Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Beş dəqiqə və ədəbiyyat
BEŞ DƏQIQƏ VƏ ƏBƏDIYYƏT


    7 avqust 1983-cü il.
    Bazar günü.
    Saat 20.10.
    Havanın temperaturu: +370.
    Təyyarə limanı.
    Həmin bazar günü şüşədən görünən aerodrom meydançası günün altında elə bil ki, kimsəsiz, izsiz-ləpirsiz beton səhra parçası idi və həmin beton səhra parçasına nəhəng təyyarə kölgəsi düşmüşdü; elə bil ki, təyyarə özü o beton səhra boşluğunda əriyib yox olmuşdu, görünmürdü, təkcə kölgəsi nəhəng bir ləkə olub beton səhraya hopmuşdu və Mərdan Dadaşlı nəhayət ki, gözünü həmin təyyarə kölgəsindən, beton səhra parçasındakı o nəhəng ləkədən çəkdi.
    Mərdan Dadaşlının qırx yeddi yaşı var idi, elmlər doktoru, akademiyanın müxbir üzvü, elmi-tədqiqat institutunun müdiri idi və Mərdan Dadaşlının özünün özü ilə zarafatı var idi: hərdən təsadüfən güzgüdə, yaxud şüşədə öz əksini görəndə özü özündən soruşurdu:
    – Nə var, nə yox?
    Əslində bu sualda cavab da var idi, çünki Mərdan Dadaşlu bu sualı özünə elə verirdi ki, tonunda, istehzasında bir arxayınlıq, rahatlıq da var idi, yəni ki, hər şey əladır, amma bu dəfə şüşənin şəffaflığında özünü sezəndə həmin sualı verməyə, özü ilə zarafat etməyə macal tapmadı, çünki şüşədəki zəif əksi o nəhəng təyyarə kölgəsi içində itdi və həmin nəhəng təyyarə kölgəsi Mərdan Dadaşlının ürəyini sıxdı. Nə üçün belə oldu? Gərək əksinə olaydı, çünki havanın bu cırhacırında o təyyarə kölgəsi, hesabla, sərinlikdən xəbər verməli idi, əlbəttə, belə olmalı idi, amma belə olmadı və Mərdan Dadaşlı o nəhəng kölgədə nəsə bir qeyri-təbiilik, sünilik hiss etdi, Mərdan Dadaşlıya elə gəldi ki, o kölgədə sərinlik yox, bir buz soyuğu var və bu buz soyuğu, dağ soyuğu, yaxud qış soyuğu deyil, meyitxana soyuğudur. Mərdan Dadaşlı indicə keçirdiyi bu ət ürpəşdirən hissə heyrət etdi, çünki indiyə qədər belə şeylər olmazdı; nədən idi bu, yavaş-yavaş qocalır, nədir? Sövq-təbii təyyarənin biletini cibindən çıxarıb baxdı: birinci sıra, birinci yer idi və Mərdan Dadaşlının həmişəki ovqatı özünə qayıtdı: «birinci» sözündə xoş bir sehr var idi, bir arxayınçılıq, rahatlıq var idi.
    Mərdan Dadaşlı yerə qoyduğu «diplomat» portfelini götürüb qapıya tərəf getdi.
    Təyyarəyə minik başlamışdı.
    Sonra «TU-154» havaya qalxdı.
    Sən birinci sırada, birinci yerdə oturmuşdun, illüminatordan baxırdın və təyyarə havaya qalxdıqca, yer səndən uzaqlaşdıqca, maşınlar, binalar kiçildikcə sən fikirləşdin ki, əslində bu məsafə sənin həyatının, taleyinin məsafəsidir, çünki cəmi iyirmi beş il bundan əvvəl – iyirmi beş il nədir ki? – bax, o aşağıda görünən adamlar kimi kiçik idin, universiteti təzəcə bitirmişdin, kimsəsiz və yazıq idin, harada işləyəcəyini, nə edəcəyini bilmirdin və bu gün, cəmi iyirmi beş ildən sonra – iyirmi beş il nədir ki? – bu təyyarə yüksəkliyindən o kimsəsiz və yazıq cavan oğlana baxırsan və gülümsəyirsən, çünki o cavan oğlanın təsəvvürünə belə gətirməyə cəsarət etmədiyi bir gələcək sənin üçün artıq keçmişdə qalmışdı və o təcrübəsiz, sadəlövh cavandan fərqli olaraq, bu gün sən gələcəyi görürsən, daha doğrusu, gələcəyi necə görmək istəyirsənsə, bilirsən ki, elə də olacaq, çünki sənin gücün var, sənin ağlın və bacarığın var. Mən bilirəm, sən heç bir iclasda, heç bir məclisdə, hətta, evdə, arvadınla söhbətdə belə, özündən deməmisən, özünü tərifləməmisən, amma özün həmişə özünlə fəxr etmisən və bunu özündən gizlətməmisən də, çünki heç kim bilməsə də, sən özün yaxşı bilirsən ki, bu günə qədər, yəni 1983-cü ilin bu isti avqust gününə kimi, həyatda nə əldə etmisənsə, yalnız özün etmisən, heç kim sənə kömək etməyib, bütün bu illər ərzində sən həmişə həyatla üzbəüz dayanmısan və bu üzbəüz mübarizədə sənin yeganə köməkçin, yeganə məsləhətçin sən özün olmusan.
