Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-«Aləm sürətlə dəyişməkdədir...» (Məqalə)
«ALƏM SÜRƏTLƏ DƏYİŞMƏKDƏDIR...»

     XVIII əsrin sonları və XX əsrin əvvəllərində Azərbaycanda xalqın mənəvi varlığını, onun istəklərini və mürəkkəb problematikasını ifadə etməyi bacaran (və edən!), yüksək vətəndaşlıq amalı ilə, həm də istedadla mübarizə aparan milli ziyalı zümrəsi formalaşmışdı, lakin 1920-ci il rus-sovet müstəmləkəçilik təcavüzündən sonra bu ziyalıların bir qismi məhv edilmiş (F.Köçərli, F.Xoyski, N.Yusifbəyli və b.), bir qismi mühacirətə getmək məcburiyyətində qalmış (M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, C.Hacıbəyli və b.), qalan qisim də müdhiş otuzuncu illərdə gülləbaran edilmiş, gedər-gəlməzə göndərilmişdi (H.Cavid, Y.V.Çəmənzəminli, O.F.Nemanzadə və b.). Nəticədə isə həmin milli ziyalı zümrəsini formalaşdıran və inkişaf etdirən, eləcə də yeni yaranan ənənələr darmadağın olunmuşdu və illər ötdükcə, yaranmış boşluq və ədəbi-ictimai eybəcərlik get-gedə iflasa uğradıqca, hakim ideologiyanın qorxunc prinsiplərinə zidd olaraq həmin ənənələrin bərpası, kökə qayıdış prosesinin labüdlüyü xalqın mənəvi ehtiyacına çevrilirdi.
     Bizim ictimai elmlərlə məşğul olan bir sıra alimlərimiz, o cümlədən, bəzi ədəbiyyatşünaslarımız həmin mənəvi ehtiyacı nəinki duymuş, hətta bu və ya digər dərəcədə hakim ideologiya ilə üz-üzə gələrək (və bir çox qələm dostlarından fərqli olaraq!) bu sahədə imkanları daxilində fəaliyyət göstərməyə, xalqı öz keçmişinin ədəbi-mənəvi vətəndaşlıq dəyərləri ilə tanış etməyə çalışmışlar.
     Bu baxımdan professor Şamil Qurbanovun son on beş-iyirmi ildəki tədqiqatları və ədəbi fəaliyyəti diqqəti cəlb edir və ən başlıcası isə, həmin tədqiqatın, fəaliyyətin əməli nəticələri - Ömər Faiq Nemanzadənin əsərlərinin, eləcə də xatirələrinin, Hüseyn Minasazovun əsərlərinin, Rəhim bəy Məlikovun «Xatirəsi yad ediləcək...» kitabının, Ceyhun bəy Hacıbəylinin bir sıra əsərlərinin tapılması, toplanması və nəşr edilməsi bütün bu müddət ərzində öz xeyirli işini görmüşdür.
     Şamil Qurbanovun «Ömrün f'ikir dünyası» adlı yeni kitabı da (Bakı, «Yazıçı», 1991) müəllifin son illərdə apardığı tədqiqatlar və fəaliyyət kontekstində maraq doğurur və buraya toplanmış məqalələrin çoxu ilə dövri mətbuatdan tanış olsaq da, onları bir küll halında yenidən nəzərdən keçirdikdə bu nəşrin əhəmiyyətini bir daha təsdiq etmiş oluruq.
     Müəllif professor Xeyrulla Məmmədovun «XIX əsrin sonu,
     XVIII əsrin əvvəllərində Azərbaycan maarifçi realist ədəbiyyatı» monoqrafiyasına həsr olunmuş ««Əkinçi»dən «Molla Nəsrəddin»ə qədər» adlı məqaləsində Mirzə Fətəli ilə başlayan «yeni Azərbaycan ədəbiyyatı» ənənələrindən bəhs edərkən həmin ənənələrin bir qismini belə müəyyənləşdirir: onlar «...ədəbiyyatın real həyata yaxınlaşmasından, varlığın əksindən, ana dilinin təmizlənməsi uğrunda mübarizədən və başqa xalqların mədəni nailiyyətləri ilə bəhrələnməkdən ibarət idi».
