Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-«Ah, Paris, Paris!..»
«AH, PARİS, PARİS!..»

     Elçin (Əfəndiyev Elçin İlyas oğlu) müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, tanınmış ictimai xadimdir. 1943-cü il mayın 13-də Bakıda anadan olub.
     Elçinin «Bir görüşün tarixçəsi» («Gümüşü furqon»), «Dolça», «Toyuğun diri qalması», «Poçt şöbəsində xəyal» povestləri, «Mahmud və Məryəm», «Ağ dəvə», «Ölüm hökmü» romanları yalnız Azərbaycanın yox, digər ölkələrin də ədəbi ictimaiyyətinin diqqətini cəlb etmiş, onlar haqqında çoxlu məqalə yazılmışdır. Onun yaradıcılığına xas olan psixoloji dərinlik, təhkiyə əlvanlığı, tarixi fəlsəfi zənginlik, qələmə aldığı mövzuların milli səciyyəsi, özünəməxsus yazı mədəniyyəti və texnikası Elçinin əsərlərinin həmişə böyük maraqla qarşılanmasına səbəb olan cəhətlərdir. Yazıçının lirikası ən incə insani hissləri bədii cəhətdən parlaq ifadə etmək bacarığı, müxtəlif tipli xarakterlər qalereyası yaratması, ciddi sosial-ictimai və əxlaqi problemlər qaldırması onu dünyanın bir çox ölkələrində də məşhur etmişdi. Əsərləri rus və keçmiş SSRİ xalqlarının dillərinə, həmçinin ingilis, fransız, alman, ispan, türk, fars, ərəb, macar, çex, slovak, bolqar və digər dillərə tərcümə edilib. Elçinin əsərləri əsasında beş-altı bədii film, bir çox sənədli filmlər çəkilib.
     Elçin çoxlu elmi-nəzəri, ədəbi-tənqidi məqalələrin, «Tənqid və nəsr», «Uzeyir Hacıbəyovun publisistikası» monoqrafiyalarının, ümumiyyətlə, 30-dan çox kitabın müəllifidir. Bu kitabların ümumi tirajı 5 milyonu ötmüşdür. Yazıçı qələmini tərcümə sahəsində də sınamış, Avropa və Amerika yazıçılannın əsərlərini dilimizə çevirmişdir.
     Hazırda Xaricdə Yaşayan Həmvətənlərlə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti - «Vətən» Cəmiyyəti rəyasət heyətinin sədridir. Filologiya elmləri namizədi, əməkdar incəsənət xadimidir.
     -Elçin müəllim, əvvəlcə Sizi oxucularımız adından 50 yaşınızın tamam olması münasibətilə təbrik edirik. Eşitmişik Milli Dram Teatrı Sizin «Ah, Paris, Paris!..» adlı ilk komediyanızı tamaşaya hazırlayır. 50 yaşda birdən-birə komediya. Bu «bəşəriyyət öz keçmişindən gülə-gülə ayrılır» fikrinin təsdiqidirmi?
     -Bəlkə də. Axırıncı irihəcmli əsərimin - «Ölüm hökmü» romanımın yaranmasından üç il keçir. Ötən müddətdə irihəcmli əsərlər yazmamışam. Yaradıcılıq psixologiyasının bir faktı kimi qeyd edim ki, 90-cı ilin yanvar hadisələrindən sonra mən daxilən tamam sarsılmışdım. Əlimə qələm götürüb nəinki hekayə, heç məktub da yaza bilmirdim. Birdən-birə haçansa oxuduqlarımı bir daha təzədən oxumağa başladım. «Robinzon Kruzo»dan, C.Londonun əsərlərindən tutmuş, L.Tolstoyun «Hərb və sülh»ünə, Dostoyevskinin əsərlərinə, Şekspirin faciələrinəcən. Sonra nədənsə Molyerin əsərlərini tərcümə etməyə başladım. Hərçənd bu əsərlər vaxtilə dilimizə çevrilib. «Skapenin kələyi»ni, «Jorj Danden»i tərcümə etdim. Molyer yaradıcılığı haqqında, Fransa-Azərbaycan ədəbi əlaqələri haqqında bir məqalə yazıb çap etdirdim, Molyerin kitabını nəşrə hazırladım. Bundan sonra əlim yavaş-yavaş qələmə yatmağa başladı.
