Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Ayaqqabı
AYAQQABI


    Dəli könül, nə divanə gəzirsən?..
    Xəstə Qasım
    Çilçırağın işığı güzgüyə düşüb adamın gözünü qamaşdırırdı, çəngəl-bıçağın, qab-qacağın parıltısı da güzgüdən gülürdü, elə bil yayın cırhacır çağında gözünü qıyıb günə baxırdın – güzgü az qala eləcə günəş olub yanırdı, amma indi nə yay idi, nə də günəşin çıxan vaxtıydı və əslində Bəbirin gözünü qamaşdıran da, bir məlhəm kimi içini güldürən də çilçırağın güzgüdə əks edən işığı deyildi və Bəbir özü də bunu çox gözəl bilirdi; məsələ, şəstlə özünü güzgüdən Bəbirə göstərən bu təptəzə, qapqara gözəl kostyumda idi, bu ağappaq, tərtəmiz köynəkdə idi, boynuna taxdığı bu ağappaq, iri qanadlı kəpənəkcikdə («baboçka») idi və Bəbir açıq-aşkar görürdü ki, SSRI xalq artisti Mürsəl Məhəmmədovun özü bu dəm bu qalın güzgüdən baxan cavan oğlanın, yəni Bəbirin yanında yalan idi və sidq-ürəkdən özünə verdiyi bu qiymət Bəbirin kefini daha da qaldırdı və Bəbir başa düşdü ki, bugünkü günü, daha doğrusu, bugünkü gecəni yüngül keçirəcək, yorulmayacaq və bayırın küləyi də nahaq yerə elə tüğyan eləyir, bu gün, bax, bu gecə Bəbiri məqsədinə bir addım da yaxınlaşdıracaq: yataqxanada çarpayısının altındakı çamadanın içindəkilərin üstünə bir az da pul gələcək, kooperativ evin hazır olmağı bir gün də yaxınlaşacaq və kim bilir, daha nə olacaq, amma, hər halda, nə olsa da, yaxşı şey olacaq və bu yaxşının zərifliyini, incəliyini, mülayimliyini elə bil ki, Bəbirin ürəyi əvvəlcədən hiss edirdi, ürəyində sevincqabağı xoş bir nigarançılıq var idi və ümumiyyətlə, hər şey əla idi, təkcə bir şey pis idi ki, çəkməsi bir ölçü kiçik idi və ayağını sıxırdı. Bəbir gözünü güzgüdən çəkib üç gün bundan qabaq dükandan tanışlıqla aldığı par-par parıldayan qara Yuqoslaviya çəkmələrinə baxdı və gülümsədi: təki elə dünyanın bütün pislikləri bu cür gözəl Yuqoslaviya ayaqqabılarının adamın ayağını bir balaca sıxmağı olsun; bir-iki gündən sonra açılacaq, genişlənəcək və sıxmayacaq.
    Gecə növbəsi təzəcə işə başlamışdı və yavaş-yavaş restorana adamlar gəlirdi, Ziba cidd-cəhdlə mizlərə düzdüyü boşqabları, çəngəl-bıçağı, külqabıları bir daha səliqəyə salırdı, Poqosov sərrast gözləri ilə içəri girən müştərilərə baxırdı, həmin müştərilərin ciblərinin tutumunu gözlərindən oxuyurdu, lazım bildiyi müştərini, guya ki, təsadüfən özü qapıda qarşılayıb mizlərdən birində oturdurdu, Əbülfət, həmişəki kimi, burnunu çəkə-çəkə, gözlərini qırpa-qırpa boş mizlərin başına fırlanırdı, metrdotel Pakizə xanım hələlik öz kiçik iş mizinin arxasında oturub mizüstü lampanı yandırmışdı və çeşmək taxıb qarşısındakı kağız-kuğuza baxırdı, Əlifağa estradaya qalxmışdı və klarnetini qururdu, Aşot çoxdan gəlib öz yerində oturmuşdu və zərb alətlərini məxmərlə silib təmizləyirdi, bir azdan trubaçalan Gülməmməd, tarzən Məlik, qaboyçalan Əlimuxtar, kontrabas çalmağı bacaran Fətulla gələcəkdi, müğənni Nora gələcəkdi, Əlifağa ilə Əlimuxtar yavaş-yavaş və gizlin-gizlin araq vurmağa başlayacaqdı və estradada ara qarışıb məzhəb itəcəkdi, Nora Azərbaycan, hind, fransız, erməni mahnılarını oxumağa başlayacaqdı, Əlimuxtarın qaboyunun müşayiəti ilə bir-iki muğamat deyəcəkdi, amma, həmişə olduğu kimi, yenə də söylədiyi qəzəlin mənasını azərbaycanca, hind dilində, fransızca oxuduğu mahnıların sözləri kimi heç kim başa düşməyəcəkdi, bir azdan restoran tamam dolacaqdı. Ziba dolu məcməyiləri mizlərə daşıyacaqdı, yalandan müştərilərin üzünə güləcəkdi, müştərilərə mənalı baxışlar atacaqdı, hərdənbir ikibaşlı söz deyəcəkdi və əlbəttə, bütün bunlardan sonra müştərilər daha əliaçıq olacaqdı, Poqosovun müştəriləri isə, həmişəki kimi, hamıdan çox olacaqdı və sifarişləri də başqa sifarişlərdən sanballı olacaqdı, Əbülfətin də müştəriləri həmişəki kimi ən ucuz sifarişçilər olacaqdı, əgər restoranda on beş yer qalacaqdısa, bunun səkkizi, şübhəsiz ki, bəxtiqara Əbülfətin mizlərinin payına düşəcəkdi və Əbülfət burnunu çəkə-çəkə, gözlərini qırpa-qırpa, dodaqaltı öz bəxtinin qarasına deyinədeyinə restoranın ən pulsuz müştərilərinə qulluq eləyəcəkdi, Pakizə xanım daha oturmayacaqdı, çeşməyini də gizlədəcəkdi, bütün gecəni restoran bağlanana qədər ayaq üstə keçirəcəkdi, gözündən heç nə yayınmayacaqdı, hətta Poqosovun özü də Pakizə xanımdan ehtiyat edirdi, çünki hamı bilirdi ki, iti gözündən və sərt sözündən başqa Pakizə xanımın restoranın müdirinin yanında, hətta, mehmanxananın müdiri yoldaş Qardaşxanlının özünün yanında hörməti var və xörəkpaylayanlar haqqında Pakizə xanımın çatdırdığı xəbərlərdən çox şey asılıdır.
    Bütün bunlar belə idi, amma bütün bunlarin Bəbirə heç bir dəxli yox idi, çünki Bəbir bilirdi, inanırdı, əmin idi ki, bura onun üçün müvəqqəti iş yeridir, Bəbir, Poqosov kimi ömrünün qırx ilini ofisiantlıqda keçirməyəcəkdi, bu bədbəxt Əbülfət kimi il on iki ay qayğıların içində itib-batmayacaqdı, bir il işləyəcəkdi burda, iki il işləyəcəkdi, lap beş il işləyəcəkdi, amma sonra bir pillə də qalxacaqdı, heç olmasa, metrdotel olacaqdı, mütləq olacaqdı və ofisiantlıq da onun həyatında arxada qalmış bir pilləyə çevriləcəkdi, sonra həmin metrdotelliyin özü də arxada qalacaqdı (deyirdilər ki, yoldaş Qardaşxanlı özü də metrdotellikdən başlayıb), sonra restoran müdirliyi də arxada qalacaqdı və bir gün gələcəkdi ki, bir mehmanxananın direktoru, kim bilir, bəlkə də lap böyük bir idarənin direktoru olacaqdı və o zaman saçına da bir balaca dən düşmüş Bəbir yaxınlarına, əzizlərinə öz həyatından danışacaqdı, bax, bu restoranı da xatırlayacaqdı və hamıya da deyəcəkdi ki, həyatda nail olduqlarına görə, ancaq özünə borcludu, onun atası da, anası da, dayısı da, adamı da ancaq özü olub, Poylu stansiyasında bir qarnı ac, bir qarnı tox yetimçiliklə böyüyüb Bakıya gəlib və indi, on beş ildən sonra, yəni bütün bunları danışacağı vaxt yox, indinin özündə, iyirmi doqquz yaşında, Bakının mədəni restoranlarından birində işləyir, pul verib kooperativ mənzilə yazılıb, ayda da anasına iyirmi beş manat pul göndərir. Əlbəttə, Bəbir istəsəydi daha artıq pul qazana bilərdi və o vaxt anasına da ayda iyirmi beş manat yox, lap qırx manat göndərərdi (hərçənd anası öz xərcini özü çıxarır), bu asan iş idi, Bakının kənarlarındakı, ya da Abşeron kəndlərindəki kababxanalardan birində işləyirdi, indikindən on dəfə artıq pul qazanırdı, amma məsələ burasında idi ki, bu mehmanxanadakı mədəniyyət oralarda olmayacaqdı, Bəbir isə, mədəniyyəti sevirdi və əslində bütün çalışmaları da, manat-manat yığdığı pul da mədəniyyət naminə idi, daha doğrusu, gələcəyin mədəni həyatı naminə; Bəbir istəmirdi ki, sifətindən kababın yağı damsın, bədəninə kababın iyi hopsun, gecələr köstəbək kimi burnunu sallayıb pul saysın – Bəbir o cür həyatın qeyri-mədəniliyini və mənasızlığını başa düşürdü və o cür həyat Bəbirə lazım deyildi. Bəbir bu mehmanxanada yük daşımaqdan başlamışdı, sonra yoldaş Qardaşxanlı onu liftçi vəzifəsinə götürmüşdü, sonra restoranda aşpazın köməkçisi oldu, sonra dördüncü mərtəbədə çayçı işlədi, işləyə-işləyə də ofisiantlıq kursunu qurtardı və ikinci il idi ki, bu gözəl restoranda xörəkpaylayan idi, həm də Bəbiri təkcə restoranın yox, bütün mehmanxananın yerli komitə sədrinin müavini seçmişdilər.
