Əsas » Məqalə » Dünya ədəbiyyatı |
ŞEKSPİR DÜHASININ POETİK TƏSDİQİ Tanınmış ingilis şairi və dramaturqu Şekspirə ən böyük şöhrəti onun dramaturgiyası, xüsusilə də faciələri gətirmişdir. Lakin poeziyası ilə tanışlıq belə bir fikri əsaslandırır ki, ümumilikdə 37 pyes (faciə, komediya və tarixi-xronoloji janrlarda) yazmış Şekspir dramaturq olmasaydı da, bir şair kimi ədəbiyyat tarixində qalacaqdı. Sonet janrının XIV əsrin əvvəllərində İtaliyada yarandığı Azərbaycan oxucusuna yaxşı məlumdur. Sonralar bu janr bütün Qərbi Avropa ölkələrinə yayılmışdır. Sonet janrına qədər Avropa ölkələrində adətən iri həcmli olan ballada janrı geniş yayılmışdı. Cemi on dörd misralıq poetik nümunə olan sonetin bu və ya digər fikrə çevik münasibəti şairləri özünə cəlb edirdi ki, V. Şekspir də həmin cazibədən kənarda qala bilməmişdir. Ümumən Şekspir 154 sonet yazmışdır (bəlkə də ədəbiyyata məlum olanlar bu qədərdir). Əgər sonetlərin öz müəllifinin ilkin qələm təcrübəsi olduğunu, başqa sözlə desək, yaradıcılığının ilkin mərhələsində qələmə alındığını nəzərə alsaq, Şekspir dühasının möhtəşəmliyi haqqında bir o qədər obyektiv qiymətləndirmə apara bilərik. Qətiyyətlə demək olar ki, Şekspirin sonetləri şairin sələflərinin də, müasirlərinin də, xələflərinin də sonetlərindən sərrast, təsirli və qiymətlidir. Cümlədəki son söz daha çox sonetlərdə qaldırılan və cavabları axtarılan problemlərə aiddir. Hər bir soneti oxuyan və bu günümüzün problemləri ilə müqayisələr aparan hər kəs, əminəm ki, hamı eyni nəticəyə gələcəkdir - heç kim inanmaq istəməyəcəkdir ki, bu sətirlər təxminən dörd yüz il əvvəl (!) qələmə alınmışdır. Şekspir poeziyasının həmişəyaşar xarakteri də məhz buradan qaynaqlanır. Sonetlərdə müəllif gah özüylə polemika aparır, gah əsmər sevgilisinə üz tutur, gah da səmimi dostunu həmsöhbəti edir. Dünyanın faniliyi, xeyirxah əməllərin təsdiqi, saf və saxta məhəbbət, riyakarlıq, xəyanət... sonetlərin mövzu rəngarəngliyini təmin etdiyi üçün oxucu heç bir yeknəsəqliklə üzləşmir. Hər növbəti sonet, on dördcə misralıq poetik nümunə oxucunun qəlbində öz işığını qoyur (təkcə 126-cı sonet on iki misradan ibarətdir və bu qəribəliyi anlamayan şekspirşünaslar daha çox həmin sonetin iki misrasının itdiyini güman edirlər). Şekspir cəmiyyətdəki neqativ halları, onun yaratdığı pəstahları görürdü. İnsanlar pisliklərə, eybəcərliklərə zorla tab gətirirdilər. Bu problem sonetlərin bir qismindən ana xətt kimi keçir, lakin sonetlərin ən dəyərlisi hesab olunan 66-cı sonet bu problemi bütün ağırlığı və qoyur. Ölüm arzulayan lirik qəhrəman onu bu arzuya tərəf sürükləyən bütün pislikləri sadalayır (qaranlıq işığı pəncəsində boğur, rəzalət bəxtiyarlığa yetişir, şərəfsizlik şərəfi dustaq etmişdir, saflıq dərd içində çapalayır, kütlük ağıla, yalan isə düzlüyə gülür, ilhamın ağzı yumruqla tıxanmışdır, mənlik və ləyaqət əl açıb dilənir və s.). Məgər insan