     Mühüm cəhət odur ki, Şamil Qurbanovun özü də haqqında bəhs etdiyi müxtəlif qələm sahiblərinin yaradıcılığını, onların maarifçilik (yəni vətəndaşlıq!) fəaliyyətini məhz bu bucaq altında təhlil edir, ədəbi meyarlarını bu ölçülərlə müəyyənləşdirir. Mühümdür, ona görə ki, həmin cəhətlərin arxasında xalq təəssübkeşliyi dayanır və o xalq təəssübkeşliyi bəhs etdiyi mövzulardan, şəxslərdən asılı olmayaraq, «Ömrün fikir dünyası» kitabının ana xəttini təşkil edir: həm tədqiqat obyekti kimi, həm də tədqiqat metodu kimi.
     Kitab belə bir ithafla başlayır: «Azərbaycan xalqının haqq işi uğrunda həlak olanların əziz xatirəsinə ithaf edirəm» və «Bu da bir ömürdü yaşadıq» adlı son yazıda isə müəllif vətəndaş düşüncələrinin emosional davamı olaraq belə bir sual verir: «Rus dövlətinin təbəəliyini birinci qəbul edən İbrahimxəlil xan (söhbət Qarabağ xanından gedir.) nə eləmişdi ki, mayor Lisaneviç əsassız şübhələrilə gecəykən onun çadırına soxulmuş, arvad-uşağının yanında başını kəsmiş, sonra körpədən tutmuş böyüklərə qədər heç kəsə rəhm etmədən bütün ailəni qılıncdan keçirmişdir?».
     Kitabı oxuyub başa çatdıqdan sonra, həmin ithaf ilə sondakı bu sual arasında dialektik bir əlaqənin şahidi olursan, çünki burada toplanmış ən yaxşı məqalələr, tədqiqatlar, yaradıcılıq oçerkləri ömürlərini xalqın həmin haqq işinə həsr edən, yaşadıqları, mübarizə apardıqları dövrün rus müstəmləkəçiliyi siyasətinin ağır sınaqlarına, həmin siyasətin ortaya çıxardığı cəhalət və nadanlıq qanmazlığına məruz qalmış işıqlı şəxsiyyətlərin, həm də bir sıra hallarda, az öyrənilmiş, bəlkə də heç öyrənilməmiş qələm sahiblərinin yaradıcılığından, əməllərindən bəhs edir.
     Ömər Faiq hələ 1906-cı ildə yazdığı məqalələrdən birində deyirdi: «Ey özgədən imdad gözləyən camaat! Ey özgədən mərhəmət uman millət! Siz zənn etməyiniz ki, hamıya bir baxılır. Əsla, əsla! Camaat müşavirəsini, camaat ittifaqını qanan tayfaya heç vaxt bizə edilən rəftar kimi müamilə edilməz».‘
     Ömər Faiqin özü və Hüseyn Minasazov, Rəhim bəy Məlikov, Məmməd Qarayev, Həmzət bəy Qəbulov-Şirvanski, Ceyhun bəy Hacıbəyli və b. kimi qələm dostları, amalçıları «bizə edilən rəftar»ın qarşısını almaq üçün, milləti «camaat müşavirəsinə, camaat ittifaqına» çağırır, bu işdə əllərindən gələni edir, özgəyə yox, özlərinə arxalanırdılar və milli publisistika məktəbimizin bu parlaq keyfiyyəti Şamilin kitabında özünün faktlara əsaslanan elmi təsdiqini tapmışdır.