    Insanlar gözdən itdi, sonra maşınlar görünmədi, sonra binalar yox oldu, torpaq yox oldu, sonra hər tərəfi süd ağlığında buludlar bürüdü, sonra o ağappaq buludlar da topa-topa aşağıda qaldı və sən yenə gülümsədin, çünki o ağappaq buludlar içində yenə həmin kimsəsiz cavan oğlanı gördün və evsiz-eşiksiz, işsiz, ailəsiz o oğlanın ürəyindəki nigarançılıq uzaq və xoş bir xatirə kimi sənin bütün sinirlərinə yayıldı. Xatirələr yalnız hadisələrlə, yalnız insanlarla bağlı olmur, hisslərin də xatirəsi yadigar qalır və sən indi o uzaq və yaxın keçmişi yadına sala-sala həmin xatirələrdən, bəlkə də, ən əzizini, ən istisini yaşayırdın, elə bil ki, qışdır, qışın lap oğlan çağıdır, amma yaxşıca kürkün var, üşümürsən, hətta istidir sənə, ürəyin də rahatdır, amma birdən-birə yazın sonları yadına düşür və bütün içini bir yaz hərarəti bürüyür – o kimsəsiz cavanın gələcəklə bağlı və ümumiyyətlə, həyatla bağlı, ürəyini yeyən nigarançılıq hisslərini bu gün sən, bax, eləcə xatırlayırdın və xatırladığın o hisslər indi eləcə bir yaz hərarəti, yaz ətri gətirirdi sənə. Əslində, sən bu gün, göyün yeddinci qatında təyyarə ilə uçduğun bu dəqiqələrdə o uzaq və yaxın keçmişdə qalmış həmin cavan oğlanı öz oğlun kimi sevirdin və onu gözlərinin qabağına gətirəgətirə onun qarşısında bir ata kimi öyünürdün, qürur hissi keçirirdin. Əslində, həmin bu dəqiqələrdə sənin üç oğlun var idi, ikisi indicə səni təyyarə limanında yola salmışdı, ataları ilə fəxr edən, hamının barmaqla gös-tərdiyi bu güclü, yaraşıqlı və istedadlı oğlanlar, bir də ki, onların yaşıdı olan, amma həmişəlik keçmişdə – uzaq və yaxın keçmişdə qalmış o sadəlövh cavan oğlan, yəni iyirmi beş il bundan əvvəlki sən. Sən yetim idin, atan müharibədə həlak olmuşdu, anan onun-bunun pal-paltarını, qab-qaşığını yuya-yuya səni bir qarnı ac, bir qarnı tox böyütmüşdü, rayondan gəlib Bakıda ancaq təqaüdlə dolana-dolana universiteti bitirmişdin və əlbəttə, sən o vaxt necə ağlına gətirə bilərdin ki, illər keçəcək, məşhur alim olacaqsan, kitabların dillərdən-dillərə tərcümə olunacaq, evin-eşiyin, gözəl arvadın, gözəl və ağıllı oğlanların olacaq və sənin tanımadığın adamlar küçədə səninlə salamlaşıb arxanca bir-birilərinə: « – Bu filankəsdir!» – deyəcəklər.
    O süd kimi ağ topa-topa buludlar da aşağıda qaldı və görünməz oldu, illüminatorun şüşəsi əvvəli-axırı görünməyən mavi bir boşluğa büründü, sərnişinlərdən kimisi mürgülədi, kimisi kitab, qəzet-jurnal oxumağa başladı, kimisi söhbət etdi, amma, sən həmin mavi boşluq içində, illüminatorun şüşəsində öz şəffaf əksini gördün və yenə də özün özünlə zarafat etdin: «– Nə var, nə yox?» Sən yenə də gülümsədin, sonra gözlərini o əvvəlsiz-axırsız mavi boşluqdan çəkib başını arxaya çevirdin və kresloların arasından sərnişinlərə ötəri bir nəzər saldın, həmişəki kimi, bir-iki tanış sifət gördün, salamlarını aldın, amma kim olduqlarını bilmədin, sonra gözün anasının yanında oturmuş beş-altı yaşlı bir qız uşağına sataşdı və sən o uşağın da üzünə gülümsədin. Təyyarədə balaca uşaqlar görmək həmişə səni sevindirirdi, çünki təyyarədə ki, beləcə balaca, məsum uşaqlar var idi, deməli, uçuş uğurlu olacaqdı, necə ki, rahat havaya qalxmışdınız, eləcə də rahat yerə enəcəkdiniz. Əlbəttə, sən bilirdin ki, bu sevinc hissində bir sadəlövhlük var, tale amansızdır və uşağa, cavana, qocaya baxmır, amma, hər halda, bu amansızlıq içində uşaq məsumluğu, uşaq təmizliyi görmək həmişə sənin üçün xoş idi, səni sevindirirdi. Düzdür, bu uşaq təmizliyi, məsumluğu hərdən sənin ürəyinə bir qüssə, qəmginlik də gətirirdi, amma bu qüssə, qəmginlik çox yüngül olurdu, uçub gedirdi, elə bil ki, göyə çərpələng uçurmusan, birdən sap qırıldı, çərpələng də uçub getdi, gözdən itdi; o sapın qırılmasına, əlbəttə, heyfsilənirdin, amma sonra azadlığa çıxmış o çərpələngin idarə olunmayan, sərbəst uçuşu həmin təəssüfü yaddan çıxarırdı, daha doğrusu, həmin təəssüfə bir ilıqlıq, səmimilik gətirirdi. Sən bəzən özün üçün də aydın olmayan həsrətəbənzər bir hiss keçirirdin, qucağında uşaq oynatmaq istəyirdin, evdə də hər gün balaca uşaq görmək istəyirdin. Bəzən evdə, iş otağında qapını bağlayıb yazı mizinin arxasına keçirdin, işləməyə başlayırdın, amma birdənbirə əlində tutduğun qələm dayanırdı və sən, az qala, cismani surətdə hiss edirdin ki, bir uşaq təbəssümü görmək istəyirsən, o uşaq təbəssümündə qızınmaq istəyirsən, hətta, bəzən təəccüb səni bürüyürdü, çünki sənə elə gəlirdi ki, əslində o uşaq təbəssümündə gizlənmək istəyirsən.
