Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Bakıda Şimal küləyi əsirdi
BAKIDA ŞİMAL KÜLƏYİ ƏSİRDİ...
(20 Yanvar faciəsi)

     Bu soyuq külək zaman-zaman öz sərtliyi ilə bu millətin köksünü dəlmiş, bəzən də bihuşedici mehi ilə onu uzun-uzadı oxşamış, mürgülətmişdir. Xalqımızın qan yaddaşındakı olaylar 70 il idi ki, onun yuxusuna «şirinlik» qatmışdı. Lakin mixaylovların, girenkoların, daha kimlərin başımızın altına qoyduqları yastıqların içi həmişə barıtla yüklənmişdi. Ona görə də öz vətənini sevib, lakin hadisələrin məntiqi sonluğunu düşünmədən müqəddəratımızı ağ əllərin qara niyyətinə tapşıran xan babalarımızdan başlanan səhvlərimizin kulminasiyası 19 yanvar 1990-cı ildə tamamlandı. Oyanışı gecəyə düşən bu başıbəlalı millət şəhid qanına boyandı. Şimaldan əsən buzlu küləklər bizə «ağıl dərsi», «həyat» dərsi verdi. Amma itkilərimiz qazancımızı üstələyə bilmədi. Çünki gözlərimizdən axan qanlı yaşlar qan yaddaşımızı silkələdi. Ayılıb gördük ki, bizi kəsən baltaların sapı özümüzdən olsa da, özümüzdən savayı söykənəsi kimsəmiz də yoxdur.
     O faciəli günlərdə bütün ümidimiz hər yerdən üzülmüşdü, dünya ilə əlaqələrimiz kəsilmişdi. «Vətən» Cəmiyyəti isə bu millətin itmiş ümidini, tükənmiş səbrini özünə qaytardı. Başımıza gətirilən faciələri min bir çətinliklə də olsa bütün dünyaya yaydı. O faciəli günlərdə bir daha dərk etdik ki, ən çətin məqamda söykənəcəyi özüdür. Biz belə düşünürük. Bəs, həmin dövrü «Vətən» Cəmiyyətinin sədri, Ali Sovetin deputatı, hazırda baş nazirin müavini, yazıçı ELÇİN necə xatırlayır?
     -Bəli, o günlər biz bütün dünyadan təcrid olunmuşduq, təklənmişdik. Həmin günlərdən bizi 7 illik vaxt ayırmasına baxmayaraq, o soyuq yanvar gecəsi heç vaxt xalqın yaddaşından silinməyəcək. Çünki həmin gecə bu millət özünün şərəfli tarixinin yeni bir vərəqini yazmışdır. Zaman məsafəsi çoxaldıqca faciənin kökləri daha da dərindən görünməyə başlayır. Yəni su durulduqca dibindəkilər daha aydın görünür. O günlərdə köləlikdən azadlığa təşnə olan bu xalq azadlıq, müstəqillik eşqi ilə, ən nəhayət, insan olaraq, millət olaraq öz haqqını müdafiə etmək məqsədilə ayağa qalxdı. İmperiya qüvvələri isə bu arzunu, ümidi gecə ikən atəşə tutdu. Siz o günlərin ağrı-acısını mənə yenidən yaşatdınız.
     Həmin ərəfədə Moskvanın Bakıda yüksək rütbəli nümayəndələri var idi. Mərkəzi Komitənin katibi Girenko, Mixaylov və başqaları. Vəziyyət son dərəcə gərgin idi. Biz bir neçə nəfər ictimaiyyətin nümayəndəsi kimi onlarla görüşməyi tələb etdik. Yanvarın 17-18-də keçirilən görüşdə onlar şəxsən mənim özümə dedilər ki, Azərbaycana, Bakıya ordu yeridilməyəcək, Bakıda qan tökülməyəcək. Hətta bizim bir nəfər yüksək rütbəli şəxslə Mixaylov Azərbaycan televiziyası ilə çıxış edərkən şəhərə qoşun yeridilməyəcək, qan tökülməyəcək deyə xalqı sakitləşdirdilər.