     Etiraf edim ki, mənim fikrimdə, düşüncəmdə də elə bil, bir təbəddülat yarandı. Deyəsən, özümüz-özümüzü çox tərifləmişik, içi mən qarışıq, Koroğludan, Babəkdən, Qaçaq Nəbidən, Həcərdən çox danışmışıq. Bununla da elə bil ki, sayıqlığımızı itirmişik. Elə bil ki, Azərbaycan ədəbiyyatında Mirzə Cəlil, Sabir ənənələri qiymətdən düşməyə başlayıb.
     Xalqın ziyalısı olmaq, yalnız xalqı tərifləməklə kifayətlənə bilməz. Sabirin bir tərifli sözü varmı? Amma gəlin görək bu xalqı onun qədər kim sevib? Sabirin yazdıqlarının arxasında böyük bir xalq sevgisi, vətəndaşlıq qeyrəti dayanmasaydı, əlbəttə, onun sözlərini xalqa təhqir kimi qiymətləndirmək olardı. Halbuki onun hər sözü bizim əvəzsiz mənəvi sərvətimizə çevrilib. Mirzə Cəlilin xalq məhəbbəti, vətən yanğısı olmasaydı, «Ölülər» yazılardımı? Əlbəttə, mən özümüzü onlarla müqayisə etmək l'ikrində deyiləm, sadəcə olaraq, «Ah, Paris, Paris!..» komediyasınınnecə meydana çıxdığını demək istəyirəm. O komediya yana-yana, ağrıya- ağrıya yazılıb. Bu əsər mənim dramaturgiyada ilk təcrübəmdir. Doğrudur, əvvəllər «Poçt şöbəsində xəyal» adlı bir dramatik povest yazmışdım, çap olundu, başqa dillərə tərcümə edildi, amma bizdə səhnə taleyi uğurlu olmadı, dedilər ki, mücərrəddi, bədbindi... İndi bilmirəm «Ah, Paris, Paris!..» necə qarşılanacaq, amma teatr məni özünə çox çəkib və «Teatr» adlı yeni bir komediya da yazmışam.
     -Uzun illər Siz çox gərgin və məhsuldar işləmisiniz. Buna öyrənmiş oxucular Sizdən hər dəfə yeni bir əsər gözləyir. Tez-tez televiziya ilə çıxış edirdiz, görüşlər keçirirdiz. Amma son vaxtlar elə bil Sizi az-az görürük.
     -Bunun da bir əsas səbəbi var. İndi konkret iş görmək vaxtıdır. Yazıçı yazı mizinin arxasında oturub yazmalıdır. Məncə, yazıçı ilə oxucu arasındakı əsas ünsiyyət vasitəsi onun əsərləri, kitablarıdır.
     Uzun illərdən bəri elə bir gün olmayıb ki, nəsə yazmayım, qeyd eləməyim. Olubsa da, necə deyərlər, üzrlü səbəblərə görə olub.
     Mən lap erkən yaşlarından yazıçı olmaq istəmişəm, yazmışam, özü də bu işə sözün həqiqi mənasında çox ciddi yanaşmışam. Doğrudur, həyatımda müxtəlif mərhələlər olub. Gənclik illərində bəzən hamını inkar etmişəm ki, hər bir yazıçı öz xalqının tarixi və taleyi kontekstində qiymətləndirilməlidir.
