Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Azərbaycan uşaq ədəbiyyatı haqqında (Məqalə)
AZƏRBAYCAN UŞAQ ƏDƏBİYYATI HAQQINDA


     Azərbaycan folkloru elə bir zəngin mənəvi sərvətdir ki, burada epik dastanlar, dərin fəlsəfi mündəricəli poeziya nümunələri, janrından asılı olmayaraq, bu folkloru bir küll halında səciyyələndirən böyük bəşəri-ictimai problematika vüsəti, əsrlərin süzgəcindən keçib gəlmiş əsl xalq müdrikliyi ilə bərabər, yalnız uşaqlar üçün nəzərdə tutulmuş, həm janr, həm də estetik baxımından son dərəcə müxtəlif, rəngarəng nümunələr də çoxdur: bir tərəfdən sırf uşaq nağılları, o biri tərəfdən tapmacalar, bir tərəfdən yanıltmaclar, o biri tərəfdən uşaq nəğmələri, bir tərəfdən saysız uşaq oyunları, yüksək bədii səviyyəli poetik mətnlər, o biri tərəfdən dəcəl, şən, uşaq şerləri...
     Bizim yazılı uşaq ədəbiyyatımızın da tarixi qədimdir və öz kökləri etibarilə hələ böyük Nizami yaradıcılığına bağlı olsa da, əsasən, XVI əsrdən - «Söhbətül-əsmar» əsərindən başlayır. Lakin yazılı Azərbaycan ədəbiyyatının belə qədimliyinə baxmayaraq, onun çiçəklənmə, yetişmə dövrü keçən əsrin sonlarına, əsrimizin əvvəllərinə təsadüf edir.
     XIX əsrin sonu, XX əsrin əvvəllərində S.Ə.Şirvani, H.Zərdabi, C.Məmmədquluzadə, M.Ə.Sabir, A.Səhhət, R.Əfəndizadə, Ə.Haqverdiyev, S.M.Qənizadə, Azərbaycan uşaq ədəbiyyatı klassikləri A.Şaiq və S.S.Axundov kimi yazıçıların yaradıcılığı sayəsində bu ədəbiyyat məxsusi bir sahə kimi formalaşdı və öz predmetini tam şəkildə müəyyənləşdirdi. Uşaqları maarifə, məktəbə çağırmaqla, onlarda vətənə, xalqa, ana dilinə məhəbbət təlqin etməklə bərabər, həmin ədəbiyyatın əsas qayəsi xeyirin təəssübünü çəkməkdən ibarət idi. Təsadüfi deyildi ki, həmin dövrdə Lev Tolstoyun uşaq hekayələri Azərbaycanda çox populyar idi və bizim bir çox görkəmli yazıçılarımız, «böyüklər üçün yazan yazı- çılarımız!» və maarif xadimlərimiz Tolstoyun uşaq hekayələrini Azərbaycan dilinə tərcümə edir, özləri bu hekayələrə təbdil və iq- tibaslar yazırdılar. XX əsrin ilk onilliyində «Dəbistan», «Rəhbər» və «Məktəb» kimi uşaq dərsliklərinin nəşri, eləcə də S.Vəlibəyovun «Qüdrəti-xuda» (1888), İ.Qasprinskinin «Xaceyi-Səbyan» (1889), Q.Əfəndizadənin «Uşaq bağçası» (1898), «Bəsirətül ətfal» (1901), A.Şaiqin «Uşaq çeşməsi» (1907), «Gülşəni-ədəbiyyat» (1910), «Gülzar» (1912), N.Nərimanovun «Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi» (1907), A.Ə.Məmmədzadə ilə A.Ə.Mollazadənin birlikdə yazdıqları «İkinci kitab» (1910), M.Qəmərlinski, Nərimanbəyov, Şahtaxtlı, Rəcəbov, M.Qazıyev, Cəfərbəyov, Mirzə Ələsgər və Mirzə Abdullaoğlunun birgə yazdıqları «Ana» (1908), M.Mahmudbəyovun «Birinci il müsəvvər türk əlifbası və ilk qiraət» (1907), S.Əbdürrəhmanbəyov, M.Mah- mudbəyov, S.Axundzadə, F.Ağazadə, A.Talıbzadə və A.Əfəndizadənin birlikdə yazdıqları «İkinci il» (1908), A.S.Mehdizadə ilə M.Mahmudbəyovun «Yeni məktəb» (1909) və s. kimi uşaq dərslikləri və məcmuələri Azərbaycan uşaq ədəbiyyatının inki- şafında müstəsna əhəmiyyətə malik idi. Bu jurnallardan biri - «Dəbistan» bağlanarkən böyük M.Ə.Sabir dövrün yazıçılannın, maarif xadimlərinin, bütün ziyalılarının keçirdiyi hissləri ifadə edərək məşhur «Qapandı» şerində qələminə xas olan ehtiras və öldürücü kinayə ilə yazırdı:
Əlminnətü lillah ki, «Dəbistan» da qapandı.
Bir badi-xəzan əsdi, gülüstan da qapandı!
Hasilləri puç oldu bütün məzrəcatın,
Yel vurdu qovun-qarpızı, bostan da qapandı!

     Əsrin əvvəllərindən başlayaraq, uşaq ədəbiyyatı ilə əlaqədar Azərbaycanda əsl vətəndaşlıq fəaliyyəti özünü qabarıq şəkildə göstərirdi və bu fəaliyyətlə yaxından tanış olduqda adamda elə bir təəssürat əmələ gəlir ki, elə bil, uşaq ədəbiyyatını zənginləşdirmək, onu formalaşdırıb məxsusi bir ədəbiyyata çevirmək yalnız yazıçıların, maarif xadimlərinin deyil, ümumiyyətlə, dövrün bütün ziyalılarının ümdə vəzifəsi imiş...
     Əlbəttə, burada tarixi qanunauyğunluq var idi. Demokratik maarifçilik ideyaları ədəbi-ictimai həyatın vuran nəbzinə çevrildiyi bir dövrdə gələcək qayğısına qalmaq, xalqın sabahını düşünmək, təbii ki, uşaqların bədii-estetik zövqünün qayğısına qalmaq, onların gələcək siyasi-ictimai platformaları üçün münbit şərait yaratmaq, onların savadlanması uğrunda müstəmləkəçi çar siyasəti ilə, cəhalət və nadanlıq ilə mübarizə etmək demək idi.