     Lakin real vəziyyət deyilənlərin əksini göstərirdi. Bütün ziyalılar gərginlik içərisində idi. Mən nə isə baş verəcəyini, nə isə olacağını hiss eləyirdim. Heç ola bilməzdi ki, bu qədər gərginlik səssiz-səmirsiz, asanlıqla öz məcrasına düşsün. Onda ola ki, bu gərginlik sovet imperiyası kimi bir kabusun can vermək ərəfəsində ola. Bilirsiniz, nəhəngin can verməsi də, ölümü də dəhşətli kataklizmlər yaradır. Bu imperiya da asanlıqla kürəyini yerə qoya bilməzdi, canını tapşırmazdı. O, yaşamaq üçün son qüvvəsini toplayıb ayağa durmuşdu. Diqqət yetirin, həmin illərdə bir neçə respublikada buna bənzər hadisələr oldu. Münaqişə ocaqları yarandı. Tarix boyu belə olmuşdur, imperiya yaşaması üçün nəyi desən qurban verməyə hazırdır. Həmin vaxt ölkənin başçısı M.S.Qorbaçov demokratiyadan, aşkarlıqdan, azadlıqdan, insan hüquqlarından uzun-uzadı danışsa da, başını itirmişdi. O, dağılmaqda olan imperiyanın ipini yığmaq üçün dəfələrlə bir neçə respublikada qan tökdü. Lakin bütün bunlar nəticəsiz qaldı.
     Nə isə... yenə qayıdaq həmin günlərə. O şaxtalı qış gecəsinin səhəri biz akademiyaya yığışdıq, oradan da Prezident Aparatının qarşısına toplaşdıq. Xalqın etiraz səsləri ucalsa da, hələ ki, əlimiz heç yana çatmırdı. Tamamilə informasiya blokadasında idik, televiziyanın enerji bloku partladılmışdı, bütün radiostansiyaların səsi batmışdı, qəzetlər çıxmırdı. Şəhər tamamilə Sovet ordusunun əlində idi. Buna baxmayaraq heç bir qüvvə milləti sındırmamışdı. camaat evinə yığışmırdı. Vəziyyət çox ağır idi. Həmin vaxt mən «Vətən» Cəmiyyətində işləyirdim, Cəmiyyətdə bir ədəd teleks var idi. Biz dayanmadan teleksi işə saldıq və bu teleks bir neçə gün Azərbaycanla xarici aləm arasında yeganə əlaqə vasitəsi oldu. Başımıza gətirilən faciələri dünya ölkələrinə yaydıq. Şeyxülislam Hacı Allahşükür Paşazadə həzrətləri bəyanat verdi. Həmin bəyanatı da teleksin köməkliyi ilə xaricə çatdırdıq. Artıq bir neçə xariic ölkə bizim yaydığımız məlumatlara və şeyx həsrətlərinin bəyanatına əsaslanaraq etiraz səslərini ucaltdılar. Məsələn, Pakistanın baş naziri B.Buhutto Siyasi Büroya etiraz notası göndərdi. Mərhum perofessor Araz Dadaşzadə ilə mən çox çətinliklə də olsa, görkəmli qazax yazıçısı Olcas Süleymenovla əlaqə saxladıq. Çingiz Aytmatova xəbər etdik, Moskvada bir neçə alimlərlə, yazıçılarla danışdıq, Ukrayna Respublikasına zəng edərək törədilmiş faciələr haqqında onlara məlumat verdik.
     -Elə çətin bir vaxtda Ali Sovetin sessiyasının çağırılmasına necə nail oldunuz?
     -Əlbəttə, çox çətinliklə. Bayaq dediyim kimi, ölkə tamamilə sovet qoşunlarının əlində idi. Lakin bu o demək deyildi ki, buna görə biz oturmalı, səsimizi çıxartmamalı idik. Həmin dövrdə mən Ali Sovetin deputatı idim. Bəxtiyar Vahabzadə, Anar və mən Ali Sovetin sədri Elmira Qafarova ilə çox ciddi danışıqlara getdik, sessiyanın çağırılmasını tələb etdik. Razılıq əldə etdikdən sonra B.Vahabzadə radio ilə xalq deputatlarına müraciət etdi. Qeyd edim ki, həmin sessiyanın iclası da çox gərgin bir şəraitdə keçdi. İclasın sonunda sessiyada xüsusi qərar qəbul olundu. Bu qərar əsas etibarilə mənim həmin sessiyadakı çıxışımın müddəaları əsasında hazırlanmışdı. Səhər elə həmin sessiyadan Cəmiyyətə gəldim, sessiyanın bəyanatını və əldə etdiyimiz digər məlumatları bir neçə gün dayanmadan teleks vasitəsilə dünyaya yaydıq.