    Sən başını anasının qoluna söykəmiş o beş-altı yaşlı qız uşağına baxa-baxa fikirləşdin ki, eybi yox, bir iki ildən sonra baba olacaqsan, nəvələr gələcək dünyaya və həmin nəvələrin təbəssümü sənin başının üstündən əskik olmayacaq. Əlbəttə, sən başa düşürdün ki, fikirlərini, hisslərini bir az ucuzlaşdırırsan, söhbət yalnız həqiqi mənada uşaqdan getmir, söhbət uşaq təbəssümünün təmizliyindən, saflığından, şəffaflığından gedir, amma sən bu cür, necə deyərlər, dərinə getməyi xoşlamırdın və getmirdin də.
    Sən illüminatorun şüşəsinə boylanıb hər tərəfi bürümüş boşluğa baxdın və bu mavilik də yavaş-yavaş itirdi, boşluq tutqunlaşırdı, qaralırdı, gecə düşürdü və sən «diplomat»ı açdın, bugünkü qəzetləri çıxarıb təyyarənin işığında oxumağa başladın: Yuxarı Voltada dövlət çevrilişi olmuşdu, kapitan Tomas Sankaranın başçılıq etdiyi «Milli Inqilab Şurası» hakimiyyəti ələ almışdı; F.Həbibin yerinə ABŞ prezidentinin Yaxın Şərqdə xüsusi nümayəndəsi vəzifəsinə təyin olunmuş R.Makfarleyn Beyrutda danışıqlar aparmağa başlamışdı; Lerik rayonunun Şəhərətuk adlı ərazisində on min ton həcmində üzüm qəbul edəcək yeni şərab zavodunun tikintisinə başlanmışdı. Sən hərdənbir gözlərini qəzetdən ayırıb illüminatorun şüşəsindən göyə baxırdın, hava tamam qaralmışdı, heç nə görünmürdü və sən yenidən qəzetləri oxuyurdun. Birdən, qəflətən, tamam gözlənilmədən hər şey dəyişdi. Birdən təyyarəyə zülmət qaranlıq çökdü. Sən əvvəlcə heç nə başa düşmədin. Sən əvvəlcə bilmədin ki, nə olub. Sonra sərnişinlərin küyünü eşitdin və sən başa düşdün ki, təyyarənin işıqları sönüb. Sən başa düşdün ki, nəsə olub, təyyarədə qəza var və sənin bütün tüklərin qabardı.
    Saat 21.11.
    Hündürlük 10200 m.
    Sürət 870 km.
    Havanın temperaturu: – 510.
    «Tu-154»ün təyyarəçi kabinəsi.
    Ekipaj dörd nəfərdən ibarət idi: komandir, mühəndis, 2-ci təyyarəçi, şturman.
    Təyyarə mühəndisi. Generatorların üçü də dayandı, komandir!
    Komandir. Qazı azaldın. Təcili enirik.
    Şturman. Sağa dönmək! Kursu 30 dərəcə artırmaq! 2-ci təyyarəçi. Bakı! Bakı! 85 510. Təyyarədə nasazlıq var. Təyyarədə nasazlıq var! Təcili enirik.