    Bəbir məişət xidməti işçilərinin yataqxanasında qalırdı və o yataqxana ilə bu restoranın arası əlli dəqiqəlik yol idi, yeddi dayanacaq trolleybusda, sonra da on dayanacaq tramvayda, amma Bəbir istəsəydi, yaxın yerlərdən birində ev kirayə eləyərdi, pulu var idi, manat-manat yığıb xeyli pul düzəltmişdi, amma Bəbir fikirləşib gördü ki, yataqxananı bəyənməyib kirayədə yaşamaqdansa, həmin pulu yığıb kooperativ mənzil tikdirmək lazımdı və belə də elədi, yoldaş Qardaşxanlı sağ olsun, lazımi sənədlərə qol çəkdi, uzaqbaşı iki ilə ikiotaqlı mənzil hazır olacaqdı və o zaman Bəbir evlənəcəkdi, subaylıq da yataqxana kimi Bəbirin həyatının keçilmiş bir mərhələsi olacaqdı və Bəbir çalışacaqdı ki, arvadı Bakının mədəni ailələrindən olsun, təhsilli olsun, heç olmasa, texnikum bitirmiş olsun; əlbəttə, bu çətin iş idi, amma, hər halda, Bəbir əlindən gələni edəcəkdi və Bəbirin ürəyinin dərinində bir inam vardı ki, elə belə də olacaq; Bəbir özü də oxumağa başlayacaqdı, bu il yayda texnikuma girəcəkdi, lazım olan adamlarla danışmışdı, daha doğrusu, Poqosov Bəbiri lazım olan adamlarla görüşdürmüşdü, texnikumdan sonra instituta girəcəkdi və o zaman uşaqları da olacaqdı və Bəbir uşaqlarına atasıyla anasının adını qoyacaqdı; düzdü, anası indi hələ sağ idi, amma yaşı yetmişi haqlamışdı və o vaxta yəqin ki, qalmayacaqdı, öləcəkdi, atası isə, Allahın rəhmətinə getmişdi, onda Bəbirin iki-üç yaşı var imiş və anası ağlayanda Bəbir atasını yamsılayıb deyirmiş: « – Səni döyərəm!».
    Nora üzünə o qədər qırmızı sürtmüşdü ki, adam həmin qırmızı ilə köynəyini boyaya bilərdi və yekə mikrofonu ağzına dirəyib Azərbaycan xalq mahnısı oxuyurdu, amma bu mahnının sözlərini, təbii ki, heç kim başa düşmürdü, çünki Nora adicə azərbaycanca danışanda da adam başa düşmürdü ki, bu, boyu həddən artıq uzun, özü də arıq qadın nə deyir, amma Əlifağanın rəhbərliyi ilə çalan bu orkestrin ifaçıları hər biri öz alətində elə qiyamət eləyirdi ki, Noranın sözlərinin mənasını başa düşməyə ehtiyac qalmırdı, sifarişlərlə birlikdə üçlük gəlirdi, beşlik gəlirdi, hətta Poqosovun müştərilərindən onluq da gəlirdi və indi də pəncərə tərəfdə oturmuş üç cavan oğlandan biri yerindən:
    – Ay can! – qışqırdı və oxuyub qurtaran Noraya əl çaldı, sonra da gözləri ilə Noranı göstərə-göstərə yanında dayanmış Zibanın qulağına nəsə dedi və Ziba da gülümsəyə-gülümsəyə başını tərpədib oğlanın dediyini təsdiq etdi. Külək daha da bərkimişdi və həmin mart gecəsi Bakı pəncərələrinin əksəriyyətindən işıq gəlirdi və bu da o demək idi ki, camaat küləyin əlindən küçəyə çıxa bilmir; çıxan da, imkanı varsa, özünü verir restorana.
    Bu mehmanxana Bakının dağlıq hissəsində idi və bu yeri elə bil ki, Allah elə mehmanxanadan ötrü, xüsusən də restorandan ötrü yaratmışdı və Bəbir də hərdən macal eləyib restoranın pəncərəsindən Bakının işığı yanan pəncərələrinə baxmağı xoşlayırdı – bu pəncərələrin işığı Bəbirin ürəyinə bir ilıqlıq gətirirdi, o işıqlarda bir məhrəmlik var idi və Bəbirə elə gəlirdi ki, işığı yanan həmin pəncərə şüşələrinin arxasında yaşayan bütün adamlar xoşbəxtlik içindədi; hərə öz xudmani guşəsində oturub ömrünün gözəl günlərini yaşayır və hərdən Bəbir iki ildən sonra tikilib hazır olacaq kooperativ mənzilinin də pəncərəsindən gələn işığı görürdü, hətta o pəncərə şüşəsindən o tərəfdə özünü də görürdü və az qala, cismani surətdə hiss edirdi ki, aşağıda, həmin kooperativ binanın qapısı ağzında indi yoldaş Qardaşxanlını gəzdirən furqonlu «Moskviç» kimi bir maşın sürücü ilə birlikdə dayanıb onu gözləyir, yəni Bəbiri gözləyir, hər gün Bəbiri işə aparır, işdən gətirir, bir sözlə, həmin maşın da, sürücü də camaatın gözü qabağında həmişə əmrə müntəzirdir.
    Yoldaş Qardaşxanlının Bəbirdən açıq-aşkar xoşu gəlirdi və istehsalat müşavirələri çağıranda vaxt olub ki, o qədər camaatın arasında tərbiyədə, işə məsuliyyətlə yanaşmaqda, sözə baxmaqda, məsləhətə qulaq asmaqda Bəbiri misal gətirib və bu, əlbəttə, bir tərəfdən Bəbirin xidmətiydisə, o biri tərfdən də yoldaş Qardaşxanlının qabiliyyətindən xəbər verirdi, çünki o biri mehmanxanaların direktorları restoranlarındakı xörəkpaylayanları heç tanımırdılar da və Bəbir burasını da dəqiq bilirdi ki, yoldaş Qardaşxanlı onu mütləq irəli çəkəcək, çünki indiyəcən bircə dəfə də olmamışdı ki, Bəbir nəinki yoldaş Qardaşxanlının, heç metrdotelin də bir sözünü iki eləsin, nə demişdilərsə, etmişdi və xımır-xımır da öz işini görmüşdü, hər gün on beş-iyirmi manat qazancı olurdu – camaat mədəni xidməti xoşlayırdı və Bəbir də əlindən gələni əsirgəmirdi, iki manat, üç manat, beş manat, hətta səkkiz manat artıq verən olurdu, başqa xırda-xuruş gəlirləri də olurdu və Bəbir də bu pulları gələcək üçün dəstəçin yığırdı və Bəbirin beləcə pul yığmağı, özünə qıymamağı xəsislikdən deyildi, gözəl gələcək xətrinə idi; nə isə, hər şey yaxşı idi və hər şey necə lazım idisə, eləcə də öz qaydası ilə gedirdi, təkcə bu ayaqqabı zəhrimar ayağını sıxırdı.
    Əlifağanın da kefi kök idi, amma Bəbirdən fərqli olaraq, Əlifağanın kefini araq qaldırmışdı – hərdənbir estradadan enib mətbəxə tərəf gedirdi və hamı başa düşürdü ki, Əlifağa niyə mətbəxə gedir, qayıdandan sonra Əlimuxtara göz eləyirdi və Əlimuxtar da Noranın əlindən güclə imkan tapıb özünü verirdi mətbəxə və bu gün, deyəsən, bu cür gediş-gəlişləri lap çox olmuşdu, Əlifağanın burnu, yanaqları qıpqırmızı qızarmışdı – «Içki mənə düşür, o saat qızarıram!» – və bir də bu artıqlıq ondan bilindi ki, Əlifağa həmişə belə vaxtlarda olduğu kimi, birdən yekə mikrofonu
    Noradan aldı və rus dilində belə bir elan verdi:
    – Pesnya iz kinofilma «Brodyaqa». Posvyaşayetsya Z. Solo na klarnete ispolnyayet Alifaqa Ustadlı – Sonra klarnetin ağzını göyə qaldırıb bir çalmaq çaldı ki, bütün restoran əhli birağızdan əhsən dedi.