     Hərgah həmin dövrdə uşaqlar Abdulla Şaiqin «Tülkü həccə gedir» (1910), «Yaxşı arxa» (1910), «Tıq-tıq xanım» (1911) kimi klassik poema nağıllarını oxumağa başlayırdılarsa, bu adicə olaraq gözəl bir dillə söylənmiş tülkü hiyləgərliyi, yaxud Tıq-tıq xanım küsəyənliyilə tanışlıq deyildi, bu, gələcəyin böyük maarifinə, xalqa xidmətə aparan yolun başlanğıcı idi.
     Azərbaycan sovet uşaq ədəbiyyatı bu cür zəngin ədəbi irsə və əsl vətəndaşlıq fəaliyyəti ənənələrinə malik idi.
     Vətənpərvərlik, əməyə, torpağa və xalqa bağlılıq, mənəvi kamillik, bəşərilik və humanizm motivləri Azərbaycan sovet uşaq ədəbiyyatının qabarıq məziyyətlərinə çevrildi. Uşaqlar üçün yazılmış şer və nəsr əsərlərində yeni həyat tərzinin, yeni dövrün adamlarımızın psixologiyasında əmələ gətirdiyi dəyişiklik öz əksini tapdı. Eyni zamanda, məktəb sisteminin yeniləşməsi, ana dilində yeni və mükəmməl dərs vəsaitlərinin yaradılması uşaq ədəbiyyatının qarşısında böyük üfüqlər açdı və onun təsir dairəsini genişləndirdi.
     Səməd Vurğun «Balalarımız üçün gözəl əsərlər yaradaq» adlı məqaləsində məsələyə düzgün metodoloji mövqedən yanaşaraq yazırdı ki, «...əsrimizin gənc insanı bütün dünyanı, bütün bəşəriyyəti dərk etmək üçün yaşadığı torpağı, mənsub olduğu xalqı dərk etməli, yalnız bu yolla da insanlıq dərəcəsinə yüksəlməli, bütün xalqların mənəvi həyatının inkişafında iştirak etməlidm).
     Bu cəhəti xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan uşaq ədəbiyyatı öz kiçik oxucularına bəşəri ideyalar təlqin edən, onları bəşəri hisslərlə tərbiyə edən milli ədəbiyyat idi və sovet dövründə də bu xüsusiyyət onun ən yaxşı nümunələri üçün səciyyəvi idi.
     Ədəbiyyatın, o cümlədən də uşaq ədəbiyyatının əsas hərəkətverici qüvvəsi onun zamanla sıx əlaqədə olmasında, öz nəbzini zamanın nəbzi ilə həmahəng kökləməsindədir. İllər bir-birini əvəz etdikcə, cəmiyyətin maddi-iqtisadi və mənəvi problemləri daha qlobal miqyas aldıqca, daha da mürəkkəbləşdikcə, ədəbiyyatın qaldırdığı mövzular, aşıladığı hisslər və istifadə etdiyi bədii- estetik vasitələr də yeniləşir, püxtələşir, kamilləşir və deməliyik ki, Azərbaycan sovet uşaq ədəbiyyatının ən yaxşı nümunələrində biz, bu keyfiyyətləri kifayət qədər müşahidə edirik. Kiçik oxuculara vətəndaş ləyaqəti, mətinlik, ictimai mənafeyə bağlılıq hisslərini aşılamaq, subyektivizm, eqoizm, öz «mən»inin maraq dairəsi ilə kifayətlənmək, meşşanlıq, ətalət kimi keyfiyyətlərin bədii inkarı bu nümunələrdə bir ana xətt təşkil edir.
     Məsələn, «Gənclik» nəşriyyatının 1976-cı ildə çap etdiyi «Azərbaycan sovet uşaq ədəbiyyatı» antologiyası, bizcə, bu deyilənləri əyani surətdə əks etdirir. Bu antologiyada Azərbaycan sovet nəsrinin bütün mərhələlərini əks etdirən səciyyəvi nümunələr toplanılıb və bizə belə gəlir ki, bu cür antologiyaların nəşri təkcə kiçik oxucular üçün deyil, uşaq ədəbiyyatımızın formalaşma və inkişaf axarını izləyən tədqiqat işlərinin yaranması üçün də yaxşı mənbədir.
     Razılıq doğuran bir cəhət də burasındadır ki, son illər ərzində Azərbaycan uşaq ədəbiyyatında yalnız «uşaq yazıçıları»nın deyil, eləcə də «böyük yazıçıları»nın bədii fəaliyyəti nəticəsində daha artıq bir inkişaf hiss olunur və inkişaf prosesi eyni dərəcədə həm məzmuna, həm də formaya aiddir. Düzdür, bu dövrdə biz «uşaq ədəbiyyatı» adı altında bəsit quramaçılığın, daxili zəruriyyətdən doğmayan bir «zorən-təbib»liyin, «böyüklər üçün» ədəbiyyatda yaranmış şablon və trafaretlərin daha cılız və sönük variasiyalarının da az şahidi olmamışıq, lakin, hər halda, son illərin ən yaxşı bədii təsərrüfatı belə bir həqiqəti bir daha sübut edir: uşaq ədəbiyyatı «uşaq işi» deyil və özünəməxsus poetik-fəlsəfi dünyası, düşüncə və ifadə tərzi olan mürəkkəb bədii sferadır ki, burada möhkəmlənmək üçün, qəlblərə yol tapmaq üçün daha əsas və daha iti ustalığa, sənətkarlığa malik olmaq lazımdır. «Göyərçin» jurnalının birillik (1980) nömrələrində dərc olunan şer nümunələrinə müraciət edək. Jurnalın 1980-ci il nömrələrində bu və ya digər dərəcədə uşaq psixologiyasının imkan və istəklərinə cavab verən, ən yaxşı nümunələrində orijinal bədii-estetik vasitələrdən istifadə edən şerlər çap olunmuşdur. Bu şerlərin bir çoxunun deyim tərzi, təhkiyəsi, daxili dialoqların quruluşu, az və aydın sözlərlə dolğun emosiyaya nail olmaq cəhdi Azərbaycan xalq şerinin üslubunu, poetik vasitələrini yada salır, bayatı, layla, sayaçı sözlər, tapmaca və gəraylı kimi formaları xatırladır. Məsələn, Mirzəli Hüseynzadənin «Gülnar, gül nar» şerində cinasvari söz oyunundan yaxşı ifadə olunur:
Görürsünüz
Gülnarı,
Açıb çiçək,
Gül narı.