     Müəllif Hüseyn Minasazovdan bəhs edərək yazır ki, «O, ictimai şüurun oyanmasında və formalaşmasında mətbuata qabaqcıl ideyaların aparıcı qüvvəsi kimi baxırdı. Buna görə çalışırdı ki, mətbuat mütərəqqi qüvvələrin əlində, xalqın mədəni və siyasi inkişafında qüvvətli silaha çevrilsin, onun azadlığa, tərəqqiyə gedən yolunda mayak olsun».
     Dəqiq qeyd edilən bu cəhət yalnız H.Minasazovun yox, onun təmsil etdiyi həmin Azərbaycan publisistika məktəbi üçün səciyyəvi idi və məhz buna görə də XX əsrin əvvəllərində Azərbaycan mətbuatı həqiqətən mənəvi mayak rolunu oynayırdı.
     1912-ci ildə iyirmi səkkiz yaşlı Həmzət bəy Qəbulov-Şirvanski - jumalistikamızm bu istedadlı nümayəndəsi və Şamilə qədər, demək olar ki, öyrənilməmiş maraqlı qələm sahibi vəfat etdikdə, ondan cəmi üç yaş böyük olan Hüseyn Minasazov mərhumu ilk növbədə «öz millətinin mənafeyi keşiyində dayanmış» bir jurnalist kimi qiymətləndirir və bu cəhəti H.Minasazov da, onun təmsil etdiyi ziyalı zümrəsi də məhz mətbuata çıxarmağa çalışırdı, xüsusən, rus mətbuatında onların fəaliyyəti böyük əhəmiyyətə malik idi. O zamanın rus mətbuatı dünya ictimaiyyətinin, eləcə də rus ziyalılarının özlərinin diqqətini Azərbaycan probleminə cəlb etmək, onlara Azərbaycan həqiqətini aşılamaq üçün, bəlkə də yeganə vasitə idi və bu baxımdan, misal üçün, Azərbaycan-erməni münaqişələri zamanı H.Minasazovun da, digər qələm sahiblərimizin də publisistikası qiymətli və nüfuzlu bir mənbə idi.
     Hüseyn bəyin 1917-ci ildə Tiflisdə rus dilində nəşr olunan «Kaspi» qəzetində çap etdirdiyi «Həqiqət naminə» adlı məqaləsini oxuyarkən, buradakı fikirlərin və həmin fikirləri meydana çıxaran səbəblərin bu gün üçün də nə dərəcədə müasir səsləndiyinə mat qalırsan. H.Minasazov üzünü birtərəfli mövqeli ermənipərəst dairələrə tutub deyirdi: «Müsəlmanları pis göstərməyə çalışan dairələrin hər hansı bir nümayəndəsi vicdanına xəyanət etmədən deyə bilərmi ki, ermənilər Allahın göndərdiyi mələklərdi, onların arasında cinayətkarlar yoxdu, düz üç ildi ki, müsəlmanların başına gətirilən müsibətlərdə ermənilərin təqsiri yoxdu, erməni fərariləri və nadan caniləri müsəlman əhalisinə hücum çəkmirlər, köməksiz müsəlmanları qarət etmir, qətlə yetirmir, müsəlman qız- qadınlarına təcavüz etmirlər?» (Göstərilən kitab, səh. 187).
     Çox təəssüflər olsun ki, biz uzun müddət işıqlı sələflərimizin fikirlərindən, mübarizələrindən uzaq düşdük və ictimai fikrimizin tarixini qərəzli öyrəndik. İctimai fikrin tarixinə hər hansı səbəb üzündən qərəzli münasibət, əslində, xalqın ümumi tarixinə, mədəniyyətinə, məişətinə, bir sözlə, xalqın mənəvi varlığına qərəzli münasibət deməkdir. Mənəvi varlığı tam şəkildə ifadə edilməyən xalqın isə müqəddəratı sual işarəsi altındadır və yaxın keçmişimizə qədər məngənəsində əzildiyimiz SİSTEM elə bunun üçün çalışır, buna xidmət edirdi.