    Bu, Əlifağanın dəm vaxtlarında elədiyi zarafatlardan biri idi: Z. – yəni, Ziba; məsələ burasında idi ki, Ziba uzun illərdi ki, Rac Kapura aşiq olmuşdu və bunu restoranda bilməyən yox idi, çünki Ziba bu böyük məhəbbətini heç kimdən gizlətmirdi də; haçansa ərə gedib boşanmışdı, hərdənbir fürsət düşürdü, amma Ziba daha ərə getmək istəmirdi, çünki Ziba deyirdi ki, mənim həyatda öz idealım var, mən öz qəhrəmanımı arzulayıram və Ziba sidq-ürəkdən öz idealını, qəhrəmanını uzun-uzun illər idi ki, Rac Kapurun simasında sevirdi. Bəbir bunların hamısını ona görə beləcə yaxşı bilirdi ki, üç-dörd dəfə Zibanı evlərinə ötürməyə cəhd eləmişdi, bir dəfə, az qala, lap girmişdi də Zibanın evinə, amma hər dəfə də Ziba öz idealı və qəhrəmanı barədəki söhbətlərlə Bəbiri korpeşman geri qaytarmışdı.
    Əlifağanın klarneti qan eləyirdi və Bəbir fürsət tapıb zarafatla Zibaya göz vurdu, Ziba da narahatlıqla restoranın qapısına tərəf baxdı – bu gün gecə hansı iclasdansa sonra mehmanxananın banket zalında qonaqlıq olacaqdı, deyirdilər, guya, yuxarıdan da adam gələcəkdi və buna görə də yoldaş Qardaşxanlı şəxsən özü banket zalında bəzənmiş mizə baxacaqdı, banket zalı isə restoranla üzbəüz idi və Ziba qorxurdu ki, birdən yoldaş Qardaşxanlı girər içəri; Bəbir başını buladı, bu Ziba yazıq da, deyəsən, lap çaşıb daha, içəri girər girər də, nə olsun? Görəcək ki, həmişəki Əlifağadı, klarnetdə qan eləyir, nə biləcək ki, Əlifağa Zibaya sataşır? Bir də ki, nə qədər ki, Brilyant Ağacəfər bu restoranın şef-aşpazı idi, heç kim Əlifağaya gözün üstə qaşın var deməyəcəkdi, çünki Brilyant Ağacəfərlə Əlifağa haçansa bir sinifdə oxumuşdular və Brilyant Ağacəfər hər dəfə Əlifağanı görəndə ürəyinin sarı simi dilə gəlirdi, uşaqlıq çağlarını yadına salıb kövrəlirdi, həmişə dırnağının kənarları və içi quruyub qaralmış ət qalığı ilə dolu olan əlini yavaşdan bir-iki dəfə Əlifağanın kürəyinə vururdu və hamı da bilirdi ki, Əlifağa yaxşı çalsa da, pis çalsa da, tez-tez mətbəxə baş çəksə də, çəkməsə də, Brilyant Ağacəfərin adamıdı və dərd burasında idi ki, Əlifağanın özü də bunu yaxşı bilirdi və bunu yaxşı bildiyinə görə də kimdən xoşu gəlirdi, kimə yazığı gəlirdi, nə çalmağından asılı olmayaraq, götürürdü orkestrinə və ondan soruşanda ki, ay Əlifağa, ay sənin başına dönək, klarnetdən, qaboydan, trubadan, tardan, zərb alətindən və kontrabasdan da bir yerdə orkestr olar?; deyirdi ki, hərgah varsa, demək olar – bu bir, ikincisi də, mən musiqimdə Şərqlə Qərbin əlaqəsini yaradıram, çünki musiqi bəşəri şeydir, Yer üzünün bütün adamları üçündür, təkcə azərbaycanlının Məmmədi, ya da erməninin Vartanı üçün deyil, buna görə də tar olan yerdə gərək truba da olsun və gərək əsl musiqi adamların hamısının qəlbini oxşasın və ələlxüsus da restoranda, çünki əslində insan musiqini elə yeyib-içməkçün kəşf eləyib, yəni müasir dildə desək, restoran üçün kəşf eləyib.
    Qaboyçalan Əlimuxtar həmişəki kimi Əlifağanın ağzından çıxan hər bir sözü başının hərəkəti ilə təsdiq edirdi; qaboyçalan Əlimuxtar təqaüdçü idi və Əlifağanın köhnə dostu idi, buna görə də orkestrdə pianoçu yeri boşalan kimi, Əlimuxtarı işə götürdü – arada Brilyant Ağacəfərin adı var idi və pianino ilə qaboyun fərqindən ötrü Əlifağanın sözünü yerə salmaq yaxşı deyildi.
    Brilyant Ağacəfərin iki «QAZ-24»ü var idi, biri qayınanasının haradasa fəhlə işləyən xalası oğlunun adına idi, o biri Ağacəfərin özünün bibisi nəvəsinin gülçülük sovxozunda işləyən baldızının adına idi, biri həmişə mehmanxananın qabağında dayanıb Ağacəfəri gözləyirdi, o birisini isə, oğlu sürərdi və çox zaman da mehmanxananın həyətində, mətbəxin qapısı ağzında olardı; mətbəxin həmin qapısı əvvəllər pəncərə idi, sonradan bu pəncərəni Brilyant Ağacəfər öz xərciylə sökdürüb rahat qapı elətdirmişdi.
    Nə isə, bütün bunların da Bəbirə dəxli yox idi, çünki Bəbirin heç kimlə işi yox idi və Bəbirlə də heç kimin işi yox idi, çünki başıaşağı, üzüyola adam idi.
    Nora indi də erməni dilində Sayat Novadan oxuyurdu və bilənlər deyirdi ki, guya, Nora erməni dilində oxuyanda dediyi sözlərin mənasını başa düşmək olur; hər halda bu, restoranda oturub başı yeməyə-içməyə qatışanlardan çox, yəqin Sayat Novanın xoşbəxtliyi idi, bir də ki, hərdən kefi kök olanda Poqosova ləzzət verirdi, çünki belini əyib müştərilərə xidmət edə-edə mizlərin arasıyla adicə addımlamırdı, Noranın mahnısının ahəngi ilə gedirdi; bəxtiqara Əbülfət isə bir qoca kişi ilə qoca arvadın yanında dayanıb burnunu çəkirdi və gözləyirdi ki, ikisi də – eynəyini taxıb diqqətlə menyünü oxuyan bu müştərilər nə vaxt bir şey seçib sifariş verəcəklər; Ziba yalandan gülümsəyirdi, hərdənbir müştərini aldadan baxışlarından atırdı, tez-tez də bir küncə çəkilib və yaxalığının cibindən balaca sayğacını çıxarıb haqq-hesab edirdi, qazandıqlarını sayırdı; danışıq, qədəh cingiltisi, boşqab, çəngəl-bıçaq səsi Əlifağanın orkestri ilə birlikdə Noranı müşayiət edirdi və hərdənbir də Əlifağa insafa gələndə, sakitlik çökəndə bayırın küləyinin səsi gəlirdi.
    Külək isə get-gedə bərkiyirdi.
    Və həmin küləkli mart gecəsinin də əsas əhvalatı bundan sonra başladı. Restoranın qapısı açıldı və üç nəfər cavan kişi içəri girdi və Poqosovun sərrast gözləri o saat bu oğlanların kimliyinin fotosunu çəkdi: rayondan gəlmişdilər, Bakıda yaşayana oxşamırdılar, tələbə də deyildilər, ticarət işçilərinə də oxşamırdılar, amma, hər halda, pulları var idi və belələri özlərini sındırmamaq üçün ciblərindəki qara qəpiyəcən Bakı restoranlarında geninə-boluna xərcləyirdilər ki, ofisiant elə bilməsin ki, restorandan başları çıxmır.
    Təbii ki, Poqosov tez özünü bu oğlanların yanına verdi: düzdü, hələlik boş yeri yoxdu, amma bir az gözləsinlər, ode, orkestrin yanındakı miz indicə boşalacaq, nə hörmət lazımdısa eləyər onlar üçün, amma ortada dayanmış sarışın kişi ağzını açanda Poqosov təəccüb etdi, çünki bu sarışın kişi Bəbiri xəbər aldı və doğrusu, Bəbir özü də bu müştərilərin onu soruşduqlarını eşidib təəccübləndi, çünki Bəbir özü üçün xüsusi müştəri yığmırdı, çünki Bəbir acgöz deyildi, çünki, onsuz da, Allah Bəbirin gündəlik ruzisini yetirirdi və hər gecə yataqxanada çarpayının altındakı çamadanda saxladığı pulların üstünə pul gəlirdi – on manat, on beş manat, iyirmi manat, hər halda, ayda iki-üç ali təhsilli mühəndisin qazancı yığılırdı. Bəbir sarışın kişini əvvəlcə tanımadı, amma sarışın kişi yeriyib camaatın içində Bəbiri qucaqlayanda, Bəbirlə öpüşəndə başa düşdü ki, bu, Sarı Zakirdi, uşaq vaxtı Poylu stansiyasında bir yerdə peyin eşirdilər və Bəbir əməlli-başlı dilxor oldu, çünki bu uzun illər boyu Poylu stansiyası ilə bu restoran arasında elə bir məsafə əmələ gəlmişdi ki, həmin məsafəyə daha nə qatarın gücü çatırdı, nə də maşının və Bəbir gözünün ucuyla burasını da gördü ki, Sarı Zakirin onu restoranın ortasında beləcə qucaqlayıb öpməyi Pakizə xanımın xoşuna gəlmədi və metrdotelin bir az qıyqacı baxan göy gözləri məzəmmətlə Bəbiri süzüb, o biri restoran işçilərinə baxdı ki, görsün onlar bu hadisəni necə qiymətləndirirlər.