Görürsünüz
Gülnarı,
Tək yemədi O, narı.
Dənəsindən pay verib,
Qonaq etdi quşları.

     Göründüyü kimi, bu şerdə ritmik oynaqlıq, Gülnar, gül və nar sozlərinin, cinasvari qarşılığı xüsusi ahəngdarlıq yaradır və şerin oxunaqlı olmasını, axıcılığını təmin edir. Şifahi xalq şerinin qafiyələnmə prinsipi, sait və samitlərin səsləşməsinə, təkrirlərə və söz oyunlarına əsaslanan ritmik dinamikliyi uşaqlar üçün yazan şairlərin yaradıcılığında geniş və effektli şəkildə istifadə olunur. Maraqlı burasıdır ki, öz yaradıcılığında folklor qaynaqlarından faydalı şəkildə bəhrələnən şairlərimizin məhz uşaqlar üçün yazdıqları əsərlərdə bu cəhət daha effektli nəticələr verir. Məstan Əliyevin, İsa İsmayılzadənin, Məmməd İsmayılın, Vaqif İbrahimin, Eldar Baxışın uşaq şerləri göstərir ki, onların sözlə işləmə bacarığı, xalq qüdrətini, yəni folklor imkanlarını duyma, hissetmə qabiliyyəti kiçikyaşlı oxucular üçün yazılmış əsərlərdə özünü qabarıq şəkildə büruzə verir.
     Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Azərbaycan uşaq ədəbiyyatı milli folklorla sıx surətdə bağlıdır. Məsələ yalnız burasında deyil ki, bir çox nəsr və poeziya nümunələrində Azərbaycan folklorundan bilavasitə istifadə edilir, nağılların motivləri qələmə alınır və s. Əsas məsələ burasındadır ki, bizim müasir uşaq ədəbiyyatı istedadlı nümunələrində uşaqlarla folklora xas olan aydın və şirin bir dillə danışmağı bacarır, xalq ruhunu qoruya bilir, folklorun əsas motivlərini təşkil edən xeyir, dostluq və sədaqət, etibar və qəhrəmanlıq kimi yüksək mənəvi keyfiyyətləri xalq deyim tərzinə müvafiq bir təbiiliklə təlqin edir və bütün bunlar həmin əsərlərə uşaq psixologiyasının və hafizəsinin aparıcı istiqamətini təşkil edən metaforiklik gətirir, nəticə etibarilə uşaq ədəbiyyatının üslubi imkanlarını genişləndirir.
     Folklordan bu cür yaradıcı istifadə, əsərləri, necə deyərlər, «passiv qeydəalma» bəlasından xilas edir və aktiv yaradıcılıq üçün impuls rolunu oynayır, bu da, təbii ki, uşaq təfəkkürünü genişləndirmək, onların bədii təxəyyülünü vüsətləndirmək işində böyük əhəmiyyətə malikdir.
     Bir neçə müddət bundan əvvəl mən Yuqoslaviyada müasir uşaq ədəbiyyatının problemlərinə həsr olunmuş Zaqreb beynəlxalq simpoziumunun işində iştirak edirdim. Qərbi Almaniyadan gəlmiş nümayəndə - Volfram Fronmlet son dərəcə səmimi şəkildə və şübhəsiz ki, öz aləmində uşaqların təəssübünü çəkərək dedi: «Burada (Zaqreb simpoziumunda.) dəfələrlə belə bir fikir söyləndi ki, uşaqları çox güldürmək lazımdır. Bu, sinizmdir. Hərgah uşaq bilmirsə sabah nə ilə yaşayacaq, nə yeyəcək, hansı mənəvi ixtiyarla biz bu gün onları güldürməliyik və uşaq yazıçılarını indidən bu uşaqları gələcək mübarizələr üçün acizləşdirən cinayətkar yaradıcılığa sövq etməliyik?»
     Mən bu çıxışa qulaq asırdım və düzünü deyim ki, çox təəccüb edirdim: bədii ədəbiyyat uşaqlara sevinc gətirməməlidirmi və əslində, elə gülüşün özü də - yüksək bədii estetik səviyyəli gülüşdürsə! - mübarizə deyilmi?
     Ümumiyyətlə, Zaqrebdə bir sıra Qərb yazıçıları vulqar sosioloji bir mövqe tutaraq, tamamilə ifrata vararaq nağılların, qədim yunan əsatirlərindən tutmuş bu tərəfə bütün əfsanələrin, rəvayətlərin, dastanların kitab şəklində, gözəl illüstrasiyalarla, rəngbə- rəng naxışlarla uşaqlara təqdim olunmasının və ümumiyyətlə, uşaqların nağıl və əfsanələrlə tanışlığının, müasir dövrün Canni Rodari, Lindqren, Çukovski kimi yazıçılannın əsərlərini oxumasının qəti əleyhdarları kimi çıxış edirdilər. Onlar bu ədəbiyyatın uşaqları aldatdığını, dövrün böyük və aktual sosial problemlərindən yayındırdığını və nəticə etibarilə gələcək siyasi-ictimai mübarizələr üçün əfəllər tərbiyə etdiyini söyləyir və əslində, ümumiyyətlə, uşaq ədəbiyyatı anlayışının əleyhinə çıxır, «uşaq ədəbiyyatı» ilə «böyük ədəbiyyatı» arasındakı əxlaqi sərhədin belə götürülməsinə çağırırdılar.
     O zaman bizim Volfram Fronmlet ilə belə bir söhbətimiz oldu:
     V.F. Bu gün cürbəcür «uzuncorab peppilərlə» (Astrid Lindqrenin Peppisini nəzərdə tutur.), ecazkar nağıllarla uşaqların başını qatışdırmaq, ən azı, cinayətdir, sosial cinayət!
     MƏN. Bəs sizin elə öz həmvətənləriniz - Qrimm qardaşları, yaxud Hauf necə olsun?
     V.F. Onlar artıq köhnəliblər.
     MƏN. Uşaqlar da, görəsən, sizin kimi fikirləşirlər?
     V.F. (özü öz dediklərinə qəlbən inanaraq və ürəkdən gələn bir ehtirasla). Bizi uşaqların fikri maraqlandırmamalıdır, uşaqların gələcəyi maraqlandırmalıdır. Nağıllar Çe Qevaralar yetişdirə bilməz.
     MƏN (heyrət içində). Məgər Çe Qevaranın anası ona nağıl danışmayıb?