    Birdən-birə sənin qulaqların batdı, elə bil burnun da tutuldu, sən təngnəfəs oldun və bütün dəhşəti ilə hiss etdin ki, daha boşluq içində uçmursan, bir daş parçası kimi, sürətlə düşürsən, elə bil ki, sıldırım qayadan qopub uçuruma gedirsən və hər tərəf zülmət qaranlıqdır. Sən nə sərnişinlərin səsini eşidirdin, nə də stüardessanın dediklərini və bu qaranlıq içində elə bil ki, birdən-birə öz gözlərini gördün: gözlərin parıldayırdı, böyümüşdü, az qalırdı hədəqəsindən çıxsın və sən başa düşdün ki, artıq hər şey bitdi, bir ucuz ölüm səni uçurumun dibinə aparırdı, sonra bir an, cəmi bircə an sən özün özünə heyrət etdin, çünki sən bu dərəcədə qorxaq olduğunu bilməzdin və bu kəşf səni sarsıtdı, sənə elə gəldi ki, birdən-birə bütün için qanadı, qıpqırmızı qanla doldu. Sən yerindən qalxmaq istədin, qışqırmaq istədin, amma nə səsin çıxdı, nə də yerindən tərpəndin və birdən-birə atanın sifəti sənin gözlərinin qarşısına gəldi. Atan çox cavandı, sənin o uzaq keçmişdə qalmış cavanlığına oxşayırdı və əvvəllər sən onu yaxşı xatırlaya bilməzdin, amma indi sifətinin bütün cizgilərini gördün, sonra ananı gördün, sonra arvadını, oğlanlarını gördün, sonra müxtəlif simalar sürətlə gəlib gözlərinin qabağından keçdi, uşaq vaxtı eşitdiyin laylaları, bayatıları, nağılları xatırladın və bu dəm sənin beynində elə bir sürət var idi ki, həmin sürət səni uçurumun dibinə aparan sürəti də üstələmişdi və sən indi tamamilə beynindəki sürətin ixtiyarında idin. Sənin bütün sinirlərində bir yalvarmaq ehtirası yaranmışdı, sən kiməsə, nəyəsə yalvarmaq istəyirdin, sən imdad istəyirdin, aman istəyirdin. Bir dəfə Süleyman peyğəmbərin yanına iki arvad gəldi və bu arvadlardan biri dedi: «– Ya peyğəmbər! Biz bir kişinin arvadıyıq, eyni vaxtda hərəmiz bir oğlan doğmuşuq. Dünən gecə bu arvad yuxulu olub, öz uşağı altında qalıb boğulub, sonra ölü uşağı gizlincə mənim yanıma qoyub, oğlumu götürüb. Balamı ondan alıb özümə qaytar». Ikinci arvad bu sözlərin hamısına böhtan dedi. Süleyman peyğəmbər göy gözlərini qıyıb arvadlara baxdı və elə bil ki, sən də bu dəm Süleyman peyğəmbərin o qıyılmış göy gözlərini gördün və bu gözlərin baxışı sənin bütün içinə işlədi. Sonra peyğəmbər uşağı gətirtdirdi və qılıncını hirslə həmin uşağın başı üzərinə qaldırıb dedi: « – Indi uşağı tən yarı bölüb hərənizə bir tərəfini verəcəyəm. Onda məndən razı qalarsınız». Birinci arvad özünü peyğəmbərin ayaqlarına atdı: « – Onu öldürmə! – dedi. – Ver bu arvada, kimə verirsən, ver, amma öldürmə!» Ikinci arvad: « – Hökmün ədalətlidi, ya peyğəmbər!» – dedi və bundan sonra peyğəmbər uşağı əsl anasına – birinci arvada verdi. Sən də özünü, bax, beləcə ayaq altına atmaq istəyirdin, imdad istəyirdin, amma o arvad ədalət istəyirdi, ədalət umurdu və ədalət də qalib gəldi, bəs, sən nə istəyirsən?
    Saat 21.12.
    Hündürlük 9000 m.
    Sürət 870 km.
    Havanın temperaturu: 440.
    «Tu-154»ün təyyarəçi kabinəsi.
    Mühəndis generatorların mühafizəsi sistemini yoxlayır.
    Komandir. Bakı! Bakı! 85 510. 85 510. Elektrik şəbəkəsinin mühafizə avtomatları generatorları söndürüb.
    Elektrik şəbəkəsinin mühafizə avtomatları generatorları söndürüb. Enməyə davam edirəm.
    Sən birdən-birə bir çağa çığırtısı eşitdin və əvvəlcə elə bildin ki, həmin çağadır – arvadların Süleyman peyğəmbərin yanına gətirdiyi çağa, sonra sənə elə gəldi ki, yox, bu çağa sənin nəvəndir, üç ildən, beş ildən sonra dünyaya gələcək nəvən indidən səninçün ağlayır, amma sonra başa düşdün ki, yox, bu çağa başqa çağadır. Sənin qulaqlarına gələn bu çağa çığırtısında nəsə tanış bir nəfəs var idi, sən o çağanı görmürdün, amma hiss edirdin ki, o çağa kiməsə oxşayır və sən burasını da hiss edirdin ki, o çağa çığırtısı indicə səni qoynuna alıb ürəyin elə bir dərininə aparacaq ki, orada sənin üçün daha pis olacaq və ən yaxşısı budur ki, o çağanı tanımayasan və beləcə hər şey qurtarsın. Sənə elə gəldi ki, indicə bir gurultu qopacaq, partlayış olacaq və sən rahatlanacaqsan, bundan sonra heç kimi görməyəcəksən və heç kimi eşitməyəcəksən. Qaranlıq içində səni bir daş parçası kimi uçuruma aparan bu sürət də daha əvvəlki kimi dəhşətli görünmədi, çünki sən indi canını o çağa çığırtısından qurtarmaq istəyirdin, çünki hiss edirdin, indicə tanıyacaqsan onu, indicə tanıyacaqsan və bu zaman o çağa çığırtısının müşayiəti ilə sən əlini taxta kimi qupquru sinəsinə vura-vura şivən qoparan o qarının səsini eşitdin:
    Altı bədöv atlı,
    Əli çərkəz qamçılı,
    Arxası dağ dəstəli,
    Çiyni zər tüfəngli,
    Gümüş xəncərli
    At bağrı çatladan,
    Düşmən bağrı yaran,
    Aslan ürəkli,
    Şir biləkli,
    Bənövşə bığlı,
    Mina boylu,
    Darvaza kürəkli,
    Gen sinəli,
    Gözü qızlar ovçusu,
    Dili qızlar elçisi, oğlum, vay!..