    Əlbəttə, Bəbir təxminən on-on iki il görmədiyi Sarı Zakiri restorandan qova bilməzdi, restoran Bəbirin restoranı deyildi, hökumətin restoranı idi və Bəbir qaşqabağını da nə qədər turşutsaydı, gönüqalın Sarı Zakir, onsuz da, heç nə başa düşməyəcəkdi və buna görə də Bəbirin əl verib Sarı Zakirin dostları ilə də tanış olmaqdan başqa əlacı qalmadı.
    Sarı Zakirin dostları Bəbirlə xüsusi hörmətlə görüşdülər və burası da açıq-aşkar hiss olunurdu ki, Sarı Zakir Bəbirlə tanışlığı ilə fəxr edir, Bakı kimi yerdə, bu cür mədəni restoranda Bəbir kimi geyimli-kecimli uşaqlıq dostu olmaq, əlbəttə, zarafat deyildi.
    Sarı Zakir dedi:
    – Sənin canın üçün, Bəbir, eşikdə bir külək var, götür başını bu dünyadan qaç.
    Dedim, ə, bəri gəlin, Bəbir kimi əjdahamız var bu şəhərdə, haqq-say var aramızda! Yox, nəmxuda, lap yaxşısan! Mən də sağlığına pis dolanmıram!.. Bəbir onları restoranın ortasında, öz mizlərindən birinin arxasında əyləşdirdi və Sarı Zakirdən də soruşmadı ki, nə münasibətlə Bakıya gəliblər, nə bilib ki, Bəbir bu restoranda işləyir. Poyluda nə var, nə yox? Əvvəla ona görə ki, üz vermək istəmirdi, çünki çöl adamına ki, üz verdin, sonra dalında dayana bilməyəcəksən, ikincisi, onsuz da Sarı Zakir ağzını yummurdu, özü sual verib, özü də cavab verirdi, üçüncüsü də ona görə ki, bu saat Poylu stansiyasında nə varıydı, nə yoxuydu, bunun Bəbirə dəxli yoxuydu, bir anasıydı Poyluda, ona da ayda iyirmi beş manat pul göndərirdi, vəssalam, daha Poylu stansiyası ilə Bəbiri bağlayan başqa bir şey yox idi və Bəbir burasını da yaxşı bilirdi ki, o zaman ki, Bəbir özünü əməlli-başlı tutacaqdı, onda çox qohumu, çox ürəyi yananı peyda olacaqdı və bunların ayağını indidən kəsmək lazım idi; Bəbir qələmlə sifariş dəftərçəsini əlində hazır tutub:
    – Nə yeyəcəksiniz? – soruşdu.
    – Nə lazım bilirsən, özün gətir. Belə əntiqə şey nə varsa, hamısından gətir, a Bəbir. – Bunu da, təbii, Sarı Zakir dedi.
    Bəbirin ürəyinə gəldi ki, Poylu stansiyasının camaatından nə desən çıxar, birdən bunlar Bəbirin hesabına müftə yeməyə gəlmiş olarlar və ona görə də dedi:
    – Qiymətləri cürbəcürdü axı. Ucuzu var, bahası var, lap bahası var...
    – Lap bahasından da bahalısı var, a Bəbir? – Sarı Zakir güldü. – Bax, onnan gətir. Pulumuz kefin istəyəndi! – Sonra Sarı Zakir yoldaşlarına baxdı ki, yəni necə dedim? Əla dedim, yoxsa yox? Və yoldaşları da razılıqla gülümsəyib başlarını tərpətdilər, yəni ki, lap yaxşı dedin.
    Düzdü, Bəbir acgöz deyildi, amma, hər halda, o ofisiant deyildi ki, pullu müştəri ürəyincən olmasın və Bəbir də bir balaca toxtadı, əvvəlki gözəl ovqatı yavaş-yavaş özünə qayıtmağa başladı və mətbəxdə vəzndə ağır, çəkidə yüngül nə vardısa Sarı Zakirin adından sifariş dəftərçəsinə yazmağa başladı. Noranın fasiləsi qurtarmışdı, yenə də estradaya qalxmışdı və bu dəfə hind dilində «Baycu Bavra» filmindən bir mahnı oxumağa başladı və Noranın həm görünüşü, həm səsi, həm də hərəkətləri Zakirgilə o dərəcədə təsir etdi ki, bir müddət susub bilmədilər ki, nə eləsinlər, Noranı və onun oxumağını tərif eləsinlər, tənqid eləsinlər, ya da zarafata salsınlar, axırda Sarı Zakir təkcə elə bunu dedi:
    – Bu nədi ə, a Bəbir?
    Bəbir Sarı Zakirin heyrət dolu bu sualına heç bir cavab vermədi və mətbəxdən daşıyıb gətirdiyini həmişəki qayda ilə mizə düzdü və Pakizə xanım da daha məzəmmətlə Bəbirə tərəf baxmırdı, çünki Bəbir yenə də həmişəki Bəbir idi və pullu müştərilərinə qulluq edirdi.
    Zakirgil də daha Noraya fikir vermirdilər, çünki Bəbirin gətirib qabaqlarına düzdüyü bu yeməklər onlara Noradan da artıq təsir etmişdi və Sarı Zakir əlini atıb araq şüşəsinin ağzını açmaq istəyəndə Bəbir ona macal vermədi, özü araq şüşəsini götürüb ağzını açdı, sonra da şüşəni ağ dəsmalla tutub Sarı Zakirin də, dostlarının da qədəhini bir-bir doldurdu və Bəbirin bu hərəkəti Zakirgilə o qədər təsir etdi ki, Nora da, mizin üstündəki bər-bəzəkli yeməklər də yalan oldu və Sarı Zakir boğazını haqlamış qəhəri güclə boğub dedi:
    – Mən ölüm, a Bəbir, tez-tez elə, özünə də süz görək.
    Bu cür təklifləri çox eşitmiş Bəbir, təbii ki:
    – Mənə olmaz, – dedi və Zakirgildən uzaqlaşıb o biri müştərilərinə baş çəkməyə başladı.
    O biri müştərilər yenə də üç kişidən (ikisi, deyəsən, Moskvadan gəlmişdi, biri də azərbaycanlı idi, sifarişi də o verirdi, yeməkləri də tərifləyirdi və təbii ki, haqqhesabı da o verəcəkdi), bir kişi ilə bir qadından (hiss olunurdu ki, ər-arvad deyillər və hələ ki, aralarında bir şey olmayıb və kişinin bütün ümidi bu gecəyədir), iki cavan oğlandan (bunlar atalarının hesabına vuranlardan idi və Bəbir belələrini yaxşı tanıyırdı və ürəyində onlardan zəhləsi gedirdi, amma müştəri müştəri idi və müştərinin kimin hesabına vurmasının ofisianta dəxli yox idi), üç cavan qadınla üç cavan kişidən (bunlar bir-birinə yaxın adamlar idi, ya da bir yerdə işləyirdilər, ya da qohum, yaxın dost idilər və Bəbirin belə xudmani məclislərdən xoşu gəlirdi, çünki ev qadınları olduğu üçün belə məclislər, adətən, dedi-qodusuz, dava-dalaşsız, mədəni keçirdi, kişilər də arvadlarının etirazına baxmayaraq yaxşıca içirdilər və hesabı da yaxşıca, artıqlaması ilə ödəyirdilər) ibarət idi və Bəbir bu müştərilərə xidmət etdikcə bayaqkı ovqatı tamam-kamal gəlib öz yerini tuturdu; hər şey öz qaydası ilə gedirdi və hər şey yenə də gözəl idi. Bu Sarı Zakirin səsi restoranı başına götürdü:
    – Bəbir, a Bəbir! Bəbir, mən ölüm, bir bura gəl!
    Tərs kimi, Əlifağanın orkestri də əldən düşüb susmuşdu və əlbəttə, Pakizə xanımın qaşları çatıldı, məzəmmətlə dolu göy gözlərinin qıyqacı baxışı Bəbirin alışıb-yanmağa başlayan sifətinə sancıldı.
    – Bəbir, a Bəbir!
    Bəbir iti və sərt addımlarla Zakirgilin mizinə yaxınlaşdı ki, Sarı Zakir dana kimi böyürməyini kəssin və ümumiyyətlə, bir də Bəbirin adını çəkməsin, amma Sarı Zakir də Sarı Zakir idi, Bəbirə ağzını açmağa macal vermədi:
    – A Bəbir, sən Əbdülkərim müəllimin qəbri, yüz qram vur bizimlə, a qansız, yüzcə qram, vəssalam!