     Biz daha mübahisəni davam etdirmədik.
     Uşaq ədəbiyyatı uşağın cəmiyyətə daxil olması məsələsini öz problematikasının əsası etsin, çox gözəl, bu, son dərəcə vacib bir məsələdir, lakin nə üçün bu zaman nağıllar və ümumiyyətlə, folklor zərərdidə olmalıdır? Nə üçün Andersenin, yaxud Bajo- vun nağıllar aləmi - gözəl şahzadələr, sehrli tütəklər, cəsur əsgərlər uşaqlara sevinc bəxş etməməlidir, ya da ki, Abdulla Şaiqin Tıq-tıq xanımı ilə Siçan bəyi gözəl illüstrasiyalı rəngbərəng kitabların səhifələrindən balalarımızın üzünə gülməməlidir? Dünyanın mürəkkəbliyini göstərmək üçün nəyə görə, deyək ki, Barmaley surəti «uşaqlaşdırılmış» siyasi-iqtisadi mühazirələri ilə əvəz olunmalıdır?
     Deməliyəm ki, belə bir mövqe yalnız vulqar sosioloji cəbhəyə aid deyil. Təəccüblü burasıdır ki, ayrı-ayrı mütərəqqi və istedadlı Qərb yazıçıları da bu prinsiplərə şərik çıxırlar. Misal üçün, mənim yadıma düşür ki, müasir Türkiyənin ən görkəmli yazıçılarmdan biri Yaşar Kamal 1977-ci ildə Beynəlxalq Sofiya görüşündəki çıxışında uşaq ədəbiyyatından şikayətlənərək onu dəhşətli bir ədəbiyyat, hətta cinayətkar bir ədəbiyyat adlandırdı, çünki, guya, nağıllar oxuduqlarına görə və onlar üçün yalnız işıqlı əsərlər yazıldığına görə, bu ədəbiyyat uşaqları cəmiyyətdən, hətta təbiətdən də təcrid edir.
     Yaşar Kamalın belə bir iddiası mənim üçün, xüsusən, qəribə görünür, çünki şəxsən mən tamamilə əminəm ki, hərgah Yaşar Kamal özü uşaqlıqda nağıllar oxumasaydı, nağıllara qulaq asmasaydı, türk xarakterinin, türk psixologiyasının məhz türk nağıllarındakı bədii-estetik ifadəsini hiss etməsəydi və hansı səbəblərə görə isə bütün bunlardan sərf-nəzər etmiş olsaydı, o zaman türk nağıllarının və ümumiyyətlə, türk folklorunun ənənələrini davam və yaradıcı surətdə inkişaf etdirən «İncə Məmməd» romanı bütün dünyada şöhrət tapmazdı (heç yazılmazdı da!). Lakin bu başqa və məxsusi bir söhbətin mövzusudur, biz isə yenə Azərbaycan uşaq ədəbiyyatına qayıdaq.
     «Pioner» jumalının 1980-ci il 7-ci nömrəsində Sabir Məmmədzadənin «Biri vardı, biri yoxdu» adlı şeri çap olunub. Bu şerin əsasını məşhur nağıl motivi təşkil edir və bu motiv yalnız mövzu ilə məhdudlaşmır, nağıl əhval-ruhiyyəsi, nağıl poetikasının tələb etdiyi söz əlvanlığı baxımından da şerin üslubuna yaxşı təsir edir:
Odası kilim-kilim,
Ocağı dilim-dilim.
Sandıqlar qalaq-qalaq,
Qıfıllar qulaq-qulaq.
Süfrəni aça-aça,
Qarı ona hal olca.
Gətirdiyi tapmaca,
Süfrəsi sual oldu.

     Biz şübhə etmirik ki, buradakı təhkiyə orijinallığı, qafiyələrin oynaqlı ritmik sürəti uşaq təfəkkürünə, yaddaşına dərhal təsir etməyə başlayır, nəinki həm məzmun, həm də ifa planının belə ayrılmazlığı, nağılvari omamentliyi əsərin tam və tez qavranılmasında zəruri bir amil kimi çıxış edir.
     Biz Nağıl, rəvayət, əfsanə motivlərinin, folklor ruhunun uşaq ədəbiyyatına belə bir müdaxiləsi və bu motivlərin orijinal əsərlər şəklində yenidən işlənməsi, eyni zamanda, dövrün böyük siyasi- ictimai və etik problemlərinin aradan qaldırılması və işıqlandırılmasında folklor təhkiyəsindən yaradıcı surətdə istifadə etmək, vətənpərvərlik, qeyrət, sədaqət kimi keyfiyyətlərin üzdən, patetika, didaktika, nəsihət və quru sözçülük səviyyəsində deyil, müasir uşaqların təfəkkürünü genişləndirən, onları düşünməyə sövq və vadar edən detallar və hadisələr fonunda ifadə olunmasına da imkan verir.
     Biz Məsələn, şair Fikrət Sadığın «Pioner» jurnalının 1981-ci il 2- ci nömrəsində çap olunan «Vətənin əl boyda daşı» adlı poeması tarixi rəvayət formasında işlənsə də, vətənpərvərlik anlayışının məhz müasir mündəricəsilə səsləşır, kiçikyaşlı oxuculara vətənpərvərliyin mənasını başa salır:
Vətənin ölü çölü də
Güllü çəməndir.
Əl boyda daşı da
Vətəndir!

     Biz Şair deklarativ şəkildə «Vətəni sevin!» demir, lakin «Vətənin ölü çölü də çəməndir», «daşı da Vətəndir» deməklə, doğma torpağın müqəddəs toxunulmazlığını, böyüklüyünü orijinal misralarla dərk etdirir, hafizəyə hopdurur. Əlbəttə, belə nümunələr təkcə uşaqlar üçün deyil, hamı üçündür və bu mənada ayrıca «uşaq ədəbiyyatı» və ayrıca «böyük ədəbiyyatı» iddia edənlər haqlıdır: belə nümunələr, heç şübhəsiz, Azərbaycan ədəbiyyatının uğurlarından xəbər verir.
