Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Aydınlıq gecələr
AYDINLIQ GECƏLƏR
Anara


    O sərin yay gecəsi göyün üzündə o ayla bərabər o qədər ulduz var idi və o ulduzlar dörd tərəfdən də qocanın başının üstünü elə bürümüşdü ki, həmin çoxluğun, küllün, həmin uzaqlığın, əlçatmaz, ünyetməzliyin müqabilində öz həyatı bütün camaatın Şərəfbəxş adlandırdığı Şeyx Mustafa üçün çox qısa, bir göz qırpımlıq göründü və doğrudan da, kainat ki, bu qədər böyük idi, bu qədər əlçatmaz idi, o yay gecəsi göyün üzündə sayrışan ulduzların işıltısında o qədər bir əbədilik (uzaq əbədilik) var idi, bunun müqabilində Şeyx Mustafa Şərəfbəxş həzrətlərinin bu dünyada sürdüyü doxsan illik ömür nə idi? Heç nə, kəpənək ömrü.
    O yay gecəsi həyətdəki böyük armud ağacının altında Şeyx cənablarının bədəni torpaqdan nəm çəkməsin deyə, əvvəlcə keçə salınmışdı, keçənin üstündən Şeyxin yaşı qədər sahibinə xidmət etmiş, amma, az qala, bu yüz ildə bircə ilməsi də pozulmamış, bircə naxışı da solmamış Təbriz gəbəsi salınmışdı, gəbənin üstünə də döşəkçə qoyulmuşdu, dirsəklənmək üçün hər iki tərəfdən, bir də ki, o qoca armud ağacının gövdəsinə söykənə bilmək üçün arxadan mütəkkələr düzülmüşdü və Şeyx Mustafa Şərəfbəxş, həmişəki kimi, o döşəkçədə bardaşqurma oturmuşdu, kəhrəba təsbehinin hər biri bir zoğal boyda olan daşlarını çevirə-çevirə başının üstündəki o külli ulduzlara baxır və dodaqaltı gulumsəyirdi və hərgah o anlarda Şeyx həzrətlərindən nə üçün beləcə gülümsədiyini soruşsaydın, çox güman ki, bunun səbəbini deyə bilməzdi – o təbəssümdə o ağappaq saqqala, ağappaq saçlara uyuşmayan bir uşaq, hətta, bir körpə heyrəti var idi.
    ... Amma o bir günlük ömrü o kəpənəyə kifayət edir...
    Şeyx Mustafa Şərəfbəxş yay gecələri, yazın, payızın havası məqbul gecələri o armud ağacının altında oturub gözlərini göyə zilləyəndə, yaxud əlində çevirdiyi təsbehinə baxa-baxa fikrə dalanda, elə bil ki, həyət-bacadakı qurd-quş da donub qalırdı, hərdən yüngülcə meh əsdikcə yarpaqları xışıldayan ağaclar da səsini kəsirdi və o cürə anlarda evdəki oğul-uşaq, qız-gəlin heç vaxt həyətə çökmüş o sükutu pozmağa, o sükuta bir xələl toxundurmağa cəsarət etməzdi – o anlarda Şeyx həzrətlərinə nə çay gətirə bilərdilər, nə meyvə, nə də bir başqa şey.
    ... Amma o bir günlük ömrü kəpənəyə kifayət edir...
    Həyətin yuxarı başındakı ikimərtəbəli imarətdən gələn səsə, elə bil ki, ilkin olaraq, o qoca armud ağacı təəccüb etdi, ayın, o külli ulduzların işığında işıldayan təzə yarpaqları yüngülcə xışıldadı, sonra Şeyx Mustafa Şərəfbəxş gözlərini o ulduzlardan çəkib evə tərəf baxdı və yer üzündə yaşanmış o doxsan ilin acısının, ağrısının şövqünü söndürə bilmədiyi səsiylə:
    – Kimdi? Qoyun gəlsin, – dedi.