    Bəbirin ilk başa düşdüyü bu oldu ki, bircə anın içində halı xarablaşdı, ürəyi ağrıdı, ya mədəsi ağrıdı, ya nə oldusa, halı tamam xarablaşdı, elə bil, həmin bircə anda qulaqları kar oldu, niyə belə oldu? – özü də bilmədi, sonra narın bir tər gəldi bədəninə və o narın tərin soyuğunu Bəbir kürəklərinin arasında hiss etdi, niyə axı belə oldu? Yəni bu dərəcədə çox istəyirmiş Əbdülkərim müəllimi? Və hərgah Əbdülkərim müəllimi beləcə çox istəyirmişsə, niyə, ancaq indi, bu zırrama Sarı Zakir adını çəkəndə yadına düşdü? Amma di gəl ki, bu tər də əsl soyuq tər idi, bu döyüntü də Bəbirin ürəyinin döyüntüsü idi, başqasının deyildi və Bəbir təkcə bunu soruşdu:
    – Əbdülkərim müəllim ölüb bəyəm?
    – Bay... Əbdülkərim müəllim, Allah ona rəhmət eləsin, – və Sarı Zakir
    Əbdülkərim müəllimin xatirəsindən daha çox mizin üstündə boşalmış araq şüşələrinin təsirindən ağlamsındı. – Yeddi-səkkiz ildi ömrünü tapşırıb bizə, gedib, a Bəbir!..
    Bəbir daha heç bir şey deməyib Zakirgilin mizindən aralandı və gedib restoranın pəncərəsinin qabağında dayandı: bu dəm Bakının bütün işıqlı pəncərələri gözünü dikmişdi Bəbirin sifətinə və Bəbir fikirləşdi ki, o uzaq pəncərələrin arxasında nə qədər müxtəlif talelər var, nə qədər qayğılar, iztirablar, faciələr var və Bəbir özözünə təəccüb etdi ki, gecə vaxtı Bakının işıqlı pəncərələrinə baxıb ömründə birinci dəfə belə şeylər fikirləşir.
    Əbdülkərim müəllim məktəbdə Bəbirə dərs demişdi, fizikadan, ya da kimyadan? Deyəsən, fizikadan və indi bir möcüzə baş versəydi və Bəbirlə Əbdülkərim müəllim üzbəüz gəlsəydi, Bəbir bəlkə heç Əbdülkərim müəllimi tanımazdı da, Bəbirin Əbdülkərim müəllimlə bağlı elə bir xüsusi xatirəsi də yox idi, başqa müəllimlər necə, Əbdülkərim müəllim də o cür, amma olsun ki, Əbdülkərim müəllimin ürəyi bir balaca daha yumşaq idi, bir az daha mehriban idi. Bəbirə qarşı, nədənsə, bir az daha artıq istiqanlı idi və Bəbirin yaxşı yadına gəlirdi ki, o uzaq uşaqlıq çağlarında Poylu stansiyasının aşağı başındakı arxın qırağı ilə qamışlığa tərəf gedəndə (stansiyanın uşaqları və o cümlədən, bu Sarı Zakir də qamışlıq tərəfdə yığışıb oynayardı və o uşaqların hamısının atası var idi) hərdən sir-sifətini yadında saxlamadığı atası barədə fikirləşirdi və atasının sifətini Əbdülkərim müəllimin sifətində, atasının təbəssümünü Əbdülkərim müəllimin təbəssümündə görərdi, atasını başqa simada təsəvvür etmək istəyirdi, evlərində anasının saxladığı bir-iki şəkli gözlərinin qabağına gətirirdi, amma atasını yenə də Əbdülkərim müəllimin sifətində görürdi; Əbdülkərim müəllim barədə başqa nə edə bilərdi? Heç nə; iki-üç qızı var idi deyəsən, onlar da böyük idi, ərə getmişdi, sonra nə? Bəbir daha başqa bir şey fikirləşib tapa bilmədi, amma bu köpək oğlu Sarı Zakir yaman zərif yerdən tutmuşdu, hardan ağlına gəlmişdi ki, Əbdülkərim müəllimin qəbrinə and versin? Niyə belə təsir etdi bu and Bəbirə? Sehr idi bu, nə idi? Və burası tamam yəqin idi ki, Sarı Zakir Bəbirin anası Əfiqə arvadın canına and versəydi, Bəbir heç bir vicdan əzabı çəkmədən öz işi ilə məşğul olardı; Əfiqə arvad neçə illər idi ki, Poylu stansiyasında siroplu su sata-sata özünü dolandırırdı və Bəbir də hər ay anasına iyirmi beş manat pul göndərirdi. Bəbir pəncərənin qabağından çəkilə bilmirdi, gedib öz işi ilə məşğul ola bilmirdi, Bəbirə nə olmuşdu? Nəyin əzabını çəkirdi? Yəqin ki, bundan sonra bir də heç kim Əbdülkərim müəllimin qəbri naminə Bəbirdən heç nə xahiş etməyəcəkdi və doğrusu, həmin küləkli mart gecəsi restoranın pəncərəsi qabağında dayanmış Bəbir Əbdülkərim müəllimin qəbri naminə bu birinci və axırıncı xahişi yerinə yetirmədiyi üçün əməlli-başlı iztirab çəkirdi və Bəbir Bakının işıqlı pəncərələrinə baxa-baxa başa düşdü ki, indicə geriyə qayıdıb, Allahın bəlası olan bu Sarı Zakirin oturduğu mizə yaxınlaşacaq və Əbdülkərim müəllimin qəbrinin naminə onlarla bir qədəh araq vuracaq.
    Sarı Zakir əlini şarappaşarap öz sinəsinə vururdu:
    – Dedim də sizə, dedim, yoxsa demədim?! Ə, ürəyimin bir parçasıdı e, mənim bu Bəbir! Dedim vuracaq bizlə, yoxsa demədim?! Ə, necə olsa, biz qonağıq ey burda. Bəbir ev yiyəsidi. Nətər olar ə, bu bizi adam hesab eləməsin, bizimnən yüz qram araq vurmasın? Dedim sizə, yoxsa, demədim? – Sonra Sarı Zakir qalxıb Bəbiri öpmək istədi, amma bu lap ağ olardı və Bəbir bu dəfə sərt bir hərəkətlə Sarı Zakiri yerində oturtdu.
    Bəbir Əbdülkərim müəllimin qəbrinin naminə Zakirgilə yaxınlaşıb bir qədəh arağı elə içdi ki, bunu nə Pakizə xanım, nə də restoranın başqa bir işçisi gördü, təkcə, deyəsən, Poqosov gördü, amma bunun eybi yox idi, çünki altmış üç illik ömrü ərzində dünyada Poqosovun görmədiyi çox az şey var idi.
    Bəbir restoranda işlədiyi vaxtdan bəri birinci dəfə idi ki, iş vaxtı araq içirdi və qəribə idi, bu araq da elə bil həmişəki araq deyildi, elə bil birdən-birə Bəbirin qanına keçmişdi, Bəbiri almışdı və elə bil ki, Bəbirin ürəyində o qapıları açmağa başlamışdı ki, o qapılardan heç Bəbirin özünün xəbəri yox idi: yox, Bəbir Əbdülkərim müəllim barədə fikirləşirdi, amma birdən-birə uşaq vaxtı nədən ötrüsə için-için ağlamağı yadına düşmüşdü və indi müştərilərin qulluğunda dura-dura hiss edirdi ki, az qalır ağlasın, daha doğrusu, bütün bədəni, bütün varlığı ağlamaq istəyir; niyə belə dolmuşdu? Niyə bu günə düşmüşdü? Yəni o bir qədəh araqda bu boyda qüvvə var idi? Və Bəbir özü özünü, ürəyinin narahatlığını, hisslərinin nigarançılığını qabaqlamaq üçün daha cəld işləməyə başladı, Pakizə xanımın yan-yörəsində hərləndi ki, metrdotelin zabitəsindən bir az özünə gəlsin, özünü ələ alsın, amma ürək başqa bir şey deyirdi, ürək deyirdi ki, çıx bu saat bu restoranın adamın bədəninə, bütün vücuduna qızarmış yağ iyini, dağılmış çaxır, yanmış papiros iyini, Noranın ətriyyatının iyini yapışdıran yapışqan havasından bayırın küləkli halvasına, ver özünü küləyə, qoy külək götürüb aparsın səni, hara aparır aparsın, dünya geniş, külək də güclü, qoy burda qalsın bu restoran, o yataqxanadakı çarpayının altındakı çamadan da qoy elə orada qalsın, kooperativ mənzil də qoy başqasının olsun, qaç, qaç, ver özünü küləyə, qaç, qoçağım, qaç...
    Birdən-birə kooperativ mənzilin hazır olacağı iki il, yəni yeddi yüz iyirmi gün Bəbirə heç vaxt sonu gəlib çıxmayacaq, heç vaxt bitib qurtarmayacaq bir əsr kimi gəldi və bu yeddi yüz iyirmi günlük məsafənin qaranlığı, ümidsizliyi Bəbirin içinə elə bir hönkürtü doldurdu ki, az qala, qaça-qaça Zakirgilin yanına gəldi və:
    – Birini də tök! – dedi.
