Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Əbədi müasirimiz
ƏBƏDİ MÜASİRİMİZ

     Cəlil Məmmədquluzadə yaradıcılığı və fəaliyyəti Azərbaycan ədəbiyyatının tarixində unikal bir hadisədir və bu hadisə ədəbiyyatımızın və jurnalistikamızın inkişafında böyük bədii-estetik təkan gücünə malik oldu.
     Həmin bədii-estetik təkanın gücünü müəyyənləşdirən əsas cəhətlərdən biri, bəlkə də, birincisi, məncə, hərgah belə demək mümkünsə, tarixi-estetik ilkinlikdir.
     Füzulinin «Şikayətnamə»sindən üzü bəri müxtəlif dövrlərdə Azərbaycan hekayəsinin ilk nümunələri meydana çıxırdı, amma hekayəni xalqın güzəranını, hiss və həyəcanını, mentalitetini ifadə edə bilən dolğun, kamil bir janr kimi Azərbaycan ədəbiyyatının milli faktına çevirən Cəlil Məmmədquluzadə oldu.
     «Ölülər»in timsalında mənəvi-əxlaqi və sosial-ictimai problematikanı bütün dolğunluğu və kəskinliyi ilə Azərbaycan dramaturgiyasına gətirən və bu dramaturgiyada tragikomediya janrının ilk nümunəsini yaradan da Cəlil Məmmədquluzadə oldu.
     «Molla Nəsrəddin»in nəşri timsalında öz felyeton və məqalələri ilə millətin mənəvi inkişafı naminə qələm vasitəsilə cəhalət və nadanlığa qarşı mübarizənin mümkünlüyünü və vacibliyini yalnız Azərbaycan jumalistikasının təcrübə və əməlinə yox, eyni zamanda, Azərbaycan ictimai fikrinin mövzusuna çevirən də Cəlil Məmmədquluzadə oldu.
     Azərbaycan satirasını həcvlər və giley-güzarlar müstəvisindən qaldıraraq onun milli və sosial-ictimai mündəricəsini formalaşdıran, milli bədii təhkiyə tipini müəyyənləşdirən də Sabirlə birlikdə Mirzə Cəlil oldu.
     Və «Cəlil Məmmədquluzadə məktəbi»nin tərkib hissəsini yaradan bütün bu tarixi hadisələr onun fltri istedadının, vergisinin sayəsində hörülmüş yüksək bədii-estetik təməl üzərində baş verdi.
     Mirzə Cəlilin yaradıcılığı Mirzə Cəlilin ömrü deməkdir və o, bütün ömrünü nadanlıq və cəhalətə qarşı mübarizəyə sərf etdi.
     Mən bu cümləni yazdım və fikirləşdim ki, «sərf etdi» məfhumu bu kontekstdə, bəlkə də, yerində işlənmir, çünki bu məfhumun daxili kütləsində bir «heyhat!..» ovqatı, əbəslik əhval-ruhiyyəsi, «Sizif zəhmət»ini yada salan bir çalar var və Mirzə Cəlil mücadiləsi ilə bağlı, görünür, «həsr etdi» ifadəsini işlətmək daha dəqiq olar.
     Bəli, Mirzə Cəlil bütün ömrünü nadanlıq və cəhalətə qarşı mübarizəyə həsr etdi və XX əsrin əvvəllərində xalqın taleyi və tarixi ilə bağlı mürəkkəb siyasi-ictimai hadisələr (əslində, epoxalar!) bir-birini əvəz etdi, rus çar imperiyası dağıldı, Azərbaycan müstəqillik əldə etdi, çox keçmədi ki, rus çar imperiyası sovet imperiyası formasında özünü yenidən bərpa etdi, Azərbaycanın müstəqilliyi süquta uğradı, ictimai quruluşlar tamamilə yeni (heç zaman və heç bir ölkədə təcrübə və sınaqdan keçirilməmiş!) bir mərhələni - sosializm quruluşunu yaşamağa başladı, amma həmin Mirzə Cəlil mübarizəsinin isə məzmunu və mənası dəyişmədi: hər şey dəyişirdi, cəhalət və nadanlıq isə dəyişməz qalırdı.