     Biz F.Sadığın bu poemasının yaxşı cəhətlərindən biri də onun konkretliyi, biçilmişliyidir. Çox vaxt uşaq ədəbiyyatı nümunələrində, xüsusilə, təmsil və alleqoriya tipli əsərlərdə belə konkretlik gözlənilmir, hadisə uzun-uzadı izah edilir və beləliklə də uşaq psixologiyası və hafizəsi üçün olan anilik və gözlənilməzlik, bədii detalların yaxınlığı, qonşuluğu, hadisələrdən hadisələrə keçidin sürəti kimi bədii-estetik amillər pozulur. Belə bir bədii uğursuzluq çox zaman bunun nəticəsində meydana çıxır ki, müəllimlər uşaq ilə söhbətlərində sözdən lazımi şəkildə istifadə edə bilmir. Azərbaycan uşaq ədəbiyyatının, xüsusən, şerinin istedadlı nümunələrində məhz bu cəhət, yəni sözün ən sadə, lakin emosional təsir baxımından tez sirayət edən, rahat qavranılan, yaddaqalan, təmtəraq, elitarlıq və quramaçılıqdan uzaq xəlqi çalarından istifadə etmək bacarığı özünü göstərir. Sabirin, A.Səhhətin, A.Şaiqin uşaq şerlərində formalaşan və Azərbaycan sovet uşaq poeziyasının M.Seyidzadə, M.Rzaquluzadə, T.Elçin, X.Əlibəyli kimi görkəmli nümayəndələri tərəfindən cilalanıb inkişaf etdirilən həmin poetik xətt bu gün M.Əliyev, T.Mahmud, İ.Tapdıq, Z.Xəlil kimi uşaq şairlərinin əsərlərində estetik bir leytmotiv rolunu oynayır və uşaq poeziyasının mütaliə və idrak materialına çevrilməsinə münbit zəmin yaradır.
     Biz Nümunə üçün, Məstan Əliyevin yaradıcılığına nəzər salaq. Bu yaradıcılığın əsas və başlıca keyfiyyəti ondan ibarətdir ki, burada uşaq dünyasının, psixologiyasının rəngarəngliyi həmişə nəzərə alınır, uşaq təfəkkürünün mühitdə, insanlarda, təbiətdə axtardığı müxtəlif və saysız-hesabsız suallara cavab tapılır. Təbii ki, belə tematik rəngarənglik vahid və inertqoltik sistem, eynitonlu, eynimahiyyətli bədii estetik vasitələrlə deyil, dinamik, çevik və mövzudan-mövzuya əlvanlaşan üslub variasiyaları daxilində ifadə olunur. M.Əliyev şifahi xalq yaradıcılığının, demək olar ki, bütün formalarından istifadə edir, deyişmə, tapmaca, bayatı, gəraylı, söz oyunu və s. kimi folklor nümunələrinin poetik üslubundan bəhrələnir, lazım gəldikdə, el ritmini, axarını da uşaq şerinin ahənginə qatır:
-Kollarda qarağat qalıb,
-Dəymə, dəymə.
-Yaydan qışa sovqat qalıb...
-Dəymə, dəymə.
-Əzgillidir hələ qoruq,
-Dəymə, dəymə.
-Şax altda gizlənib moruq,
-Dəymə, dəymə.
-Tənəkdə bir-iki salxım...
-Dəymə, dəymə.
-Gəlsənə dadına baxım,
-Dəymə, dəymə.
-Budaqda quruyub alma,
-Dəymə, dəymə.
-Gəl qoparaq, uşaq olma!
-Dəymə, dəymə.
-Hə, bildim, bunları qış...
-Dəymə, dəymə.
-Bəlkə quşlara saxlamış?
-Dəymə, dəymə!

     Biz M.Əliyevin «Dəymə-dəymə» adlanan bu şeri öz maraqlı quruluşu, sadə deyim tərzi, təbiiliyi etibarilə müasir uşaq şerimizin bu mənada əldə etdiyi bədii estetik uğurları üçün səciyyəvidir. Digər tərəfdən, həmin şerin oxunuşunda bir neçə uşaq iştirak edə bilər ki, bu da maraqlı uşaq oyunu üçün imkan yaradır. Ümumiyyətlə, M.Əliyev təkcə kiçik yaşlıların təfəkkür maraq dairələrini əhatə edən mövzulara toxunmaqla kifayətlənmir, bu şairdə sözün özünü, bədii ifadəni, deyim tərzini uşaq hafizəsinin, uşaq emosiyasının və psixologiyasının tələblərinə uyğunlaşdırmaq ustalığı güclüdür. Belə ustalıq isə uşaq poeziyasını primitiv nəsihətçilikdən, sözçülükdən və deklarativ ibarəpərdazlıqdan xilas edir.
     Hələ vaxtilə V.Q.Belinski «Yeni ilə hədiyyə» (1840) adlı məqaləsində yazırdı ki, «başlıca iş- sentensiyalardan, nəsihət və tərbiyəpərdazlıqdan imkan daxilində qaçmaqdır: onları böyüklər də xoşlamır, uşaqların isə, sadəcə olaraq, zəhləsi gedir»
     Lakin təəssüf ki, bəzi hallarda bu cəhətlər tamamilə unudulur və kiçik yaşlı uşaqlara müstəqim öyüd-nəsihətdən, pafos və gurultudan ibarət çeynənmiş sətirlər təqdim edilir. Qəribə burasıdır ki, uşaqların obrazlı təfəkkürünü inkişaf etdirmək üçün yeni heç bir şey verməyən sönük sətirlərə biz vətənpərvərlik, humanizm, dostluq, sədaqət ideyaları aşılamaq məqsədi daşıyan şerlərdə daha çox rast gəlirik. Əlbəttə, belə yazılarda estetik gözəllik axtarmaq əbəsdir.
     Zaqreb simpoziumunda rumın yazıçısı Tiberu Utan belə hadisə danışdı: «Mənim dostumun qızı televiziya ilə göstərilən Olimpiya oyunlarına baxırdı. Gimnast Nadya Komeneçinin çıxışından sonra atasına dedi: «- Ata, bu qız gözəl bir quş ola bilərdi...»