    Və o adam birinci dəfə o həyətə ayaq basdı, iti və sərt addımlarla Şeyx həzrətlərinin hüzuruna yeridi, amma o zaman ki, ay işığında Şərəfbəxşi yaxından gördü, qocanın yüngülcə işıldayan göy gözlərinin dərinliyini duydu, o aydınlıq gecədə ağappaq ağaran saqqalının, saçlarının arxasındakı doxsan ilin vahiməsini hiss etdi, o adamın qətiliyi birdən-birə tamam yox oldu, ürəyi tez-tez vurmağa başladı və şaşırdı ki, bu gecə vaxtı nə cəsarətlə Şərəfbəxşin hüzuruna buyurub, amma ən qəribəsi də bu oldu ki, o adamı özünə qaytaran da elə həmin baxışlar, həmin dərinlik, həmin ağlıq oldu və o adam onu yüksək hüzura gətirən əvvəlki həyəcanla:
    – Ya Şərəfbəxş! – dedi. – Günah işləməkdən özümü güclə saxladım! Əlim qana batacaqdı, xəncəri yerə atıb, sənin hüzuruna qaçdım. Mən qonşuma, yeri düşəndə, yaxşılıqdan başqa heç nə etməmişəm. Amma o, mənə pislik edir. Neyləyim mən, ya Şərəfbəxş? Xisləti xanəbərəndazdı*, mən nə edim? Şeyx Mustafa Şərəfbəxş diqqətlə o adamın gözlərinin içinə baxdı və o dəm o adama elə gəldi ki, Şeyx həzrətləri onun gözlərinin içindən arxanı da görür, yəni Şeyx həzrətlərinin baxışı onun gözlərinin içindən başını dəlib o tərəfə keçir və yəqin elə bu hissə görə Şərəfbəxşin dediyi sözlər cismani bir yazı kimi o adamın beyninə həkk olundu.
    Şeyx Mustafa Şərəfbəxş dedi:
    – Get, o qonşuya yaxşılıq elə.
    Və o adam başa düşdü ki, indicə bu həyətdən çıxacaq və bundan sonra həmin xanəbərəndaza əlindən gələn yaxşılığı edəcək; fürsət axtaracaq ki, o xanəbərəndaza yaxşılıq eləsin.
    Və həmin aylı-ulduzlu yay gecəsi də sona yetdi, sonra yay da tamam bitdi, günlər keçdi, payız sarısı o həyəti bürüdü və hər dəfə də axşam düşüb gecənin qaranlığı bu ətrafa yayılmağa başlayanda o qoca armudun altına yığılmış xəzəl təkcə keçib getmiş o yazın, yayın yox, bu yer üzündə yaşanmış uzun-uzun illərin həmin yay gecəsindəki o ulduzlar qədər bir uzaqlıqda qaldığından və Əvvəldən başlayıb doxsan ildən sonra Axıra yetişməkdə olan bir ömür yolunun əslində gedər-gəlməz yolu olmasından xəbər verirdi, Axır yaxınlaşdıqca Əvvəl uzaqlaşırdı, amma qəribə idi, o mülayim payız gecəsi, payızın sapsarı rəngi gecənin içində əriyib görünməz olmuş o həyətdə, adda-budda yarpaqları (sarısı qaranlıqda əriyib itmiş yarpaqları) çılpaq budaqlarının arasından süzülüb gələn ay işığında qaralan o qoca armud ağacının altında, qalın döşəklərin üstündə oturub, əyninə kürk salmış və gözlərini qarşısında yanan manqalın qıpqırmızı qızarmış közlərinə dikmiş Şeyx Mustafa Şərəfbəxş o uzaq Əvvəli bu köz qızartısı kimi aydın görürdü, o uzaq (və əbədi!) Əvvəlin bütün görümləri – hətta iki-üç yaşlı uşaqlıq çağları belə bütün dəqiqliyi ilə gözlərinin qabağından keçirdi, amma o doğma, mehriban görümlər Şərəfbəxşin ürəyinə ilıqlıq, hərarət gətirmirdi, əksinə, uzun-uzun illərin ayrılığına (əbədi ayrılığına!) bürünmüş o görümlərdə bir payız sazağı, payız sarısı var idi, çünki o görümlər Axıra çataçatda olan o uzun ömür yolunun get-gedə qalınlaşan bir lay kimi yaratdığı soyuq və qalın şüşənin arxasında idi.
    Və yenə də həyətdəki xəzəl sükutunun qəfildən pozulmasına, elə bil ki, ilkin təəccüb edən o qoca armud ağacı oldu, daha doğrusu, o anlarda xəfif bir meh ötdü və xəzəlin qurumaqda olan üz qatındakı ən yüngül yarpaqlar o xəfif mehin səmtiylə kiçicik yerini dəyişib, lap yavaşdan xışıldadı və Şeyx Mustafa Şərəfbəxş gözlərini manqalın qızarmış gözündən çəkib, əvvəlcə o quru və yüngül yarpaqlara baxdı – bu xəzəl də, əlbəttə, Axır idi, amma Axırın beləcə yüngüllüyü o payız gecəsi birdənbirə yenə də kəpənəyi Şərəfbəxşin yadına saldı...
    ... Amma o bir günlük ömrü kəpənəyə kifayət edir...
    ... Sonra evə tərəf baxdı və kimliyini duydusa da...
    ... Kimdi? – soruşdu və: – Qoyun gəlsin, – dedi.