    Doğrusu, Bəbirin bu hərəkətindən Sarı Zakir sidq-ürəkdən vəcdə gəldi və qədəhə araq doldura-doldura:
    – Bütün dünyanın araqları qurbandı sənə, a Bəbir! – dedi. – Mən ölüm, qoy bir səni öpüm! Qoy ey, qoy, yoxsa dədəm Kələntərin göruna and olsun, ürəyim partdar!
    – Və bu dəfə Sarı Zakir ayağa qalxıb camaatın gözü qabağında Bəbiri qucaqlayıb öpdü.
    Bəbir yaxşı bilirdi ki, bu dəm Pakizə xanımın göy gözləri ondadı, bu dəm o biri ofisiantlar da yəqin dayanıb Bəbirə baxırdı, amma Bəbir əlindəki qədəhi yerə qoymadı, əksinə Sarı Zakirin və dostlarının qədəhləri ilə toqquşdurub başına çəkdi, çünki aşıq düz demişdi, dəli könül, məndən sənə əmanət, demə bu dünyada qalım yaxşıdı və Sarı Zakir tələm-tələsik qədəhləri bir də doldurub Bəbirin sinəbir sağlıq deməsini xahiş edəndə, elə bil ki, Bəbirin sinəsi bulaq kimi pıqqıldayıb aşığın sözləriylə axdı, axdı və Sarı Zakiri də, dostlarını da həmin küləkli mart gecəsində, Bakıdakı o restoranda, bir elə camaatın içində arvad kimi zır-zır ağlatdı: neçə qəhrəmanlar gəldi dünyaya, köç vaxtı yetişdi, tez oldu, getdi; Rüstəmin zərbindən titrədi dağlar, düşdü dastanlara söz oldu, getdi; hakimlik elədi çox uzun vaxtı, bütün kainata Süleyman baxtı, tərsinə döndü şah Cəmşidin taxtı, Firudinin dərdi yüz oldu, getdi; necə oldu Keykavus, hanı Keyqubad? Hansı bu dünyadan almışdı murad? Allahlıq elədi Fironla Şəddad, Nəmrudun qalası düz oldu, getdi; Isgəndər Daranı taxtından saldı, cahana şah gəldi, sonu nə oldu? yarı yolda öldü, Misirdə qaldı, Bəbir kimi yandı, köz oldu, getdi və Bəbir də söylədiyi bu sözlərdən sonra, aşığın adını öz adıyla əvəz eləyəndən sonra, özünü saxlaya bilmədi, Zakirgildən ayrılıb yenə restoranın pəncərəsinin qabağına gəldi və yenə də adamın ürəyini sıxan ağır boz pərdəni kənara eləyib şəhərin işıq gələn pəncərələrinə baxdı və bu pəncərə işıqları bu dəm, elə bil, buz laylarının o biri tərəfindən gəlirdi, heç bir istisi, hərarəti yox idi, elə bil ki, o pəncərə işıqlarının özü də donub buz bağlamışdı, kərpic-kərpic buz işıqlar idi.
    Bəbir bilirdi ki, indi hamı ona baxır – camaatın, xüsusən də Pakizə xanımın qıyqacı baxışları kürəyini yandırırdı, amma bu baxışlar daha Bəbirə təsir etmirdi və Bəbir başa düşürdü ki, bunun səbəbi təkcə araq deyil, amma Bəbir heç cürə ağlına sığışdıra bilmirdi ki, nə vaxtdan beləcə dolubmuş və ümumiyyətlə, axı, nə istəyirdi Bəbirin ürəyi? Niyə beləcə ağlayıb sızıldayırdı? Bu aşıq sözləri haradandı belə? Necə olmuşdu yadında qalmışdı bunlar və aşığın adını niyə öz adıyla əvəz elədi? Yəni, doğrudan, aşığın bu sözlərinin hamısı Bəbirin ürəyinin sözləri idi? Və hərgah doğrudan da, beləydisə, onda niyə bu sözlər indiyə qədər üzə çıxmırdı? Nora fransız mahnısı oxuyurdu və fransızca oxuyanda hər dəfə «R» hərfini elə «r-r-r-r-r» deyib uzadırdı ki, qara qarğa qələt eləyərdi, amma Əlifağa hamıya deyirdi ki, Nora düz oxuyur, çünki ən məşhur fransız oxuyanları «r»nı beləcə uzadırlar, bu da, bir növ, fransız muğamıdır.
    Bayırda külək elə bərkimişdi ki, hərdənbir qıy vurub Əlifağanın orkestrinin gurultusu arasından da eşidilirdi və o səsi eşidəndə indi Bəbirə elə gəlirdi ki, bayırın küləyi əslində Bəbirin adını çəkir, Bəbiri çağırır, amma daha Bəbiri qucağına alıb aparmağa yox, Bəbiri döyməyə çağırır, ağzını-burnunu əməlli-başlı əzişdirməyə çağırır və ən qəribəsi də bu idi ki, bu dəm Bəbirin bütün varlığı beləcə döyülməyin həsrətində idi.
    Bəbir çalışırdı ki, Pakizə xanımla, o biri ofisiantlarla göz-gözə gəlməsin və tələm-tələsik o biri müştərilərinə qulluq edirdi, amma əlləri titrəyirdi, qılçı sözünə baxmırdı və müştərilər də təəccüblə Bəbirin qızarmış nəm gözlərinə, titrəyən əllərinə baxırdı.
    Bəbir əvvəlcə hər şeyi atıb restorandan qaçmaq, bayırda bir taksiyə oturub yataqxanaya getmək, üzü üstə çarpayıya düşüb doyunca ağlamaq, sonra da yatmaq istədi və Bəbir bilirdi ki, indicə belə eləsə, bayıra qaçıb taksiyə minsə, sabah yenə də hər şey qaydasına düşəcəkdi, bu gecə Zibayla Poqosov Pakizə xanımın rəhbərliyi ilə birtəhər Bəbirin müştərilərinin haqq-hesabını çəkəcəkdilər, onları yola verəcəkdilər, sonra iclasda Bəbiri bir az danlayacaqdılar, uzaqbaşı bir töhmət verəcəkdilər, vəssalam. Bəbir də yalandan bir əhvalat uydurub danışacaqdı, nə bilim, anamdan pis xəbər gətirmişdilər, yaxud restorana gələn o sarı pişik rəhmətlik bacımın sevdiyi oğlan idi və s. Sonra da üzr istəyəcəkdi və hər şey də düzələcəkdi, amma bütün bunların hamısını ağıl deyirdi, beyin deyirdi, görək ürək də bunu deyirdimi? Ürək başqa söz deyirdi, ürəyin nə dediyi düzdü, tamam məlum deyildi, amma Bəbir hiss edirdi ki, ürək başqa söz deyir, ürək başqa yerə çəkir, elə bir yerə ki, bol işığı olsun və o bol işıq beləcə kərpic-kərpic buz bağlamasın.
    Zakirgilin süfrəsi yarımçıq və tamam boşalmış araq, çaxır şüşələri ilə dolmuşdu və Zakirgil Bəbirin aşığın sözüylə söylədiyi sağlıqdan sonra ağlayıb özlərinə gəlmişdilər və Sarı Zakir ayağa qalxdı, yanından ötən Bəbirin qolundan tutub saxladı, dostlarına:
    – Tökün! – dedi. – Siz tökün, mənim sözüm var! Bunu qaldıraq, bax, bizim bu Bəbirin sağlığına.» A Bəbir, a qadan alım sənin, sən ki, beləcə geyinib-kecinməyinə baxmayaraq, belə bir hörmətli restoranın gözü olmağına baxmayaraq, bizi belə ürəkdolusu qarşıladın, bizimlə oturub yüz qram araq içməyi özünə ayıb bilmədin, sən ki, bizim ürəyimizdən söz deyib bizi... – Sarı Zakir yenə kövrəldi, – bizi... bizi ağlatdın, səni min yaşa!
    Zakirgil araq içdilər, amma Bəbir çaxır içdi, çünki, əslində, Bəbirin ürəyi içmək istəmirdi, amma Bəbir baxıb gördü ki, Pakizə xanımın rəngi-rufu tamam ağarıb və Pakizə xanım qəzəblə düz Bəbirin gözlərinin içinə baxır, onda Bəbir bircə anın içində özündən çıxdı və bu ilan gözlü Pakizə xanımın acığına Zakirgilin yanındakı boş kürsüdə oturub dedi:
    – Birin də tök!
    – Ə, tez eləyin, birin də süzün! – Sarı Zakir Bəbirin qabağına öz boşqabını, çəngəl-bıçağını qoydu, elə bil ki, səhərdən bəri Bəbirin onlara qulluq eləməyinin əvəzini çıxmaq istəyirdi.
    – Qarğa köpək qızı, qarıldayıb qurtarmır! – Bəbir nifrətlə Noraya baxdı və Noranın təbii ki, Bəbirin sözlərindən xəbəri yox idi, «r»ları uzada-uzada yenə də fransız mahnısı oxuyurdu.
    Sarı Zakir bilmədi ki, Bəbirin bu oxuyan arvadı söyməyinə nə desin, özü də Bəbirə qoşulub söysün, ya neyləsin?