     Ş.Qurbanov yazır: «Milli varlıqdan uzaqlaşmağa məcbur edilmişdik. Başqaları olmayan şeyləri şişirdib qabartdığı halda, biz olanlarımızı da danmağa, adını tarix dəftərindən silməyə çalışmışıq. Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Ömər Faiq Nemanzadə kimi qüdrət sahiblərini ən yaxşı halda «burjua ziyalıları» adı ilə tənqid etmişik. Son vaxtlara qədər Hüseyn Minasazovun, Rəhim Məlikovun, Həmzət bəy Qəbulovun və başqalarının heç adlarını da çəkən olmamışdır».
     Şamilin bu haqlı iradlarını oxuyuram və xəyal məni ən yaxın (və indi olduqca uzaq!) keçmişə - 1981-1982-ci illərə aparır, o vaxtlara ki, görkəmli Azərbaycan tənqidçi və ədəbiyyatşünaslarının haqqında portret-oçerklərdən ibarət «Fikrin karvanı» kitabını hazırlayırdım. Əli bəy Hüseynzadə və Əhməd bəy Ağayev barədə nisbətən (o dövrə görə isə xeyli dərəcədə!) obyektiv oçerklərin və onların uzun illərdən bəri ilk dəfə olaraq şəkillərinin də həmin kitabda dərc edilməsi üçün o qədər qapılar döyməyə, mübahisələr aparmağa, sozün əsl mənasında dava-dalaş etməyə məcbur oldum, elə bir əsəb gərginliyinə məruz qaldım ki, indi də yadıma düşəndə, elə bil, həmin qanqaralığı, gərginliyi təzədən hiss edirəm. İndi döşünə döyən, yeri düşdü-düşmədi, Məhəmməd Əmin bəyin böyüklüyündən dəm vuran, Əli bəyi, Əhməd bəyi, mətləbə dəxli oldu-olmadı, milli mənafeyimizin keşiyində duran qələm sahibləri kimi tərənnüm edən bəzi alim və ədiblərimiz o zaman «Fikrin karvanı»ının nəşrinə imkanları daxilində mane oldular və kitab, nəhayət, nəşr edildikdən sonra da (1984), yüksək xitabət kürsülərindən SİSTEMƏ növbəti xidmətlərini göstərməyə, kitabı tənqid etməyə başladılar...
     Bu gün yaxın keçmişimizin yasaq etdiyi böyük siyasi və ictimai xadimləri, milli qələm sahiblərimizi tərənnüm etmək asandır və elə buna görə də həmin konyunktur «bülbül tərənnümləri» get- gedə acı və zərərli bir mənzərə yaradır: bilən də, bilməyən də, oxuyan da, oxumayan da M.Ə.Rəsulzadə, Ə.Hüseynzadə, Ə.Ağayev, Ə.Topçubaşov, C.Hacıbəyli, Ö.F.Nemanzadə və başqaları kimi Azərbaycan ictimai fikrinin böyük, görkəmli, fəal nümayəndələri haqqında ucuz tərifnamələr yazır, bu zaman elmi səriştə, tarixi məlumat olmadığı üçün heç bir əndazə gözlənilmir, ölçü hissi itir, təhlili və həmin təhlil vasitəsilə faydalanmağı şüarçılıq əvəz edir, digər tərəfdən isə, yeri düşdü-düşmədi, A.Bakıxanova, M.Kazımbəyə, hətta M.F.Axundova qərəzli və buna görə də təbii ki, qeyri-obyektiv, birtərəfli münasibət baş alıb gedir,
     B.Məmmədquluzadə və ümumiyyətlə, «Molla Nəsrəddin» ədəbi məktəbi və həmin məktəbin vətəndaşlıq ənənələrisanki unudulmağa başlayır, H.Zərdabi, N.Vəzirov, Ə.Haqverdiyev, hətta M.Ə.Sabir, elə bil ki, yavaş-yavaş arxa plana keçir.