    O adamın həmin həyətə ilk dəfə ayaq basdığı o yay gecəsindən sonrakı müddət ərzində özünün özü ilə mübarizə aparması, özünün özünü məcbur etməsi, özünün özünə qalib gəlməsi indi o qoca armud ağacı, o xəzəl kimi aşkar bir həqiqət idi və bunu o adamın baxışı deyirdi, yerişi, duruşu söyləyirdi və yenə də Şeyx həzrətlərinin hüzurunda dayandığı zaman o adamın gözləri Şərəfbəxşin əllərinə sataşdı: hər iki əlini dizlərinin üstünə qoymuşdu, uzun kəhrəba təsbehi sol biləyindən asılı qalmışdı və manqalda qızaran közün işığında qırışları oxunan o əllərlə – o uzun, quru barmaqlarla, ləkələr düşmüş və boşalmış dəri ilə həmin həyəti başına götürmüş xəzəl, elə bil ki, bir-birini tamamlayırdı, amma bu ilk baxışda belə idi və o adam ocağın istisində qızınan o əllərin özünün istisini hiss etdi və başa düşdü ki, onu həmin sazaq payız gecəsi ahənrüba kimi çəkib o həyətə, o hüzura gətirən elə həmin istilikdi.
    O adam:
    – Ya Şərəfbəxş! – dedi. – Mən əlimdən gələn yaxşılığı əsirgəmirəm. Imkan düşəndə də, düşməyəndə də o qonşuya yaxşılıq edirəm. Amma bunun əvəzində o yenə də mənə pislik edir. O qədər pislik edir ki, mən günaha batmaqdan qorxuram. Xisləti, ya Şərəfbəxş, xisləti xanəbərəndazdı. Mənə bir yol göstər! Nə eləyim mən? Şeyx Mustafa Şərəfbəxş kiçik maşanı götürüb manqaldakı közü yerbəyer elədi (və o adam o əllərin hərəkətindən diksindi, elə bil ki, o əllər həmişə eləcə diz üstündə donub qalmalı imiş...), araya sükut çökdü və həmin kiçik sükut o adam üçün az qala bir fəsil çəkdi; sonra Şərəfbəxş göy gözlərini manqaldan ayırmadan:
    – Get, – dedi, – o qonşuya yenə yaxşılıq elə.
    Həmin payız gecəsi o adam üçün gündüzün gün işığı kimi aydın idi ki, əgər Şərəfbəxş belə deyirdisə, deməli, belə olmalıdı, düzdü, bu – o adamı sıxırdı, ona əzab verirdi, amma, bir halda ki, həqiqət axtarırdı, ədalət axtarırdı, günah işləməkdən qorxurdu, deməli, Şərəfbəxşin dediyini eləməli idi, çünki Şərəfbəxşin dili ilə həqiqətin, ədalətin danışdığına o adamın zərrə qədər də şübhəsi yox idi. Və o payız da keçdi, soyuq bir qış gəldi o həyətin xəzəli qalın qarın altında qaldı, o uzun qış günlərinin birində də hava müsaidə etmədi ki, Şərəfbəxş həyətə çıxsın, bütün fəsil boyu evdə oturub, yalnız pəncərə şüşəsinin arxasından dünyaya tamaşa eləyə bildi, o qoca armud ağacının çılpaq budaqları qarda, çovğunda üşüyəüşüyə, nəhayət, yenə yaza çıxdı, yüz il əvvəl olduğu kimi, o budaqlar yenə təzə-tər çiçəklədi, yarpaqladı, o çiçəklər yavaş-yavaş bəhərə çevrilməyə başladı, yay gəldi və o yay gecələrindən birində Şeyx Mustafa Şərəfbəxş həzrətləri yenə də o armud ağacının altında oturub, belini mütəkkənin üstündən ağacın yoğun gövdəsinə söykəmişdi və ötüb keçmiş doxsan bir ilin mane ola bilmədiyi bir uşaq marağı ilə göyə baxırdı və tərtəmiz göy üzü yenə də ulduzlarla dolu idi və Şeyxin o təbəssümü yenə dodaqlarında idi, o təbəssümdə yenə də bir heyrət əlaməti var idi, eyni zamanda, o heyrətlə bərabər, bir vəcd də var idi, hətta o təbəssümdə bir minnətdarlıq da oxumaq mümkün idi: qoca kimə minnətdər idi? Nəyə minnətdar idi? O aya, ulduzlara? O aydınlıq yay gecəsinə? O ağaclara, gül-çiçəyə? Nəyə? Kimə? Nə üçün?
    ... Amma o bir günlük ömrü kəpənəyə kifayət edir...