bu qədər pisliyə, ifrat eybəcərliyə tab gətirə bilərmi?! Lakin Şekspirin qəhrəmanı ölə bilmir. Həmin sonetin son iki misrasına nəzər salın: Ölüm istəyirəm, çarə budur, bax, Səni tək qoymağa qıymıram ancaq. Şekpirin qənaətincə, əslinə qalarsa, dərdlərin bolluğu və ağırlığı əlindən insan özünə əl qaldırmalıdır, çünki heç Tanrı bəndəsi belə yük altında tab gətirə bilməz. Lakin eyni zamanda digər amil meydana çıxır: min bir tellə həyata bağlanan insan son anda kimisə bu dünyada tək qoymaq istəmədiyindən yaşamağa üstünlük verir. 66-cı sonetin bədii sanbalını artıran əsas məqam isə hərfin kim məfhumunun altında konkretliyin olmamasıdır. Beləliklə, bu sonet bütün dərdlilərin ümumi malına çevrilir. Yəni, özünə qəsd etmək istəyən adam son anda anasını və ya atasını, ya körpə uşağını, və ya bacısını, ya sevgilisini... tək qoymaq istəmədiyi üçün öz məşum fikrindən daşınır və beləliklə, həyat davam edir. Qeyd edildiyi kimi, bu janr XIV əsrin əvvəllərində Qərb İntibahının beşiyi olan İtaliyada pərvər iş tapmışdır. Bir sıra araşdırmalara əsasən, Azərbaycan poeziyasında sonet janrına müraciət edən ilk şairimiz Mikayıl Müşfiq olmuşdur. O, 1928 - 37-ci illər arasında 12 sonet yazmışdır. Beləliklə, sonnet janrının milli ədəbiyyatımıza "gəlişi" təxminən üç yüz əlli illik vaxt aparmışdır. Nisbətən sonralar yaşamış şair Əliağa Kürçaylının da qələmindən üç sonet çıxmışdır. Lakin nə M. Müşfıq, nə də Ə. Kürçaylı öz qələm məhsullarını sonet adlandırmamışdır. Sonet janrının respublikamızda xüsusi cazibəsi keçən əsrin 50-ci illərinin ortalarından başlayır. 1955- ci ildə V. Şekspirin sonetləri tanınmış şair və mütərcim Tələt Əyyubovun tərcüməsində çapdan çıxmışdır. Ümumiyyətlə, Şekspir irsinin oxucularımıza çatdırılmasında T. Əyyubovun xidmətləri danılmazdır. Həmin sonetlər 1962-ci ildə təkrar çap ediləndən sonra şair Adil Babayev ardıcıl olaraq öz sonetlərini dərc etdirməyə başlamışdı. Bu kitabda oxuculara təqdim olunan sonetləri birbaşa ingilis dilindən şair Sabir Mustafa tərcümə etmişdir. S. Mustafa həm rus, həm Azərbaycan dillərindəki əvvəlki tərcümələrə yaradıcı münasibət bəsləmiş, daha uğurlu poetik nümunələr yarada bilmişdir. İndiyədək S. Mustafanın tərcüməsində sonetlər iki dəfə çapdan çıxmış, rəğbətlə qarşılanmışdır. Tərcümələrinin xoş təsiri altına düşmüş S. Mustafa özü də tez-tez sonet janrına müraciət etmiş və "Türk sonetləri" adlı ayrıca kitabım da çapdan buraxdırmışdır. Beləliklə, gec də olsa, bu janr milli ədəbiyyatımızda özünə vətəndaşlıq vəsiqəsi qazanmışdır. V. Şekspirin iri həcmli poemalarından biri olan "Təhqir olunmuş saflıq" əsəri də bu kitabda Sabir Mustafanın ingiliscədən tərcüməsində oxucularımıza təqdim edilir. Bu əsər də uğurlu tərcümə taleyi yaşamışdır. Burada belə bir haşiyə çıxmağa lüzum görürük ki, tərcümələrin uğurlu alınmasında onların ilk redaktoru kimi istedadlı şair və mütərcim, mərhum