     Mirzə Cəlil bəzən yorulurdu, onun «başı ağrıyırdı» və bu, əlbəttə, yalnız cismani yox, olsun ki, daha artıq dərəcədə mənəvi bir başağrısı idi. 1925-ci ildə - yeni hakimiyyətin 5-ci ilində Həmidə xanıma yazdığı məktubda deyirdi: «Özün bilirsən ki, axır vaxtlar başım ağrıyır və bir şey də yaza bilmirəm. Çoxdan fikrim vardı ki, indi yaxşı bəhanə də düşdü o fikri əmələ gətirməyə: mənim qəti qərarım budur ki, dəxi «Molla Nəsrəddin» jurnalını çıxarmaqdan bilmərrə əl çəkmək, evdə oturmaq və hökumətimizdən beş-on manat pensiya istəmək - ki, elə bilirəm, ona bəlkə haqqım da ola - və pensiya da olmasa, bir özgə mənbədən bir müxtəsər xərclik axtarmaq».
     Mən, bu bir cümlənin arxasında dəruni bir kədər, hətta faciəvi bir pərişanlıq hiss edirəm, amma Mirzə Cəlil daima yorğun qala bilməzdi, çünki o, öz böyük istedadı ilə cəhalət və nadanlığa qarşı mücadiləyə məhkum idi, bu - onun missiyası idi və buna görə də «Molla Nəsrəddin»in nəşri davam etdi və onun yazıçı barmaqları mənzilində soyuqdan donmamaq üçün yandırdığı əlyazmalarının istisində qızınmaq məcburiyyətində qalana qədər yazdı.
     Yazdı, həyat isə çox nasiranə idi.
     Mirzə Cəlilin 1923-cü ildə Həmidə xanıma göndərdiyi məktubdan: «...Təzə dərs ili başlandığına görə dörd məktəbli uşağın işini yoluna qoymaq, onlara paltar, çəkmə, dərs kitabı almaq, yeməklərini düzəltmək, oxumaq xərclərini vermək mənim üçün asan deyil (təkcə Ənvərin xərci 40 manat eləyir)».
     Yazdı və yaza-yaza da get-gedə daha artıq dərəcədə maddi (və mənəvi!) sıxıntı içində yaşadı və bu güzəran, odun olmadığı üçün, dediyim kimi, əlyazmalarını sobada qalayıb istisində qızınmağa qədər gətirib çıxardı.
     O sobada Azərbaycan ədəbiyyatının, Azərbaycan mənəviyyatının hansı hissələri qoparılıb məhv oldu? Bu sualın cavabını biz heç zaman bilməyəcəyik...
     Deyirlər, əlyazmaları yanmır.
     Amma bəzən əlyazmaları da yanır.
     Rus imperiyası artıq başqa bir quruluşda Azərbaycanı yenidən öz tərkibinə qatdıqdan sonra Həmidə xanım doğma Qarabağda dəyirman işlədib, meyvə satıb dolanmaq üçün vəsait qazanırdı, Mirzə Cəlil isə ona (və özünə!) təskinliyi belə verirdi: «Həmidə!.. Hələlik, Allaha şükür, mənim ədəbiyyat aləmində işləməyə iqtidarım çatır. Əgər qocalıb əldən düşüncəyə qədər yaşasaq, onda, bir tərəfdən, saysız-hesabsız dostlarım iltifat nəzərini kəsməz, o biri tərəfdən də uşaqlarımız böyüyüb bizə kömək edərlər. Dediyim odur ki, sən elə bilmə gərək biz mütləq dəyirman və bəhrənin hesabına dolanaq. Hətta, mən elə güman edirəm ki, əsərlərimin nəşri uşaqlarımızın əlini çörəyə çatdıra bilər».
     Mirzə Cəlil «qocalıb əldən düşənə qədər» yaşamadı, ömrü cəmi 63 il çəkdi.