    O qarının taxta sinəsi gömgöy göyərib qançır olmuşdu və hər dəfə də quru, dəyənəkli əlini zərblə, yana-yana, göyərə-göyərə taxta sinəsinə vurduqca, qaxac barmaqlarının yeri o qançır içində ağappaq ağarırdı və sən, əlbəttə, heç vaxt ağlına gətirməzdin ki, o qarını beləcə yaddaşında saxlamısan, oğlunun cənazəsinin ardınca o qarının dəli kimi qışqıra-qışqıra dediyi sözlər beləcə beyninə hopub:
    Gedən qara atlı, getmə,
    Yolun uzaqdı, getmə,
    Ananın, bacının göz yaşı,
    Sənə duzaqdı, getmə, oğlum, vay!..
    O qarının dediyi və indi sənin çox aydın, dəqiq eşitdiyin bu sözlər bircə anın içində sənin dodaqlarını səyritdi, gözlərini yaşartdı, qəhər səni boğdu, çünki sənə elə gəldi ki, öz anan dirilib, taxta sinəsi qançır-qançır olmuş o dəli qarı sənin anandır və bu sözləri səninçün deyir, amma bu lap bircə an çəkdi, çünki o çağa yenə də bərkdən qışqırdı və bu dəfə sən həmin çağanı da, həmin qarını da tanıdın.
    Saat 21.13.
    Hündürlük 7500 m.
    Sürət 800 km.
    
    Havanın temperaturu: – 340.
    «Tu-154»ün təyyarəçi kabinəsi.
    Mühəndis. Komandir, enerji şəbəkəsinin mühafizə sistemini yoxlamaq lazımdır, icazə ver, gedim yoxlayım.
    Komandir. Get... Bakı! Bakı! 85 510. Enməyə davam edirəm. Enməyə davam edirəm. Sən o uşağı heç vaxt görməmişdin, amma indi başa düşdün ki, bu çığıran çağa odur, heç vaxt görmədiyin həmin uşaqdır, atası öləndən sonra anadan olan uşaqdır və o dəli qarı da ölən oğlanın anası idi, sən o qarını görmüşdün, dəfn mərasimində görmüşdün. Sən gözlərini kip-kip qapadın, çünki taxta sinəsi qançır olmuş o qarını fikrinə gətirmək istəmirdin, amma ömründə cəmi bircə dəfə, özü də beş-on dəqiqəlik gördüyün o qarı sənin kip örtülmüş gözlərinin qabağından getmədi və sənə elə gəldi ki, oğlunun dəfn mərasimində dərd əlindən dəli olmuş o qarı qaxac barmaqlarını indicə sənin gözlərinin içinə soxacaq, sənin sifətini, sinəni didib-didişdirəcək və sən o qaranlıq içində uçurumun dibinə daha da tez düşmək istədin, sən istədin ki, təyyarəni indicə yerə çırpacaq o sürət daha da artsın və sən həmin qarının əlindən xilas olasan.
    Təyyarə titrədi və sən elə bir nəyəsə ilişdin, kim isə səni tutub saxladı, sənin ürəyində bir ümid yarandı, sən elə bildin ki, xilas oldun, kiminsə, nəyinsə sənə rəhmi gəldi, amma elə həmin andaca sən qorxdun ki, belə bir rəhmə layiq deyilsən, səni saxlayıb baxacaqlar və yenə də tullayacaqlar, atacaqlar və doğrudan da elə bil ki, səni yenə də uçuruma atdılar və sən o dəhşətli sürətlə uçurumun dibinə doğru getdin. Bu uçurum nə uzun imiş, bitib-tükənməzmiş və sənin fikrin yenə də uçurumun dibinə aparan sürəti üstələdi və sən yenə də dərd əlindən dəli olmuş o qarını gördün. Onun oğlunun adı nə idi? Sənin institutunda işləyirdi, nə idi adı? Yadına gətirə bilmədin, amma həmin oğlanın sifəti gözlərinin qabağına gəldi, o oğlanın arıq, saralmış, xəstə sifətini də anasının sifəti kimi tamam dəqiq, aydın gördün və tüklərini ürpəşdirən bir heyrət səni bürüdü: bu oğlan sənin öz cavanlığına çox oxşayırdı, düzdü, sifəti başqa sifət idi, amma gözləri eyni gözlər idi, daha doğrusu, bu gözlərin baxışı, ifadəsi eyni idi.