    Pakizə xanım qəzəbdən alışıb-yanan gözləriylə, hirsdən-hikkədən ağappaq ağarmış sifətiylə Bəbirə nəsə him-cim eləyirdi və Bəbir başa düşürdü ki, Pakizə xanım him-cimiylə Bəbiri mizin arxasından qaldırmaq istəyir, amma bu him-cimlər daha Bəbirin vecinə deyildi, çünki aşıq yaxşı demişdi, könül həris deyil dünya malına... və bu dünyada ki, kərpic kimi buz işıqlar var idi və bu kərpic kimi buz işıqlar ki, adamın ürəyini beləcə üşüdürdü, onda o çarpayının altındakı çamadana adamın yazığı gəlirdi, o çamadan çamadanların ən havasızı idi, ən yöndəmsizi idi, köməksizi idi və o çamadan sahibinə də adamın yazığı gəlirdi.
    Sarı Zakirin dostlarından birinin başı pırpızaqlı, sifəti sızanaqlı idi, əyninə bir az böyük olan göy kostyum və qırmızı neylon köynək geymişdi, boynuna da yaşıl qalstuk bağlamışdı və Bəbirin gözü bu qalstuka sataşanda birdən-birə həmin qalstukun yaşılı Bəbirin gözlərində əriyib yayılmağa başladı və bu yaşıl çoxdan unudulub getmiş o dağın yaşılına çevrildi; onda Bəbir lap balaca uşaq idi və Bəbir bilməzdi ki, indiyə qədər o yaşılı beynində saxlayıb, ürəyində saxlayıb; Poylu stansiyası bomboz aran idi və bataqlıq qamışından başqa bir yaşıllığı yox idi, amma o uzaq uşaqlıq çağında bir dəfə anası Bəbiri də maşına mindirib harasa apardı, xeyli yol getdilər, maşın dolama yollarla dağa qalxdı və o dağda, o yolların kənarında, o evlərin arasında Bəbirin heç vaxt görmədiyi və təsəvvürünə gətirmədiyi bir yaşıllıq var idi və həmin yaşıl otlar, yaşıl ağaclar, yaşıl kollar, bu yaşıllıq içində adama gülümsəyən qırmızı, bənövşəyi, narıncı, mavi, ağ, qəhvəyi gül-çiçək o balaca Bəbiri elə bir heyrət və sevinc aləminə salmışdı ki, Poylu stansiyasına qayıdandan sonra da bir neçə ay o gözəl aləmdən çıxmadı, gecələr yuxuya getməzdən əvvəl gözlərini yumub həmin yaşılı, həmin yaşıl içindəki qırmızını, bənövşəyini, narıncını, mavini, ağı, qəhvəyini gördü və Bəbirin yetimliyi o görümün qabağından gedirdi. Əriyib hər tərəfə yayılmış o yaşıl yenə qurudu, sıxıldı və qalstuk olub başı pırpızaqlı, sifəti sızanaqlı bu oğlanın boynundan asıldı və Bəbir ürəyinin giziltisi ilə fikirləşdi ki, uşaq vaxtındakı o səfərdən sonra heç vaxt elə yaşıllıq görməyib, yaşıl içində gülən elə qırmızı, elə bənövşəyi, narıncı, mavi, ağ, qəhvəyi görməyib və ümumiyyətlə, Bəbir heç nə görməyib.
    Bəbir:
    – Yaxşı yeyin-için, – dedi. – Bu gün mənim qonağımsız!
    Sarı Zakir tamam özündün çıxdı:
    – Ə, gördünüz?! Gördünüz, yoxsa yox?! Demədim sizə ki, Bəbir qoymayacaq əlimizi cibimizə salaq? Ə, mən sizə dedim bunu, yoxsa demədim?
    Pakizə xanım isə him-cimində idi.
    Sarı Zakirin başı pırpızaqlı dostu da Bəbirə him-cim eləyən Pakizə xanıma baxırdı və birdən üzünü Bəbirə tutub udquna-udquna dedi:
    – Onu...
    – Nə?
    – Onu də...
    – Nə onu?
    – Bişir də mənim üçün onu...
    Bəbir pırpızaqlı oğlanın bu xahişinə cəmi bircə an təəccüb etdi, sonra Bəbiri gülmək tutdu və Bəbir Pakizə xanıma baxa-baxa az qaldı gülüb özündən getsin. Bəbir heç vaxt ağlına gətirməzdi ki, Pakizə xanıma da başqa gözlə baxmaq olar və Bəbir indi Pakizə xanıma baxa-baxa onu çox biədəb vəziyyətlərdə təsəvvür etdi və daha da bərkdən gülməyə başladı.
    Əlbəttə, nə Sarı Zakir, nə dostları Bəbirin birdən-birə beləcə gülməyindən bir mətləb anlamadılar və bu vaxt ətrafındakı mizlərin arxasındakı müştərilər Bəbirin qarasına deyinməyə başladılar.
    – Su noldu?
    – Limon demişdik axı!
    – Tabaka qızarmadı?
    – Şampan hanı?
    Pakizə xanım qəti addımlarla Bəbirə yaxınlaşdı və düz Bəbirin başının üstündə dayanıb hirsindən dodaqları səyriyə-səyriyə:
    – Yoldaş ofisiant! – dedi və bilmədi ki, sözünün dalını necə davam etdirsin, belə bir vəziyyətində Bəbirə əmr eləsin ki, dur işinlə məşğul ol, yoxsa hələlik xahiş eləsin, amma Pakizə xanımın çox götür-qoy eləməyə vaxtı qalmadı. Bəbirin müştəriləri arasında iki cavan oğlandan biri ayağa qalxıb bərkdən qışqırdı:
    – Özün oturub orda kef eləyirsən, biz də səhərdən burda şampanski gözləyirik!..
    Bəbir bığ yeri təzəcə tərləyən bu oğlana altdan-yuxarı baxdı və özü də bilmədi ki, necə yerindən durdu, qolu ilə Pakizə xanımı necə özündən kənar elədi və necə bağırdı:
    – Gedin özünüz gətirin! Gedin! Hamınız gedin nə istəyirsiniz özünüz gətirin! O siz, o sizin xosrəngi mətbəxiniz, o da julik Ağacəfər! Brilyant!
    Elə bil ki, səhərdən bəri bütün bu əhvalatı lentə çəkirdilər və bu yerdə lenti saxladılar, elə bil bir anlıq restoranda həyat dondu, sonra yenə lent çəkilməyə başladı, Pakizə xanım alışıb-yanan qıpqırmızı qulaqlarına inanmadı, Poqosov təkcə elə öz-özünə «–Vax!» – deməklə kifayətləndi, Ziba birdən-birə gizli məhəbbət dolmuş gözlərilə Bəbirə baxdı, elə bil ki, əsl qəhrəmana baxırdı, Əbülfət burnunu çəkə-çəkə, gözlərini qırpa-qırpa yerində bonub qaldı, Əlifağaya isə elə gəldi ki, dünyanın axırıdı, az qaldı ayıla, çünki dünyanın axırı olmasaydı, Bəbir kimisinin biri bu qədər camaatın içində o boyda kişi haqqında belə qələt eləməzdi və onsuz da, ürəyi həmişə səksəkədə olan Əlifağa burasını da fikirləşdi ki, bəlkə, bu Bəbirdi-nədi, bunun qulağına söz çatıb, Ağacəfərin başında bir iş var, amma sonra Ağacəfərin təmiz qırxılmış, dolu və hamar sifəti, çal bığı, qızıl dişləri Əlifağanın gözlərinin qabağına gəldi və Əlifağa bir az toxtadı, amma çalmağına daha çalmadılar və gözlədi ki, bu mərəkənin axırı nə olacaq.
    Sonra Bəbir Zakirgilə çönüb:
    – Tökün! – dedi.
    Doğrusu, Zakirgil bu mədəni restolranda belə bir əhvalat gözləmirdilər və çaşıb qalmışdılar, təkcə başı pırpızaqlı oğlan elə eləcə az qalırdı Pakizə xanımı ac gözlərinə təpib yesin.
    Pakizə xanım iti addımlarla mətbəxə tərəf getdi, amma onun kimisə çağırmasına, kiməsə şikayətlənməsinə ehtiyac qalmadı, çünki restoranın qapısı açıldı və şəxsən yoldaş Qardaşxanlı özü içəri girdi.
    Yoldaş Qardaşxanlı uzun illər idi ki restoranlarda, univermaqlarda, mehmanxanalarda işləyirdi və bu işdə böyük səriştəsi var idi və indi də banket zalına baş çəkdiyi vaxt restorana çökmüş sükutu və bu sükutdakı gizli həyəcanı sövq-təbii hiss etdi, restoranın qapısını açdı.
    Pakizə xanım həmişə böyük vəzifə sahiblərini görən kimi çeşməyini taxırdı və indi də cəld çeşməyini gözünə taxıb birbaş yoldaş Qardaşxanlının üstünə getdi və qəzəbdən işıldayan göy gözlərini Bəbirə zilləyib yoldaş Qardaşxanlının qulağına pıçıldamağa başladı və yoldaş Qardaşxanlı da Zakirgillə bir mizin arxasında oturmuş Bəbirə baxa-baxa bir-iki dəfə başını tərpətdi, yəni ki, məsələ aydındı, sonra da yavaş-yavaş Bəbirə tərəf gəldi.