     Əgər o «qocalıb əldən düşənə qədər» yaşasaydı belə, dostları ona iltifat göstərə bilməyəcəkdilər, çünki o dostların böyük əksəriyyəti 37-yə qədər, 37-də və 37-dən sonra güllələndi, Sibirə göndərildi, sürgün edildi, məhv oldu.
     Uşaqları da böyüyüb onlara kömək etməyəcəkdi, çünki onların böyük oğlu Midhət - Mirzə Cəlilin sevimlisi - 24 il yaşadı, kiçik oğlu Ənvəri tale 22 yaşında İrana apardı və ömrünün sonuna qədər də eləcə mühacirətdə yaşadı, Mirzə Cəlilin qızı Münəvvər Nehrəm kəndində şəfqət bacısı idi, Həmidə xanımın podpolkovnik İbrahim bəy Davatdarovdan olan oğlu Müzəffər cürbəcür idarələrdə mühasib işlədi, qızı Mina isə yuxarıdakı məktubun yazıldığı həmin 1923-cü ildə 25 yaşında intihar etdi.
     Mirzə Cəlilin əsərləri də uşaqların «əlini çörəyə çatdıra» bilmədi.
     Gerçəklik budur və Mirzə Cəlilin, yalnız elə Həmidə xanıma yazdığı məktubları oxumaq kifayətdir ki, bu gerçəkliyin soyuğunu, qüssəsini hiss edəsən, duyasan.
     ... Xatirə məni, az qala, 50 il bundan əvvələ aparır.
     1954, ya 1955-ci ilin boz bir payız günü idi, mən 7 nömrəli məktəbin 4-cü, ya 5-ci sinfində oxuyurdum. Bizim məktəb ilə Yazıçılar İttifaqının arasında keçmiş «26-lar bağı» idi və dərs qurtardıqdan sonra, mən bağı keçib Yazıçılar İttifaqına gəlmişdim ki, atamla birlikdə evə gedək.
     Adətən, mən Yazıçılar İttifaqının 3-cü mərtəbəsinə qalxırdım, orada böyük, qədim bilyard var idi və mən yazıçıların (xüsusən, Mehdi Hüseynin) bilyard oynamağına baxmağı çox xoşlayırdım, amma o boz payız günü, nədənsə, küçədə, Yazıçılar İttifaqının qarşısında dayanmışdım.
     Hündür, şax qamətli, ağ saçları tən ortadan səliqə ilə ayrılmış, əyninə boz qabirkotdan palto geymiş, əlində, kişi kimi, böyük portfel tutmuş yaşlı bir qadın dik addımlarla Yazıçılar İttifaqına tərəf gəldi, yanımdan ötərkən ani olaraq zənlə mənə baxdı və Yazıçılar İttifaqının binasına girdi.
     Bilmirəm niyə, amma indiki kimi yadımdadır, əvvəlcə mənə elə gəldi ki, bu qadın məktəb direktorudur, bəlkə ona görə ki, onun o ani baxışında bir sərtlik, hətta zəhm, qamətində, yerişində isə bir qürur hiss olunurdu, ona görə? - bilmirəm, amma paltosu nimdaş, portfeli köhnə idi.
     Azacıq keçəndən sonra atam Yazıçılar İttifaqından çıxdı və maraqla:
     -Həmidə xanımı gördün? - soruşdu.
     Mən:
     -Hə, - dedim, çünki o saat başa düşdüm ki, indicə gördüyüm qadın (və indiyə qədər heç vaxt görmədiyim qadın!) Həmidə xanım imiş.
     Bizim evdə tez-tez Həmidə xanımın söhbəti düşürdü və bu söhbətlər, xüsusən, nənəmin danışdığı bir əhvalat mənim aləmimdə Həmidə xanımın cəsur, igid bir surətini yaratmışdı.