    O oğlan sənin institutunda, gərək ki, laborant işləyirdi, yoxsa mühasibatda işləyirdi? Yox, yox, laborant idi, hətta sən onun bir məqaləsini də oxuyub tərifləmişdin, son vaxtlar hər gün sənin qəbulunda oturub gözləyirdi, bir dəfə qəbul da etdin onu. Sən həmin qəbulu da indi – neçə ildən sonra tam dəqiqliyi və aydınlığı ilə xatırladın, daha doğrusu, yadına saldın ki, o oğlan sənin qabağında oturmağa cürət etməyib, ayaq üstə dayanıb, əllərinin barmaqlarını sındıra-sındıra nə isə xahiş edirdi, sən onun nə xahiş etdiyini yadına gətirə bilmədin, amma onun xəstə və kədərli gözlərinin necə dolduğunu indi də açıq-aydın gördün və həmin dolmuş gözlər bu dəm qaranlıq içində sənə baxırdı. O səndən nə xahiş edirdi? – deyəsən, ev məsələsi idi, hə, hə, ev məsələsi idi, sənin institutun üçün ayrılmış bir mənzil növbə ilə ona düşürdü, on iki il həmin mənzili gözlədiyini dedi, dedi ki, yaşaya bilmir... Sən nə etdin?
    Qaranlıq içində baxan o dolmuş gözlərin xəstə və kədərli işıltısı səni yandırırdı, əridirdi, sən sürətlə uçurumun dibinə düşürdün və sən istəyirdin ki, həmin sürət səni o doluxsunmuş gözlərin baxışından uzaqlaşdırsın, amma o gözlər də səninlə birlikdə uçurumun dibinə gedirdi. Sən daha təyyarədə olduğunu, qəzaya uğradığını yadından çıxarmışdın, nə komandirin sərnişinlərə müraciətini eşitdin, nə yanından ötən stüardessalardan xəbərin oldu, nə də sərnişinləri görürdün, eşidirdin, sənin üçün yalnız zülmət bir qaranlıq var idi və sən bilirdin ki, indicə hər şey bitəcək və istəyirdin ki, tez olsun, bitsin hər şey, daha dözə bilmirdin.
    O səndən nə xahiş etdi? Axı, nəsə xahiş etdi səndən, nə? Hə, ev məsələsi idi, anası, arvadı, iki uşağı – evləri yox idi və növbə onun növbəsi idi, bəs sən nə etdin? Sən kimə verdin mənzili? Yadına sal, yadına sal, kimə verdin? Kərimlinin qızına verdin, çünki Kərimlinin qızı təzəcə ərə getmişdi, çünki Kərimlinin qızını təzəcə işə götürmüşdün, çünki sən sənədlərini akademiyaya vermişdin, çünki Kərimli sənə səs verəcək adamlardan biri idi.
    Sən yenə də bütün qüvvəni toplayıb yerindən qalxmaq istədin, özünü bu zülmət qaranlıqdan harasa bir yana atmaq istədin və o zaman bütün dəhşəti ilə hiss etdin ki, tərpənə bilmirsən, sənin içində bir çəkisizlik var idi və sən yenə də o qarını gördün, o qarının sözlərini eşitdin: ay kimi doğdun, gün kimi batdın, minəndə at bağrı yardın, saydığına salam verdin, saymadığına yan çevirdin, düşməninə dirsək göstərdin, qəniminə qan uddurdun; altının bədov atına, çiyninin tüfənginə, tərkinin dolu xurcununa, ağzının kəsərli sözünə anan qurban, ay bala! Və sən, ancaq indi, səni sonu görünməyən o uçuruma aparan bitməz-tükənməz sürət və zülmət qaranlıq içində bütün ağrısı ilə dərk etdin, gördün ki, sənin qəbul otağında ayaq üstündə dayanıb gözləri dolmuş o xəstə və kədərli oğlan anası üçün – o taxtasinəli qarı üçün necə çiyni tüfəngli, altı bədov atlı imiş, tərki necə dolu xurcunlu imiş. Katibə sənin yanına gəlib deyəndə ki, həmin xəstə oğlan ölüb, sən əvvəlcə bilmədin ki, söhbət kimdən gedir, sonra tanıdın, yadına düşdü ki, üç-dörd ay əvvəl nədən ötrüsə sənin yanına xahişə gəlmişdi, sonra sən beş-on dəqiqəlik vaxt ayırıb o oğlanın dəfn mərasimində iştirak etdin və o zaman hamı sənə minnətdarlıqla, heyranlıqla baxırdı, çünki sən kimsəsiz, tanınmaz-bilinməz, bədbəxt bir adamın dəfninə gəlmişdin, sənin gəlişin həmin dəfn mərasiminə yaraşıq vermişdi. Bir-iki aydan sonra katibən sənə dedi ki, ürəyindən vəfat etmiş həmin oğlanın üçüncü uşağı anadan olub, sən əvvəlcə yenə də söhbətin kimdən getdiyini xatırlaya bilmədin, sonra yadına düşdü və sən doğrudan da, təəssüflə başını buladın. Nə idi o oğlanın adı? Nə idi? Hə, Zakir idi, tapdın, Zakir idi. Yox, Zakir o deyildi, Zakir başqası idi.