     -Elçin müəllim, «Vətən» Cəmiyyəti o qara günlərimizdə bütün qaranlıqları yararaq, sədləri keçərək dünyaya çıxdı. Körpədən tutmuş böyüyə qədər ümidimiz «Vətən» Cəmiyyətinə bir də «Azadlıq» radiostansiyasından gələn səslərə idi. Hamımıza məlumdur və bayaq siz də dediniz ki, şəhər tamamilə işğalçıların əlində idi. Bəs məlumatları xarici ölkələrə necə yaya bilirdiniz, təzyiqlər edilirdimi?
     -İslanmışın yağışdan nə qorxusu, bizə olan olmuşdu. Təzyiqlərə gəlincə, onu sözlə ifadə etmək mümkün deyil. Onu da qeyd edim ki, qırğınlar, faciələr həmin gecə ilə qurtarmamışdır. Təsəvvür edin, biz yanvarın 20-də akademiyada etiraz aksiyası olaraq iclas keçirdik və bir-iki gündən sonra həmin iclasın iştirakçıları olan iki görkəmli elm xadimi, professorları tankın altında əzdilər. Demək istəyirəm ki, bu proses davam edirdi. Hərbçilər dəfələrlə bizim Cəmiyyətə hücum edirdilər, təzyiq göstərirdilər. Bir gün də bir nəfər rus generalı Cəmiyyətə gəldi və mənə dedi ki, sizi ancaq deputat toxunulmazlığı qoruyur. Onun gəlişi ilə də teleksimiz kəsildi, bizim dünya ilə əlaqələrimizə son qoyuldu. Bakıda bu faciəni öz gözü ilə görmək və obyektiv fikir əldə etmək üçün çox çalışdıq. Amerikanın çox nüfuzlu bir siyasətçisi, konqresmen Cim Mudini Bakıya dəvət elədik, onun Bakıya gəlməsini təşkil etdik. Ölkəmizə gələn Cim Mudi Bakıya səfərini Şəhidlər xiyabanını ziyarətlə başladı. Onu da qeyd edim ki, Cim Mudi Bakıda Şəhidlər xiyabanını ziyarət edən ilk qonaq idi. Sonra bu bir ənənəyə çevrildi. Ölkəmizə səfər edən xarici nümayəndələr, xüsusilə rəsmi şəxslər Bakıya səfərini Şəhidlər xiyabanından başladılar.
     -Sizin fikrinizcə, biz 20 Yanvar faciəsini layiqincə dünya ictimaiyyətinə çatdıra bilmişikmi?
     -Bu hadisələr o müdhiş faciəyə layiq şəkildə dünya ictimaiyyətinə çatdırılmadı. Həmin günlərdə yalnız bir neçə nüfuzlu sənəd əldə olunmuşdu ki, biz onları yaya bildik: o vaxt Moskvada yaşayan indiki prezidentimiz möhtərəm Heydər Əliyev yanvarın 22-də Moskvada Azərbaycan nümayndəliyinə gələrək kəskin bəyanatlar vermişdi. Həmin bəyanat, şeyx həzrətlərinin bəyanatı, yanvarın 20-də «Vətən» Cəmiyyətinin qəbul etdiyi bəyanat. İlk günlərdə əlimizdə olan nüfuzlu sənədlər ancaq bunlar idi. Tbilisi hadisələrindən bütün dünya, o cümlədən, Moskvanın rəsmi dairələri danışırdı, Bakı qırğını barədə susurdular. Vilnus hadisələri ilə Bakı qırğını müqayisəedilməz dərəcədə fərqli idi. Lakin Vilnusdan bütün dünya danışdığı halda, bizim faciəmiz yada düşmürdü. Mənim fikrimcə, nə biz, nə də xaricdə yaşayan soydaşlarımız bu faciəni lazımınca dünya ictimaiyyətinə çatdıra bilməmişik.
     Mən inarıram ki, tariximizin o şərəfli və faciəli günləri haqqında böyük əsərlər yazılacaq. Ola bilsin ki, bizim dövrümüzdə olmasın, bizdən sonra gələn nəsil olsun. Amma Azərbaycanın bədii ədəbiyyatında, şerində, teatr səhnəsində qanlı Yanvar faciəsi özünün çox yüksək bədii-estetik ifadəsini tapacaq.
Söhbəti yazdı Rəsmiyyə Rzalı.
1997.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (19.08.2014) | Müəllif: R.C E W
Baxış: 377 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more