     Bu gün Azərbaycanda günahsız qanlar tökülür, müharibə gedir. Çoxları yazıçılardan dövrün bədii inikasını tələb edir. Bu tələbi, belə bir mənəvi ehtiyacı başa düşmək çətin deyil, lakin səbirsizlik də etmək olmaz. Həyat özü belə bir mənəvi təlabat doğurur və doğuracaq. Azərbaycan faciəsi böyükdür. Ancaq bu faciə mövzusu aktualdır deyə, yazıçı bir sənətkar kimi daxilən dolmayıbsa, istedadının dərəcəsi ona imkan vermirsə, Xocalı yaxud Kəlbəcər faciəsini qələmə ala bilməz. Bu faciələr haqqında zəif, gəldi-gedər əsər, səni müvəqqəti məşhur edəcək əsər yazmaq olmaz, çünki həmin faciə qəhrəmanlarının ruhu qarşısında gözükölgəli olarıq. Onlar haqqında yüksək istedadla yazılmalıdır. Gözümüzün qabağında baş verən bugünkü faciələrin ehtiva dairəsi, miqyası elə böyükdür ki, hadisələri zaman süzgəcindən keçirmədən, onları tam mənada əxz etmədən bədii təsvirini vermək çətindir. Bu miqyas Şekspir, Tolstoy, Mirzə Cəlil qələmi tələb edir. Bu şərəfli vəzifə kimin boynuna düşəcək - o da Allahın işidir. Mövzu arxasında gizlənmək yazıçıya müvəqqəti şöhrət gətirsə də, ədəbiyyatımıza sanbal verə bilməz.
     Napoleon Moskvanı da tutmuşdu. Həmin müharibə haqqında isti-isti çoxlu əsərlər yazılmışdı. Amma o müharibənin ən dolğun, fəlsəfi təsvirini verən «Hərb və Sülh» romanı görün neçə il sonra yazılıb. Müharibə qəhrəmanlarını yetirən xalq, yazıçını da yetişdirəcək, geci-tezi var. Mənə elə gəlir ki, bu müharibənin dəhşətlərini Xocalıdan, Şuşadan, Laçından, Kəlbəcərdən, ümumiyyətlə, Qarabağdan, Ermənistandakı torpaqlarımızdan didərgin düşən, o faciələri yaşayan qaçqın uşaqlar arasından çıxacaq, gələcək yazıçılar daha dəqiq, daha dolğun yazacaqlar.
     -Bu gün Azərbaycanda ədəbi proses necə gedir?
     -Bu gün bizdə ədəbi proses yox dərəcəsindədir. Bunun bir çox səbəbi var. Torpağımızda müharibə gedir. Bu müharibədə böyük dövlətlərin marağı var. Azərbaycan dünya siyasətinin nəhəng dalğaları arasında xırdaca bir gəmiyə bənzəyir. Ölüm-dirim mübarizəsidir. «Belə bir vaxtda mədəniyyət uğrunda mübarizə yersiz görünmürmü?» - sualına mənim cavabım belədir: Azərbaycan mədəniyyəti uğrunda mübarizə - torpağımızın bütövlüyü, respublikanın müstəqilliyi uğrunda mübarizənin tərkib hissəsi olmalıdı. Mədəniyyətsiz müstəqillik yoxdur, ədəbiyyatsız müstəqillik yoxdur.
     Hazırda Azərbaycan ədəbi prosesində ürəksıxan bir mənzərə var. Misal üçün, ədəbiyyatımızda, xüsusən, poeziyada elə bir istedadlı yeni nəsil yaranır ki, tamamilə ədəbi yetimlik vəziyyətindədir, baxımsızdır. Söhbət heç də əvvəlki illərdə olduğu kimi, komsomol himayəsindən, ideoloji istiqamətləndirmədən getmir. Söhbət ondan gedir ki, gənc ədəbi qüvvələrin yazdıqları diqqətdən kənar qalır, təhlil olunmur, ədəbi tənqid onların kim olduğunu oxuculara və lazım gəldikdə özlərinə başa salmır. İstedad belə bir vəziyyətdə tam üzə çıxa bilmir. Belə davam etsə, ədəbi meyarlar tam itə bilər, antisənət sənəti üstələyər. Ədəbiyyatımıza yeni simaların gəlməsi, ədəbi prosesin sırf ədəbi-estetik meyarlar baxımından düzgün istiqamətləndirlməsini tələb edir.
     -İndi keçmişin üstündən kor-koranə xətt çəkmək meyli var. Siz öz yaradıcılığınızda nələrdən imtina edərdiniz?