     Mənim üçün heç bir şəkk-şübhə yoxdur ki, elmi-tənqidi araşdırmalarda, esselərdə, hətta gündəlik publisistikada küyə getmək, əslində, milli ictimai f'ikrə təcavüz etmək deməkdir, çünki küyə professional getmir, diletant, qrafoman gedir (daha doğrusu, küyçülükdən istifadə edir!) və buna görə də milli-mənəvi sərvətimizin həqiqi, dəqiq qiymətini vermək, onun dəyərlərini müəyyənləşdirmək üçün ciddi elmi-nəzəri tədqiqat təmayülünü boş hayküyçülük əvəz edir. Biz əgər bu barədə indidən ciddi söhbət açmasaq, məsələni qəti qoymasaq və saysız-hesabsız qəzet rəhbərlərindən səriştə tələb etməsək, sonra gec olacaq.
     Lakin biz yenə də professor Şamil Qurbanovun kitabına qayıdaq və fürsətdən istifadə edib orasını da qeyd edək ki, həmin «Fikrin karvanı» kitabını mətbuatda müdafiə edən, məhz səriştəli sözünü deyən müəlliflərdən biri də Şamil Qurbanov idi. O zaman yazılmış «Bir əsrin f'ik ir karvanı» məqaləsi də indi bu kitaba salınmışdır.
     Diqqəti cəlb edən cəhətlərdən biri də budur ki, Şamil Qurbanovun əski təbir ilə desək, təhkiyeyi-kəlamı özünəməxsusdur, onun qələmi ədib qələmidir, yəni bəhs etdiyi şəxsiyyəti, tədqiq etdiyi yaradıcılığı canlı surətdə təqdim etməyi bacarır, səciyyəvi sitatları seçir və yerində işlədir.
     Həmzət bəy Qəbulov-Şirvanskinin təkcə elə əsrin əvvəllərində Tiflis Xeyriyyə Cəmiyyətinin təsisatı ilə bağlı dediyi sözləri oxumaq kifayətdir ki, bu istedadlı gəncin vətənpərvərliyi, açıq fikirliliyi haqqında təsəvvür yaransın: «Hər halda, nə tatar cəmiyyəti, nə də müsəlman cəmiyyəti demək lazımdır. Ona görə ki, Qafqazda, ümumiyyətlə, tatar yoxdur, tatarlar Krımda, Volqaboyunda yaşayırlar. Müsəlman cəmiyyəti də demək olmaz, çünki «müsəlman» sözü milləti yox, dini mənsubiyyəti bildirir. Zənnimcə, əgər yunanlar, serblər və yaxud ruslar öz cəmiyyətlərini pravoslav adlandırsa idilər, avamlıq olardı. Bizim cəmiyyətləri, bədii gecələri türk sözü ilə əlaqələndirmək lazımdır».
     Gənc publisistin bu sözləri ona görə əlamətdardır ki, o dövrdə çox zaman dinin adı millətin adını əvəz edirdi, hətta böyük qələm sahiblərimiz belə bəzən millətin adına «biz müsəlmanlar» deyirdilər, «biz türklər», «biz azərbaycanlılar» yox...
     Bu tipli dəqiq fikirlərdən, səciyyəvi detallardan yerində və səriştə ilə istifadə etdiyinə görə Şamil bir neçə səhifəlik kiçik oçerkdə Həmzət bəy Qəbulov-Şirvanskinin canlı surətini yarada bilmiş, onun yaradıcılığı və şəxsiyyəti barədə təsəvvür oyatmışdır. Eyni sözləri Rəşid bəy Əfəndiyevdən, Hüseyn Minasazovdan, Rəhim bəy Məlikovdan, Məmməd Qarayevdən, Ceyhun bəy Hacıbəylidən tutmuş; «Vətənin qədri əzizdir Sonaya canı kimi» - deyən Sona xanım Axundovayadək (Qara Qarayevin anasıdır), müxtəlif səviyyəli qələm sahiblərindən bəhs edən portret- oçerklər haqqında da demək olar və görünür, burada o cəhət də az rol oynamır ki, bir tərəfdən xalq təəssübünü çəkmək baxımından bu ədiblər eyni cəbhənin nümayəndələri, əqidə və əməl dostları idi, digər tərəfdən isə həmin xalq təəssübkeşliyi Şamil Qurbanovun öz yaradıcılığı üçün səciyyəvidir.
