin ilkin dövrlərindən başlayaraq bu cürə «yeni» estetik prinsiplər yetmiş il ərzində, yuxarıda yazdığım kimi, bizim mədəniyyətimizə artıq ziyan vurmuşdur və bu ayrıca bir ciddi söhbətin mövzusudur, lakin böyük sənət də ona görə əsrlərin zaman sərhədlərini tanımır, dövrün ən qorxunc siyasi-ictimai konyunktura təzyiqinə belə, sinə gərir ki, həmin zaman sərhədlərindən də, həmin təzyiqdən də qat-qat güclü və qadirdir. Molyer komediyaları dövrün bütün sınaqlarından çıxmış və son yetmiş ildə həmişə Azərbaycan səhnəsi ilə birlikdə olmuşdur. Molyer bəzən tez-tez, bəzən isə təəssüf ki, gec-gec tamaşaya qoyulmuşdur, lakin Molyer sənətinin Azərbaycan mədəniyyətindəki yeri elə bir dəqiq məhəbbət və hörmətlə müəyyənləşdirilmişdir ki, o bu intervallardan asılı olmayaraq «ozümüzünküdür». - Öz Molyerimiz.
     Allah-taala Molyeri səhnə üçün yaratmışdı, o səhnə üçün yazırdı və özü də artistlik edirdi, öz rollarını səhnədə özü oynayırdı, səhnə üçün yaşamışdı və səhnədə də ölmüşdü.
     1673-cü ilin bir qış günündə, fevral ayının 17-də Pale-Royalda «Yalançı xəstə»nin dördüncü tamaşası gedirdi. Bütün gün özünü pis hiss edən Molyer Arqan rolunu oynayaraq «tamaşaçıları onun yalançı xəstəlikləri ilə güldürüb-əyləndirir, özünün isə həqiqi ölümü ilə mübarizə aparırdı)).
     Lakin o qış gecəsi cismani qələbə Molyerin yox, ölümün oldu: səhnədə konvulsiya tutmuş Molyer qan qusaraq tamaşadan bir saat sonra haqq dünyasına köçdü, sənəti isə bu dünyada yaşayanlar üçün, əsrlər bir-birini əvəz etdikcə, bu dünyaya gələnlər üçün qaldı.

iyun 1990.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (24.07.2014) | Müəllif: R.C E W
Baxış: 463 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more