     -Ötən 70 ildə dilimizin, elmimizin, sənətimizin inkişafını danmaq olmaz və lazım da deyil. Azərbaycan mədəni inkişaf səviyyəsinə görə bütün müsəlman ölkələri arasında irəlidə gedən respublikalardan biri, bəlkə də birincisidir. Bu həqiqətən də belədir. Amma ötən 70 ili səciyyələndirən bir cəhət məni çox narahat edir. Bu da şəxsiyyətin formalşması və o dövrə xas mənəvi riyakarlıqdır. İctimai əxlaq pozğunluğu elə bir səviyyəyə çatmışdı ki, hətta qədim Roma imperiyasının süquta uğradığı dövrdə də belə şey olmayıb. Bir var şəxsi əxlaq, bir də var, ictimai əxlaq. Mötəbər məclislərdə, yüksək tribunalardan hamı yüksək materiyadan, ideyalardan danışır, amma dalda başqa cür hərəkət edirdi. Biz hamımız belə bir cəmiyyətin övladlarıyıq. Ona görə hər şeyin və hamının birdən dəyişməsi mümkün deyil. Əlbəttə istisnalar var, amma söhbət külldən gedir.
     Bu ümuminin, bu küllün psixologiyasının dəyişməsi üçün illərlə vaxt lazımdır. İndiki keçid mərhələsində həm küllün, həm də fərdlərin necə dəyişməsindən çox şey asılıdır.
     İndi bir növ tövbə vaxtıdır. Mən bədii əsərlərimin heç birindən imtina etmirəm. İndiyədək yazdığım bədii əsərlərdə elə bir şey yoxdu ki, onun xəcalətini çəkim.
     Ədəbi-tənqidi məqalələrimdə də heç vaxt güzəştə getməmişəm.
     O tənqidi məqalələr sistemə yox, ədəbiyyata xidmət edib. Amma elə «cari» publisistik yazılarım olub ki, onlardan imtina edərdim. Amma o vaxt o «cari» yazılar olmasaydı, digər yazılarımı da çap etdirə bilməzdim. 50 yaşın yüksəkliyindən baxanda, ictimai fəaliyyətimdə də üz qızardan bir hərəkətim olmayıb və xahiş edirəm bunu qeyri-təvazökarlıq hesab etməyin.
     -Rəhbərlik etdiyiniz «Vətən» Cəmiyyətinin fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?
     -Mən Yazıçılar İttifaqının katibi vəzifəsində çalışırdım və nə gizlədim, çox yüksək vəzifələr, kreslolar təklif olundu, amma mən «Vətən» Cəmiyyətini seçdim. Çünki burada xalqıma nəsə bir xeyir verəcəyimi görürdüm. 1987-ci ilin dekabrından «Vətən» Cəmiyyətində işləyirəm. Bu illər ərzindəki fəaliyyətimin xalqın marağı baxımından görünməyən tərəfi görünən tərəfindən çox olub.
     Azərbaycan mühacirəti istilahı çox geniş məfhumdur. Azərbaycan mühacirəti mühacirat sözünün ensiklopedik mənasına sığmayan olduqca mürəkkəb, amma böyük potensial imkana malik bir qurumdur. Məqsəd və vəzifə də heç bir çətinliyə baxmadan, bəzən də şayiələrin yaratdığı xəstə atmosferin təziyqinə uymadan həmin potensiyanı üzə çıxarmaq, millətin mənafeyi naminə effektli istifadə etməkdir.
     O vaxt hələ Kommunist Partiyası, DTK hakimiyyətdə idi. Biz, necə deyərlər, gəmidə oturub gəmiçi ilə dava edirdik. Təsəvvür edirsinizmi, o vaxt mühacirətdə olan Azərbaycan hökumətinin sədri, Ankaradakı Azərbaycan Milli Mərkəzinin rəhbəri doktor Məhəmməd Kəngərlini Bakıya dəvət etmək nə demək idi? Amma biz onu Bakıya gətirə bildik. Hazırda Azərbaycan rəhbərliyində çalışan Nihad bəy Çətinqayanı, Cəmil bəy Ünalı da Azərbaycana ilk dəfə «Vətən» Cəmiyyəti dəvət edib. Vaxtilə, «Odlar yurdu» qəzetində ilk dəfə Azərbaycan Demokratik Respublikasının liderlərini təbliğ etmək, onların işıqlı ənənələrindən danışmaq asan deyildi. İndi asandır...