     Müəllif haqqında danışdığı qələm sahiblərinə məxsus ümumi yaradıcılıq mənzərəsini göstərə bilməklə bərabər, həmin ədibləri bir-birindən seçdirən məxsusi yaradıcılıq xüsusiyyətlərini də qabarıq şəkildə təqdim etməyi bacarır. Misal üçün, Ceyhun bəy haqqındakı oçerkdə onun çoxcəhətli yaradıcılığı, siyasi və ictimai fəaliyyəti hərtərəfli ehtivasını tapır və eyni zamanda, «ilk professional sənətşünaslarımızdan» biri kimi ona xüsusi diqqət yetirir.
     Biz, əlbəttə, bu kitabda «Sinifli cəmiyyətin hökm sürdüyü bütün ictimai formasiyalarda qadın həmişə ən ağır həyat şəraitinə məhkum edilmişdir» («Aşıq Pəri») və yaxud «Əsrin əvvəllərinə yaxın kapitalizmin sürətli inkişafi sinfi ziddiyyətləri daha da kəskinləşdirmiş və geniş xalq kütləsini ikiqat zülm altına almışdır» («Qəhrəmanlıq salnaməsi») kimi sosializm realizmi tədqiqatçılıq möhürlərinin təzahürünü görmək istəməzdik. Düzdür, kitaba toplanmış məqalələr, dediyimiz kimi, müxtəlif vaxtlarda yazılmışdır, lakin onlara bir küll halında baxıb redaktədən keçirmək, olsun ki, lazım idi. Elə buradaca bu kitabı qiymətləndirən bir cəhəti də qeyd etmək istəyirəm: yaxın keçmişdəki hakim ideolojinin bilavasitə təsir və müdaxilə etdiyi oçerklərdə, məqalələrdə belə, müəllif, ilk növbədə xalqın həqiqi mənəvi sərvətini qiymətləndirməyi bacardığına görə, biz pərişanlıq hissi keçirmirik, əksinə, təkrar edirəm, xalq təəssübkeşliyinin şahidi oluruq.
     Bəli, Azərbaycan tarixinin son yetmiş ili xalqı öz keçmişindən ayırmaq, nurlu ədəbi-vətəndaşlıq ənənələrindən məhrum etmək sahəsində az iş görmədi, lakin bu günün təcrübəsi bir daha sübut edir, əyani şəkildə göstərir ki, həyatın və o cümlədən, ictimai fikrin təbii inkişafının qarşısına uzunmüddətli sədd çəkmək mümkün deyil. Vaxtilə Ömər Faiq Nemanzadənin söylədiyi bir fikri xatırlamaq və onunla da bu yazını sona yetirmək istəyirəm.
     1907-ci ildə müstəmləkəçilik siyasəti və yerli donosçuların «fəaliyyəti» nəticəsində «Molla Nəsrəddin» jurnalının nəşri rəsmən dayandırılmışdı və Ömər Faiq əfəndi bu münasibətlə yazdığı «Molla Nəsrəddin» bağlandı» məqaləsində deyirdi: «Biçarələr elə güman edirlər ki, «Molla Nəsrəddin» bağlanmaqla onların eybləri örtüləcək. Dəxi bilmirlər ki, aləm sürətlə dəyişməkdədir.
     Bu az maarifimizlə də olsa, içimizdə bir çox Molla Nəsrəddinlər var. Bu gün Molla Nəsrəddin batar, sabah Molla Xeyrəddin çıxar». (Göstərilən kitab, səh. 70.)
     Bəli, «aləm sürətlə dəyişməkdədir...».
May, 1992.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (24.07.2014) | Müəllif: R.C E W
Baxış: 642 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more