Ənvər Rzanın da əməyi qeyd və təqdir olunmalıdır. V. Şekspirin seçilmiş əsərlərinin birinci cildinə daxil edilmiş faciələrdən başqa müəllifin bir sıra digər əsərləri də dilimizə tərcümə olunmuşdur. Biz müqtədir yazıçımız Mirzə İbrahimovun tərcüməsində "Heç nədən hay-küy" komediyasını və Anarın ingiliscədən tərcüməsində "Fırtına" romantik pyesini bu kitaba daxil etməklə daha çox janr müxtəlifliyini və Şekspirin yaradıcılığının bütün mərhələlərini əhatə etməyə çalışmışıq. Kitaba daxil edilmiş "Heç nədən hay-küy" komediyasını Şekspir öz yaradıcılığının birinci dövründə qələmə almışdır. XVI əsrin doxsanıncı illərində o, hələ öz istedadının gücünə inanan bir gənc idi. Özlüyündə bir cümlə düşünmüş və həmin cümlənin xoş təsiri altına düşmüşdü: "Ağıllı olmaq kifayətdir, xoşbəxtlik öz-özünə gələcəkdir." Məhz bu inanca görə yaradıcılığının birinci dövründə qələmə aldığı bütün əsərlərinə müəllifin xoş ovqatı hopmuşdur və məhz bu xoş ovqata görə həmin dövr Şekspir yaradıcılığının "nikbin mərhələsi" adlanır. Hətta bu dövrdə qələmə alınmış "Romeo və Cülyetta" (1595) və "Yuli Sezar" (1599) faciələri belə janr etibarı ilə "nikbin faciə" kimi qəbul edilir. "Heç nədən hayküy" komediyasının məkanı kimi İspaniya götürülsə də, hadisə hər bir ölkə üçün xarakterikdir. Əbədi mövzu: iki sevən gəncin arasına girmək istəyən şər qüvvə və bu iki qütbün mübarizəsi. Lakin şərə düçar olmuş gözəl Qero məsum və pak olduğu qədər də acizdir. Məsələn, o, tutaq ki, Cülyetta kimi öz məhəbbəti uğrunda açıq savaşa girə bilmir. Lakin Şekspirə görə, dünya yaxşı adamlardan xali deyil - Qeronun paklığını sübut etmək üçün bu əsərdə müxtəlif xarakterli insanlar əl-ələ verirlər. Həmin mübarizəyə başlamaq təşəbbüsü isə kilsə xadimi Fransisko atadan gəlir (Yeri gəlmişkən, bir neçə əsərində Şekspir ümumən kilsə xadimlərini müsbət planda işləmişdir). Qeronun xoşbəxtliyi uğrunda mübarizəyə qoşulanlar arasında ən orijinal təsir bağışlayan isə onun əmisi qızı Beatriçedir. Beatriçe də gözəl və ağıllı qızdır, o da kiməsə könül verib ailə qurmaq istəyir. Lakin söhbət qohumu və rəfiqəsi Qeronun təmiz adından gedəndə Beatriçe öz taleyini unudur, bütün fəaliyyətini başqasının xoşbəxtliyinə yönəldir. Beatriçe zərif bir qızdır; o, Qeroya şer atan prins Klavdionu heç cür bağışlaya bilmir və öz sevdiyi Benediktdən xahiş, sonra isə tələb edir ki, Klavdionu öldürsün. Bu, fədakar zərif qızın necə qəlb sahibi olduğunu sübut edir; o, Qeronun səadəti naminə həm öz taleyini, həm də sevdiyi oğlanın taleyini zərbə altında qoymaqdan belə çəkinmir. Bu kitabda oxuculara təqdim edilən "Fırtına" pyesi isə Şekspir yaradıcılığının son dövrünün məhsuludur. Təxminən iyirmi iki illik yaradıcılığı müddətində V.