    Saat 21.14.
    Hündürlük 6300 m.
    Sürət 760 km.
    Havanın temperaturu: – 26.
    «Tu-154»ün təyyarəçi kabinəsi.
    Komandir. Bakı! Bakı! 85 510, 85 510. Nasazlıq aradan qaldırılır. Nasazlıq aradan qaldırılır. Enməyə davam edirəm.
    Zakir başqası idi və hər tərəfi basmış o qaranlıq içində çoxdan görmədiyin, heç vaxt yadına gətirmədiyin, heç vaxt haqlarında düşünmədiyin adamlar, müxtəlif sifətlər bir-bir sənin gözlərinin önündən ötməyə başladı və o sifətlər bir-birini əvəz etdikcə sənin fikrin də dəqiq və aydın işləyirdi: bax, kiminsə xətrinə aspiranturaya qəbul zamanı buna «iki» verdin, bunu işdən çıxardın, buna töhmət verdin, bunu otağından qovdun, bunu söydün, bunun əsərini saxladın, çünki özündən xoşun gəlmirdi, bunu qorxutdun, buna eşq elan elədin, sonra da bədbəxt elədin və sürətlə bir-birini əvəz edən bu mumiya kimi sifətlərin arxasında insanlar dayanmışdı, talelər dayanmışdı, bütün bu insanların ailələri var idi, qayğıları var idi, sevinci, kədəri var idi və sənin bir töhmətin, bir söyüşün, bir dərkənarın taleləri həll edirdi. Bu dəfə sən həmin adamların heç vaxt görmədiyin analarını, arvadlarını, uşaqlarını gördün, daha doğrusu, bu görüm ayrı-ayrı anaların, arvadların, uşaqların sifəti deyildi, bir küll idi və bayaqkı çağa çığırtısı əvəzinə indi sənin beynində bir uğultu var idi və sən həmin uğultu içində taxta sinəsi qançır-qançır olmuş o qarının səsini də eşidirdin. Sonra yenə müxtəlif sifətlər sənin gözlərinin qarşısında bir-birini əvəz etdi və onlar elə sürətlə bir-birlərini əvəz edirdi ki, sənin beynin ancaq bir-iki sözlə onları sənə tanıtmağa macal tapırdı: buna həmişə yaltaqlanardın, buna indi yaltaqlanırsan, bundan qorxursan, bunu yalandan tərifləyirsən, buna həmişə bağlamalar göndərirsən və bu dəfə sənin öz anan gözlərinin qabağına gəldi və bütün dəhşəti ilə sənin fikrindən keçdi ki, neçə illərdir birinci dəfə anan sənin gözlərinin qabağına gəlir. Sən bərk qışqırdın, sən bildin ki, səsin çıxmadı, amma sən qışqırdın və sən tamam açıqaşkar hiss etdin ki, uçurumun dibi çatır, indicə partlayış olacaq və hər şey qurtaracaq.
    Saat 21.15.
    Hündürlük 4800 m.
    Sürət 690 km.
    Havanın temperaturu: – 17.
    «Tu-154»ün təyyarəçi kabinəsi.
    Mühəndis. Komandir, nasazlıq aradan qalxdı. Generatorları işə salmaq olar. Komandir. Bakı! Bakı! 85 510. Generatorları işə saldıq. Generatorları işə saldıq. Icazə verin hündürlüyü yığaq, uçuşa davam edək.
    Əvvəlcə o partlayışın şölələri az qaldı sənin gözlərini yandırsın, sonra bir sükut çökdü, beynindəki uğultu yox oldu və sən əvvəlcə başa düşmədin ki, nə olub, sən öz ürəyinin döyüntüsünü eşitməyə başladın, ürəyin az qalırdı yerindən çıxsın və yalnız bu zaman sən başa düşdün ki, təyyarənin işıqları yanıb. Sən gözlərini yumdun, amma yenə də yumulu gözlərinin qabağında şölələr oynayırdı, sən iki əlinlə də tərdən tamam yaş olmuş saçlarını, sifətini sildin, sonra gözlərini açdın və bu dəfə təyyarənin işıqlarını, illüminatoru, öz əllərini, ayaqlarını aydın gördün və birdən-birə səni dəhşət basdı, sənə elə gəldi ki, saçların ağappaq ağarıb. Sən güclə başını çevirib kresloların arasından arxaya baxdın: həmin beş-altı yaşlı qız uşağı anasının qucağında idi və deyəsən, ağladığı üçün gözləri yaş idi, qızarmışdı, amma indi o balaca qız yaşlı gözləri ilə gülümsəyirdi, sən də ona gülümsəmək istədin, amma dodaqların qaçmadı, sən gülümsəyə bilmədin, sonra sən o biri sərnişinlərə baxdın, gizlin-gizlin baxdın, sən istəmirdin ki, onlar səni görsün, əslində sən qorxurdun ki, onlar səni görər.