     -İctimai fəaliyyət yazıçı Elçinə nə dərəcədə mane olur?
     -Vaxt mənasında olduqca çox. Mütaliə etməyə də vaxt olmur. Etiraf edim ki, yeni əsərləri istədiyim qədər oxuya bilmirəm. Amma yazmaq lazımdır, çünki sənin yazacağını başqası yazmayacaq. Səndən yaxşı yazacaq, amma sənin yazdığını yazmayacaq.
     Atam bir dəfə kitabxanasındakı dünya klassiklərinin əsərlərini mənə göstərib dedi ki, onlar yazandan sonra bizim yazmağımızın bir mənası varmı? Bu sadə sual doğrusu, məni çox düşündürdü. Yenə də əvvəlki fikrimi təkrar edirəm ki, hər bir yazıçı ilk növbədə öz xalqının yazıçısı olmalıdır və öz xalqından yazmalıdır.
     -Mətbuatda və son zamanlar yazılan bədii əsərlərdə vətənpərvərlik, millilik hisslərini gücləndirmək üçün müxtəlif üsullara əl atırlar. Sizə elə gəlmirmi ki, bu gələcəkdə milli eqoizm yarada bilər?
     -Mən totalitar rejim dövrü deyilən vaxtlarda da dəfələrlə yazmışam, bir də təkrar edirəm ki, milliliyin fövqündə, millilikdən kənarda bəşərilik yoxdur. Sənətin, ədəbiyyatın böyüklüyü ondadır ki, öz doğma xalqının ifadəsindən, yəni millidən bəşəriliyə doğru yüksəlsin. Əks halda kosmopolitizm yaranır. Dünyada elə bir böyük yazıçı yoxdur ki, o kosmopolit olsun. Onlar ilk növbədə məxsus olduqları xalqın arzu və istəklərinin ifadəçisidir.
     Ötən illərin eybəcərliklərindən biri də o idi ki, millilik elmə məhkum edilmişdi. Mücərrəd bir sovet adamı, mücərrəd bir sovet ədəbiyyatı termini yaranmışdı. Mən o vaxt da yeri düşəndə deyirdim, ədəbiyyat dildə yaranır. Sovet dili varmı ki, o dildə də ədəbiyyat yaransın? Milliliyi irqçiliklə eyniləşdirmişdilər. Millilik nədir? Öz xalqının təəssübünü çəkmək. Öz millətini sevmək onu başqasından üstün tutmaq demək deyil. Lakin milli hisslərdən, milli dəyərlərdən sui-istifadə etmək olmaz. Bu hisslər müqəddəsdir. Bu sahədə indiki mətbuatımızın fəaliyyəti ilə razılaşmaq olmaz. Təəssüf ki, indi bizim bir çox qəzetlərimizə xırda hisslər hakim kəsilib. Qəzet hansısa bir qrupun intiqam almaq, qara yaxmaq alətinə çevrilir. Əlbəttə bunu bütün qəzetlərə aid etmək olmaz. Mirzə Cəlilin dahiyanə sözlərini yada salaq: «İndi qələmlə təşəxxüs satmaq vaxtı deyil».
     -Bahalıq, qıtlıq mənəvi sərvətlərdən bəhrələnməyə də təsir göstərir. Kitab nəşri getdikcə çətinləşir. Bu həm mədəniyyətin inkişafına, həm mədəni mübadilənin genişlənməsinə, həm də yazıçıların dolanışığının pisləşməsinə səbəb olur. Mədəniyyətdə xəsislik hansı nəticələr verə bilər?
     -Bu çətin keçid mərhələsində biz heç olmasa maarif məsələlərinə ciddi fikir verməliyik. Latın qrafikalı əlifba ilə oxumağa başlayan balalarımız üçün, təcili olaraq o əlifbada ədəbiyyat nəşr etdirməliyik. Mən qorxuram bu sahədə ləngiyək. Acı nəticəsi isə gələcəkdə özünü göstərəcək....