    Və bu dəfə ilkin olaraq qoca özü başını çevirib evə tərəf baxdı (gəlişi heç bir səs eşitmədən duydu) və gələnin kim olduğunu soruşmadan:
    – Buraxın, gəlsin, – dedi.
    O adamın addımlarında bir zindan ağırlığı var idi və o ay işığındaca o adamın üzülmüş, yorğun sifətinə nəzər salmaq kifayət idi ki, həmin zindan ağırlığının onun bütün içinə yığıldığını başa düşəsən: o adamın cod və qıvrım saçına, qalın saqqalına düşmüş dən keçən yaydan bu yaya qədər bütün sifətinə, başına yayılmış, qaranı tamam üstələmişdi və o adamın iri, kobud və döyənəkli əlləri nə qədər qətiyyətdən, gücdən, bacarıqdan xəbər verirdisə, saçının, saqqalının bu ağlığı, gözlərinin yorğunluğu bir əlacsızlıqdan, hətta yazıqlıqdan deyirdi.
    Şeyx həzrətləri ilk görüşlərində olduğu kimi, bu dəfə də hüzurunda dayanmış o adamın gözlərinin içinə baxdı və yenə də o adama elə gəldi ki, Şərəfbəxşin nəzərləri onun beynini dəlib arxa tərəfi də görür, amma o adam daha şaşırmadı, əksinə, elə bil ki, bütün bu müddət ərzində var gücünü toplayıb içində cilovladığı kin-küdurət, dünyanın ədalətsiz işlərinə qarşı qəzəb, Allahsız əməllərə etiraz qocanın hər şeyi dəlib keçən o nəzərlərindən sonra, birdən-birə təlatümə gəldi, dəli bir ehtirasla püskürdü və o adam günün altında yanıb-qaralmış cod dərili boğazının şişmiş damarları ilə axıb gələn çılğınlığı boğmağa çalışa-çalışa və nəfəsi darala-darala:
    – Mən bıkdım daha, ya Şərəfbəxş! – dedi. – Mən bıkdım! Mən yoruldum! Mən daha dözə bilmirəm! Mən daha özümü saxlaya bilmirəm! Mən o qonşuya yaxşılıq elədim! Yaxşılıq dalınca yaxşılıq elədim! Amma o yenə də pislik edir! Pislik dalınca pislik edir! Mən daha yoruldum! Bitdi artıq hər şey!
    Və o adamın sözlərindən sonra o həyətə elə bir sükut çökdü ki, o qoca armud ağacı, elə bil, aydınlıq gecədə yox, o sükutun içində, o sükuta bürünüb donub qalmışdı və bircə yarpağını belə tərpətməyə ehtiyat edirdi. O adam üçün isə, həmin sükutun arxasında bütün içində qaynayan, əlbəyaxa olan, buraxılmaq, azad olmaq istəyən hisslər aləmi dayanmışdı və o hisslər aləminin o qədər cilovsuz olması, baxımsızlığı o adamın özünün də ürəyini döyündürürdü. Həmin ürək döyüntüsü o sükut içində aydınca eşidilməyə başladı və elə bil ki, fəlakətdən xəbər verdi. Şeyx Mustafa Şərəfbəxş göy gözlərini o adamın gözlərindən çəkdi, əvvəlcə, elə bil, hara baxacağını bilmədi, cürbəcür ölçülü hamar çay daşlarından səliqə ilə hörülmüş hasar boyunca ağacları bir-bir nəzərdən keçirdi, sonra yenə o adamın gözlərinin içinə baxdı və keçən yaydan bu tərəfə o bir ilin də təsir edə bilmədiyi şövqlü və mülayim səsi ilə:
    – Necə olur ki, – soruşdu, – qonşun pislik eləməkdən yorulmur, amma sən yaxşılıq eləməkdən yorulursan?
    O qoca armud ağacı indicə büründüyü o sükutu özündən kənara atdı, əsib gələn yüngül meh o bağçadan ötdükcə ağacın yarpaqları da yüngülcə xışıldadı. Və ömrü boyu (bütün ömrü boyu! Axıra qədər!) yaxşılıq eləməyə məhkum olmuş o adam ağır addımlarla həyətdən çıxdı.
    Göyün üzü isə bir il əvvəlki kimi, get-gedə, elə bil, daha da təmizlənirdi, şəffaflaşırdı, ulduzlar daha da artırdı, sayrışırdı və Şeyx Mustafa Şərəfbəxş bu dünyada doxsan bir il keçib gəldiyi ömür yolundan o uzaq ulduzlara baxa-baxa yenə ləçəyə qonan, sünbüldən sünbülə uçan və ömrü cəmi bircə gün olan kəpənəyi yadına saldı...
20 fevral 1992.

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (16.01.2014) | Müəllif: R.C E W
Baxış: 1006 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more