    Sərnişinlərdən kimi hərarətlə o birisinə nəsə deyirdi, kimi sevincindən gülürdü, kimi qollarını geniş açıb dərindən nəfəs alırdı və bu vaxt yanından ötən yaraşıqlı stüardessa sənə baxdı, gülümsədi: « – Qorxmayın.» – dedi və sən çiyinlərini çəkmək, « – Nədən qorxacağam?» – demək istədin, amma nə çiyinlərini çəkdin, nə də bir söz deyə bildin, çünki sənin beynində dəhşətli bir yorğunluq var idi, sənin bütün bədənin yorulub əldən düşmüşdü, sən tamam heysiz idin.
    Gözlərini yumub, bircə anlıq da olsa, yatmaq istədin, özünü unutmaq istədin, amma bir şey çıxmadı və sən beynindəki o dəhşətli yorğunluq içində bir müddət eləeləcə oturdun; sonra illüminatorun şüşəsindən bayıra baxdın və birdən-birə sənə elə gəldi ki, bayaq aerodromda gördüyün o böyük təyyarə kölgəsi də indi sənin uçduğun bu təyyarə ilə bərabər uçur.
    Sən çox yorulmuşdun, ona görə də bu barədə daha fikirləşmədin, amma bir müddət illüminatorun o tərəfində o böyük təyyarə kölgəsini də özünlə bərabər uçan hiss etdin.
    Saat 21.18.
    Hündürlük 9000 m.
    Sürət 880 km.
    Havanın temperaturu: – 44.
    Sən kreslonun kəmərini açıb ayağa qalxdın və tualetə tərəf getdin. Sənə elə gəlirdi ki, hamı sənə baxır, arxadan bütün sərnişinlərin gözü sənə dikilib. Sənin tərdən yaşarmış köynəyin hələ qurumamışdı və yaş köynək sənin kürəyinə bir buz layı kimi yapışmışdı, bu yaş köynəkdə bir buz soyuğu var idi. Sən tualetə girdin, qapını bağladın və hələ də keçib getməmiş bir qorxu ilə güzgüyə baxdın, çünki hələ də sənə elə gəlirdi ki, saçların ağappaq ağarıb, amma sən güzgüdə yenə də həmişəki kimi zil qara saçlarını gördün, həmişəki sifətini gördün və sən güzgüdəki sifətin belə bir adiliyinə, belə bir həmişəkiliyinə heyrət etdin, bir müddət gözlərini bu qapqara saçlardan, bu sifətdən ayırmadın, sonra bütün gücünü toplayıb özünlə zarafat eləmək istədin, « – Nə var, nə yox?» – soruşmaq istədin, amma soruşmadın, darağını çıxarıb saçlarını daradın, üzünü yudun, kağız dəsmalla qurulanıb tualetdən çıxdın, yenə də gəlib birinci sıranın birinci yerində oturdun.

EPILOQ
BEŞ ILDƏN SONRA


    22 sentyabr,
    1988-ci il.
    «Bakı –Kislovodsk» qatarı.
    «SV» kupesi.
    Akademiyanın həqiqi üzvü, böyük Elmi Tədqiqat Birliyinin rəhbəri Mərdan
    Dadaşlı və bir sərnişin.
    – Mən sizi görən kimi tanıdım, Mərdan müəllim. Mənim üçün şərəfdir ki, sizinlə bir yerdə gedirəm.
    – Çox sağ olun.
    – Həqiqi sözümdür!
    – Çox sağ olun.
    – Yəqin istirahətə gedirsiz?
    – Hə.
    – Mən təyyarəyə bilet almaq istəyirdim. Sonra fikrimi dəyişdim. Elə bil ürəyimə dammışdı ki, sizin kimi bir adamla yol yoldaşı olacağıq, bir kupedə gedəcəyik.
    – Mən də birinci dəfədir ki, qatarla gedirəm. Arvad, uşaqlar, gəlinlər məcbur elədi, dedilər ki, neçə illərdir bir dəfə vaxt tapıb məzuniyyətə çıxmısan, qatarla istirahət edə-edə get. Amma heyf deyil təyyarə!.. Düzdü, bir dəfə, beş-altı il bundan qabaq, yadımda deyil, harasa gedirdim, təyyarəmizdə işıqlar söndü.
    – Işıq söndü? Siz gülürsünüz, Mərdan müəllim, amma mən təsəvvürümə gətirirəm ki, necə dəhşətdi. Buna ürək davam eləməz...
    – Siz ürəyi bir elə də davamsız bilməyin.
    – Bəs, sonra nə oldu?
    – Nə olacaq? O saat düzəltdilər, qurtardı. Təyyarədən yaxşısı yoxdu...
Avqust, 1983. Şüvəlan.

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (15.01.2014) | Müəllif: R.C E W
Baxış: 493 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more