Şekspirin dünyaya, cəmiyyətə, ətrafda gedən proseslərə münasibəti üç köklü dəyişikliyə uğramışdır. Birinci nikbin əhval haqqında yuxarıda söz açılmışdı. İllər keçdikcə Şekspir düşündüyündən də böyük şöhrət qazanırdı. Artıq XVI əsrin axırlarında o, həm tanınmış şair, həm dramaturq, həm də aktyor idi. Hətta heç bir bədii əsər yazmasaydı belə, o vaxtın İngiltərəsinin ən şöhrətli teatrı sayılan "Dünya teatrı"nın ("Globe Theatre") payçılarından biri kimi dolanışığını təmin etmişdi. Bir sözlə, artıq onun kifayət qədər şöhrəti, maddi imkanı var idi. O, kral sarayının ən ehtiramlı qonaqlarından sayılırdı. Lakin hər arzusuna çatan Şekspir özünü xoşbəxt hiss edə bilmirdi. Əsrin sonlarında o, başa düşmüşdü ki, özünü heç vaxt xoşbəxt sana bilməyəcək. Şekspirin yeni inancına görə, ümumən bədbəxt olan cəmiyyətdə ayrı-ayrı fərdlərin xoşbəxtliyi mümkün deyildir. Gəldiyi bu acı qənaət sanki Şekspirin bütün daxili aləmini sarsıtmış, altını üstünə çevirmişdi - onun nikbin əhvalının yerini bədbinlik tutmuşdu. O, ən məşhur faciələrini də elə, həmin bədbin əhvalın təsiri altında qələmə almışdır. 1609 -12-ci illərdə isə V.Şekspir mövcud reallıqdan uzaqda dayanmağa çalışmış, daha çox romantik düşüncə tərzinə meyllənmişdir. Artıq həyatın eybəcərliklərini real qüvvələrin gücü ilə deyişməyin mümükünsüzlüyü qənaətinə gələn, sanki bəşər övladının ədalətindən əlini üzən Şekspir nicat yollarını göylərdə, ruhlarda, mifik qüvvələrdə axtarırdı. "Fırtına" romantik pyesi məhz həmin yaradıcılıq dövrünün məhsuludur. Bu əsər haradasa "Hamlet" faciəsini xatırladır. Hakimiyyət ehtirası altında ən doğma adamına qəsd etmək! Burada da qardaş qardaşa qənim kəsilmişdir. Bu əsər vasitəsilə Şekspir öz oxucusuna təlqin edir ki, dünyada hər şeyin hesabı gedir və ehtiyac yarananda mifik - romantik qüvvələr ədalətin bərpa edilməsində aparıcı rol oynayırlar. "Fırtına" pyesi xeyrin təntənəsi və qalibiyyəti ilə başa çatsa belə, əsərin bir amalı da edilmiş pisliklərin intiqamını almamaq, pisliyin, xəyanətin fövqündə dayanmağı bacarmaqdır. Prospero obrazı məhz bu insani keyfiyyətlərin daşıyıcısıdır. Pyesin təlqin etdiyi digər bir məqam isə harada olmasından asılı olmayaraq insanın öz insani simasını itirməməsidir. Uzaq adada yaşamağa məcbur edilmiş Prospero və onun qızı Miranda öz insani keyfiyyətlərini nəinki itirmir, əksinə, fırtınanın bu adaya atdığı insanlardan mənən daha ucada dayanmağı bacarırlar. Ümumilikdə götürüldükdə isə V.Şekspir yaradıcılığının son dövründə özünə az oxşayır. O, artıq əsərləri ilə dünyanın gərdişini dəyişməyə qadir olmadığım dərk etmişdi. Ona görə də təəccüblü deyil ki, 52 illik ömrünün son dörd ilini doğma Stratford qəsəbəsində keçirən Şekspir bir dənə də olsun bədii əsər yazmamışdır! 48 yaşında qəflətən qələmini yerə qoymuş V.Şekspir müəmması bu gün də davam edir... Əmin olmaq istərdik ki, ingilis şairi və dramaturqunun hələ ki dilimizə orijinaldan tərcümə olunmamış digər əsərləri də yaxın zamanlarda Azərbaycan oxucularının görüşünə gələcəkdir. Zeydulla Ağayev
| |
Baxış: 593 | |
Bütün rəylər: 0 | |