    Əbülfət burnunu çəkə-çəkə başa düşdü ki, məsələ yoğunlayıb, Poqosov yenə də təkcə elə öz-özünə « – Vax!» – deməklə kifayətləndi, Ziba daha açıq-aşkar məhəbbətdən dəm vuran gözləriylə Bəbirə baxırdı, Əlifağa Əlimuxtarla yanaşı dayanıb o biri çalğıçılarla bir yerdə bu işin axırını gözləyirdi, hətta Nora da arxasını boş pianinoya söykəyib maraqla Bəbirgil tərəfə baxırdı və ən ağlasığmazı bu idi ki, elə bil, restorana mikrofon qoymuşdular, Brilyant Ağacəfər mətbəxdə ola-ola restorandakı əhvalatdan xəbərdar idi və gördüyü tədbir hələlik, ancaq bundan ibarət oldu ki, təpiyi ilə mətbəxin həyət qapısını açdı və «QAZ-24»də mürgüləyən oğluna dedi:
    – Sən get. Bu gün day gəlməginən.
    Sonra mətbəx bundan da xəbər tutdu ki, yoldaş Qardaşxanlı özü restorana gəlib və Ağacəfərdən başqa hamı mətbəxin qapısı ağzına toplaşıb restorana boylandı. Yoldaş Qardaşxanlı gəlib Bəbirin qabağında dayandı və Sarı Zakir də, dostları da yerişindən, görünüşündən, özünü aparmağından başa düşdülər ki, bu gödək və yoğun adam kim isə böyük adamdı, üçü də ayağa qalxdı, amma Bəbir yerindən tərpənmədi.
    Əlbəttə, yoldaş Qardaşxanlı Pakizə xanımın indicə pıçıldadıqlarının hamısına inanırdı, amma Bəbirdən bu yekəlikdə qanacaqsızlıq gözləmirdi ki, onu, yoldaş Qardaşxanlı boyda adamı bu cür oturduğu yerdə qarşılasın, yerindən heç tərpənməsin də; yoldaş Qardaşxanlı həmişəki təmkinini pozmadı və asta-asta dedi:
    – Yaxşı... Deməli belə... Neynək... Elə bu gecə bu məsələni həll edərik...
    Bəbir başını qabağa verib düz yoldaş Qardaşxanlının gözlərinin içinə baxırdı və yoldaş Qardaşxanlının daha nə deyəcəyini gözləmədi:
    – Xa-xa! Xox! Qorxdum! Gözlə!
    Sonra Bəbir səliqə ilə öz boynundakı ağ kəpənəkciyi açdı və bu ağappaq, tərtəmiz, qanadları yekə ipək kəpənəkciyi mizin üstündəki qırmızı çaxır dolu qədəhin içinə saldı və ağ ipək bir göz qırpımında qıpqırmızı qızardı və Bəbir damcıdamcı qırmızı çaxır axan kəpənəkciyi qədəhin içindən çıxardıb, düz direktorun burnunun qabağına tutdu.
    Yoldaş Qardaşxanlının gözləri bərəldi və səriştəli, tədbirli, təcrübəli bu kişi indi restoranın ortasında, camaatın içində, xüsusən də, işçilərinin yanında uşaq kimi quruyub qaldı və bilmədi ki, nə eləsin və ümumiyyətlə, heç kimin cürəti çatmadı ki, nəsə bir söz desin, nəsə bir şey eləsin; yoldaş Qardaşxanlının bərəlmiş gözləri fırlanıb-fırlanıb gəlib Zibanın üstündə dayandı və Ziba əllərini yaxalığına silə-silə Bəbirə yaxınlaşdı, Bəbirin qoluna girib yavaşdan və həqiqətən, mehriban bir səslə dedi:
    – Sakit ol. Gedək. Gəl... – sonra Bəbirin qulağına pıçıldadı: – Bizə gedək...
    – Nə? – Bəbirin bağırtısı restoranı titrətdi. – Ode, onu apar evinə! – Bəbir barmağını uzadıb az qaldı yoldaş Qardaşxanlının gözünün içinə soxsun. – Bunun kabinetində minbir oyundan çıxırsınız! Tüpürüm sənin qəhrəmanına! Bu köstəbəydi də sənin qəhrəmanın?!
    Əlbəttə, restoranın bütün işçiləri yaxşı bilirdi ki, günorta Ağacəfərin xüsusi bişirtdirdiyi naharı yoldaş Qardaşxanlı üçün Ziba aparır və bəzən yəqin ki, yır-yığış elədiyi üçün kabinetdə ləngiyir...
    Hər halda, təcrübə böyük şeydir, birinci özünə gələn yoldaş Qardaşxanlı oldu və üzünü Əlifağaya tutub qışqırdı:
    – Alə, nə dayanmısınız?! Çalın!
    Bircə anın içində Əlifağanın klarneti, Aşotun zərb alətləri, Gülməmmədin trubası, Məlikin tarı, Əlimuxtarın qaboyu, Fətullanın kontrabası və Noranın səsi birbirinə qarışdı, klarnet zilə qalxdı, Aşot az qaldı zərb alətlərini dağıtsın, Gülməmməd trubada elə bir nəfəs götürdü ki, gözləri kəlləsinə çıxdı, amma dayanmaq bilmədi və Bəbir də elə bil ki, səsi batmış televizorda qışqırırdı, ağzı açılıb-örtülürdü, boğazının damarları şişib az qalırdı partlasın, ürəyini boşaldırdı, amma nə dediyi məlum olmurdu, çünki səsi eşidilmirdi; Ziba da, Poqosov da, Əbülfət də yenə öz işinə başladı, yoldaş Qardaşxanlı restorandan çıxıb dördüncü mərtəbədəki kabinetinə qalxdı, Pakizə xanım çeşməyini çıxarıb gizlətdi, Zakirgil isə işi şuluq görüb bayaqdan əkilib getmişdilər, müştərilər və o cümlədən də, Bəbirin keçmiş müştəriləri yavaş-yavaş sakitləşib yeyib-içməklərinə başladılar, mətbəxin işçiləri başlarını bulaya-bulaya öz yerlərinə qayıtdılar və qanı qaralmış Ağacəfərin qorxusundan cınqırlarını çəkmədilər, təkcə, elə Bəbir restoranın ortasında dayanıb səssiz televizordakı kimi nəsə deyirdi, amma indi daha narahat Əlifağa da Bəbirə fikir vermirdi, çünki bilirdi ki, qışqırıb, boğazını yorub, axırda çıxıb gedəcək.
    ...Həmin küləkli mart gecəsində Bəbir restorandan tramvay dayanacağına qədər piyada gəldi və tramvaya minəndə gördü ki, tramvayın içi də o gecəki Bakı küçələri kimi bomboşdu, bir özüdü, bir də tramvayın o başında oturmuş konduktor qız. Bəbir tramvayın aşağı başında oturdu. Tramvay tərpəndi.
    Bəbir heç nə barədə fikirləşmirdi, yorğun idi və yatmaq istəyirdi, amma bu yorğunluqda heç bir narahatlıq, nigarançılıq yox idi və ümumiyyətlə, hər şey öz qaydasında idi, nə lazımıydısa, o da olmuşdu. Təkcə ayaqqabısı Bəbirin ayağını sıxırdı, vəssalam.
    Konduktor qız tramvayın yuxarı başından Bəbirə baxıb gülümsədi. Bəbir fikirləşdi ki, yəqin məni Mürsəl Məhəmmədova oxşadır və bu dəfəki bənzətməsindən xoşu gəldi və özü öz zarafatına güldü. Təkcə kəpənəkciyi boğazında deyildi.
    Konduktor qız tez-tez Bəbirə baxırdı və axırıncı dayanacaqda Bəbir yerindən qalxıb yanından ötəndə qız dedi:
    – Mən sizi tanıdım, xalam qızının toyu sizin restoranda idi. Sonra bu cavan konduktor qız gülümsədi, elə bil, dünyanın bəxtəvəri idi. Xoşbəxt olmaq üçün elə böyük bir şey lazım deyildi.
    Bəbir tramvaydan düşüb bomboş parkın içi ilə yataqxanaya tərəf gedirdi. Külək dayanırdı, sonra təzədən qıy vururdu və külək beləcə qıy vuranda az qalırdı parkın ağaclarını dibindən qoparsın.
    Bəbir də birdən dayandı, əyilib ayaqqabıları ayağından çıxartdı. Bəbirə elə gəldi ki, təkcə ayaqları yox, bütün bədəni azadlığa çıxdı. Sonra Bəbir var gücü ilə ayaqqabılarını bir-birinin ardınca o küləkli mart gecəsində qaralan ağaclığa tərəf tolazladı.
    Bəbirin bayaqkı yorğunluğuna bir rahatlıq gəldi və Bəbir corabla yataqxanaya gedə-gedə fikirləşdi ki, ayaqyalın gəzməkdən gözəl şey yoxdur.
Mart, 1983.

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (15.01.2014) | Müəllif: R.C E W
Baxış: 1223 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more