     Nənəm (İlyas Əfəndiyevin anası) Bilqeyis xanımın atası Bayram bəy Azərbaycan Xalq Cümhuriyyəti zamanı indiki Füzuli də daxil olmaqla Ağdam qəzasının rəisi idi və nənəm danışırdı ki, 20-ci ildə, bolşeviklər gələndə dədəm təcili Ağdama getdi, gecə qayıdanda bizə dedi ki, Həmidə xanım başına atlı yığıb Yevlaxda rus qoşununun qabağını kəsmək istəyir.
     Nənəmin danışdığı bu hadisə gecələr mənim gözlərimin qabağına gəlirdi və Janna D'Ark kimi bir qızın at belində öz kişi döyüşçüləri ilə birlikdə düşmənlə vuruşu təsəvvürümdə canlanırdı.
     Xeyli illər keçəndən sonra, mən aspirant olarkən, bir dəfə rəhmətlik Abbas Zamanovdan soruşdum ki, Həmidə xanımla bağlı belə bir hadisə olub, yoxsa yox? Abbas müəllim bu hadisəni təsdiq etdi, amma o vaxt, əlbəttə, bunu öyrənmək, bu barədə yazmaq çətin məsələ idi.
     ...Mən həyatımda ilk və sonuncu dəfə Həmidə xanımı eləcə gördüm və o ani görüş həmişəlik mənim hafizəmə hopub...
     Artıq XXI əsr başlayıb və Mirzə Cəlil yüz il bundan əvvəl olduğu kimi, bu gün də bizim müasirimizdir və nəsillər bir-birini əvəz edəcək, tarixin gedişatı əyri-üyrü bir çay kimi ora-bura burula-burula irəli axacaq (hər şey vaxta baxsa da, vaxt heç nəyə baxmır!), Mirzə Cəlil isə müasir olaraq qalacaq, çünki cəhalət və nadanlıq da, olsun ki, haçansa formasını dəyişəcək, mahiyyət isə qalacaq və o qaldıqca da Mirzə Cəlil müasir olacaq.
     Mirzə Cəlil 1911-ci ildə Həmidə xanıma yazırdı: «Sən demə, axır vaxtlarda Bərdə və Şuşa məscidlərində aramsız mübahisə gedirmiş ki, Molla Nəsrəddin kafirdir, ya yox?»
     İllər keçdikcə bu mübahisə də davam edəcək. Elə bizim bugünkü həyatımızın gerçəkliyi də bu fikri yaxşıca sübut edir. Bu gün də mübahisələrlə rastlaşırıq ki, Mirzə Cəlil «kafirdir, yoxsa yox?».
     Və bu mübahisənin də belə bir Kaşey ömrü təbiidir, çünki bu yerdə «kafir» - «düşmən» anlamındadır: cəhalət və nadanlığın düşməni.
     Birtərəfli mübarizə yoxdur. Mübarizə həmişə ikitərəflidir, həmişə tərəf-müqabili var. Mirzə Cəlil cəhalət və nadanlığa qarşı mübarizə apardığı kimi, cəhalət və nadanlıq da qızğın bir ehtiras və enerji ilə Mirzə Cəlilə qarşı vuruşurdu.
     Elə buna görə də Mirzə Cəlil mücadiləsi «başağrısı» üçün münbit zəmin, əlverişli şərait yaradırdı, bu «başağrısı» bəzən şiddətli olurdu, bəzən zəifləyirdi, amma o da daimi idi və elə buna görə də, kiçicik bir diqqət, kiçicik bir hörmət belə, bir fərəh hissi doğururdu.
     Mirzə Cəlilin Həmidə xanıma məktubundan: «Bərdədə bir neçə adam heç gözləmədiyim halda Molla Nəsrəddinin dostları çıxdı (Möcüzəyə bax!)... Bir nəfər bəy Mollaya ehtiramını bildirməyə gəldi, sonra karvansaraya Səfərov adlı birisi gəldi, özü də Şuşadandır, böyük bəzzazdır. Bilmirəm Molla Nəsrəddinə bu şöhrət birdən-birə haradan üz verib.»