     Kitab nəşri doğrudan çox çətinləşib. Ona görə görünür bu işə dövlət qayğısı daha artıq tələb olunur. Mədəni mübadilə isə həm tərcümə işini yaxşılaşırmaq, həm də bu sahədə yeni kadrlar yetişdirməyi tələb edir.
     -Bu gün biz bir xalq, bir millət olaraq, nəyi itirməkdən daha çox qorxmalıyıq?
     -Mənə elə gəlir ki, əsrlərin süzgəcindən keçib gələn milli dəyərləri itirməkdən, ən çox da ictimai əxlaqsızlığın davam etməsindən qorxmalıyıq.
     -Yaxın vaxtlarda biz Sizin hansı əsərlərinizi oxuya biləcə- yik?
     -«Fikrin karvanı» kitabından sonra oxuculara çox qiymətli bir kitab da təqdim etmək arzusundayam. Ona görə qiymətli deyirəm ki, onu özüm yazmamışam, tərtib etmişəm, elmi redaktoruyam. «Karvan yola düzülür» adlanan həmin kitab Orxon-Yenisey abidələrindən üzü bu yana Azərbaycan yazılı abidələri və yazıçıları haqqında oçerklərdən ibarətdir. Bu kitaba görkəmli qələm sahiblərinin məxsusi yazılmış oçerkləri daxildir. 50 çap vərəqi həcmindədir. Amma düz 8 ildir ki, işıq üzü görmür.
     «İsmayıl» adlı bir tarixi roman üzərində işləyirəm. Şah İsmayılın nəvəsi II İsmayılın həyatından bəhs edən bir əsərdir. Tarix mənim üçün şərtidir. Romanda iki əsas problem var insan xisləti (Allah nələrə qadirdir!) və Azərbaycan dövlətçiliyi ənənələrinin yaranması.
     «Dəlixanadan dəli qaçıb» adlı bir komediya üzərində də işləyirəm.
     -50 yaşın tamamında bir insan kimi düşüncələrinizi nə məşğul edir?
     -Bir hekayə yazmışdım, «Ədəbiyyat qəzeti»ndə dərc olu- nub. Bir nəfər müdriklərdən birinin yanına gəlib deyir ki, mən qonşuma yaxşılıq edirəm, əvəzində pislik görürəm, neyləyim? Deyir, get, yaxşılıq elə. Bir də gəlir, deyir ki, mən yaxşılığı eləyirəm, amma qonşum pislik eləməyindən qalmır. Müdrik deyir: «Get, ona yenə yaxşılıq et!» Aradan bir müddət keçir. O adam yenə müdrikin yanına gəlir ki, mən daha qonşuma yaxşılıq eləməkdən yoruldum, o isə yenə pisliyindən əl çəkmir, neyləyim? Müdrik deyir: « O pislik eləməkdən yorulmur, bəs necə olur ki, sən yaxşılıq eləməkdən yorulursan?» Yadıma belə bir hekayət də düşdü. İki ovçu təbiətin qucağında həyatın gözəlliyindən, Həzrət Süleymanın neçə yüz il yaşamasından danışıb gileylənirlər ki, 60- 70 il nə ömürdür ki, bizim payımıza düşüb. Çəməndə gülə bir kəpənək qonubmuş, bunu eşidəndə: «-Ey, naşükür insan!...» fikirləşib uçub gedir. O kəpənəyin ömrü cəmi bir gün idi...
     Hərdən belə şeylər haqqında fikirləşirəm. İnsan xisləti yaşa dolduqca mənim üçün bir müəmmaya çevrilir. İnsan necə alicənab, necə xeyirxah ola bilər? Eyni zamanda, insan necə riyakar və simasız ola bilər? Bu xislətin insan deyilən bir varlıqda cəmləşməsinə heyrətlənməyib, neyləyəsən?
Müsahibəniyazdı Q.Qəribov.
1993.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (16.08.2014) | Müəllif: R.C E W
Baxış: 581 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more