     Məncə, bu, çox gözəl bir misaldır. Bu kiçik və işıqlı bənzətmə bir daha sübut edir ki, xüsusən, uşaq ədəbiyyatının estetik simasından çox şey asılıdır və uşaq yazıçısı sənətkarlıq xüsusiyyətlərinə xüsusi fikir verməli və bu xüsusiyyətlərə sahib olmalıdır. Bədii dilin zənginliyi olmadan, təbiiliyi, axarlığı olmadan, ümumiyyətlə, bədii ədəbiyyat yoxdur, uşaq ədəbiyyatında isə, belə bir zənginlik, təbiilik və axarlıq xüsusi əhəmiyyət kəsb edir. Dəqiq psixoloji müşahidələr olmadan, situasiyaların təbiiliyi, ən kiçik detalların belə emosional təsir qüvvəsi olmadan, böyük ədəbiyyat yoxdur, uşaq ədəbiyyatında isə bunlar xüsusi əhəmiyyət daşıyır. Dünya ədəbiyyatı yarandığı gündən müasir dövrə kimi həmişə xeyirlə şərin mübarizəsində xeyirin təəssübünü çəkmişdir, uşaq ədəbiyyatında isə bu təəssüb hissi xüsusi əhəmiyyətə malikdir. Quruluq, dünyaya yuxarıdan aşağı baxmaq, bədii iddiaçılıq həmişə ədəbiyyatın naqis cəhəti olub, uşaq ədəbiyyatında isə bu naqislik əsl bəlaya çevrilir.
     Bizim məşhur satirik jumalımız «Molla Nəsrəddin» nəşrə başlayandan sonra, onun müxbirlərinin, bu jurnalda çap olunmaq istəyənlərin sayı günü-gündən artırdı və təbii ki, redaksiyaya göndərilən yazıların, xüsusən, saysız əsərlərin hamısının səviyyəsi yüksək deyildi. Bu münasibətlə Cəlil Məmmədquluzadə «Molla Nəsrəddin»də xüsusi «Poçt qutusu» rubrikası açmışdı və 1908-ci ilin 13-cü nömrəsində həmin rubrikada belə bir cavab var: «Şamaxı-M «Təzə müxbir»ə: dünyada hər bir şey zor ilə ola bilər, bircə şairlikdən savayı».
     Biz isə, bu gün uşaq şerlərini oxuduqca, ibtidai məktəb dərsliklərini vərəqlədikcə qəribə (həm də çox təəssüf doğuran!) bir proses müşahidə edirik: çox çalışıb «zorla şair» ola bilməyənlər, zorla uşaq şairi olmaq istəyir. Mən həmin «zorla yazılmış uşaq şerlərindən» burada misallar gətirməyə ehtiyac hiss etmirəm, onları bir dəfə oxumağımız kifayətdir, hərçənd indiki halda qazancımız bir o qədər də çox deyil. Uşaqlar bu şerləri oxuyublar, oxuyurlar və ən kədərlisi budur ki, həmin şerləri dərsliklərə daxil edildikləri üçün məktəbdə verilmiş ev tapşırığı kimi əzbərləməyə məcbur olublar. Təskinlik yalnız ondadır ki, bu şerlər tez də yaddan çıxıb gedir, amma... amma hələ axtarışda olan zövqləri korşaldır.
     Əlbəttə, bu yerdə ən sanballı və effektli sözü ədəbi tənqid deməlidir, lakin təəssüflər ki, Azərbaycan ədəbi tənqidinin uşaq ədəbiyyatı problemlərinə müdaxiləsi bu gün ən yarıtmaz bir vəziyyətdədir. Azərbaycan uşaq ədəbiyyatı bu gün, hərgah belə demək mümkünsə, təcrid edilmiş surətdə, müstəqil yaranır, beləcə inkişaf edir və zəif cəhətləri, yanlışlıqları, çatışmazlıqları da yalnız özünə aiddir, çünki bu ədəbiyyat ədəbi tənqidin nəinki köməyini hiss etmir, ədəbi tənqiddə öz adi təhlilini belə tapmır; Azərbaycan uşaq ədəbiyyatı bu gün ədəbi prosesdən kənarda qalmışdır və onun bir çox sapıntıları da məhz belə bir «özünəqapılmanın» nəticəsidir.
     Hərgah biz təxminən son on ilin ədəbi tənqidini nəzərdən keçirsək Məmməd Cəfərin və Bəkir Nəbiyevin hərəsinin bir məqaləsindən başqa, uşaq ədəbiyyatının mürəkkəb özünəməxsusluğunun, ildən-ilə daha da artan problemlərinin konkret materiallar əsasında təhlil və təsnifini verən ciddi sanballı, ümumiləşdirilmiş tənqidi yazıya, demək olar ki, rast gəlmirik.
     Düşündürən problemlər isə çoxdur və biz qısaca olaraq bunlardan bəzisi üzərində dayanmaq istəyirik.
     Oxucu yəqin diqqət edib ki, biz əsas etibarilə poeziyadan danışırıq, deməliyəm ki, belə bir hal təsadüfi deyil: Azərbaycan uşaq poeziyası nəsrə nisbətən xeyli artıq inkişaf etmişdir və iş o yerə çatıb ki, «uşaq ədəbiyyatı» deyəndə bu anlayışı biz, az qala, «uşaq poeziyası» kimi başa düşürük. Əlbəttə, poeziyanın belə inkişaf etməsi bizi sevindirir, lakin bu inkişafın nəsrin hesabına olduğunu gördükdə isə, təbii ki, təəssüf hissi keçiririk. Bu cür birtərəfli inkişaf uşaq ədəbiyyatının qarşısında duran vəzifəni tam şəkildə yerinə yetirmək işində şəksiz çətinliklər əmələ gətirir.
     Azərbaycan uşaq nəsrinin C.Məmmədquluzadədən, A.Şaiqdən, S.S.Axundov dövründən gələn gözəl ənənələri var və bu gün bu ənənələr nə üçün öz təbii davamını və inkişafını tapmır? Ədəbi tənqid susur...
     Vaxtilə, Mikayıl Rzaquluzadə, Süleyman Vəliyev, Eynulla Ağayev kimi yazıçılarımız uşaqlar üçün maraqlı hekayə və povestlər yazırdı. Yaxud belə bir hadisəni xatırlayıram: neçə illər bundan əvvəl Bakının Sabir adına kitabxanasına getmişdim. 12-13 yaşlarında eynəkli bir oğlan içəri girdi. Yanımda dayanmış uşaqlar pıçıldaşdılar: «Professor gəldi». «Professor» kitabxanaçıya yaxınlaşdı və soruşdu ki, növbəsinə çox qalıb? Eşidəndə ki, onun növbəsinə hələ çox qalıb, «profesor»un ağıllı gözlərinə bir uşaq bikefliyi çökdü. Əlbəttə, mən «professor»u bu cür məyus edən növbə barədə soruşdum. Məlum oldu ki, söhbət Namiq Abdullayevin «Kiberin macəraları» adlı elmi-fantastik povestindən gedir və uşaqlar bu kitabı oxumaq üçün növbəyə yazılmışlar...