     Bu sözlərin arxasında xəfif bir fərəh duymaq, hiss etmək, elə bilirəm, o qədər də çətin məsələ deyil.
     Ümumiyyətlə, Cəlil Məmmədquluzadə o yazıçılardandır ki, onu başa düşməklə bərabər, duymaq, hiss etmək lazımdır. Onun mücadiləsini təfəkkür dərk edir, başa düşür, amma onun qələmindəki bədii-estetik akvareli isə yalnız duymaqla, hiss etməklə qiymətləndirmək mümkündür.
     Cəlil Məmmədquluzadə yaradıcılığını və fəaliyyətini tədqiq və təhlil edərkən də onu başa düşməklə bərabər, onu hiss etmək də vacibdir və nə yaxşı ki, Azərbaycanda bu cür alimlər - onun haqqında yazdıqlarının azlığından-çoxluğundan asılı olmayaraq, cəlilşünaslar olmuşdur: Məmməd Cəfər, Mir Cəlal, Əziz Mirəhmədov, Abbas Zamanov, Yaşar Qarayev, Firidun Hüseynov...
     Və nə yaxşı ki, bu gün də bu cür alimlərimiz - Cəlil Məmmədquluzadəni başa düşən və Cəlil Məmmədquluzadəni hiss edən cəlilşünaslarımız var və onların indi ən fəalı və fədakarı İsa Həbibbəylidir.
     İsa hələ neçə illər bundan əvvəl Cəlil Məmmədquluzadə, onun mühiti və müasirləri haqqında doktorluq dissertasiyası yazıb müdafiə etdi və sonrakı dövrdəki araşdırma və axtarışları ilə Cəlil Məmmədquluzadə irsinin səriştəli və tanınmış tədqiqatçısı oldu, albom-monoqrafiya nəşr etdirdi, şəxsi albomlardan, arxivlərdən Mirzə Cəlilin bir çox fotolarını, mühüm sənədləri toplayıb oxuculara təqdim etdi, indiyə qədər məlum olmayan üç dram əsərini («Ər» pyesi, «Oyunbazlar» və «Lənət» səhnəcikləri) tapıb nəşr etdirdi, elmi tərcümeyi-halını yazdı.
     Mən, İsa Həbibbəylinin bir «cəlilşünas» kimi hansı ehtiras, şövq, həvəslə, hansı enerji ilə işləməsinin bilavasitə şahidi olmuşam: 80-ci illərin sonlarında İsa məhz həmin tədqiqatçı ehtirası və enerjisi sayəsində «Vətən» Cəmiyyətinin köməyi və iştirakı ilə Mirzə Cəlilin dünyanın bir çox ölkələrinə səpələnmiş nəvə-nəticələrini tapdı, onlarla əlaqə yaratdı, görüşdü və bu işi sonralar da böyük bir təşəbbüskarlıqla davam etdirdi.
     Bu mənada İsanın tərtibi və izahları ilə nəşr olunan bu yeni kitab - «Mirzə Cəlil və Məmmədquluzadələr (Məktublaşma)» da, rəhmətlik Əziz Mirəhmədovun bu sahədəki xidmətlərindən sonra, əlamətdar hadisədir və elə bilirəm ki, həm də bu, yalnız «cəlilşünaslıq»ımızın yox, ümumiyyətlə, ədəbiyyatşünaslığımızın nail olduğu bir hadisədir.
     İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin 10 yeni məktubunu, Həmidə xanımın və onların övladları Münəvvər, Midhət və Ənvər Məmmədquluzadələrin bir çox məktublarını tapıb toplamış və ilk dəfə olaraq böyük Məmmədquluzadələr ailəsinin məktublarından ibarət kitab hazırlamışdır.
     Elə bilirəm ki, bu kitab, eyni zamanda, dövrün, bir-biri ilə kəsişən epoxaların «sənətkar və zaman» bucağı altından görünən panoraması baxımından da, çox qiymətlidir.
2003.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (27.08.2014) | Müəllif: R.C E W
Baxış: 653 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more