     Bütün bunlar dünən idi, bəs bu gün? Bu gün dünənin sayca bir o qədər də çox olmayan nailiyyətləri inkişaf edib çoxalıbmı?
     Bu gün də bir sıra müvəffəqiyyətlərimiz var. Mərhum Bayram Həsənovun «Yaylaqda», Zahid Xəlilin «Ballıca və fındıqburun, dəmirdaban, şeşəbığ» haqqında nağılları, Əzizə Əhmədovanın «Onu çiçəklər sevdi» adlı hekayə və povestlər kitabları, ayrı- ayrı hekayələr...
     Bu əsərlərdə diqqəti cəlb edən ən yaxşı cəhət təbiəti uşaqlara sevdirmək həvəsi və bacarığıdır. Deməliyəm ki, vaxtilə görkəmli maarifçi Camo Cəbrayılbəylinin «Təbiət haqqında hekayələr»i bu sahədə çox iş görmüşdü və bu gün ekologiya problemlərinin son dərəcə aktual mahiyyət əldə etdiyi bir dövrdə həmin ənənələrin inkişafı razılıq doğurur.
     İkinci bir cəhət bu əsərlərin ən yaxşılarında dilin təbiiliyi və təbiətlə, kənd həyatı ilə bağlı hadisələrin, situasiyaların həyatiliyidir. Aydındır ki, nəsrin əsas estetik komponentlərindən biri məhz təbiilik, həyatilikdir. Burası da çox əlamətdardır ki, uşaq nəsrində kiçicik bir falş belə dərhal özünü büruzə verir, çünki bu, uşaq psixolojisinə və ümumiyyətlə, uşaq varlığına ən yabançı bir keyfiyyətdir.
     Müasir Azərbaycan uşaq nəsri ilə əlaqədar bəzi digər müsbət cəhətlər axtarıb tapmaq olar, lakin göründüyü kimi, bu əsərlər (yəni uşaq nəsrinin yaxşı nümunələri!) həm say etibarilə azdır, həm də problematika baxımından məhduddur. Həmin əsərlər bizim uşaq nəsrimizin potensial imkanlarını göstərir, lakin biz nə üçün bu gün yalnız potensial imkanlarımızla təskinlik tapmalıyıq?
     Bu yerdə mən bir Azərbaycan yazıçısı haqqında xüsusi danışmaq istəyirəm. Səməd Behrəngi 1939-cu ildə Cənubi Azərbaycanda anadan olmuş və 29 yaşında İran şah despotizmi tərəfindən öldürülmüşdür. Onun qoyub getdiyi ədəbi irs ömrünün illəri müqabilində son dərəcə zəngindir. Səməd həm nağıllarında, həm təbiət hekayələrində, həm də həyatın müxtəlif sosial problemlərinə toxunan hekayə və povestlərində sevinc ilə kədərin qəribə bir vəhdəti oxucunu o saat ələ alır, onu inandırır, ona təsir edir. Səməd Behrəngi bəzən kiçik oxucusunu kədərləndirir, amma bu kədərin özündə də bir işıq, bir həvəs stimulu var. Səməd Behrəngi kədərləndirir, məyus edir, amma ümidsizləşdirmir. 1978-ci ildə «Gənclik» nəşriyyatı Səməd Behrənginin İtaliyanın Boloni şəhərində beynəlxalq uşaq ədəbiyyatı müsabiqəsinin mükafatını almış «Balaca qara balıq» adlı hekayəsinin adını daşıyan hekayələr kitabını nəşr etmişdir.
     Mən bu kilabı oxuyarkən, «Çuğundur satan oğlan», «Qar dənəsinin sərgüzəşti», «24 saat yuxuda və ayıqlıqda» kimi hekayələrlə «Alisa möcüzələr ölkəsində» arasında ruh yaxınlığı, doğmalığı hiss etdim. Söhbət ondan getmir ki, Səməd Behrəngi Luis Kerroldan təsirlənmişdir, belə bir təsir yoxdur. Məsələ məqsəd, amal yaxınlığındadır, məsələ kiçik insanlarla ünsiyyət tapmaq bacarığındadır.
     Bu gün Azərbaycan uşaq nəsrində yazıçı ilə kiçik oxucu arasında müxtəlif problemlərlə bağlı məhz belə bir ünsiyyət yaratmaq bacarığı bir küll halında nəzərə çarpmır. Bu bacarıq ayrı-ayrı əsərlərdə var, lakin ümumi üçün səciyyəvi deyil və bu, narahatlıq doğurur.
     Narahatlıq törədən digər bir cəhət uşaq nəsrimizin janr məhdudluğu ilə bağlıdır. Bizdə bədii fantastikanın, yeniyetmələr üçün macəra və detektiv əsərlərin yüksək bədii-estetik səviyyəli nümu- nələri, demək olar ki, yox dərəcəsindədir; eyni zamanda, uşaqlar və yeniyetmələr üçün sadə və şirin bir dillə dövrün vacib siyasi-ictimai, mənəvi-əxlaqi, iqtisadi və s. problemlərindən bəhs edən elmi- kütləvi əsərləri də biz hələ yalnız arzu edə bilərik.
     Biz əlimizi ürəyimizin üstünə qoyub deyə bilərikmi ki, kitablarımız, ayrı-ayrı nəsr və poeziya əsərlərimiz vasitəsilə Azərbaycan xalqının qədim zəngin tarixi boyu yetişmiş böyuk şəxsiyyətlərimiz haqqında uşaqlarla söhbət üçün dil tapmışıq? Babək, Cavanşir, Nizami, Koroğlu, Nəsimi, Şah İsmayıl Xətai, M.F.Axundov, Səttar- xan, Xiyabani, C.Məmmədquluzadə, Sabir... Bu siyahını çox uzatmaq olar və mən inqilab qəhrəmanlarını, Böyük Vətən müharibəsi qəhrəmanlarını, yeni tariximizin yetişdirdiyi böyük şəxsiyyətləri demirəm. Təəssüf ki, Azərbaycan uşaq ədəbiyyatı bu tarixi simaların heç biri haqqında yüksək bədiiliklə yazılmış nümunəyə malik deyil.
     Əlbəttə, uşaqlar üçün yazan yazıçılar, şairlər, həm də nasirlər öz oxucularının yaş xüsusiyyətlərini nəzərə alırlar, lakin bu zaman biz bir sıra hallarda, xüsusən, uşaq şerlərimizdə sadə və mənalı deyim əvəzinə bəsitləşdirmə, primitivləşmə müşahidə edirik. Elə bil, tamam yaddan çıxarılır ki, bizim uşaqlar elmi-texniki inqilab əsri dediyimiz bir dövrdə həddən artıq informasiyaya malikdirlər və belə bir zəngin informasiya müqabilində müasir yazıçı uşaqla elə danışmalıdır ki, kitabları nə sadəlövh təsir bağışlasın, nə də elmi- texniki, etik-ictimai vəsaitə çevrilsin. Hələ 27 il bundan əvvəl yazıçıların ikinci qurultayında S.Marşakın söylədiyi sözlər bu gün elə bilirəm ki, daha aktual səslənir: «0 kitab həqiqi mənada tərbiyə edir ki, müəllif oxucunun yaşının az olmasından istifadə edib, ona öyüd-nəsihət vermək üçün xitabət kürsüsünə qalxmır, bütün hissləri, həyəcanları ilə sevinərək, kədərlənərək özünün yaratdığı gerçəklikdə yaşayır»\
     Burasını da xüsusi qeyd etmək istərdik ki, həmin «gerçəklikdə» məhz professional yazıçı hiss-həyəcan keçirməli, sevinməli və kədərlənməlidir. Biz bu cəhəti ona görə xüsusi qeyd edirik ki, son illərdə Azərbaycan ədəbiyyatına əsl «həvəskar axını» müşahidə edirik. Həvəskar, həyatında ilk və son dəfə üç şer, yaxud bir hekayə yazıb çap etdirir, lakin nəzərə alsaq ki, həvəskarlar yüzlərlədir, onda bu «həvəskar hekayələrin», «həvəskar şerin» axını əsl ədəbi bəlaya çevrilir və tənqid bu cür «həvəskar yaradıcılar» üçün yaşıl işıq yandırmış mətbuat orqanlarının zərərli təcrübəsindən sərfnəzər etməməlidir.
     Nəhayət, bir məsələyə də diqqəti cəlb etmək istərdim. Bu gün kiçik yaşlı azərbaycanlı oxucu öz gözəl ana dilində K.Çukovskinin, S.Marşakın, A.Bartonun, sovet uşaq ədəbiyyatının başqa görkəmli nümayəndələrinin, eləcə də A.Lindqrenin, C.Rodari və başqa xarici ölkə yazıçılannın əsərlərini oxumaq imkanına malikdir və böyük razılıq hissi ilə deməliyik ki, həmin tərcümələr arasında bədii nailiyyətlər az deyil. Eyni zamanda, Azərbaycan uşaq ədəbiyyatının rus dilinə tərcümə olunması sahəsində də son zamanlar bir canlanma nəzərə çarpır, bu işdə biz istedadlı şairimiz Alla Axundovanın yaradıcı fəaliyyətini, həvəsini və işgüzarlığını xüsusi qeyd etməliyik. Bu yaxınlarda onun tərtib və tərcümə etdiyi «Çeşmə» («Rodnik», M, «Detskaya literatura», 1981) adlı kitab Moskvada rus dilində böyük tirajla nəşr olunmuşdur. Bu kitabda Nizami Gəncəvinin, XV-XVI əsrlərdə yazıb-yaratmış Şah İsmayıl Xətainin əsərlərindən tutmuş müasir sovet şairlərimizin yazılarına qədər ən yaxşı uşaq şer və poemaları toplanmışdır və ən başlıcası isə həmin əsərlər rus dilində, orijinala məxsus olan yüksək bədii-estetik xüsusiyyətlərini qoruyub saxlamışdır. Buna görə də biz bu kitabı son illərdə Azərbaycan uşaq ədəbiyyatı ilə bağlı ən fərəhli hadisələrdən biri hesab edirik. Lakin bütün bunlarla bərabər, bu gün qarşılıqlı əlaqə və bəhrələnmənin böyük və effektli rol oynadığı bir dövrdə uşaq ədəbiyyatı sahəsində tərcümə məsələsinə diqqət daha da artırılmalıdır və bu işə ən istedadlı yazıçılarımız cəlb olunmalıdır.
     Uşaq olmaq çətindir.
     Düzdür, S.Mixalkov, M.Prilejayeva və L.Razqon birlikdə yazdıqları məqalədə tənqidçi Alla Marçenko ilə mübahisə edirlər: «-Uşaq olmaq çətindir» - deyən Alla Marçenko ilə razılaşmaq olmaz. Uşaq olmaq - xoşbəxt olmaq, şən olmaq, şirin olmaqdır!»
     Bu yerdə biz S.Mixalkov, M.Prilejayeva və L.Razqon ilə razılaşmırıq, çünki bizə məlum deyil, «xoşbəxt olmaq, şən olmaq, şirin olmaq» nə üçün uşaq çətinliyini rədd etməlidir? Məgər «uşaq çətinliyi» məfhumunun özündə «uşaq xoşbəxtliyi» yoxdurmu? Məgər öz kuklaları üçün evcik-evcik oynayan 6 yaşlı şən qız, xoşbəxt və şirin qız Malçiş-Kibalçişin ölümünü dərk edərkən ani çətinlik- lərlə üzləşmirmi? Yaxud Qavroşun həlak olması bu balaca qızın ürəyini iztirablarla sıxmırmı? «Məgər həmin xoşbəxt, şən və şirin» qız A.Şaiqin «Tülkü Həccə gedir» poemasına qulaq asanda, yaxud bu əsərin mullfilminə baxanda hiyləgər tülkünün toyuqları aldadıb yeməsinə birdən-birə ürəkdən ağlamırmı və «Toyuqlar öldü?», «Bu toyuqlar daha Qırmızıpapaq canavarın qarnından çıxan kimi, Şəngülüm, Şüngülüm canavarın qarnından çıxan kimi çıxmayacaqlar?», «Ölmək nə deməkdir?», «Necə yəni ölmək?» kimi suallarla bizi - öz ata və analarını sarsıtmırlarmı? Və bütün bunlar ən adi həyati çətinliklər deyilmi?
     Bəli, uşaq olmaq xoşbəxt olmaqla, şən olmaqla, şirin olmaqla bərabər, həm də çətindir. Uşaqlar üçün yazmaq da çətindir.
     Lakin bədii çətinlik olmayan yerdə bədii qələbə də yoxdur.

1982.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (24.06.2014) | Müəllif: R.C E W
Baxış: 1145 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more